• çərşənbə axşamı, 16 aprel, 18:42
  • Baku Bakı 18°C

Könlümüzün və gözümüzün aynası

01.10.19 11:00 424
Könlümüzün və gözümüzün aynası
"Televiziya və radio təhsil ocağıdır". Azərbaycan Televiziyası və Radiosu yarandığı gündən söz, sənət, əxlaq, mədəniyyət və təhsil məkanı kimi milli ruhumuzun, mədəniyyətimizin və bütövlükdə Azərbaycan rənginin aynasıdır, hər bir tamaşaçıya yaşından və dünya baxışından asılı olmayaraq bilik verir, onu maarifləndirir, ölkədə və dünyada baş verən hadisələrlə tanış edir. 1980-ci illərin televiziya tamaşalarını xatırlayın. Hələ indi də böyük heyranlıqla baxdığımız həmin tamaşaların hər birində dərin sosioloji-psixoloji nüanslar böyük sənət ustalığı ilə təsvir edilirdi…
Azərbaycan Televiziyası və Radiosu həm də milli məfkurəmizin və fəlsəfi xəttimizin libası olan milli ədəbiyyatımızın güzgüsü olub. Bu, əlbəttə, çox mühüm məqamdır. Gerçək ədəbiyyat əslində hər bir xalqın fəlsəfəsidir və teleradio verilişlərimiz ədəbiyyatımıza söykənməklə əslində həm də milli fəlsəfi düşüncəmizin təşəkkül tapmasında müstəsna əhəmiyyətli ideya mərkəzinə çevrilib. Bəli, milli ideologiyanın yayılması üçün geniş təbliğat işi vacibdir və bu əhəmiyyətli və şərəfli missiyanı Azərbaycan Televiziyası və Radiosu qətiyyətlə həyata keçirməkdədir.
Adətən teleradio verilişlərinin üç mühüm vəzifəyə malik olduğu vurğulanır: maarifləndirmə, informasiya ötürmə və əyləndirmə. Tam əminliklə deyə bilərik ki, Azərbaycan Televiziyası və Radiosunda yayımlanan verilişlərdə maarifləndirmə bölməsinə xüsusi diqqət ayrılıb. Bu, təsadüfi deyil. Axı, bu mühüm və müqəddəs məkanın tamaşaçı və dinləyiciləri tarixən cani-könüldən elmə, mədəniyyətə, ədəbiyyata aşiq, ziyalı və müdrik Azərbaycan xalqıdır.
Belə bir fəlsəfi tezis var: "Zahirən təzadlı görünən gerçəkləri bir araya gətirib sintez etmək xüsusi hünərdir”. Ənənəvi – modern, hətta modern-postmodern antoqonizmindən doğan cansıxıcı dilemma qarşısında özünü itirmək, tənliyi həll etmək əvəzinə təslim olmaq hansı yaramıza məlhəm ola bilər?! Hünər kənardan ziddiyyətli görünən, lakin əslində intellektual zəhmətlə bir araya sığa bilən tərəfləri eyni səmtə yönəltmək, problemi düzgün məcraya istiqamətləndirib həll etməkdir. Nə etməli? Əminliklə deyə bilərəm ki, tam müasir olub ənənəvi forma və məzmundan imtina etmək və ya keçmişdə qalıb modern dünyaya göz yummaq yaradıcı insanlara yad xislətdir. Məzmunu ənənədən alıb, formanı çağdaş texnologiyalarla bəzəmək zəki və dərin fəlsəfi dünyagörüşlü insanlara xarakterikdir. Son aylarda Azərbaycan Televiziyası və Radiosunda hazırlanan verilişlərindəki mütərəqqi tendensiya əslində yuxarıdakı fəlsəfi tezisin təzahürüdür. Məzmunca ənənəni qoruyub, formaca modern, hətta postmodern üslubda verilişlərin təqdimatı müasir Azərbaycan tamaşaçısının zövqünü oxşamaq üçün labüd addımdır. Müasir dünyanın əlvan rənglərini, müxtəlif ölkələrin saysız-hesabsız telekanallarındakı əyləncəli verilişlərin nihilist ovqatını seyr edən tamaşaçılarımızı milli ruhumuza, əxlaqımıza söykənən milli televiziyamıza kökləmək olduqca zəruri, lakin incə və çətin işdir. Lakin tam əminliklə demək olar ki Azərbaycan prezidenti, cənab İlham Əliyevin uğurlu təyinatı ilə yenicə "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilmiş dəyərli Rövşən Məmmədovun möhkəm iradəli rəhbərliyi ilə bu incə və çətin vəzifə inamla həyata keçirilir. İndi AzTV-də könül rahatlığı ilə baxdığımız bu verilişlərin uzun ömürlü olacağına, yeni və daha maraqlı layihələrin efir məkanında yerini tutacağına inamımız böyükdür. Rövşən Məmmədovun müşahidə edilən novatorluğu onun peşəkar jurnalist və mütərəqqi dunyagörüşlü ziyalı olması ilə həmahəngdir. Onun qısa müddətdə teleradio məkanında yaratmağa nail olduğu səmimi və işgüzar ortam həm burada çalışan əməkdaşların, həm də efir və ekrana yaxından-uzaqdan işgüzar münasibəti və yaradıcılıq əlaqələri olan hər kəsi ürəkdən sevindirir, hər kəsi yeni ruh yüksəkliyi ilə işləməyə həvəsləndirir. Efir adamı olduğundan hər bir istedadlı və qabiliyyətli həmkarını dəyərləndirməyi bacaran, onları yeni, daha müasir və maraqlı layihələr hazırlamağa ruhlandıran, səmimiyyəti, yüksək etikası və işgüzarlığı illərin televiziyasına yeni abı-hava, yeni nəfəs gətirməyə nail olan və doğma Azərbaycan Televiziyası və Radiosu ailəsinin dərin hörmətini və rəğbətini qazanan dəyərli Rövşən müəllimə Tanrıdan can sağlığı və uğurlar təmənna edirəm!

Mail Yaqub

banner

Oxşar Xəbərlər