AZE | RUS | ENG |

Kitab və qəhvə kefinin ahəngi - Reportaj

Kitab və qəhvə kefinin ahəngi - Reportaj
“Libraff” kitab mağazasında həm alış-veriş etmək, həm də kitab oxumaq mümkündür

"İnanırsınız, bayaq bir xanım tam 280 manatlıq bazarlıq etdi. Səhv etmirəmsə, həkim idi. Aldıqlarının bir hissəsini özü, qalanı isə qızı üçün idi. Açığı, ilk dəfə idi ki, bu mağazada 280 manatı belə ürəklə xərcləyən birini görürdüm. Məncə, alqışlanası haldır. Çünki indiki dövrdə bu qədər məbləği gözünü qırpmadan buradakı mallara xərcləyəcək adam çətin tapılar”. 
 
"Kitab seçərkən nələrə diqqət etdiklərini müşahidə edirəm”
 
Yəqin ki, bir çoxunuz söhbətin hansısa geyim və ya ayaqqabı mağazasından getdiyini düşünəcəksiniz, amma elə deyil. Söhbət ölkəmizdə kifayət qədər tanınmış kitab mağazalarından olan "Libraff”ın "Gənclik Mall” filialının kafesində baş tutub. Həmsöhbətim isə uzun müddətdir ki, bu kafenin və mağazanın müştərisi olan Ehtiram Qurbanovdur. Ehtiram işi ilə əlaqədar olaraq bir neçə aydır ki, hər gün bu kafedə oturduğunu, gəlib-gedən insanları müşahidə etdiyini deyir: "Uzun müddətdir ki, "Libraff” kitab mağazalarından alış-veriş edirdim, amma bu kafedə oturmamışdım. İşim daha çox buradakı mağazalarla olduğu üçün qərara gəldim ki, boş vaxtlarımda kafedə oturub qəhvəmi içə-içə həm insanları müşahidə edim, həm də burada qoyulan kitabları oxuyum. Kitabların satışı digər tərəfdə olur, amma kafedə oturanların da səmərəli vaxt keçirmələri üçün heç bir ödəniş etmədən götürüb oxuya biləcəkləri kitabların olması çox müsbət haldır. İşim marketinq sahəsi ilə bağlı olduğu üçün çox zaman alış-veriş edənlərin davranışlarını, onların daha çox hansı kitablara üstünlük verdiklərini, kitab seçərkən nələrə diqqət etdiklərini müşahidə edirəm”.
 
 
Qəhvəmi və kitabı götürüb masaya yaxınlaşdım
 
"Libraff”ın kafesinə gəlib bir fincan qəhvə içmədən getmək heç yaxşı olmazdı. Qeyd edim ki, burada çox gülərüz, yüksək səviyyədə xidmət göstərən gənclər çalışır. Qəhvəmi alıb, kafenin müştəriləri üçün ödənişsiz olan kitabları nəzərdən keçirirəm və maraqlı bir kitab seçib, oturmaq üçün yer axtarıram. Birdən gözüm masalardan birində tək əyləşən xanıma sataşır. Xanımın oturduğu masaya yaxınlaşaraq əyləşmək üçün icazə istəyirəm. Bir müddət sonra mağaza haqqında həmsöhbət olmağa başlayırıq. İlk olaraq onu deyim ki, Aysel xanım çox gülərüz və mehriban biridir. Bakı Dövlət Universitetində oxuduğunu qeyd edən həmsöhbətim deyir ki, həftə içi gəlməyə çox vaxtı olmadığından, bura daha çox həftə sonları gəlir: "Buranın aurası çox gözəldir, həzin musiqi sədaları altında kitab oxuyuram. Bəzən elə olur kitabı özüm gətirirəm, bəzən isə burada qoyulanlardan götürürəm. Tələbə olduğum üçün hər gün gələ bilmirəm, amma şənbə və bazar günləri imkan olan kimi gəlirəm. Hətta, qrup yoldaşlarımızla kollektiv gəldiyimiz vaxtlar da olur”.
 
 
Kitab və qəhvə kefinin ahəngi
 
Qəhvəmi bitirdikdən sonra yavaş-yavaş yan tərəfdən gələn o möhtəşəm kitab qoxusu altında mağazaya tərəf keçirəm. Əsas hissəyə keçməzdən əvvəl "Libraff” kitab mağazaları haqqında qısa məlumat verim. Hazırda Bakıda 8, Gəncədə isə 1 mağaza fəaliyyət göstərir. Şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən "Libraff” mağazalarının 4- kitab və qəhvə kefinin ahəngi yaradılıb. Mağazanın çox gözəl aurası var. Rəflərdə həm böyüklər, həm də uşaqlar üçün olan bədii, tarixi və ensiklopedik kitab, 3 yaşa qədər uşaqlar üçün nəzərdə tutulan musiqili, toxunuş kitabları adamı heyrətə gətirir. Mağaza böyük olduğundan tək gəzməyim mümkün deyildi. Ona görə bu işdə mənə mağazanın nümayəndəsi Anar İsmayılov kömək edir.
 
 
Gənclər bu tipli kitablara maraq göstərirlər
 
Anar bəylə birlikdə mağazanı gəzərək bütün bölümlər ilə tanış oluruq. Həmsöhbətim bildirir ki, kitabların böyük bir qismi 3 - Azərbaycan, rus, ingilis dilindədir: "Mağazamızda elektronika mallarının satışı da həyata keçirilir. Bura müxtəlif kompüter və telefon avadanlıqları daxildir. Uşaqlar üçün çantalar da var. Təxmini 5-6 hissədən ibarət olan mağazamızda hər bölümün öz satıcısı var. Hər kəs öz bölümündə olur və yaxınlaşan müştərilərə məlumat verir. "Gənclik Mall” filialında işçilərin sayı 10 nəfərdir. Kitablarımız arasında dil etibarilə Azərbaycan, rus və ingilis dilində olanlar çoxluq təşkil edir. Türkiyə tükcəsində olan kitablar da var. Ən çox tələbat görən biznes və şəxsi inkişafla bağlı olan kitablardır. Xüsusilə də gənclər bu tipli kitablara maraq göstərirlər. Xarici ölkə vətəndaşları üçün nəzərdə tutulan ölkəmizin görməli yerlərindən bəhs edən şəkilli kitablarımız da var. Hansı ki, bu kitablar müxtəlif xarici dillərdə tərtib edilib. Kitablarımızın demək olar ki, hamısı mağazamıza aid olan "TEAS Press” nəşriyyat evinə məxsusdur”.
 
 
Ən bahalı kitabımız 500 manatdır  
 
Həmsöhbətim kitabların müxtəlif qiymət aralığında olduğunu deyir: "Qiymətlər fərqlidir. Yəni qiymətin formalaşmasına təsir edən nüanslar olur. Hazırda mağazamızda 1 manat 80 qəpiyə də, 80 manata da kitab var. Ən bahalı kitabımız isə 500 manatdır, ingilis dilindədir və səhv etmirəmsə, anesteziologiya ilə bağlıdır. Yəni bizim mağazada hər cibə uyğun kitab tapmaq mümkündür. Kitablarımız janr etibarı ilə də müxtəlifdir. Fantastik, detektiv, romantik, komediya janrında kitablarımız var. Ən çox maraq olan kitablar arasında psixoloji romanları qeyd edərdim. Mağazamızda yalnız bədii ədəbiyyat yox, elmi ədəbiyyata aid kitablar da mövcuddur”.
 
 
"Kitab yeni gəlməsinə baxmayaraq çox yaxşı satılır”
 
Gəzə-gəzə gəlib mağazanın satıcısı Sərvər bəyin nəzarət etdiyi bədii ədəbiyyat bölümünə çatdıq. Burada dünya və yerli ədəbiyyatdan müxtəlif janrlı kitablar var. Sərvər bəy deyir ki, kitablar kimi müştərilərin zövqü də fərqlidir: "Hər janrdan olan kitaba maraq göstərən gənclərimiz var. Son günlər ən çox maraq görən kitabımız isə Qaraqanın müəllifi olduğu "Art və Xaos” kitabıdır. Kitab yeni gəlməsinə baxmayaraq, çox yaxşı satılır. Demək olar ki, gələn müştərilərin əksəriyyəti onu soruşur. Amma ümumilikdə xarici ədəbiyyatın satışı daha çoxdur. Xüsusilə də psixoloji triller seçilənlər arasındadır”.
 
 
"İdeal evlilik, yoxsa, mükəmməl yalan” 
 
Maraqlıdır, satıcımız özü kitab oxuyurmu?: "Əlbəttə, imkan olan kimi mən də kitablardan birini seçib oxuyuram. Bəzən elə olur ki, müştəri gəlir nə istədiyini bilmir, yəni bu qədər kitab arasında seçim etməyə çətinlik çəkir. O müştəri ilə həmsöhbət oluruq, müəyyən suallarla zövqünü təxmini etməyə çalışaraq kitab məsləhət görürük”.
 
Bu məqamda həmsöhbətimin ”elə, mən də kitab seçməkdə çətinlik çəkirəm, bəlkə, mənə də oxumağa bir kitab məsləhət görəsiniz” deyirəm. Sərvər bəy gülümsəyərək, sanki bu suallı gözləyirmiş kimi qarşısında dayandığımız rəfdən B.A.Parisin "Bağlı qapılar arxasında....İdeal evlilik, yoxsa, mükəmməl yalan” kitabını məsləhət gördü. Açığı, kitabın başlığı diqqətimi çəkmədi desəm, yalan olar. Müsahibim kitabın çox axıcı dili olduğunu, oxuduqca insanı yormadığını dedi. Özü kitabı 3 günə bitirib.
 
 
Musiqili və toxunuş kitabları 
 
Daha sonra Sərvər bəyin bölümündən ayrılıb uşaq ədəbiyyatına gəlirik. Burada bizə Səbinə xanım müşayiət edir. Səbinə qeyd edir ki, uşaq ədəbiyyatı bölümü 3 hissəyə bölünür: "Uşaq ədəbiyyatı bölümünə 3 yaşa qədər uşaqlar üçün olan kitablar, öyrədici test, dərslik və bədii ədəbiyyat hissələri daxildir. Kitablarımız Azərbaycan, rus və ingilis dilində olur. 0 yaş üstü uşaqlar üçün olanlar arasında şəkilli toxunuş kitabları daha çox marağa səbəb olur. Belə ki, bu kitabların səhifələrinə toxunmaqla uşaq rəsmdə olan heyvanın və ya əşyanın necə olduğunu hiss edir. Bəzən müştərilər bunu görmə məhdudiyyətli uşaqlar üçün olduğunu düşünürlər, amma elə deyil, sırf tam normal uşaqlar üçün nəzərdə tutulub. Məsələn, it şəkli varsa, uşaq səhifənin müəyyən hissəsinə toxunmaqla onun tükünün necə olduğunu bilir. Daha sonra musiqili, səsli kitablarımız var. Onlarda da xüsusi düymə olur, həmin düyməyə toxunanda nağıl danışılır və ya musiqi oxunur”.
 
 
Oğlanlar daha çox motosiklet, döyüşlər, dinozavr, qızlar isə...
 
Səbinə xanım yaşca böyük uşaqların həm şəkilli, həm də yazılı ensiklopediyalara maraq göstərdiyini deyir: "Ən çox alınan kitablarımız ensiklopediyalardır. Bunlarda iki cür olur. Oğlanlar daha çox motosiklet, döyüşlər, dinozavr, qızlar isə ev heyvanları, miflər haqqında olan kitablara üstünlük verirlər. Ensiklopediyalarımız həm şəkilli, həm də yazılı olduğu üçün istənilən yaş qrupunda uşaqlara almaq olar. Bəzən yaşı az olan uşaqlar üçün seçimi valideynləri edir. Yaşı çox olanlar isə özləri seçir”.
 
"Yaxşı olar ki, filialları çoxaldılsın”
 
Növbəti və son dayanacağımız isə dəftərxana və oyuncaq bölümüdür. Burada uşaqlar üçün müxtəlif oyuncaqlar satılır. Bu bölümdə uşaqların zehni inkişafı üçün fərqli pazıllar var.  Mağazada gəzərkən rəflər arasında iki övladı ilə kitab axtaran xanım diqqətimi çəkdi. Yaxınlaşıb nə axtardıqlarını, kitab mağazası haqqında fikirlərini soruşdum. Nigar xanım övladlarına xarici dildə ədəbiyyat axtardığını dedi: "Bu cür kitab mağazalarının olması uşaqların intellektual inkişafını təmin edir. Bəlkə də yeganə kitab satış mağazasıdır ki, axtardığımı rahatlıqla tapıram. Hər yaşda insana uyğun kitablar var. Biz hazırda uşaqlar üçün xarici dildə kiçik nağıl kitabı almaq istəyirik. Bu, uşaqların dil bilgisinin inkişafına kömək edəcək. Yaxşı olar ki, filialları çoxaldılsın”. 
 
Beləcə, "Libraff” kitab mağazasındakı gəzintimiz başa çatdı. Mağazanın mehriban komandası ilə xudahafizləşib oradan ayrılırıq. Ümid edirik ki, yazımız daha çox gəncin kitabxanadan faydalanmasına kömək edəcək.
 
Günel Azadə
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916