• cümə axşamı, 25 aprel, 13:32
  • Baku Bakı 23°C

“Könüllülər ili”ndən gözləntilər

17.01.20 16:02 6751
“Könüllülər ili”ndən gözləntilər
2020-ci il ölkədə könüllülük hərəkatının inkişafına böyük təkan verəcək
2020-ci il Azərbaycanda "Könüllülər ili” elan edildi. Bu, ölkəmizdə könüllülük fəaliyyətinə necə bir dəyər verildiyinin göstəricisidir. İldən-ilə də bu sahədə inkişaf hiss olunur. Müxtəlif dövlət qurumları fəaliyyətlərinə könüllüləri cəlb edirlər. Bəs 2020-nin "Könüllülər ili” elan olunması bu sahənin inkişafına necə təkan verəcək?
Bu sualı müxtəlif qurumların könüllülər şöbəsinin rəhbərlərinə ünvanladıq.

Könüllülük hərəkatının inkişafına böyük təkan

DOST Agentliyinin Könüllülərlə iş şöbəsinin rəhbəri Ruslan Mirzəliyevin sözlərinə görə, 2020-ci ildə bir çox qurumlar könüllülük proqramlarını sistemli hala gətirəcəklər: "Ötən ildən bir çox dövlət qurumlarının fəaliyyətinə dəstək üçün könüllülər cəlb olunur. Düşünürəm ki, "Könüllülər ili” elan olunması ölkədə fəaliyyət göstərən dövlət orqanlarında könüllülük sahəsinin idarə olunmasında vahid istiqamətə gətirib çıxaracaq. Bu da özlüyündə ölkə üzrə könüllülük hərəkatının inkişafına böyük təkan olacaq”.


R.Mirzəliyev deyir ki, agentliyin könüllülərlə bağlı 2020-ci il üçün planları çoxdur: "Bizdə könüllülərlə bağlı şöbə ötən ilin may ayında yaradılıb. Bu günə qədər 7000 müraciət olub, 260 nəfər könüllülük fəaliyyətinə cəlb edilib. Bizim mərkəzdə fəaliyyət göstərən könüllülər gənclər və pensiyaçılardır. Bundan əlavə, virtual könüllülük proqramımız var. Bunu da inkişaf etdirmək fikrindəyik. Bununla əlilliyi olan şəxslərə də könüllü fəaliyyət şəraiti yaratmaq fikrindəyik. İstəyirik ki, könüllülük təkcə gəncləri əhatə etməsin. Digər yaş kateqoriyalarında olanlar da cəlb olunsun. İl ərzində həm gənclər, həm əlilliyi olan şəxslər, həm də pensiyaçı könüllülərin iştirakı ilə təşkil ediləcək bir çox istiqamətli tədbirlərin keçirilməsini də planlaşdırırıq”.

Könüllülərin fəallığı

"ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabbarova deyir ki, könüllülərə, konüllülk fəaliyyətinə və könüllü təsisatlarının işinə dövlət tərəfindən xüsusi diqqət ayrılır. 2020-ci ilin "Könüllülər ili” elan edilməsi isə, gənclər tərəfindən xüsusi maraqla qarşılanıb: "Əminəm ki, bu ildə dövlət qurumları tərəfindən könüllü fəaliyyətinin stimullaşdırılmasını, yeni könüllü təsisatların formalaşdırılmasını, həmçinin qeyri-hökümət təşkilatlarının işində könüllülərin fəallığını xüsusi müşahidə edəcəyik”.


S.Cabbarovanın sözlərinə görə, təşkilat fəaliyyətini ASAN Könüllülərinin 2020-2022-ci illərdə strateji inkişaf planına əsasən quracaq: "Planlarımız ondan ibarətdir ki, regionlara daha çox önəm veriləcək. Çünki regionlarda könüllü fəaliyyətinin daha da zənginləşdirilməsinə ehtiyac var. Biz də bu istiqamətdə müxtəlif layihə və tədbirlər icra edəcəyik. Buna nümunə olaraq "Könüllülər Yurdu-Azərbaycan” layihəsini qeyd edə bilərəm. Ötən il bu layihə çərçivəsində biz ölkəmizin 45 şəhər və rayonunda olmaqla 3 000-ə yaxın gənci əhatə etmişdik. Bu il artıq əhatə olunacaq regionların sayını artıraraq daha çox müxtəlif yaş kateqoriyalarına aid vətəndaşları cəlb etməyi planlaşdırırıq. Könüllülüyün yaşı yoxdur, biz yaşlı könüllüləri də öz sıralarımıza cəlb edirik. Qarşıdakı dövrdə də bizim fəaliyyət istiqamətimiz təkcə gənclərə yönəlik olmayacaq, eyni zamanda yaşlı könüllülər də daha fəal bizim sıralarımıza qoşula biləcək. Bununla da, yaşından, sosial statusundan asılı olmayaraq hər bir vətəndaş ölkəmizə, xalqımıza ən uğurlu şəkildə xidmət etməyi, cəmiyyətimizin inkişafı üçün könüllü olmağı özünə borc biləcək. Eyni zamanda, bizdə inlyuziv könüllülk proqramı da mövcuddur ki, məhdudiyyətli gənclər də bizim sıralarımıza qoşulur və bu da onların sosiallaşmasına böyük töhfə verir”.

S.Cabbarova qeyd etdi ki, hazırda ölkəmizdə könüllülk fəaliyyətinin genişlənməsi istiqamətində bütün təşkilatlar, qurumlar arasında həmrəylik mühiti var: "Və bu mühit birgə fəaliyyətlərin, birgə işlərin icra olunmasına münbit zəmin yaradır. Bizdə çalışacağıq ki, yeni yaranmış təsisatlarla əməkdaşlıq edərək cəmiyyətimizin inkişafına töhfə verək. Bu sahədə görülən işlər ölkə gəncliyinin inkişafına təkan verəcək və gənclərin özlərini təsdiq etmələrində böyük rol oynayacaq”.

Sıralarımız genişlənəcək

"Turizm Könüllüləri" Təşkilatı İctimai Birliyinin direktoru Hüseyn Məmmədov deyir ki, könüllülük fəaliyyətinə olan maraq bu il daha da artacaq: "İlin könüllülərlə bağlı olması könüllülük fəaliyyətinə necə bir dəyər verildiyini, bu işin necə bir dəyərə sahib olduğunu göstərir. Bu il gənclərə motivasiya verəcək, daha həvəsli olacaqlar. Könüllülər 2020-ini mənimsəyəcəklər, "Bizim ilimizdir” deyəcəklər. Sıralarımız bu il çox genişlənəcək. Onu da deyim ki, artıq bunu hiss edirik. Sərəncam qüvvəyə mindiyi andan etibarən bizə könüllü olmaq üçün müraciət edənlərin sayında böyük dəyişiklik oldu”.


H.Məmmədov bildirdi ki, könüllülük fəaliyyəti ilə bağlı təşkilatın bu il üçün hədəfləri məlumdur: "Agentlik təsis olunduğu gündən burda könüllülk fəaliyyətinə start verilib. Sonra düşündük ki, bu iş mərkəzləşdirilməlidir. 2019-cu il dekabr ayının 5-də Beynəlxalq Könüllülər Günündə Turizm Könüllüləri Təşkilatını təsis etdik. Bundan sonra təşkilatın Bakıda və regionlarda, ali məktəblərdə geniş təqdimatı oldu. Hansı ki bu proses hələ də davam edir. Sıralarımıza minlərlə gənc qoşulub. Ötən ilin sonunda Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun təşkil etdiyi Turizm Sammitində də bütün təşkilati işləri turizm könüllüləri üzərinə götürmüşdü. Bu, bizim üçün bir sınaq idi və uğurla başa çatdı. Növbəti il ərzində yerli və beynəlxalq səviyyədə müxtəlif təcrübə, mübadilə proqramları həyata keçirməyi hədəfləyirik. Müxtəlif inkişaf konsepsiyaları üzərində işləyirik. Təkcə Bakı deyil, regionlarda olan gənclərimizin də turizm sahəsində könüllü kimi fəaliyyət göstərmələri üçün imkan yaradılıb. Eyni zamanda, vahid data baza yaratmışıq. Bu data bazada könüllülərimiz haqqında bütün məlumatlar yerləşdirilir. Onlar aktivliklərinə, davamiyyətlərinə uyğun qiymətləndirilirlər. İlin sonunda fərqlənənlərə mükafat verilir. Üstəlik, bu baza onların işlə təmin olunmasında əhəmiyyətli rol oynayacaq”.

Gömrük postlarına könüllülərin cəlbi

Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, "Könüllü gömrükçü” dəstəsinin rəhbəri Vüqar Əliyev bildirdi ki, komitədə "Könüllü gömrükçü” dəstəsi ilk dəfə ötən il yaradılıb. Hazırda Komitənin aparatının, eyni zamanda Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin struktur bölmələrində, habelə komitənin digər qurumlarında 114 nəfər könüllü gömrükçü fəaliyyət göstərir. "Könüllü gömrükçü” dəstəsinin üzvü olmaq üçün 18-28 yaş arası olan istənilən gənc müraciət edə bilər.


V.Əliyevin sözlərinə görə, Dövlət Gömrük Komitəsinin 2020-ci il üzrə tədbirlər planı təsdiq olunduqdan sonra nəzərdə tutulan silsilə tədbirlərdə "Könüllü gömrükçü”lərin də iştirakını planlaşdırır: "Bununla yanaşı, "Könüllü gömrükçü” dəstəsinin üzvlərinin Dövlət Gömrük Komitəsinin Tarix Muzeyinə, Dövlət Gömrük Komitəsinin Akademiyasına, Ümumdünya Gömrük Təşkilatının Regional Kinoloji Təlim Mərkəzinə ekskursiya turlarının təşkil olunması nəzərdə tutulur. Habelə, Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə 8 sentyabr - Dünya İlk Tibbi Yardım Günü münasibətilə Ümümdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində könüllülərə "İlk tibbi yardım” üzrə təlimin və digər tədbirlərin keçirilməsi planlaşdırılır. Əlavə olaraq bildirmək istərdik ki, Dövlət Gömrük Komitəsi respublikamızın regionlarında yaşayan gənclərin həyatın bütün sahələrində iştirak imkanlarının artırılması, habelə gömrük sistemində gənclərin könüllülük hərəkatının stimullaşdırılması və yerlərdə intensivləşdirilməsi məqsədilə Komitənin Ərazi Baş Gömrük İdarələrinə və həmçinin idarələrin strukturuna daxil olan bir sıra gömrük postlarına gəncləri könüllülük fəaliyyətinə cəlb etmək niyyətindədir”.

"Aqrar İnkişaf Könüllüləri” Təşkilatının sədri Kamran Əliyev deyir ki, bu ilin "Könüllülər ili” elan edilməsi qeyri-hökumət təşkilatları arasında daha da həmrəy işlərin ortaya qoyulmasında böyük rol oynayacaq.

K.Əliyevin sözlərinə görə, "Aqrar İnkişaf Könüllüləri” Təşkilatı 2018-ci ildən bu günədək aqrar sahədə aparılan islahatlara dəstək vermək, cəmiyyətdə kənd təsərrüfatı mövqeyinin möhkəmləndirilməsi, əhalinin bu sahəyə inamının yüksəldilməsi üçün öz töhfəsini verməyə çalışır: "Artıq ölkənin 50 regionunda fəaliyyət göstərən aqrar inkişaf könüllüləri fermerlərin yanında olmağa çalışır, onlara dəstək olurlar. Könüllülər fermerlərlə görüşlər təşkil edir, onların qayğıları ilə maraqlanır, sorğular təşkil edirlər. Aqrar inkişaf könüllüləri ölkə səviyyəsində baş tutan tədbir və yarışlara qatılaraq gənclər yeni biliklərə yiyələnir, öz təcrübələrini bölüşürlər.
Kənd Təsərrüfatı Nazirliyi aparatı və nazirliyin tabeli qurumlarında təcrübə keçən aqrar inkişaf könüllüləri real iş şəraiti ilə tanış olur, birbaşa olaraq rəsmi iş mühitində çalışır və müxtəlif işgüzar təlimlərə qoşularaq gələcək karyeraları üçün zəmin yaradırlar”.


K.Əliyev bildirdi ki, aqrar inkişaf könüllüsü olmaq üçün bu günədək ümumilikdə 11 171 gənc müraciət edib, onlardan 3000 gənc hər biri spesifik sahənin könüllüsü olub. K.Əliyev qeyd etdi ki, "Könüllülər ili” ərzində "Aqrar İnkişaf Könüllüləri” olaraq bir neçə beynəlxalq layihəni icra etməyi planlaşdırırlar: "Həmçinin öyrədici xarakterli təşəbbüslərlə könüllülərimiz və könüllü olmayan gənclərimizi maarifləndirmək üçün çalışacağıq. Bu yolda könüllümüz olan, könlü bizimlə olan hər kəsə uğurlar arzulayırıq”.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər