• şənbə, 20 Aprel, 10:58
  • Baku Bakı 14°C

Kitab çıxarsam, bütün dünyada satılar

10.12.18 15:00 1357
Kitab çıxarsam, bütün dünyada satılar
Müsahibimiz dinləyicilərin sevimli radio aparıcısı, Çiçək adı ilə tanınan "Araz radiosu”nun baş redaktoru Şəhla Vakkasdır. Şəhla xanım həm də Azərbaycanda ən çox şeir oxuyan, ədəbiyyatı sevən aparıcılardan biridir. Onunla poeziya barədə söhbət etdik:

– Şəhla xanım, siz çox şeirlər səsləndiribsiniz. Bu şeirlərin içərisində sizin düşüncənizi, həyatınızı, yaşamınızı daha çox ifadə edən hansı şeirlər olub?
– Qənirə Paşayevanın şeirləri. Onun şeirləri mənim ruhuma daha yaxındır.
– Bəs şeirin tipi olaraq?
– Sevgi, ayrılıq şeirləri. Nədənsə ayrılıq şeirini səsləndirməyi daha çox sevirəm. Daha çox hiss etdirə bilirəm. Xoşbəxtlik, sevinc haqqındakı şeriləri səsləndirməyi bir o qədər də sevmirəm. Bəlkə də, mən özüm dərk edə bilmirəm. Ruhum dərk edə bilmir. Qənirə xanımın şeirlərini çox sevirəm. Qənirə Paşayevanın şerlərini sevməyimin əsas səbəbi eşqdən yazmasıdır. Eşq... eşq... eşq... Və ən sonda insan oğlu anlayır ki, əslində, bu dünyadakı eşq heç bir şeydir. Yəni əsl eşq "O"na – Allaha ünvanlanan eşqdir. Qənirə Paşayeva mənim düşüncə dünyama daha yaxın şairdir. Nədirsə bilmirəm, onun şeirlərini çox bəyənirəm. Ruhum onun yazdıqlarını daha yaxşı, daha yaxın hiss edir.
– Oxuduğunuz şeirlərin çox vaxt müəllifi bilinmir, qeyd etmirsiniz. Buna səbəb nədir?
– Əslində, mən də arada şeir yazıram. Amma öz yazdıqlarımı heç vaxt səsləndirməmişəm... Niyəsini bilmirəm, amma oxumamışam. Məsələn, mənə deyirlər ki, Qənirə xanımın şeirlərini çox gözəl oxuyursunuz. Sanki bir-birinizi tamamlayırsınız. Sona xanım Vəliyevanın da şeriləri ruhuma yaxındır. İnsan var ki, şeir kitabını götürür, bütün şeirləri bir-bir oxuyur və deyir ki, hə, hamısı gözəldir. Amma mən belə deyiləm. Mən bir kitabda, bəlkə, iki şeirə, və ya üç şeirə vurğun olaram, vəssalam. Yəni mənəvi dünyama uyğun olmayan şeiri oxumaq mənə çətindir. Bəzən xahiş edirlər ki, bir şeir yazmışam, nə olar, bunu oxu da. Çox vaxt da tanınmış insanlar xahiş edir. Nəzər salıb deyirəm ki, oxuya bilmirəm. Yəni o şeirin ruhuna girə bilmirəm, şeiri hiss edə bilmirəm. Xahiş edirəm ki, başqa şeirlərini yollasın. Yəni sırf səsləndirmək xətrinə şeir oxumaq mənlik deyil. Məsələn, son zamanlar az şeir səsləndirirəm. Niyəsini soruşurlar. Deyirəm ki, alınmır. Nəsə qəlbdə bir şey var ki, onu tapa bilmirəm. O ki qaldı müəllifin adını səsləndirməyə, bəzən proqramda şeiri oxuyursan, ardınca mahnı səslənir. Şeir bitən kimi "bu şeir filankəsə aiddir” deməyin, insanları sanki şeirin ab-havasından çıxardır. Düzü, gərək veriliş başlamamışdan əvvəl deyim ki, şeiri oxuyanda müəllifini adını altdan yazın. Özümün verilişim vardı – "Çiçəkli dəqiqələr", orda müəllif adları yazılırdı. Rəhmətlik Bəxtiyar Vahabzadə də məni çox istəyirdi. Di gəl ki, onun şeirlərini oxuya bilmirəm. Soruşsanız niyə, deyərəm ona görə ki, Bəxtiyar müəllimin şeirlərin Əminə Yusifqızı oxuyub. Mən "Bir salama dəymədi” şeirini necə oxuyum, necə səsləndirim?! Mən kiməm ki?! Əminə Yusifqızı o qiraətə elə bir möhür qoyub ki, mən o şeirin adını belə çəkməyə qorxuram. Bilirsiniz, əslində, bu işdə mən özümü çox zəif, həvəskar hesab edirəm. Kimlərsə məni Əminə Yusifqızı və ya dəyərli qiraətçilərimizlə müqayisə edirsə, eləməsin. Mən həvəskar bir qiraətçiyəm.
– Sizcə, Sovet dövründəki qiraətlərdə pafos həddən artıq deyildi ki?
– Fikir veribsinizsə, indi şeirlərin yazılış qaydası da dəyişib. Məsələn, sizə səmimi olaraq bir şey deyim. Mən hansısa bir şairin qrammatik cəhətdən hər şeyi yerli-yerində olan, düzgün bir şeirini oxuyuram, baxırsan ki, o heç bəyənilmir, sevilmir. Amma adi, bir-birinə uyğun olmayan bir şeiri oxuyuram, bu şeir insanlara daha çox xoş gəlir. Bilmirəm nədəndi bu... O ki deyillər ki, mahnılarda bayağılaşma gedir, əslində, o bayağılaşma prosesi şeirlərdə də gedir. Axı mahnıların da sözü şeirdi. Fikir verirəm ki, dinləyici çətin mahnıya qulaq asmaq istəmir. Məsələn, "sən məni öldürdüm, o biri dünyada görüşərik"... Bax, bunu istəyir dinləyici. Çox dəyərli bir şairin şeirini oxuyanda, baxırsan ki, hər sözü yerindədir, gəl ki, insanlar onu sevmirlər. Kimsə gecə sevgilisindən ayrılır və oturub sadə bir şeir yazır. Mən də həmin şeiri oxuyum, camaat bəyənəcək, soruşacaqlar ki, o şeiri hardan tapıbsan? Bax, bu məsələ də var. Bəzən bizi qınayırlar. Deyirlər ki, niyə o boyda şairlərimiz var, sənətkarlarımız var, onların şeirlərini səsləndirmir, dünən şeir yazmağa başlayanların şeirini oxuyursan. Məni qınamayın! Özünüzü qınayın! Mən və yaxud da bir başqası, yaxşı şeir səsləndirəndə, mahnı oxuyanda ona dəstək olun, sevin, bəyənin, "like” eləyin, dəstəkləyin ki, biz də yaxşı şeiri təbliğ edək. Zaman nəyi tələb edirsə, biz sənət adamları məcburuq onun dalınca getməyə.
– Sizin üçün şeir nədir. Yəni həyatınız üçün nə dərəcədə əhəmiyyətlidir, şeir olmasaydı həyatınızda, nə dəyişərdi?
– Maraqlı sualdır. Şeir olmasaydı, yəqin ki, mən bu qədər tanınmazdım. İkincisi, şeir, musiqi bir az mənim üçün ağır dünyadır. Və mən özümü həmin dünyaya qədərindən çox salmaq istəmirəm. Əvvəllər şeirə çox qapılırdım. Amma indi çox da qapılmaq istəmirəm. Çünki daim o ruhda yaşamaq olmaz.
– Təsəvvür edək ki, "dünyanın əlindən” şeirləri alıblar, şeirsiz dünya necə olardı?
– Şeir olmasaydı, mahnı olardı, yaxud da rəssamlıq. Yəni hər halda, incəsənətin bir növündə özümü tapardım. Çünki bəzi insanlar sənətlə rahatlıq tapırlar. Məsələn, insanlar var ki, ömrü boyu bir romantik mahnıya qulaq asmasa, teatra, kinoya getməsə, nə bilim, musiqiyə qulaq asmasa, onun dünyasında heç bir şey dəyişməz. Amma mən belə doğulduğum, anam da sənət adamı olduğu üçün incəsənəti sevirəm. Mənim anam müğənnidir. Atam onu oxumağa qoymayıb. Anam da makiyaj etməyi öyrənib. O da, əslində, bir incəsənətdir. Anam qəlbindəki boşluğu beləcə doldurmağa çalışır. Yəqin mənim də həyatımda şeir olmasaydı, rəssam, yaxud vizajist olardım. Oğlumun doqquz yaşı var. İstəyirəm ki, dərslərini oxusun. Oxuyur. Amma fikir verirəm ki, onun fikri-zikri incəsənətdədir. Mənə deyir ki, icazə ver videolar çəkim, "youtube"a yerləşdirim, onu eləyim, bunu eləyim. İstedad, incəsənət aşiqliyi insanın canında əzəldən olur. İnsanlar var ki, müəyyən işlərdə şöbə rəisliyinə qədər yavaş-yavaş qalxır, hansısa bir idarədə hansısa vəzifəyə qədər pillə-pillə qalxır. Bir gün hər şeyi atıb incəsənətə gəlir. Soruşursan ki, niyə belə etdin? Deyir ki, sənət mənim ürəyimdə qalsa, partlayaram, ölərəm. Bəyəm idarələrdə çalışan insanların – rəislərin, nazirlərin arasında yoxdurmu incəsənətə meylli olanlar? Var, əlbəttə!
– Bəzən gündəlik tələbat malı, yaxud hansısa material haqqında reklam mətnini də şeir kimi səsləndirirsiniz...
– Bu hal, mənim beynimlə əlaqəlidir. Məsələn, sponsoru reklam edirəm, bir də baxıram ki, sözlər beynimdə qafiyələndi. Əslində, qəsdən belə etməyə çalışmamışam. Sadəcə, bu, həmin anda beynimə, fikrimə gələn bir şeydir. Çox vaxt reklam mətnini oxuyandan sonra efirdə qulaq asanda deyirəm: "Aaa, nə qəşəng qafiyə oldu!"
– Sizə şeir həsr edənlər olubmu, olubsa nə dərəcədə uğurlu alınıb?
– Şeir də, mahnı da həsr edənlər olub. Amma onlara o qədər də möhtəşəm əsərlər demək olmaz. Mən daha çox başqalarının hisslərini yaşatmağı sevirəm.
– Sizin oxuduğunuz şeirləri şəxsləndirirlərmi, yəni oxuduğunuz şeirlərin sizin özünüzlə bağlı olduğunu deyənlər olurmu?
– Olur, bəli. Mən insanları qınamıram. Təsəvvür edin ki, həyat yoldaşım şeir üstündə mənimlə dalaşırsa və onda qısqanclıq yaranır deyə, bir müddət şeir oxumuramsa, başqalarını, eyni fikirdə olmasına görə necə qınayım?! Bəlkə də, şeir oxuyanda yazılan duyğunun içinə o qədər girirəm ki, dinləyicilər bu qədər səhv anlayır.
– Sizə şeir oxumağın qadağan edildiyi bir dövr olub. Həmin vaxt hansı hissləri keçirdiniz və şeirdən ötrü çoxmu darıxırdınız?
– Ailəm mənim üçün çox dəyərli olduğu üçün dözürdüm. Düşünürdüm ki, bir müddət oxumasam, heç nə olmaz. Amma onda da, boş dayanmırdım, yazırdım. Bilirsiniz nəyi sevmirəm? Harasa bir məclisə gedirsən, dost-tanış deyir ki, bir şeir oxu da. Deyirəm ki, belə əyləndiyimiz, gülüb-danışdığımız yerdə birdən-birə şeir oxumaq olar? İzah edirəm ki, mən gərək o havaya girəm, onu hiss eliyəm. Əvvəllər hansısa müğənnini çağırıb deyəndə ki, oxu, bir zümzümə elə, o da qayıdıb deyəndə ki, o abu-havada deyiləm, başa düşmürdüm. Sonralar dost məclislərində məndən şeir oxumağı xahiş edəndə başa düşdüm ki, müğənnilər onlardan hər vədə mahnı istəyənlərin əlindən nə çəkirmişlər.
– Şeiri sevmək keçmişi unutmamağın əlamətidir, nostaljiyə aludəliklə bağlıdır deyirlər. Bu fikirlə razısınız?
–Şeir yazan, şeiri ürəklə səsləndirən, insanların keçmişində mütləq nəsə var. Və o hər nədirsə, mütləq əlçatmaz olmalıdır. Leyli və Məcnun kimi. Əgər qovuşmaq varsa, inanmıram ki, orda möhtəşəm bir şey ortaya çıxsın. Bu da bilirsiniz necə bir şeydir?! Hər sevgi şeiri oxuyanda və ya yazanda gedib həmin o yerdə qalmırsan. Bu, platonik duyğudur. Hamının həyatında imkansız eşq var. Amma sağ olsun o imkansız, o əlçatmaz. Çünki o olmasa, yazan da, oxuyan da, dinləyən də olmaz. İnanırsınız, hətta bəzən dost-tanış olur ki, həyatında hər şeyi - pulu, imkanı var, istədiyi yerə gedə bilir, yəni maddi cəhətdən təmin olunub. Amma deyir, bir sevgi istəyirəm ki, məni süründürsün. Qıraqdan baxanlar deyir ki, dəlidir bu. Amma mən onu başa düşürəm. O, həyatında stimul, həyəcan, adrenalin istəyir.
– Yazdıqlarınızı nə vaxtsa üzə çıxarmaq fikriniz var?
–Bu yaxınlarda kitablarla bağlı, daha doğrusu, çox oxunan kitablar haqqında araşdırma aparırdım. Maraqlıdır ki, çox oxunan kitabların müəllifləri hər zaman "yazmayım-yazmayım" deyib, tərəddüd edən, sonda bir anın içində qərar verərək kitablarını ortalığa çıxaranlardır. Bu yaxınlarda düşündüm ki, bəlkə, bir kitab çap etdirim. Sonra dedim ki, yox, hələ tezdir. Səbəbi də budur ki, qorxdum! Amma elə bir kitab çıxarsam, bütün dünyada satılar. Mən buna əminəm. Niyə əminəm? Sadəcə, yazdıqlarımın duyğusuna çox inanıram. Amma hələ kitab çap etdirmək üçün cəsarətimi toplaya bilmirəm, qorxuram.
– Qorxmağınızın səbəbi nədir?
– Əgər kitab yazırsansa, gərək hər şeyi düz yazasan. Nöqtəsinə, vergülünə kimi düz yazasan, səmimi yazasan. Hər bir duyğunu yazmalısan, gizlətməməlisən. Hisslərini gizlədən müəlliflərin kitabları satılmır. Deyirlər, qadın kitab kimi olmalıdır, ölənə qədər onun hər səhifəsini oxumalısan. Amma qadın elə olmalıdır ki, öləndə belə son bir səhifəsini saxlasın. Onu da oxuyub bağlayasan. Yəni qadın marağını və sehrini itirməməlidir. Tutalım ki, bunu kitaba yazdım. İnsanlar bunu üç gündə, bir həftədə oxudular. Yəni kitabım çap olunsa, mənə olan maraq itəcək.
– Nüsrət Kəsəmənli ilə davanızın tarixçəsinə qayıdaq...
– Nüsrət Kəsəmənli ilə tanışlığımız dava ilə başlamışdı. Mən on üç yaşımda efirə çıxmağa başladım. O zaman Türkiyə türkcəsində danışırdım. O vaxt üçün bu, bir yenilik idi. Nüsrət Kəsəmənlinin həmin dövrdə qəzetlərdə ardıcıl yazıları çap olunurdu. Və bəzi yazılarında məni tənqid edirdi. Mənə də bunu deyirdilər. O vaxt məni pisləyən, tənqid edən jurnalistlər qəzetdəki yazılarını gətirib göstərirdilər. Cavabında deyirdim, canınız sağ olsun. O vaxtlar yaşım az idi. Mənim həddim nə idi ki, kiməsə cavab qaytaraydım?! İkincisi də ki, Nüsrət Kəsəmənli ilə bağlı olan söz-söhbət çıxanda, mən Bakıda nənəmlə qalırdım. Atam-anam zəng vurub dedi ki, birdən cavab qaytararsan, bir söz deyərsən ha! Olmaz! O səndən böyükdür. Nə yazır-yazsın! Dedim yaxşı. Heç yadımdan çıxmaz, bir gün o vaxtlar "Sara” radiosu vardı, oranın rəhbəri məni otağına çağırdı. Mən də uşaq idim, rəhbərlik heç vaxt da məni yanına çağırmamışdı. Narahat oldum ki, yəqin, efirdə nəsə demişəm, nəsə baş verib ki, məni çağırırlar. Qapını döyüb içəri girdim. Gördüm Nüsrət Kəsəmənli oturub. İçimdə bir qorxu yarandı. Uşağam axı. Dedim, görəsən, mənə nə deyəcək. Az qalmışdı ki, məni ağlamaq tutsun. Nüsrət müəllim baxdı mənə, əlini üzünə tutub dedi: "Sən uşaqsanmış ki!" Beləcə, dava bitdi. Nüsrət Kəsəmənlinin də şeirlərini çox sevirəm.

Söhbətləşdi: Fərid Hüseyn


banner

Oxşar Xəbərlər