• şənbə, 20 Aprel, 08:41
  • Baku Bakı 14°C

Kipr problemi həllini tapacaq?

05.03.21 19:00 1709
Kipr problemi həllini tapacaq?
Tərəflər BMT himayəsi altında sammitə hazırlaşır
Kipr problemi dünyada həll olunmamış problemlərindən biri kimi qalır. Aprelin sonlarında BMT himayəsi altında Cenevrədə 5+BMT formatında Kipr probleminin həlli üzrə sammit keçiriləcək. BMT-nin himayəsi ilə Şimali Kipr Türk Respublikası, Kipr yunan icması, zamin ölkələr Türkiyə, Yunanıstan və Böyük Britaniyanın iştirakı ilə keçiriləcək toplantı ilə bağlı BMT Baş katibinin sözçüsü Stefane Dujarric məlumat yayıb. Ümid etmək olar ki, bu sammitdə problemin həlli istiqamətində müəyyən irəliləyiş əldə olunacaq. Bu yaxınlarda Ankara və Afina arasında Aralıq dənizində mübahisələrin həlli üzrə ilkin danışıqlar start götürsə də, Türkiyə adada iki dövlətin yaradılmasında israrlı görünür. Prezident Rəcəb Tayyib Ərdoğan da son bəyanatlarında bəyan edib ki, Kipr məsələsi Türkiyə və Kipr xalqlarının ortaq mübarizəsidir. Onun sözlərinə görə, 1960-cı illərdə Kipr türklərinə muxtariyyət hüququnu bunlar tanımırdı: "Mən bu məsələnin həllinə yardım etməyə 4 dəfə girişdim. Bacarmadım. İndi də uğur əldə etməməyim mümkündür. Bunu BMT-nin keçmiş baş katibi Koffi Annan mənə demişdi. Mən ona dedim ki, qarant ölkə olaraq Türkiyə tərəfindən mənfi heç bir iş görməyəcəksiniz. "Yaxşı” deyib fəaliyyətə başladı. Annana söz verdim ki, bu işi başa çatdırmadan ayrılmayacağıq. Referendum keçirdik. Türk tərəfi olaraq soydaşlarımızın 75 faizi yunanlarla birlikdə adada federal dövlətin qurulmasına razılıq verdi. Yunanların isə 65 faizi bu ideyanın əleyhinə səs verdilər. Bütün bunlara baxmayaraq, Kiprin yunan hissəsi Avropa İttifaqına üzv qəbul olundu, Kiprin türk hissəsi isə yox”. Ərdoğan Kipr məsələsinin həllindən danışarkən adada federal dövlətin yaranmasının mümkünsüzlüyünü vurğulayıb: "Kipr türkünü yox sayanların davranışında bir dəyişikliyin olmadığını görürük. İstər qəbul etsinlər, istər etməsinlər, artıq məsələnin 2 dövlətli həllindən başqa çıxış yolu yoxdur”.
Qeyd edək ki, 1974-cü ildə başlanan Kipr Hərəkatı nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası öz müstəqilliyini bəyan edib. ŞKTR-nin müstəqilliyi təkcə Türkiyə tərəfindən tanınır. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaranıb. Bakıda Şimali Kiprin rəsmi nümayəndəliyi fəaliyyət göstərir.

Levkoşa Türkiyənin yanındadır

O ki qaldı Şimali Kiprin türk rəhbərliyinin mövqeyinə, bu məsələdə Levkoşa Türkiyə ilə eyni mövqeni sərgiləyir. "Biz Şimali Kiprin Türk Respublikası kimi razılaşmaya imza atacağıq, türk icması kimi yox”, - deyə ŞKTC-nin xarici işlər naziri Tahsin Ərtoğruloğlu bəyan edib. Əlavə edib ki, nizamlanmanın yolu bu faktın tanınmasından, Kipr adasında iki dövlətin mövcudluğu faktının qəbul edilməsindən keçir. İki dövlət prinsipi aktiv şəkildə ötən ildən, Ersin Tatarın ŞKTC-nin prezident seçilməsindən sonra irəli sürülməyə başlanıb. Ada Aralıq dənizinin şərq hissəsinin, uzun illərdir mübahisə mövzusu olan qaz yataqlarının mərkəzində yerləşir. Ankaranın Kipr narahatlığı 300 minlik türk icmasına görədir. "Biz hər zaman bəyan etmişik ki, Kipr məsələsi türk xalqının milli işidir. Kiprin türk icmasının gələcəyi - bizim Türkiyə vətənimizlə getdiyimiz bir yoldur”, - deyə ŞKTC XİN rəhbəri bildirib. Qərb mediası yazır ki, əgər Brüssel və Vaşinqton liderləri Ankara ilə kompromisə gəlmək istəyirlərsə, o zaman bütöv Kipr ən optimal variant hesab edilir. Şərqi Aralıq dənizi adası olan Kipr təxminən qırx ildir ki, bölünüb və de-fakto iki dövlətə sahibdir. Şimali Kipr Türk Cümhuriyyəti Türkiyə xaricində ayrı bir dövlət tərəfindən beynəlxalq səviyyədə tanınmamağına baxmayaraq, bu adada həqiqətdə iki hökumət fəaliyyət göstərir və onlar adanın iki icmasını təmsil edirlər. Bu illər ərzində hər iki tərəf danışıqlar prosesini aparmağa çalışsa da, mübahisə bu günə qədər həll olunmamış qalır. Şimali Kipr Türk Cümhuriyyətindəki son seçkilərin nəticəsinin münaqişənin donmuş vəziyyətini dəyişdirəcəyi və otuz yeddi ildən sonra mübahisəni həll edəcəyi gözlənilirdi. Lakin hələ ki, ortada bir şey yoxdur.

Bəllidir ki, adanın əhalisi, əsasən yunan əsilli rumlardan və türklərdən ibarətdir. Hazırda Kiprdə 1 milyona qədər əhali yaşayır, onun 80%-i rumlar, 20%-i isə türklərdir. Lakin adanın türk əhalisinin sayı bilərəkdən rum idarəçiliyi tərəfindən gizlədilib, həqiqəti əks etdirməyən rəqəmlər verilib.

Annan planı qüvvədədirmi?

Kipr problemini həll etmək üçün hazırlanan Annan planı 2002-ci il aprelin 24-də qəbul edilməsə də, hələ də əhəmiyyətli hesab olunur. BMT Baş katibi tərəfindən hazırlanan Annan Planı 2002-ci ilin noyabrında Denktaş və Kleridesə təqdim olunub. Plan əsas etibarilə bir tərəfdən türk tərəfinin bərabər dövlət tələblərini yerinə yetirərkən, digər tərəfdən, yunanlara torpaq güzəşti və müəyyən ölçülər çərçivəsində geri dönmək hüququ vermək sahəsində müəyyən qədər tarazlıq yaradıb. Plan Kipr məsələsində iştirak edən bütün tərəfləri müəyyən ölçüdə razı salaraq, problemin çözülməsini qaydaya salıb. 2004-cü il 24 aprelində Kiprdə gerçəkləşdirilən referendumdan sonra adanın mayın 1-də Aİ üzv olması ərəfəsində hər iki xalq birləşmə istiqamətində təşəbbüs göstərdilər. Referendumun nəticələrinə görə, yunanların 75%-i birləşmə istiqamətinin əleyhinə səs verərkən, türklərin 66%-i lehinə səs verdilər. Ancaq adadakı problemin həlli üçün tərəflərin hər ikisinin də müsbət səs verməsi lazım idi. Mübahisədə əsas amil münaqişənin həll yoluna tərəflərin fərqli yanaşmalarıdır. Kipr türkləri, adanın birləşməsi və hər iki toplumun birlikdə yaşamasını təklif edən federal həll yolunu dəstəklədilər, yunanların əksəriyyəti isə adanın şimal hissəsi ilə birləşmək istəmirlər. Tarixi düşmənçilik hələ də qalır və adanın birləşmə ehtimalı getdikcə daha çox tükənir. İctimaiyyətin bu kimi fərqli fikirləri birbaşa siyasi sferada baş tutan danışıqlar prosesinə əks olunur. Son illərdə Şərqi Aralıq dənizində dəniz sərhədləri və qaz yataqları ilə əlaqədar vəziyyət kəskinləşərək Kipr adasına birbaşa təsir etdiyi üçün qarşıdurma daha da kəskinləşdi. Hər şey 1970-ci illərdə cəmiyyətlərarası bir məsələ kimi başlamışdı, lakin bu gün adadakı mübahisənin təbiəti dəyişib və etnik bir münaqişə olmaqdan çıxıb.

Seçkiöncəsi vəziyyət

Ümumiyyətlə, şimaldakı ada sakinləri hökumətdən gözlədikləri idarəetməyə görə iki qrupa bölünürlər. Birinci qrupdan olan insanlar federasiyanı dəstəkləyir və Kipr rumları ilə bir çətir altında yaşamağı bütün ada sakinləri üçün ən yaxşı seçim hesab edirlər. Bu insanlar düşünürlər ki, ayrı bir dövlətə ehtiyac yoxdur və öz suverenliklərini cənubdakılar ilə bölüşməyə hazırdırlar. Digər tərəfdən isə ikinci qrup ikidövlətli həll variantını optimal bir variant hesab edir və danışıqların Kipr məsələsini həll edəcəyinə inanmır. Mübahisənin həll yolu Kipr türklərinin suveren bir dövlət kimi beynəlxalq səviyyədə tanınmasında, cənubdakı sakinlər kimi bərabər siyasi hüquqlar əldə edə bilməsindədir. Bu, konstitusiyada dəyişiklik ilə həll edilə bilərdi. Keçmiş prezident Mustafa Akıncının siyasəti cənubdakılar ilə danışıqlar aparmaq və adanın birləşməsi üçün mübahisəni həll etmək idi. Əslində federal həll əvvəlki illərdə Kipr yunan icması və hökuməti tərəfindən birmənalı qarşılanmamışdı. 2004-cü ildə o vaxtkı BMT baş katibi tərəfindən təklif olunan Annan birləşmə planı Kipr yunanları tərəfindən qəbul edilməmişdi. Daha sonra 2017-ci ildə Kipr probleminə və adanın yenidən birləşməsinə dair danışıqlar da fikir ayrılığı ilə nəticələnmişdi. Hökumətin illərdir davam edən federasiya qurma siyasəti mübahisənin həllini, əslində təxirə salırdı. Şərqi Aralıq dənizindəki qaz yataqları ilə bağlı mübahisə də Cənub hökumətinin təbii ehtiyatların Şimal ilə bölünməsini qəbul etmədiyi üçün münaqişənin həll olunmasına əngəl törədib.

Şimali Kiprdə seçkilər aprel ayında keçirilməli idi, lakin pandemiyanın baş verməsi ilə əlaqədar olaraq oktyabr ayına qədər təxirə salındı. Prezidentliyə 11 namizəd arasından iki şəxs fərqlənirdi: 2015-2020-ci illər arasında prezident olmuş və müstəqil namizəd olaraq iştirak edən Mustafa Akıncı və federasiya sisteminə qarşı olan Birlik Partiyasının namizədi, Türk sağ qanad milliyyətçisi Ersin Tatar. 11 oktyabrda keçirilən ilk turda Akıncı və Tatar müvafiq olaraq 29% və 32% səs topladılar. Heç bir namizəd səs çoxluğunu ala bilmədiyi üçün ikinci tura keçmək zərurəti yarandı və 18 oktyabrda Akıncı 48% səs toplayarkən, Tatar 52% səs toplayaraq qalib gəldi. Keçmiş prezidentə dəstək verənlər və ona səs verənlər həll yolunu federasiya və status-kvonun dəyişdirilməsi kimi qiymətləndirirlər. Tatarın qələbəsi Şimali Kipr üçün yeni bir siyasi yolun başlanğıcıdır. Şimali Kipr hökuməti beynəlxalq səviyyədə tanınmadığından, prezidentin rolu Kipr türk icmasının rəhbərliyindən daha çox əhəmiyyət kəsb etmir. Məhdud xarici tanınma olduğu halda, Şimali Kipr xarici siyasəti yeni rəhbərlik altında daha təsirli hala gətirilməlidir.
Adanın gələcəyi ilə bağlı iki əsas təyinedici məsələ var: Şimali Kipr Türk Cümhuriyyətinin yeni hökuməti və Şərqi Aralıq dənizi məsələsi. Yeni dövrdə Kipr türklərinin ayrı bir dövlət olaraq suverenliyini qoruyacağı gözlənilir ki, bu da yeni rəhbərlik üçün qarşıdakı ilkin məsələ olacaqdır. Bu yeni yanaşma və Kipr məsələsi ilə əlaqədar növbəti qərarlar həll üçün vacibdir və Kipr türkləri yeni liderləri ilə gələcəyə ümid bəsləyirlər. Onlar beynəlxalq tanınma, bərabər siyasi hüquqlar, ticarətə tətbiq olunan embarqonun ləğvini, nəqliyyat və s. tələb edirlər. Yaxın gələcək, uzun sürən siyasi dalanın inkişaf edib status-kvonu dəyişərək Şimali Kiprin beynəlxalq səviyyədə tanınan bir dövlət olacağına zəmin yaradacağını, yaxud da hər şeyin əvvəlki kimi davam edəcəyini göstərəcək.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər