• şənbə, 20 Aprel, 03:42
  • Baku Bakı 15°C

Koçaryan növbədənkənar seçkilərə ümid edir

11.12.19 18:14 849
Koçaryan növbədənkənar seçkilərə ümid edir
"Ölkəni idarə edə bilməmək, koordinasiyanın olmaması hakimiyyətin legitim olmadığını göstərir”
Ermənistanın həbsdə olan keçmiş prezidenti Robert Koçaryan həbsxana divarları arxasından hazırkı hakimiyyətin ünvanına sərt ittihamlar səsləndirməkdə davam edir. Yeni də "inqilabçı” hökuməti Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyinin olmamasında, səriştəsizlikdə, qisasçılıqda, vahid iqtisadi və siyasi proqramlarının olmamasında ittiham edib. O, "Qraparak” qəzetinə göndərdiyi yazılı məktubda fikirlərini bölüşüb. "Nikol Paşinyanın "Qarabağ münaqişəsinin həlli bütün tərəfləri qane etməlidir” bəyanatı Yerevanın bu məsələdə öz mövqeyinin olmadığını göstərir”, - deyə eks-prezidentin qəzetinə göndərdiyi açıqlamada vurğulanır. "Paşinyanın "Qərar bütün münaqişə tərəflərini razı salmalıdır” şüarı boş, heç bir əhəmiyyət kəsb etməyən sözdür. Bu, primitiv vasitəçilik formuludur. Bu, Ermənistanın fəaliyyət planı olmamasına birbaşa şahidlik edir”, - deyə Koçaryan bildirib.
Əlavə edib ki, legitimliyi bir şəxsin üzərində qurulan hakimiyyət sahib olduğu deputat mandatının sayından asılı olmayaraq stabil ola bilməz: "Ölkəni idarə edə bilməmək, işdə koordinasiyanın olmaması hakimiyyətin legitim olmadığını göstərir. Baş nazirin artıq fanatik tərəfdarları yoxdur. Sərxoş eyforiyadan sonra cəmiyyətin adekvatlığı özünə qayıdır. Lakin özünü İsa Məsih elan edən baş nazir artıq adekvatlığını itirir”. Koçaryan qeyd edir ki, bu, Paşinyanın xalq arasındakı populyarlığının aşağı düşməsi tempini sürətləndirir. "Və onu deməyə əsas verir ki, hər şey növbədənkənar seçkilərin keçirilməsi ilə başa çatacaq. Yeri gəlmişkən, seçkilərin gələn ilə keçirilməsi ehtimalı güclü olaraq qalır. Bu, müxalifətin öz mövqelərini gücləndirmək qabiliyyətindən və nə qədər qabiliyyətli olmasından asılı olacaq”, - deyə əlavə edib.
Həbsdə olan sabiq prezident separatçı Dağlıq Qarabağ Respublikasında keçiriləcək "seçkilər”dən də bəhs edib. Onun sözlərinə görə, 2020-ci ildə separatçı qurumda keçiriləcək "seçkilər”də həddən artıq namizədin iştirakı demokratiyanın olmasından deyil, əksinə, parçalanmadan, ikitirəlikdən xəbər verir. "Qarabağdakı seçki prosesinə xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının cəlb olunması suallar doğurur. Qarabağda belə təşkilatların və pasifist, dini sektaların olmasına yol vermək olmaz. Bu kimi hallar sərhəddə baş verən hərbi insidentlərdən də təhlükəlidir. Səhv edə bilərəm - amma Qarabağ üzrə bizə aşılanan ssenarilərin baş verəcəyindən narahatam. Görünən odur ki, bu proses Ermənistan hakimiyyət orqanlarının iştirakı ilə həyata keçirilir. Qarabağda Ermənistan hakimiyyətinin bütün tapşırıqlarını yerinə yetirə biləcək sözəbaxan prezidentin olması qəbulolunandır”, - deyə o bildirib. R.Koçaryan hesab edir ki, Paşinyanın "divara dirəyəcək və asfaltla sürüyəcəyik” formulu onun psixoloji durumunda problemin olmasından xəbər verir: "Bu, istənilən "inqilabi” təbliğatın bəhrələrindən biridir. 1998-ci ildə əhalinin böyük bir qismi məndən tələb edirdi ki, Levon Ter-Petrosyan və bütövlükdə Ermənistan İnqilab Hərəkatının bütün elitasını həbs edək. Lakin mən hesab etdim ki, biz gələcəyə baxmalıyıq, keçmişlə mübarizə aparmamalıyıq. İstənilən prezidentin siyasi rəqibləri olur. Lakin emosiya çox vaxt onu təşkil edənlərin özünə qarşı çevrilir. Həbslərə sevinən insanların olduğu cəmiyyət yaradıcı ola bilməz. Mən prezidentliyim dövründə sağlam tənqidə hazır olmuşam”.
Yeri gəlmişkən, "İcmal” verilişinin efirində Ermənistan parlamentinin deputatı, Erməni Milli Konqresi Partiyası sədrinin müavini Levon Zurabyan bəyan edib ki, Paşinyan ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın yaradıcısı olduğu formatı yaxın zamanlarda bərpa etmək arzusundadır. Onun sözlərinə görə, Nikol Paşinyanın Ter-Petrosyanın təklif etdiyi formata qayıtmaqdan başqa çıxış yolu yoxdur və bunun üçün əsaslı səbəblər var.
"Danışıqlar uzun müddət davam edə bilməz, çünki danışıqlar zamanı yerində addımlamaq yox, irəliləyişə nail olmaq lazımdır. Bu gün Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı şəxsi nəzəri baxışı yoxdur və təbii ki, belə olan halda o, başqasının mövqeyi arxasınca getməlidir”, - deyə Zurabyan bildirib. Xatırladaq ki, Paşinyanın dəstəklədiyi Ter-Petrosyanın format 1992-1994-cü illərdə işğal edilmiş yaşayış məntəqələrinin Azərbaycana qaytarılmasını nəzərdə tuturdu.

Azər

banner

Oxşar Xəbərlər