Kirayə bazarında durğunluqdur
Azərbaycanda aztəminatlı gənc ailələrin ən böyük problemlərindən biri də
məhz mənzil problemidir. Bu gün ev almağa imkanı çatmayan xeyli sayda gənc ailə
var. Düzdür, son illər bu istiqamətdə müəyyən işlər görülür. Gənc ailələrin
mənzil təminatının yaxşılaşdırılması üçün bəzi addımlar atılır. Amma hələ də
problem böyük mənada öz həllini gözləyir. Bəs görəsən mənzil bazarındakı ümumi
vəziyyət necədir?
Əvvəlcə kirayə bazarındakı qiymətlərlə maraqlandıq. Bu işlə məşğul olan
bir neçə şirkətlə əlaqə saxladıq. Əvvəlcə qeyd edim ki, kirayə mənzilin qiyməti
harada yerləşməsindən asılı olaraq dəyişir. Yəni belə demək olarsa, mərkəzdə
iki otaqlı təmirsiz evin bir aylıq kirayəsi, nisbətən qıraq ərazilərdə yerləşən
üçotaqlı evin qiymətindən daha bahadır. Şəhərin mərkəzində orta təmirli iki-üç
otaqlı mənzilin bir aylıq qiyməti təqribən 400-500 manat təşkil edir. Nisbətən
kənar ərazilərdə yerləşən mənzillərin aylıq kirayə qiyməti isə təqribən 300-350
manat təşkil edir.
Azərbaycan
Qiymətləndiricilər Cəmiyyətinin sədri, əmlak məsələləri üzrə ekspert Ramil
Osmanlı"Kaspi”yə açıqlamasında bildirdi ki, mənzil bazarında vəziyyət stabil xarakter daşıyır: "Hələlik kəskin qiymət artımları, yaxud
qiymət enmələri müşahidə olunmur. Digər göstəricilər üzrə də artım və ya azalma
yoxdur. Əsas problemlərdən biri tələb və təklif strukturu arasında ciddi fərqin
olmasıdır. Bu isə bazardakı ümumi vəziyyətə mənfi təsir göstərir. Həm təkrar
bazarda, həm də yeni mənzillərdə vəziyyət təqribən oxşardır.Yay
mövsümündə adətən mənzil bazarında passivlik müşahidə edilir. Həmçinin, bu
aylarda adətən nağd alışlarda və ipoteka
kreditlərinin həcmində də azalma olur. Buna görə də tələbin səviyyəsi aşağı
düşür. Nəticədə mənzillərin qiyməti cüzi də olsa nisbətən aşağı enir. Kirayə
mənzil bazarında isə yay aylarında durğunluq müşahidə olunur. Bir və
ikimərtəbəli fərdi yaşayış evlərindən ibarət yaşayış massivlərində olan kirayə
evlərin qiyməti bu dövrdə 10-15 faizə qədər azalır. Çünki tədris mövsümü
yekunlaşdıqdan sonra yayda tələbələr paytaxtdan regionlara axın edir. Ona görə
də isti aylarda kirayə mənzil bazarında qiymətlər bir qədər aşağı düşür. Amma
bu müvəqqəti xarakter daşıyır. Sentyabr ayında qiymətlər yenidən bahalanacağı
istisna edilmir. Çünki təklif portfelinin həcmi genişləndikcə qiymətlər artır.
Ümumilikdə mənzil bazarını xarakterizə etsək deyə bilərik ki, dinamika
istənilən səviyyədə deyil. Alğı-satqı əməliyyatları xeyli azalır”.
İqtisadçı-ekspert Vüqar
Bayramov deyir ki, mənzil
bazarında satılan mənzillərin təklif olunan qiymətləri ilə real qiyməti
arasında fərq var: "Mənzil bazarı
üzrə aparılan araşdırmalar onu göstərir ki, bazarda tələb istənilən səviyyədə
deyil. Hələlik, ciddi qiymət azalmaları müşahidə edilməsə də, qiymət
monitorinqləri və rəsmi statistika onu deməyə əsas verir ki, vəziyyət qaneedici deyil. Əslində mənzil
bazarında iki növ yəni, təklif olunan və real qiymətlər var. Təklif olunan
qiymətlər hər zaman yüksək olub. Adətən mənzillər yüksək qiymətə təklif olunur,
alğı-satqı zamanı tərəflər daha aşağı qiymətə razılığa gəlir və mənzil satılır.
2018-ci ildən bazarda təklif tələbi üstələməyə başladı. Pilot layihələrin
istifadəyə verilməsi, inşaat sektorunda təklifin artması müşahidə olundu ki, bu
da mənzillərin sayında artıma gətirib çıxardı. Proseslərin fonunda isə
qiymətlər nisbətən azalmağa başladı. Kirayə bazarına gəlincə isə burada
vəziyyət bir qədər fərqlidir. Əvvəlki illərə nisbətən bu il kirayə bazarında da
durğunluq var. 2014-cü ildən başlayaraq kirayə mənzillərə tələb yüksəlmişdi.
Ötən illərlə müqayisədə bu il kirayə bazarında tələbin azalması turist
axınındakı azlıqla əlaqələndirilə bilər. Turistlərin böyük bir qismi isə
bölgələrimizdə qalmağa üstünlük verirlər. Bu da paytaxtda kirayə evlərə olan
tələbi aşağı salır. Həmçinin, tədris ili ilə əlaqədar olaraq tələbələrə
rayonlara axın edir. Sentyabr ayından kirayə mənzillərə olan tələb yenidən
artmağa başlayacaq. Bu da qiyməti nisbətən ucuz, ikiotaqlı kirayə mənzillərin
qiymətinin artacağı proqnoz edilir”.
Şəbnəm Mehdizadə