Könüllülərdən daha bir maarifləndirici aksiya
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin "Biz birlikdə güclüyük” təşəbbüsü çərçivəsində Azərbaycan Könüllülərinin
Əlaqələndirmə Mərkəzi (AKƏM) tərəfindən start verilən "Bir-birimizi qoruyaq!”
adlı kampaniyanın bir hissəsi olaraq könüllülər yeni maraqlı aksiyaya
başlayıblar.
Gənclər Fondundan Trend-ə verilən məlumata görə,
respublikanın şəhər və rayonlarında, o cümlədən Bakının 12 rayonunda keçirilən
aksiya çərçivəsində, əhalinin çox olduğu müxtəlif məkanlarda - restoran, kafe,
parklarda könüllülər üzərində koronavirusdan qorunmaq məqsədilə hazırlanan təbliğat
və təşviqat yazıları əks olunmuş stikerlər yapışdırıblar. Belə ki, karantin
qaydalarına riayət olunan məkanların girişlərinə "Burada qaydalara əməl olunur”
və "Nümunəvi obyekt”, ictimai nəqliyyatda və parklarda, şəxsi avtomobillərdə,
insanların köynəklərində "aralı əyləşin, sağlam olun”, "məsafə saxla”, "bir
birimizi qoruyaq”, "sağlamlıq məsafəsi saxlayın” yazılı xüsusi stikerlər
yapışdırılır, həmçinin insanlar arasında maarifləndirmə aparılır.
"Bir-birimizi qoruyaq!” adlı kampaniyanın məqsədi
karantin rejiminin yumşaldılması ilə əlaqədar insanların kütləvi toplaşdığı
yerlərdə sosial məsafə və digər davranış qaydaları barədə ictimai maarifləndirmənin
aparılması, həm xəstəliyin yayılmasının qarşısının alınması üçün vaxtında səmərəli
tədbirlər həyata keçirən dövlətimizə, həm də koronavirus (COVID-19) pandemiyası
ilə mübarizədə gecə-gündüz çalışan vətəndaşlarımıza könüllülərin dəstəyini
nümayiş etdirməkdən ibarətdir.
Qeyd edilməlidir ki, yeni növ koronavirus
infeksiyasının yarada biləcəyi təhlükə ilə mübarizədə dövlət tərəfindən həyata
keçirilən tədbirlərin dəstəklənməsi məqsədilə 27 mart 2020-ci il tarixində
formalaşan və fəaliyyətində "ASAN Könüllüləri” Təşkilatı, "Regional İnkişaf”
İctimai Birliyi, "Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi,
"Könüllü DOST” Proqramı, "Aqrar İnkişaf Könüllüləri” İctimai Birliyi, "Nəqliyyat
Könüllüləri” Proqramı, "Formula 1 Azərbaycan Qran Prisi” Könüllülük Proqramı,
"Miqrasiya Könüllüsü” İctimai Birliyi, "Könüllü gömrükçü” Dəstəsi, "Turizm
Könüllüləri” Təşkilatı, "Ekokönüllüləri” Qrupu, "AFFA və Avro-2020” Könüllülər
Proqramı, "Gənc Könüllülər” Hərəkatı və digər təşkilat və hərəkatların iştirak
etdiyi Mərkəzin işinin əlaqələndirilməsi Azərbaycan Respublikası Gənclər Fondu
tərəfindən həyata keçirilir.
Öz fəaliyyətində Azərbaycan Respublikası
Prezidentinin "Biz birlikdə güclüyük!” şüarını rəhbər tutan AKƏM tərəfindən
respublikanın demək olar ki, bütün şəhər və rayonlarında könüllülər səfərbər
olunub, onların əlaqələndirilməsi və lazımi fəaliyyətlərə yönləndirilməsi həyata
keçirilib. Bugünədək AKƏM-in təşkilatçılığı ilə keçirilən "Böyüklərimizi
qoruyaq!”, "Könüllü qonşu”, "Könüllü donor” aksiyalarında minlərlə könüllü
iştirak edib.