• cümə axşamı, 25 aprel, 21:00
  • Baku Bakı 21°C

Kiyevdə etiraz dalğası güclənir

26.11.13 08:16 1275
Kiyevdə etiraz dalğası güclənir
Ukraynada vəziyyət gərgin olaraq qalır. Dünən Ukrayna paytaxtı Kiyevin Avropa meydanında, Nazirlər Kabineti binasının yaxınlığında Avropaya inteqrasiya tərəfdarları ilə milis qüvvələri arasında toqquşmalar olub. Xüsusi təyinatlı milis dəstələrinin binadan çıxan avtomobilin yolunu təmizləmək cəhdi mitinqçilərin müqaviməti ilə qarşılaşıb. Xüsusi təyinatlılar etirazçıları səkiyə sıxışdırıblar. Avropa İttifaqına inteqrasiya tərəfdarları Ukrayna Nazirlər Kabinetinin binasını mühasirəyə almağa çalışıblar.
Kiyevdə hökumətin Avropa Birliyi ilə (AB) assosiativ münasibətlərə dair razılaşmadan imtina etməsinə qarşı etiraz aksiyasının - “Avromeydan”ın ikinci günündə 100 mindən çox ukraynalı “Avropa” meydanında hökumətə qarşı mitinqə başlayıb və çadırlar qurub. Kiyevdə meydana ailəliklə, o cümlədən, uşaqları ilə gələn insanların əllərində “Mən Avropada yaşamaq istəyirəm” və “Ukrayna Avropanın tərkib hissəsidir” yazılmış şüarlar var. Aksiyaya qatılmış müxalifət liderlərinin sözlərinə görə, hazırkı etiraz aksiyası 2004-cü ilin “narıncı inqilab”ından bəri ən kütləvisidir. Əvvəlcə Avropa tərəfdarları Taras Şevçenko heykəli ətrafında toplaşıb və Avropa Meydanına tərəf hərəkət edib. Meydanda onlara müxalifət liderləri də qoşulub. Müxalifət lideri, Ukraynanın sabiq xarici işlər naziri Yuri Luçenko deyib ki, əgər prezident Yanukoviç razılaşmanı imzalamasa, təxirəsalınmaz parlament seçkiləri tələb ediləcək. “Bizdən artıq papağımızı oğurlamırlar. Bizdən gələcək 46 milyonluq xalqı oğurlayırlar. Bizə müharibə elan edilib. Bu problemi həll etməyə hazırsınızmı?" - deyə Luçenko bildirib. “Batkivşina” partiyasının lideri Arseniy Yaçenyuk isə prezidentin istefasını istəyib. O bildirib ki, Ukrayna müxalifət də Vilnüsə gedərək "Avropadan böyük Ukrayna dövləti üçün qapıları açıq saxlamağı istəyəcək". “UDAR”, “Svoboda” və “Batkivshina” fraksiyası noyabrın 27-də hökumətin Avropa Birliyi ilə assosiativ münasibətlərə dair razılaşmadan imtina etməsi ilə əlaqədar Ali Radanın növbədənkənar iclasını çağırılmasını tələb edib. “Batkivşina” partiyasının mətbuat xidmətinin məlumatına görə, çağırış fraksiya həmrəhbərləri Vitali Kliçko, Oleq Tyaqnibok və Arseniy Yaçenyuk tərəfindən imzalanıb. Eyni gündə Kiyevdə müxalifətin aksiyasından bir qədər kənarda hökumətpərəstli qüvvələrin də aksiyası keçirilib.
Polis müxalifətçilərə gözyaşardıcı qaz sıxıb

Polis hökumət binaları qarşısında düzülmüş polis piketlərini yarıb keçməyə cəhd göstərən qrupların seyrəldilməsi üçün gözyaşardıcı qazdan istifadə edib. Məlumatı təsdiqləyən Ukrayna Daxili İşlər Nazirliyi bildirib ki, polis gözyaşardıcı qaza məcburi əl atıb: “Hökumət binasını qorunması üçün canlı polis zənciri yaradılmışdı. Vətəndaşları bu zənciri qırmaq üçün polisə tüstü bombaları atırdı və bir neçə dəfə də qaz sıxdı. Buna görə polis gözyaşardıcı qazdan istifadə etmək məcburiyyətində qaldı”. DİN nümayişlərdə 22 min vətəndaşın iştirak etdiyini bildirib, müxalifət isə rəqəmi 100 min kimi qeyd edir. “Polis günün sonunda nümayişçiləri avtomobil yolundan kənarlaşdıra bilsə də, çadır şəhərciyini yığışdırmağa nail olmayıb. Həmçinin gözyaşardıcı qazdan istifadə də işə yaramayıb, çünki vətəndaşların etiraz forması daha güclü olub”- deyə “Ukrainskaya Pravda” qəzeti yazıb. Paytaxtla yanaşı eyni tipli mitinqlər digər şəhərlərdə - Lvov, Dnepropetrovsk, Odessa, Ternopol, Rovno, Jitomir və Kirovqradda keçirilib.
Hazırda həbsdə olan sabiq baş nazir Yuliya Timoşenko Kiyevdə keçirilən kütləvi aksiyanın iştirakçılarına müraciət edib. O bildirib ki, Viktor Yanukoviç Ukraynanın Avropa yolunu bağlayarsa, onu tərəddüd etmədən Ukraynanın siyasi simasından kənarlaşdırmaq və onun iştirakı olmadan dövlətin taleyini müəyyən etmək lazımdır. Timoşenkonun məktubunu paytaxtın Avropa Meydanında keçirilən mitinqdə onun qızı Yevgeniya oxuyub. Y. Timoşenko bildirib ki, diktaturanın qurulmaqda olduğu ölkədə güclü olmaq və sıx birləşib fəaliyyət göstərmək lazımdır: “Diktatordan azadlıq gözləmək sadəlövhlükdür və təhlükəlidir. Gözləməyin, xahiş etməyin, hərəkətə keçin və qalib gəlin!” Keçmiş baş nazirin fikrincə, hakimiyyəti noyabrın 29-da keçiriləcək Vilnüs sammitində assosiasiya sazişini imzalamağa məcbur etmək lazımdır, əks halda onlar heç vaxt bu sənədi imzalamayacaqlar: “Avropa liderləri bunu başa düşdükləri üçün Ukrayna üçün qapıları son dəqiqəyə qədər açıq qoyublar. Qərarı Yanukoviç verməlidir”. Timoşenko insanları hər gün Yanukoviçə təzyiqi artırmağa çağırıb.
Avropa Birliyinin Ukrayna ilə assosiasiya sazişi imzalamaq barədə təklifi hələ masadadır. Bu barədə Avropa Birliyi Şurasının prezidenti Herman van Rompey və Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo tərəfindən verilən birgə bəyanatda bildirilir. Ukrayna hökumətinin avrointeqrasiyanı müvəqqəti dayandırmaq barədə qərarına toxunan AB rəhbərləri bəyan ediblər ki, AB-nin bu barədə mövqeyi dəqiqdir: “Assosiasiya və dərinləşdirilmiş hərtərəfli azad ticarət zonası haqqında saziş imzalanmasına dair bənzərsiz təklifimiz hələ masadadır. Bu, Ukrayna rəhbərliyinin siyasi iradə göstərməsini, qəti addımlar atmasını və 2012-ci ilin dekabrında ifadə olunan şərtlərdə irəliləyiş əldə olunmasını tələb edir. Ukrayna artıq önəmli tərəqqiyə nail olub. Biz əminik ki, AB-nin indiyə qədər təklif etdiyi ən iddialı sənəd olan assosiasiya və azad ticarət sazişinin imzalanması ilə Ukrayna öz iqtisadi durumuna və islahatlar kursuna ən yaxşı dəstək almış olacaq”. AB Ukrayna ilə keçirilən assosiasiya haqqında danışıqlara Rusiyanın qoşulmasını mümkünsüz sayır. Dialoq yalnız ikitərəfli əsasda aparıla bilər. Bu haqda RİA Novosti agentliyinə AB-nin Rusiyadakı nümayəndəliyinin rəhbəri Viqadas Uşatskas bəyan edib. Rusiyanın üçtərəfli danışıqlara hazır olması haqqında prezident Putinin bəyanatını şərh edən Uşatskas isə danışıqların yalnız ikitərəfli əsasda keçirilməsinin mümkünlüyünü vurğulayıb. Qeyd edək ki, Ukrayna AB ilə yaxınlaşma prosesinin dayandırılması barədə qərarı ötən həftə qəbul edib və bu addımı Moskva ilə əlaqələri qırmaq istəməməsilə izah edib. Rusiya prezidenti Vladimir Putin Avropa İttifaqını Kiyevə təzyiq göstərməkdə və Ukraynanı gələn həftə Vilnüsdə keçiriləcək sammitdə AB ilə müqavilə imzalamağa məcbur etməkdə ittiham edib.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər