• cümə axşamı, 28 mart, 20:18
  • Baku Bakı 13°C

Könül Vəlibəyli: “Moda hər 50 ildən bir tükənir və yenidən doğulur”

07.03.19 09:30 12545
Könül Vəlibəyli: “Moda hər 50 ildən bir tükənir və yenidən doğulur”
Martın 15-də Bakı Milli Geyim Evinin 10 yaşı tamam olacaq. Bu 10 ildə Milli Geyim Evi bir çox layihələr reallaşdırıb. Teatrlarda aktyorları geyindirdi, Azərbaycan Dövlət Akademik Rəqs Ansamblının milli geyimlə təmin etdi, tədris mərkəzi fəaliyyətə başladı, gəncləri ətrafına yığıb, onlara bu sənətin sirlərini öyrətdi, "Sara Xatun” jurnalını çap etdirdi. Bununla da kifayətlənmədi, beynəlxalq müstəvidə milli geyimlərimizi təqdim etməyə başladı. Dünyanın bir çox teatrlarında nümayiş olunan "Arşın mal alan” tamaşasında aktyorları geyindirdi. Bu gün isə 10 yaşını qeyd edən Geyim Evi bir akademiyaya çevrilib. Geyim Evinin rəhbəri Könül Vəlibəyli ilə görüşüb, bu 10 ildə qət etdikləri yola işıq saldıq.
- Könül xanım, Bakı Milli Geyim Evinin 10 illik yubileyinə necə hazırlaşırsınız?
- Geyim evimizin 10 illik yubileyində hər il keçirdiyimiz "Ənənədən gələcəyə” adlı dəfiləmizdə ən çox sevilən, müraciət olunan geyimlərimizi nümayiş etdirəcəyik. Yubileyə çox böyük həvəslə hazırlaşırıq. İnanıram ki, çox gözəl 10 illik hesabatımız olacaq.

Bakı Milli Geyim Evi bir geyim evi statusundan çıxaraq, artıq bir məktəbə çevrilib. Bu gün Geyim Evində tədris mərkəzi fəaliyyət göstərir. Dünyanın öndə gedən ali təhsil ocaqları ilə əməkdaşlıq edirik. Orada öyrəndiyimiz yenilikləri, təcrübələri həyata keçiririk. Geyimlərimizə, tələbələrimizə daha həssas, daha diqqətli yanaşırıq. Addımladıqca, işin nə qədər çətin və məsuliyyətli olduğunu görürəm. Bizi bu 10 ildə sevib, hər il bizimlə olan, bizi qəbul edən böyük bir çevrə formalaşıb. Onlar bizə inanır, dəstəkləyir və işlərimizi bəyənirlər.
- 10 yaşlı Bakı Milli Geyim Evini necə xarakterizə edərdiniz?
- Geyim Evini yaradanda onun insanlar tərəfindən bu qədər seviləcəyini gözləmirdim. İşimə sevgi ilə, ürəklə yanaşıram. Ondan heç bir qarşılıq gözləmirəm. Bacardığım qədər insanlara, cəmiyyətə yararlı olmağa çalışıram. Bu gün Bakı Milli Geyim Evi dünyanın ən öndə gedən ölkələrində sərgilər təşkil edir. Dünyanın prestijli teatrlarında nümayiş olunan "Arşın mal alan” tamaşasının, Azərbaycanın böyük teatrlarında tamaşaların, Dövlət Rəqs Ansamblının, Gəncə Rəqs Ansamblının, Göygöl Rəqs Ansamblının geyimlərini hazırlayır. Xarici ölkələrdə fəaliyyət göstərən təşkilatlara, səfirliklərə, xaricdə təhsil alan gənclərə hər il Novruz bayramı ərəfəsində 70-80-ə yaxın geyimlər təhvil veririk. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yaradılmış tədris mərkəzimiz artıq universitetlərin geyim üzrə tədris ocağına çevrilib. Moda və dizayner ixtisasına yiyələnən 3 və 4-cü kurs tələbələri bizə təcrübəyə gəlirlər. Bu o deməkdir ki, bu illər ərzində nəsə əldə etmişik ki, onlar bizdən öyrənməyə çalışırlar. İnanıram ki, bu 10 ildə qazandığımız etimadı, uğuru ikinci 10 ildə beynəlxalq universitetlərdə və beynəlxalq moda aləmində də yüksək səviyyədə təqdim edəcəyik.
- Dünyanın bir çox ölkələrində - Tacikistanda, Özbəkistanda milli geyimlərdən gündəlik geyim kimi yararlanırlar. Sizcə, biz öz milli geyim ənənələrimizi qoruyub saxlamağı bacarmışıq?
- Elə xalqlar var ki, onlar olduqları yerdədir. Ancaq biz və inkişaf etmiş ölkələr daima yeniliyə, inkişafa, müasirliyə, günün nəbzinə ayaq uydurmağa çalışırıq. Böyük İpək Yolu Azərbaycandan keçdiyi üçün tarixən, elə günü bu gün də bir çox mədəniyyətlər məhz Azərbaycandan keçir. Belə ki, hər millətin, xalqın, dövlətin bütün gözəl ənənələrini görmüşük, o gözəlliklərdən özümüzə nələrsə götürmüşük. Dünyadakı bütün yenilikləri, inkişafı gördüyümüz üçün hər bir yenilikdən xəbərdarıq. Bu gün gənclərimiz də moda aləmində baş verən yeniliyə meyillidirlər. Beynəlxalq arenaya çıxırlar, özlərini inkişaf etdirirlər.

Hazırda gündəlik həyatda milli geyimlərimizi istifadə etmək həqiqətən gülməli olar. Bizim milli geyimlərimiz o qədər zəngin, dəbdəbəli, bəzəklidir ki, onları gündəlik həyatımızda istifadə edə bilmərik. Adlarını qeyd etdiyiniz həmin xalqlar gündəlik həyatlarında istifadə etdikləri milli geyimlərin forması sadədir. Ancaq bizim milli geyimlərin gözəl kəsimləri var, misal üçün bir geyimdə beş aksesuarımız olur. Onun arxalığı, ətəyi, köynəyi, araqçını, kəlağayısı, donu və s. geyimlərimizə gözəllik qatır. Belə geyimi gündəlik həyatda daşımaq mümkün deyil. Sevindirici haldır ki, biz gündəlik geyimlərimizdə öz kəlağayımızdan istifadə edirik. Bu gün qədim arxalıqlarımızı gündəlik həyatda istifadə edə bilirik. Bəzi incəsənət nümayəndələri gündəlik geyimlərində araqçınlardan istifadə etməyə başlayıblar. Hər bir şəxsiyyət, incəsənət nümayəndələri öz üslubunda milli dəyərlərə xas elementlər daşıyır. Bu gün məktəblərdə müxtəlif tədbirlər keçirilir. O zaman valideynlərimiz övladlarına milli geyimlər geyindirirlər. Bu məni çox sevindirir. Çünki körpələrimiz uşaq yaşlarından milli geyimləri tanıyarsa, o deməkdir ki, biz milli geyimlərimizi gələcək nəslə də ötürürük. Uşaqlarımız milli geyimlərimizə sevgi ilə yanaşaraq böyüyürlər. Nə yaxşı ki, orta yaşlı insanlara bu geyimlərin sadəcə, rəqs və müğənni geyimləri olmadığını sübut edə bilmişik.
- Milli geyimləri "rəqs və müğənni geyimi” kimi qiymətləndirənlər də var?
- Biz bu geyim evini yaradanda xanımlarımızla milli geyimdə bir layihə etmək istəyirdik. Onlara müraciət edəndə dedilər ki, biz müğənni-zadıq bəyəm, milli geyim geyinək? Ancaq bu gün millət vəkillərimiz, səfirlərimiz, səfirlərin xanımları, bir çox ictimai fəallarımız milli geyim geyinərək tədbirlərdə iştirak edirlər. Bu da o deməkdir ki, biz milli geyimlərimizi sevməyə, onu təmsil etməyə, tanıtmağa, varlığını qəbul etməyə başlamışıq.
- Muzeylərə gedib bizim qədim milli geyimlərə baxanda onların çox solğun, bəzəksiz, sadə olduğunu şahidi oluruq. Ancaq indi milli geyim adı ilə təqdim olunan geyimlərimiz çox parıltılıdır, zər-zibalıdır. Milli geyimlərimiz çoxmu deformasiyaya uğrayıb?
- Sadəlik hər zaman gözəllik bəxş edib. Muzeydə gördüyünüz geyimlərdə arxalıqların üzərində qızıl saplarla işlənmiş naxışlara diqqət yetirsəniz, görəcəksiniz ki, o geyimlər aylarla, illərlə işlənib. Uzun illərdir saxlanıldığı üçün rəngi solub, şuxluğunu, parlaqlığını itirib. Siz 200 illik geyimlərdən danışırsınız. Əlbəttə ki, geyim hazırlayanda həmin gülməxmər, tirmə, naxışlı parçalardan istifadə edilib. Bu gün mənim ən böyük çətinliyim də o parçaları tapmaqdır. Bəli, bizim o milli geyimlərdən çox az sayda var və hər muzeydə yoxdur. Dünyanın inkişaf etmiş ölkələrində geyim muzeyləri fəaliyyət göstərir ki, orada keçmişdə olan geyimlərlə indi hazırlanan milli geyimlər yanaşı sərgilənir. Muzeyə gələn tamaşaçıların müqayisə etmək imkanı olur. Həmçinin o muzeylərdə həmin geyimlərin satışı, fotosessiyaları təşkil olunur. Biz bununla bağlı danışıqlar aparırıq.

İllər dəyişir, insan inkişaf edir. Uzun illər əvvəl xanımlarımız öz geyimlərini hazırlayanda beli, boyu, yaxası, ətəyi o qədər düşünüblər ki, bütün incəlikləri nəzərə alıb belə gözəl geyimləri bizə ərməğan qoyublar. Müasir zamanda o incəliklər üzərində nə qədər dizaynerlər işləsələr də, bu qədər yenilik edə bilməzlər. Azərbaycan milli geyimlərinin varlığını olduğu kimi saxlamaq lazımdır.
- Bəzən milli geyimləri rəqs geyimləri ilə də səhv salanlar olur. Onlarla necə mübarizə aparırsınız?
- Rəqs geyimləri çox dəbdəbəlidir. O geyimlər səhnə geyimləridir. Biz Akademik Dövlət Rəqs Ansamblının geyimlərini hazırlayanda zər-zibanı, bərbəzəyi bir az sadələşdirdik. Səhnə hər nə qədər parıltını, işıltını, zər-zibanı sevirsə, bir o qədər də sadəliyi qiymətləndirir. Tamaşaçıların gözlərini yormaq, zövqünü korlamaq olmaz.
- Dəb elə bir şeydir ki, sürətlə dəyişir. Dəyişikliyin içərisində milli xüsusiyyətləri qoruyub saxlamağı bacarırıqmı?
- Etnoklassika çox önəmlidir və bu gün də tədris olunur. Dəb nə qədər sürətlə inkişaf edirsə etsin, dəbin kökündə klassika, milli geyimlər, qədimilik dayanır. Bu gün dünyanın ən qabaqcıl markaları təkrar-təkrar klassikaya, etnoya, şərq naxışlarına, əl işlərinə qayıdırlar. Moda nə qədər inkişaf edirsə etsin, hər 50 ildən bir tükənir və yenidən doğulur. Doğularkən də klassikadan qidalanır.
- "Geyimə görə qarşılayıb, ağla görə yola salırlar” deyirik. Sizcə, bu deyim bizim geyim zövqümüzü kölgədə qoymurmu?
- Əksinə, inkişaf etdirir. Xanım düşünür ki, bir yerə gedirəmsə, gözəl və fərqli geyinməliyəm. Məni geyimimə görə qarşılayacaqlarsa, daha gözəl geyinmək məcburiyyətində qalmalıyam. Xarici ölkələrdə səfərdə olarkən bizim xanımlarımızla bağlı deyirlər ki, çox zövqlü geyinirlər. Xanımlarımız geyimə çox önəm verir, ancaq geyimlə bərabər, ağıl da böyük rol oynayır. İndiyə qədər bizim kimi zövqlü geyinən, geyimə pul xərcləyən başqa bir xalq görməmişəm.
- Sabah 8 mart beynəlxalq qadınlar günüdür. Bu gün xanımlarımıza nə arzu edirsiniz?
- Azərbaycan qadınları çox gözəldir. Azərbaycan qadını ailədə, cəmiyyətdə həm gözəl ana, həm gözəl iş yoldaşı, həm iş qadını, həm də evinin xanımı olmağı bacarır. Bu gün Azərbaycan xanımları böyük arenalarda iştirak edir, kişilərlə bərabər çiyin-çiyinə çalışırlar. Müxtəlif sferalarda xarici ölkələrdə Azərbaycanı təmsil edirlər. Nə olur-olsun, necə olur-olsun, varlığımızdan, gözəlliyimizdən, ailəyə olan dəyərlərimizdən vaz keçməməliyik. Bu, artıq bizim genimizdədir.
- Qadını geyimlə bərabər, bir də sevgi gözəlləşdirir. Sevginin həyatınızdakı rolu nədən ibarətdir?
- Sevgilər müxtəlifdir. İşimə olan sevgim bütün sevgilərin önünə keçir. İnsanları, təbiəti, yaşamı sevmək gözəldir, çünki biz həyata bir dəfə gəliriksə, bu həyatda sevərək yaşamalıyıq. Ömür boyu bir şəxsi sevərək yaşaya bilməzsən. Onda ortalığa heç bir şey çıxarmaq mümkün olmur. Qadınlar sevməsə, yaşaya bilməzlər. Sevən insan yaradıcı insan olur. Yetər ki, sevə bilsin və daxilində sevgi həvəsi olsun. İçindəki o sevgini nifrətə, neqativ işlərə xərcləməsin. Dünyanı yaşadan da, inkişaf etdirən də, gözəllikləri bizə bəxş edən də sevgidir. Hər kəsə sevgi arzulayıram.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər