• cümə, 29 Mart, 11:02
  • Baku Bakı 5°C

“Könüllülük insanı uğura aparan başlanğıcdır”- Örnək

13.03.20 15:30 5067
“Könüllülük insanı uğura aparan başlanğıcdır”- Örnək
Murad Ayazlı: Vaxtilə mənə "bekarsan” deyən gənclərin çoxu, indi hansısa tədbir haqda onlara əvvəlcədən məlumat verməyəndə, küsürlər
Könüllüdür. Çünki təhsil aldığı dövrdən başlayaraq, cəmiyyət üçün iş görməyi qarşısına məqsəd qoyub. Deyir ki, insan yaşadığı ölkəyə, cəmiyyətə biganə olmamalıdır. Hər kəs bu cəmiyyət üçün öz daşını qoymalıdır. Bu da könüllülükdən başlayır.

Müsahibimiz "Bir” Tələbə-Könüllü proqramının koordinatoru Murad Ayazlıdır. Murad Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin 3-cü kurs tələbəsidir.

Həmsöhbətimiz I tədris ilindən Təhsil Nazirliyinin "Bir” Tələbə-Könüllü proqramına qoşularaq könüllülük fəaliyyətinə başlayıb. Sonra BSU üzrə könüllü-koordinator seçilib. 2019-cu ildə keçirilən Azərbaycan tələbə-könüllülərinin Forumunda "Ən fəal koordinator” seçilərək Təhsil Nazirliyi tərəfindən mükafatlandırılıb. Bakıda keçirilən "Formula 1”, Para Cüdo, Baku Open 2018-2019-Karate və digər beynəlxalq yarışlarda könüllü kimi, UEFA Bakı-2019-un final yarışlarında isə qrup lideri olaraq fəaliyyət göstərib. "Böyük Dəbilqə”, "Badminton” kimi beynəlxalq tədbirlərdə, o cümlədən respublika miqyaslı müxtəlif tədbirlərdə fəal könüllü qismində iştirak edib. "İrəli” İctimai Birliyinin 2019-cu ilin 24 dekabrında keçirilən Hesabat Konfransında "Ən yaxşı universitet koordinatoru” mükafatına layiq görülüb. Hazırda Bakı Konqres Mərkəzində könüllü kimi fəaliyyət göstərir.

"Vaxtını boş yerə öldürmə”
Murad deyir ki, könüllülük fəaliyyətinə ilk dəfə Avropa Oyunları zamanı başlayıb: "Mən rayonda yaşayanda eşidirdim ki, dostlarım Bakıda könüllü kimi işləyirlər. Onlar sosial şəbəkələrdə paylaşımlar edirdi, bu mənə də maraqlı gəlirdi. 2017-ci ildə tələbə adını qazanandan sonra Bakıya gəldim. Bakı Slavyan Universitetində "Bir” Tələbə-Könüllü proqramının təqdimatı oldu və mən o gündən könüllülük fəaliyyətinə başladım. Bir il keçdikdən sonra universitet üzrə bu proqramın koordinatoru kimi fəaliyyətimə davam etdim”.

Murad deyir ki, könüllülük fəaliyyətinə qoşularkən 20 yaşı olub. Universitetdə təhsil aldığı üçün anası ilk vaxtlar onun bu fəaliyyətini dəstəkləməyib: "Könüllü fəaliyyətinə ilk dəfə 20 yaşımda qoşuldum. Ailəmə məlumat verməmişdim. Tədbirlərin birindən şəkillər paylaşdıqdan sonra ailəm gördü. O zaman onlara bildirdim ki, dərsdən sonra könüllü kimi işləyirəm. Atam dəstək oldu, amma anam "vaxtını boş yerə öldürmə” - deyə bir az narazılıq etdi. Sonra mən ona izah etdim ki, bu, könüllülük hərəkatıdır, bizim inkişafımız üçün çox faydalıdır. Üstəlik, ünsiyyət bacarıqlarını öyrənmək, dil biliklərimizi inkişaf etdirmək imkanımız var”.
"Artıq bizdə də könüllü mədəniyyəti yaranıb”
Könüllülük prinsipi haqqında məlumat verən həmsöhbətimiz deyir ki, könüllü heç bir maraq güdmədən və qarşılıq gözləmədən hər hansı fəaliyyəti sevə-sevə həyata keçirməlidir: "Son illərdə könüllülük ölkəmizdə instituta çevrilib. Artıq bizdə də könüllü mədəniyyəti yaranıb. Eurovision müsabiqəsindən öncə ölkəmizdə könüllülük anlayışı çox da geniş yayılmamışdı və pulsuz çalışmaq hamıya gülünc gəlirdi. Amma bu gün kiməsə desəniz ki mənim dostum könüllüdür, heç kim təəccüblənməyəcək. İlk dəfə dostlarım, qrup yoldaşlarım könüllü olduğumu bildikdə, mənə "bekar” kimi baxırdılar. Mən də hər dəfə onlara könüllülüklə bağlı məlumatlar verir, faydalarından danışırdım. Artıq ikinci kursda mənə "bekar” deyənlərin əksəriyyəti könüllülük fəaliyyəti ilə məşğul olmağa başladılar. Gördülər ki, könüllü olmaq bir tələbənin inkişafı üçün həqiqətən önəmlidir”.

"Komplekslərimi qırdım”

Murad deyir ki, onun üçün könüllülük asudə vaxtı daha səmərəli keçirmək, təcrübə, yeni dostlar qazanmaqdır: "Mən o qədər də ünsiyyətcil deyildim. Amma könüllülük hərəkatına qoşulandan sonra bütün xarakterim yaxşı mənada dəyişdi. Dünyagörüşüm artdı. Komplekslərimi qırdım və tanımadığım insanlarla dost olmağa başladım. Konüllü olanadək belə deyildim. Ona görə atam tərəfindən dəstəklənməyə başladım. Çünki o gördü ki, könüllü olandan sonra yaxşılığa doğru çox dəyişmişəm”.

"Heç bir maneə, dedi-qodu məni qorxutmur, həvəsdən salmırdı”

Könüllülərlə bağlı ən çox səsləndirilən iradlardan biri gənclərin pulsuz işləmələridir. Həmsöhbətimiz deyir ki, onların qazancı gələcəklərinə qoyduqları yatırımdır: "Gördüyümüz işin qarşısında qazandığımız təcrübə puldan da önəmlidir. Burada gənclər maddi baxımdan gəlir əldə etməsələr də, real həyatda lazım olacaq xeyli bacarıqlar qazanırlar. Təsəvvür edin, gənc məktəbdən çıxır, sonra universitetə daxil olur. O, hələ də nəzəri biliklərin əhatəsindədir. Könüllülük bir növ onun bacarıqlarının əldə edilməsinə kömək edir və o, artıq gənc yaşlarında özünü cəmiyyətin bir hissəsi kimi hiss edir. İnsan yaşadığı ölkəyə, cəmiyyətə biganə olmamalıdır. Hər kəs bu cəmiyyət üçün öz daşını qoymalıdır. Bu da könüllülükdən başlayır. Pulsuz işləməyimlə bağlı iradları ən çox qrup yoldaşlarım deyirdi. Bir dəfə mən Formula-1-də könüllü olanda dərs vaxtına düşmüşdü. Mən forma ilə dərsə qayıdırdım. Qrup yoldaşlarım mənə gülürdülər. İstər-istəməz, mənə pis təsir edirdi. Amma fikir vermirdim. Mən demişəmsə bu yolu gedəcəm, deməli getməliyəm. Heç bir maneə, dedi-qodu məni qorxutmur, həvəsdən salmırdı. Hətta onlara təklif də edirdim ki, gəlin siz də qoşulun. Qoşulmurdular. Müəllimlərimiz sağ olsun, həmişə dəstək olurdular. Bu bizə həqiqətən güc verirdi. Fəallığıma görə universitet rəhbərliyi tərəfindən təltif olundum. Bunu görəndən sonra bildilər ki, könüllülük insanı uğura aparan başlanğıcdır. Vaxtilə mənə "bekarsan” deyən gənclərin çoxu, indi hansısa tədbir haqda onlara əvvəlcədən məlumat verməyəndə, küsürlər”.


"İşlərimizin nəticəsini görmək ən böyük qazancdır”

Müsahibim deyir ki, iş müsahibələrinə gedərkən onların könüllülük fəaliyyəti ilə məşğul olub-olmamasına baxırlar. Yəni sən könüllü olmusansa, deməli 1-0 öndəsən: "Uğura gedən yol məhz könüllülükdən başlayır. Könüllü işləmək mənə həyatda bəzi şeylərin qarşılıqsız ola biləcəyini, hər dəfə mənfəət güdmədən sadə bir gülüş, məmnunluqla kifayətlənməyi öyrətdi. Könüllülük ürəkdən gələn bir hissdir, hətta gündəlik həyatımızda da könlümüzdən gələn yaxşılıq və hörməti göstəririk. Bunlar gözəl hisslərdir. Hər zaman insanlar deyirlər ki, kim nə əməl edirsə, onun qarşılığını görür. Biz də könüllü olaraq, sidq-ürəklə, heç bir mənfəət güdmədən gördüyümüz işin qarşılığını nəinki bir dəfə, hətta dəfələrlə, həyatımız boyu görəcəyik. Könüllülük insana gözəl dostlar, dəyərli insanlar tanıdır. Qazanca gəldikdə, işlərimizin nəticəsini görmək ən böyük qazancdır”.

"Mənə kömək etməlisən!”

Murad könüllü işlədiyi tədbirlərdə başına gələn maraqlı hadisələri də bizimlə bölüşdü. Deyir ki, ən gülməli hadisələr müəllimlərin və direktorların işə qəbul imtahanlarında baş verib: "İmtahanda nəzarətçi idim. Bir nəfər yaxınlaşıb dedi ki, mən yaşlı müəlliməm, siz mənə kömək etməlisiniz. Əslində gözü görürdü, amma gəlib mənə dedi ki, görmürəm, kömək edin. Üstəlik, "çıxanda sənin hörmətini edəcəm” kimi fikirlər də səsləndirirdilər. Bir müəllim isə məni yanına çağırıb vəsiqəsini göstərdi və dedi ki, ayın tarixinə bax, bu gün ad günümdür, mənə kömək etməlisən”.

Gələcəklə bağlı planlarına gəldikdə isə, həmsöhbətimiz vurğuladı ki, ixtisası üzrə yaxşı mütəxəssis olmağı planlayır: "Gələcəklə bağlı çox düşünürəm və əlbəttə ki, planlarım çoxdur. Fikrimcə, hər bir insanın məqsədi olmalı və o məqsədə doğru düşüncəli şəkildə irəliləməlidir. Gələcək planlarım ixtisasım üzrə yaxşı mütəxəssis olmaq və özümu sevdiyim sahə üzrə inkişaf etdirməkdir”.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər