• cümə, 29 Mart, 00:59
  • Baku Bakı 7°C

Kitabxana sisteminin, mədəniyyət evlərinin təkmil fəaliyyətinə rəvac verəcək fərman

16.01.19 19:13 1651
Kitabxana sisteminin, mədəniyyət evlərinin təkmil  fəaliyyətinə rəvac verəcək fərman
Yaxın vaxtlarda ölkə vətəndaşları yenilənmiş kitabxana sisteminin istifadəçisi olmaqla, fəaliyyəti təkmilləşdirilən və müasirləşdirilən muzeylərin ziyarətçisi, mədəniyyət evləri və klublarının, rəsm qalereyalarının qonağı ola biləcəklər. Ölkə başçısının Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərmanı ölkədə kitabxana sisteminin, dövlət mülkiyyətində olan muzeylərin, musiqi məktəblərinin, mədəniyyət mərkəzlərinin və mədəniyyət evlərinin, klubların fəaliyyətinin optimallaşdırılmasına və daha təkmil fəaliyyətinə rəvac verəcək. Fərmanda beynəlxalq təcrübə əsas götürülməklə, informasiya-kommunikasiya texnologiyalarının imkanları, habelə mövcud tələbat nəzərə alınmaqla, Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanaların ləğvi və kitabxana sisteminin yenidən qurulması; dövlət mülkiyyətində olan muzeylərin inventarizasiyasını apararaq, onların fəaliyyətinin optimallaşdırılması və daha təkmil muzey fəaliyyətinin təşkili nəzərdə tutulub. Həmçinin Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi məktəblərinin mədəniyyət mərkəzlərinin, mədəniyyət evlərinin və klubların, rəsm qalereyalarının inventarizasiyasını aparmaqla, onların fəaliyyətinin təkmilləşdirilməsi, mövcud tələbat nəzərə alınmaqla, ölkənin inzibati ərazi vahidləri üzrə daha kompakt təşkili və xidmət səviyyəsinin yüksəldilməsi qeyd edilib. Fərmana əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların (mədəniyyət mərkəzləri, klublar, musiqi məktəbləri, rəsm qalereyaları və s.) fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təkliflər hazırlanması Komissiya yaradılıb. Bu Komissiya təklifləri hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək.
Fərmanda həmçinin qeyd olunub ki, təqdim olunacaq təkliflər əsasında ölkədə yeni kitabxana sistemi formalaşanadək, Mədəniyyət Nazirliyinin tabeliyindəki mövcud kitabxanalar öz fəaliyyətini davam etdirsinlər.
Mədəniyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov ölkə başçısının fərmanını mədəniyyət sahəsində aparılan islahatların tərkib hissəsi kimi dəyərləndirir. Belə ki, prezident İlham Əliyev yanvarın 15-də "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb: "Fərman son illər möhtərəm prezidentin təşəbbüsü və rəhbərliyi ilə dövlət idarəçiliyində aparılan genişmiqyaslı struktur islahatlarının, bütün sahələr üzrə optimal, çevik və səmərəli idarəetmənin təmin edilməsi istiqamətində həyata keçirilən siyasətinin tərkib hissəsi kimi mühüm əhəmiyyət kəsb edir”. İ.Hümbətov qeyd edir ki, dövlət başçısının 2014-cü il 14 fevral tarixli 273 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”na uyğun olaraq, mədəniyyət sahəsində səmərəli idarəetmə sisteminin formalaşdırması məqsədilə bu sahədə də bir sıra vacib qərarlar qəbul edilib: "O cümlədən, prezidentin 29 mart 2016-cı il tarixli sərəncamına uyğun olaraq, 2017-ci ildən nazirliyin Bakı şəhəri üzrə Baş idarəsi və 15 regional idarəsi fəaliyyətə başlamış, ölkə başçısının "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 6 iyun 2018-ci il tarixli fərmanına uyğun olaraq, Mədəniyyət Nazirliyinin strukturu yenidən formalaşdırılmışdır. Qəbul edilən bu qərarlar ölkəmizdə mədəniyyət siyasətinin daha effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi, müasir yanaşma, mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi və dövrün tələbələrinə uyğun təşkili məqsədi daşıyır. Həmçinin məqsəd mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, büdcə vəsaitlərinin qənaətlə və daha səmərəli istifadəsini təmin etməkdən ibarətdir. Ölkə başçısının 15 yanvar 2019-cu il tarixli fərmanı dövrün və zamanın tələblərinə cavab verən effektli mədəniyyət siyasətinin həyata keçirilməsi istiqamətində görülən işlərin, aparılan islahatların məntiqi davamıdır”.
Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Fəzail İbrahimli kitabxana sisteminin yenidən qurulmasına ehtiyacın çoxdan yarandığını bildirir: "SSRİ-nin dağılmasından, müstəqillik əldə etdikdən sonra problemlərlə üz-üzə qaldıq. İstər siyasi, istərsə də mədəni həyatda problemlər özünü göstərdi. Mədəni həyatda üzləşdiyimiz ən böyük problemlərdən biri kitabxana sisteminin dağılması, kitaba marağın azalması oldu. Ayrı-ayrı rayonlarda, elə şəhərin özündə kitab mağazalarından müxtəlif məqsədlər üçün istifadə prosesi başlandı. Bu proses bu gün də davam etməkdədir”. Millət vəkili hesab edir ki, insanların ən böyük istirahət mərkəzi həmişə kitabxanalar olub. Belə ki, namizədlik və ya doktorluq dissertasiyalarını müdafiə edən alim və aspirantlar, diplom işi yazan tələbələr, araşdırma aparan tədqiqatçılar, kitab və ya qəzet oxumaq istəyən insanlar Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanadan əldə etdikləri vəsaitlər üzərində çalışıblar: "Bütün bunlar insanın həyatına təsir edən, onun gələcəyini müəyyənləşdirən bir stimul idi. Sözsüz ki, insanın həyatını dəyişdirən məqamlardan biri də, təhsilin əldə edilməsi idi. Bunun da birinci yolu kitab idi. Biz kitabların ruhu ilə yaşayırdıq. İndi isə kitabxana sistemi ölü vəziyyətdədir. Bəzi rayonlarda kitabxana ümumiyyətlə, fəaliyyət göstərmir. Onun binasından başqa məqsədlər üçün istifadə olunur. Bütün bunların hamısı kifayət qədər diqqətçəkən məsələ olduğu üçün ölkə başçısı verdiyi fərmanla bu sahədəki problemlərə birdəfəlik son qoydu”. Millət vəkili bunu ölkədə yeni kitabxana sisteminin yaradılması, mədəniyyətə dönüş, kitaba qayıdış, savadın artırılması və s. məsələlərə doğru istiqamətləndirilmiş fərman hesab edir: "Bu fərman, kitabla bağlı olan və ya olmayan hər bir insanın ürəyincədir. Əgər valideyn kitabla bağlı olmasa belə, onun övladı orta və ya ali məktəbdə oxuyur. Böyük mütaliəsi olmayan adam savadlı ola bilməz. Kifayət qədər məlumatlı ola bilər, amma savadlı olmaq fərqlidir. Fundamental təhsili olan adamlar ancaq kitablara sarılmış insanlardır. İndi elə bir texnoloji inqilab dövrünə çatmışıq ki, düyməni basmaqla istənilən məlumatı əldə etmək mümkündür. Ancaq bu məlumat nəticədir. Bu nəticəyə gedən səbəb, yolun aydın olması üçün mütləq mütaliə lazımdır”. F.İbrahimli prezidentin fərmanında həmçinin mədəniyyət evləri, klublar, rəsm qalereyaları və muzeylərin fəaliyyətinin də texnologiyaların inkişafının nəzərə alınmaqla qurulması, səmərəliliyinin artırılması və təkmilləşdirilməsi məsələlərinin yer almasını təqdirəlayiq hesab edir: "Mədəniyyət evləri, klublar, rəsm qalereyalarının fəaliyyətinin təkmilləşdirilməsi də bu sahədə atılacaq mühüm addım olacaq. Eləcə də muzeylər bizim tariximizlə tanışlıq məqsədi daşıyır. Bu, tariximizə münasibətdir. Bu, nəsildən-nəslə ötürülən və kifayət qədər düşüncələrə, milli ruha təsir edən amillərdən olduğu üçün hesab edirəm ki, fərman bu sahədəki problemlərin qaydaya salınmasında mühüm rol oynayacaq».

Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər