• cümə, 29 Mart, 04:20
  • Baku Bakı 7°C

Kitabın “doğum evi”ndə

05.06.21 12:30 2126
Kitabın “doğum evi”ndə
Və ya "Zəfər” kitabı hazırlanan nəşriyyatdan reportaj
Bir ildən çoxdur ki, bütün dünyanı "Covid-19” pandemiyası bürüyüb. Bu karantin vaxtı bir çox çətinliklər, sosial qapanma, müxtəlif məhdudiyyətlərlə üz-üzə qalsaq da, bir neçə gün öncə Operativ Qərargahın qərarı ilə qaydalarda, xeyli yumşalmalar oldu. Və ən başlıcası, Bakıda hərəkət etmək üçün əvəzsiz nəqliyyat olan metro, axır ki, uzun fasilədən sonra fəaliyyətini bərpa etdi. Sərin və tərtəmiz qatar qaranlıq tuneldən "20 Yanvar” stansiyasının platformasına yaxınlaşır. "Bayatı-Şiraz”ın kövrək və xatirələr oyadan melodiyası… Mümkün deyil ki, ruhun titrəməsin, içində qəribə, adını tapa bilmədiyim hisslər oyanmasın. 20 Yanvar tariximizdə qanlı olsa da, aydınlığa, azadlığa yol açan məvhumdur. Və mən yerin altından üstünə – işıqlı dünyaya eskalatorun pilləsində qalxıram. Qalxdıqca – işığa doğru yüksəldikcə, düşüncəmdə aydınlığın əsas sinonimi – kitablar canlanır. Dostoyevskinin bu fikri də dərhal düşüncəmi tamamlayır: "Öyrənin və oxuyun. Ciddi kitablar oxuyun. Qalan şeyləri həyat özü edəcək.”
İsraf etmə!
Və kitabla bağlı götür-qoylarım məni "Qanun” nəşriyyatına gətirir. Həmin "Qanun” nəşriyyatı ki, illərdir oxuculara xidmət edir. Qapıdan daxil olan kimi, dəzgahların səsi, qaynar iş rejimi diqqətimi çəkir… Bəli, bura əsası hələ qanlı-qadalı, ağır illərdə – 1992-ci ilin 18 yanvarında qoyulan "Qanun"dur. İlk addımlarında, əsasən hüquq və tərcümə ədəbiyyatı çap edən bu məşhur nəşriyyatda indi 60-dan çox əməkdaş çalışır. On minlərlə kitaba həyat, nəfəs verən və ölkədə ən çox tanınan bu poliqrafiya mərkəzi, demək olar ki, bütün sahələrdə – fəlsəfə, tarix, uşaq ədəbiyyatı, dini ədəbiyyat, inkişaf və motivasiya, psixologiya, siyasi-tarixi, elmi-kütləvi, elmi-fantastika, tibbi, kulinariya və digər yönlü kitablar nəşr etməklə fəaliyyətini ilbəil genişləndirir.

Nəşriyyatın mətbəəsinə daxil oluram. Hər gün yeni bir kitabı gün işığına çıxaran bu məkanda gərgin iş gedir. Burdakı qəhrəmanlar bu gün də yeni bir kitaba ömür bəxş edir. Bu kitablar hazır olacaq, oxucularına qovuşacaq, kimlərsə orda öz taleyini tapacaq, kimlərsə göz yaşları axıdacaq, kimlərsə gülümsəyəcək, kimlərsə həmin əsəri oxuyub analiz edəcək, haqqında yazacaq, kimlərinsə taleyində dönüş nöqtəsi olacaq, kimlərsə də, sadəcə bir dekor kimi kitab rəfinə qoyub, ona elə kənardan tamaşa edəcək. Çap olunan hər bir nüsxənin də öz taleyi var. Əməkdaşların başı işə möhkəm qarışıb. Burada ciddi iş atmosferi var. Divardakı "İsraf etmə” nidası da gözümdən yayınmadı. Nə gözəl! İsrafçılıqdan yayınmaq da bir mədəniyyətdir. İşə, peşəyə, əməyə hörmətdir...
Bir planet qədər fərq
Bu kitab fədailərini burda işləri ilə baş-başa buraxıb qalxıram ikinci mərtəbəyə. Hər yerində kitab ab-havası olan, kitab qoxusu, kitab sevgisi olan bir məkanda olmaq da ürəyimi açır. Redaksiyada da hamı ciddi-ciddi işlə məşğuldur. Kimisi yeni bir kitabın redaktəsi, kimisi korrektəsi, kimisi tərcüməsi, kimisi tərtibatı, kimisi də dizaynı ilə məşğuldur. Aşağıdakı səs-küydən burda əsər-əlamət yoxdur. Sakitlik hökm sürür. Sanki bir mərtəbə aşağı ilə buranın arasında bir planet qədər fərq var. Amma onları birləşdirən, oxucunu sevindirmək, yeni kitabı ərsəyə gətirmək amalıdır. Şahbaz bəy həmişəki kimi iş başındadır. Koordinatorla nəyisə müzakirə edir. Şahbaz bəy bu nəşriyyatın illər boyu ayaqda qalmasından ötrü həddindən çox əmək, ömür-gün sərf edib. 90-cı illər kimi mürəkkəb, demək olar ki, bütün sahələrin sovet ittifaqı ilə birlikdə dağıldığı, yenidən başlanması üçün imkanların kasad və bəlkə də, son dərəcə əlçatmaz olduğu bir dövrdə yaranan bu nəşriyyata illər boyu rəhbərlik edib, körpə uşaq kimi əzizləyib, inkişaf etməsi, böyüməsi üçün bütün qüvvəsini sərf edib. Bugünkü "Qanun” onun gərgin zəhmətinin meyvəsidir. Şahbaz bəyin qeyd etdiyi kimi, nəşriyyatın əsas işi dünya ədəbiyyatından maraqlı müəllifləri keyfiyyətli tərcümədə və gözəl tərtibatda oxuculara təqdim etməkdir: "Dəbi sevirəm, dəbin arxasında böyük bir tələbat var. Və bu tələbatı görməzdən gəlmək düzgün deyil. Bəzən deyirlər ki, Den Braunu, Xalid Hüseyni, Paulo Koelyonu oxumuram, Sartrı oxuyuram. Məncə, bu, düzgün yanaşma deyil. Ancaq hər ikisini oxuyub həmin əsərlərin niyə bu qədər məşhur olduğunu, bu qədər böyük tirajla bütün dünyada satıldığını anlamaq olar. Harri Potteri "ədəbiyyat deyil" deyib oxumayan insanları da başa düşmürəm. Fikrimcə, bu da düzgün deyil. Əgər buna bu qədər diqqət varsa, deməli, bu əsərin hansısa bir naxışı dəyəri, keyfiyyəti var. Belə olmasaydı, buna bu qədər diqqət yönəlməzdi." Şahbaz bəy, ümumiyyətlə, oxucunun birqütblü yox, çoxqütblü olduğunu və nəşriyyat olaraq hər bir oxucunun tələbatını təmin etməli olduğunu düşünür. "Ən çox kitab oxuyanlar qadınlardır. Amma ən az qadınlara yönələn kitablar buraxılır. Mən istərdim ki, qadınlar üçün daha çox kitablar nəşr edilsin. Bundan başqa, hədəf kimi uşaq böyütmə, uşağın düzgün tərbiyələndirilməsi, təhsil, ailə münasibətləri haqqında öyrədici kitabların da nəşrini nəzərdə tutmuşam. Uşaq tərbiyəsi ilə bağlı fransızlar artıq 200 il əvvəl kitablar yazıblar. Bununla bağlı Amerika sistemi, Avropa sistemi, indi ayrıca Rusiya, yəhudi yanaşması, yapon düşüncəsi var. Bunlar hamısı mütləq tərcümə olunub Azərbaycan cəmiyyətinə təqdim olunmalıdır. Bu istiqamətdə xeyli kitab da, artıq hazırdır və işlər davam etməkdədir".
Naşirdən məktub
Şahbaz bəy çox maraqlı bir iş görür. Oxucu ilə dialoq qurmaq məqsədi ilə məktub yazır və onu təsadüfi bir nüsxənin arasına qoyur. Və alıcı, kitabla birlikdə, özü də bilmədən naşirdən məktub alır. Hər dəfə hansısa fərqli bir mövzuda məktub yazan Şahbaz bəy, həmin mövzu ilə bağlı oxucunun yararlana biləcəyi ədəbiyyat siyahısını da əlavə edir. Bu, oxucularda xüsusi maraq doğurur. Və redaksiyaya naşirin məktublarına cavablar da gəlir.

Kitab çapı, satışı işində həmişə müxtəlif problemlər, çətinliklər olub. Şahbaz bu çətinlikləri, əslində, yeni bir imkanın, nailiyyətin üzə çıxması kimi dəyərləndirir. Amma buna baxmayaraq, müəyyən problemlərin də olduğunu vurğulayır: "Yeni dövrdə hər şey başqa cür inkişaf edir, biz müəyyən qədər bu inkişafdan geri qalırıq. Çap avadanlıqlarının yenilənməsi, daha müasir texnologiya, daha effektli çap günün tələbidir. İndi kitab hər tərəfdən sıxışdırılır. Elektron kitab, kompüter, internet, telefonlar, səsli kitab və s olduğu bir dövrdəyik". Naşirin fikrincə, bu gün kitabı qorumaqdan ötrü, onu müxtəlif effektlərlə oxucu üçün daha maraqlı etməli, hətta yeni rəng, qoxu da verilməlidir ki, kitab nəinki bir əsər kimi, həm də estetik cəhətdən gözəl olsun.

Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük müharibənin şanlı zəfəri ilə bağlı da layihə hazırlanıb. Müharibə bitən kimi nəşriyyat, Prezidentin çıxışları, müsahibələri, "tvit"ləri, görüşlərini əhatə edən "Zəfər yolu" adlı kitab çap edib. Bundan başqa, general Polad Həşimov haqqında kitab da çap olunaraq oxuculara pulsuz çatdırılıb. Müraciət edənlərə, şəhidlər haqqında kitablar təmənnasız çap edilib. Hal-hazırda "Qanun", sözün geniş anlamında çox böyük bir iş üzərində işləyir. Nəşriyyatda 44 günlük müharibədə şəhid olanlar haqqında ensiklopedik bir kitab – "Zəfər" kitabı hazırlanır. Və artıq kitabın yekunlaşma işləri gedir. Bu kitab və buna qədər çap olunan bütün kitablar Azərbaycanın böyük qələbəsinə diqqətdir.
Nəşriyyat Nizami ilinə töhfə olaraq "Xəmsə"ni iki dildə – həm Azərbaycan, həm də rus dilində olmaqla nəşr edir. "Leyli və Məcnun" və "Yeddi gözəl" əsərlərinin isə uşaqlar üçün yeni və həm də çox nəfis versiyası rəngarəng rəsmlər, gözəl tərtibatda və ən əsası, uşaqların rahat şəkildə anlayacağı dildə hazırlanır. Və Nizami ilə bağlı nəşriyyatın digər layihələri də olacaq.

Yeni layihə kimi Azərbaycan ədəbiyyatı seriyasında Cəfər Cabbarlı və Mikayıl Müşfiqin kitabları artıq çap olunub. Və bu seriyada bütün Azərbaycan ədəbiyyatının klassiklərinin əsərlərin çapı da nəzərdə tutulub.
Hərbi qələbəmiz ədəbi qələbəmiz də olmalıdır
"Qanun” nəşriyyatı son dövrlərdə, xüsusilə maraqlı layihələrlə oxucuları sevindirir. Bu baxımdan çox məşhur olan mini klassika seriyasını xüsusi vurğulamaq istəyirəm. Bu seriyada klassik yazıçıların povest və hekayələri çap olunur. Mirzə Cəlil, Dostoyevski, Tolstoy, Abay Kunanbayev, Toni Morrison, Cek London, Maksim Qorki, Franz Kafka, Turgenyev və digər müəlliflərin kiçik həcmli əsərləri artıq oxuculara təqdim olunub. Həcmcə kiçik və qiymətcə ucuz olduğundan, bu kitablar yaxşı alınır. Şahbaz bəy deyir ki, Tolstoy deyəndə, ilk növbədə onun böyük əsərləri – "Anna Karenina", "Hərb və sülh" yada düşür. Amma Tolstoy təkcə bu deyil axı və ya Dostoyevski təkcə "Karamazov qardaşları", "Cinayət və Cəza" deyil... Onların çox gözəl hekayələri var. Onları da mütləq oxumaq lazımdır.

"Qanun"da çox gözəl inkişaf və motivasiya kitabları var. Bu kitablar insanı sağlam və pozitiv düşüncəyə kökləyir. Bu istiqamətdə Robin Şarma, Napoleon Hill, Mümin Sekman, Co Vitale, Rolf Dobelli, Larry Kinq, Valeri Sinelnikov və digər müəlliflərin kitabları artıq işıq üzü görüb. Gənclərin xüsusən maraqlandığı və həvəslə oxuduğu bu kitablar, onlarda ruh yüksəkliyi, özünəinam hisslərini yaratmaq gücünə malikdir.

Şahbaz bəy nəşriyyatla bağlı düşüncələrini, fikirlərini də mənimlə bölüşdü: "Azərbaycan regionda güclü bir dövlətdir. Ədəbiyyat, adətən, hərbi gücü olan ölkələrdə yaranır. Məsələn, Rusiyada, Fransada, Amerikada imperiya, hərb, güc-qüvvət olmasaydı, Tolstoy, Heminquey da olmazdı. Məncə, Azərbaycan ədəbiyyatının da bu gün - Zəfər əldə edildikdən sonra güclənməsi üçün zəmin yaranıb. Hərbi qələbəmiz ədəbi qələbəmiz də olmalıdır. Ədəbiyyatımız indi daha çox canlanmalı və qüvvətlənməlidir. Bundan başqa, eyni zamanda da ölkəmizə müasir çap avadanlıqları gətirilməklə, nəşriyyat sahəsi gücləndirilməli və biz regionun ən güclü nəşriyyat işini də öz üzərimizə götürməliyik. Düşünürəm ki, ətraf ölkələr də kitablarını məhz ölkəmizdə çap etdirə bilərlər".

Bayaq da qeyd etdiyim kimi, nəşriyyatda indi qədər 10.000-dən artıq adda kitab işıq üzü görüb. Pandemiya dövründə bir çox çətinliklər, xoşagəlməz hadisələrlə üzləşsə də, ayaqda qalmağı bacarıb. Yeni nəşriyyat işinə mayak olan "Qanun”a uğur və çoxsaylı oxucu diləyib, qapıdan çıxıram. Çıxan kimi də kitab dünyasının hüzurundan meqapolisin səs-küyünə, "qaynar qazan”ına düşürəm. Yolumuz davam edir...
Hazırladı: Xanım Aydın

banner

Oxşar Xəbərlər