“Kino hissiz, ürəksiz olub”
Andrey
Myaqkovun milyonlarla pərəstişkarı var. «Taleyin ironiyası»nda Jenya Lukaşin,
«İşdə məhəbbət macərası»nda Novoselsev, «Amansız romans»da Karandışev... Hər dəfə
də aktyor özünün səmimiliyi, istedadı və müdafiəsizliyi ilə pərəstişkarlarının
qəlbini fəth edib. Yaraşıqlı olmasa da, qadınlar ona pərəstiş edirlər. O,
oynadığı rollarla cəlbedici, ancaq uğursuz insanların obrazlarını yaradıb. Amma
Andrey Myaqkovun gerçəkdə necə insan olmasını, demək olar ki, çoxları bilmir.
O, özü haqqında kitablar yazmır, özünə teatr tamaşaları həsr etmir, banketlərdə
görünmür, demək olar ki, müsahibə də vermir.
Andrey
Myaqkov kinoda 50-ə yaxın rol oynayıb. Onların arasında çox ciddi işlər var:
«Karamazov qardaşları», «Qaraj»... Ancaq tamaşaçılar üçün Myaqkov ilk növbədə
Eldar Ryazanovun sevimli komediyası - «Taleyin ironiyası və ya həmişə təmizlikdə»
filmindəki Jenya Lukaşindir. Tamaşaçılar bu filmə heyran olmuşdular. "Əgər
Andrey Myaqkov təkcə «Taleyin ironiyasında»kı həkim Jenyanı oynasaydı belə, o,
sovet kinematoqrafiyası pərəstişkarlarının yaddaşında ömürlük qalacaqdı” - deyə
tənqidçilər yazırdı. Filmin ümumittifaq premyerasından sonra aktyorun poçt
qutusu demək olar ki, hər gün məktublarla aşıb-daşırdı. Pərəstişkarlarından
biri 20 il dalbadal ona yazmışdı. O, romantik qəhrəman deyildi, ancaq rayon
poliklinikasının sadə cərrahı Jenya Lukaşin milyonlarla qızların və qadınların
ürəyini zəbt etmişdi. İndiki dildə deyildiyi kimi: aktyor 70-ci illərin seks
simvoluna çevrilmişdi.
Adətən,
populyarlıq aktyorlara illərlə gəlir. Andrey Myaqkov isə istisna idi. Onun çəkildiyi
filmlər hər il 31 dekabrda ekranlara çıxır. Hərçənd Myaqkov bunu ajiotaja çevirməyin
tərəfdarı deyil: «Mənə elə gəlir ki, «Taleyin ironiyası»nı həddən artıq
şişirtdilər. Mən artıq bu filmi sevmirəm və 20-ci dəfə bu filmə baxanları başa
düşmürəm”.
A.Myaqkov
öz rollarından fərqli həyat yaşayırdı. Məsələn, öz qəhrəmanından fərqli olaraq,
o heç vaxt içki içmir, hamama ümumiyyətlə, dözümü yoxdur.
«İşdə
məhəbbət macərası»nın hər bir səhnəsini də tamaşaçılar əzbər bilir. Bu filmin sitatları
çoxdan xalqın dilinin əzbərinə çevrilib. Filmin sonunda o, «Volqa»da Alisya
Frendlixlə xoşbəxt ailə həyatına yol alır. Ancaq aktyorun bu qədər
populyarlığına baxmayaraq, onun heç vaxt «Volqa»sı olmayıb. Sovet dövründə belə
maşınları yalnız böyük rəislər sürə bilirdi.
A.Myaqkov
60 ildən çoxdur ki, aktrisa Anastasiya Voznisenski ilə xoşbəxt yaşayır. Aktyor
öz nikahında qəhrəmanlarını qətiyyən xatırlamır. O, ailənin mütləq rəhbəridir,
bütün qərarları da o qəbul edir.
Gənc
aktyorlar, əlbəttə, Myaqkov kimi uğur qazanmağı arzulayırlar. Ancaq o heç vaxt
öz üstünlüklərindən istifadə etmir, özünü ulduz saymır. Teatrın rəhbərindən
xadiməsinədək hamıya hörmətlə yanaşır. O, seriallarda və reklamlarda çəkilib
daha yaxşı pullar qazana, məsələn, özünə son marka avtomobil ala bilərdi. Ancaq
bu, ilk növbədə onun prinsiplərinin əksinə olardı. Onun əsas xüsusiyyətlərindən
biri - nə xeyirli və ya nüfuzludursa, onunla yox, xoşuna nə gəlirsə, onunla məşğul
olmaqdır. Beləcə, o, bir neçə il bundan əvvəl rəssamlıqla məşğul olmağa
başladı. Düzdür, sərgi onu təmin etmir, çünki öz işlərini satmağı xoşlamır. Çəkir,
sonra isə "kimi sevirəm, ona bağışlayıram” prinsipi üzrə işlərini hədiyyə edir.
O daha çox həyat yoldaşının şəkillərini çəkməyi xoşlayır. Aktyorun digər bir
istedadı isə dedektiv müəllifi olmasıdır. Artıq onun trilogiyası çapdan çıxıb.
Hətta onun birinci kitabını oxuyan ssenarist Aleksandr Borodyanski bu barədə
film çəkməyi qərara alıb.
Nadir
hallarda jurnalistlərin suallarına cavab verən Andrey Vasilyeviç 80 illiyi ilə
bağlı "Komsomolka”nın suallarından qaça bilməyib.
- Andrey Vasilyeviç, siz qəlbinizin
səsi, yoxsa şəraitin diqtəsi ilə aktyor oldunuz?
-
Bilirsinizmi, gənclikdə müəyyən avantüralar olur. Bizim nəslimizdə heç vaxt
artist olmayıb, amma mən teatrı sevirdim. Mən axı, leninqradlıyam, yaxud indi
deyildiyi kimi, sankt-peterburqlu. Mən teatra olan sevgimə görə, Georgi
Aleksandroviç Tolstonoqova minnətdaram. O, həmin illərdə Leninqrada gələrək
teatra rəhbərlik etməyə başladı. Mən Kimya-Texnologiya İnstitutunda oxuyurdum və
oranı bitirərək diplom aldım. Birdən özümü teatr aləmində görmək istədim və
yenidən tələbə skamyasında əyləşdim. Moskvaya getdim və MXAT-ın məktəb-studiyasına
daxil oldum.
- Sizə ilk populyarlığı hansı
rolunuz gətirdi?
-
Teatrda bir rolun artistə populyarlıq gətirdiyi məqamlar olmur. Artist teatrda
kifayət qədər uzun vaxt can qoyur. Bu, uzun-uzadı yaradıcı prosesdir və bu,
qaçılmazdır. Düşünmürəm, dünya teatrı tarixində belə təsadüf olsun ki, aktyor
teatr həyatına daxil olsun və dərhal məşhurlaşsın. Teatrda bir dəfə parlaq
oynaya bilərsən, növbəti dəfə isə hər şeyi korlayarsan. Yalnız öz ixtisasının aparıcısı
olmağa başlayandan sonra səhnə səni qəbul edir və sən öz qüvvəni daha düzgün
göstərə bilirsən. Kinematoqrafiyada isə dərhal məşhur ola bilərsən.
- Sizin həyatınızda da belə oldu?
-
İlk kino rolum Elema Klemovanın «Diş həkiminin sərgüzəştləri» filmindəki rolum
oldu. Mən ondan sonra məşhur ola bilərdim, ya yox – indi demək çətindir. Çünki
film ekranlara çıxmadı, 30 ilə yaxın rəflərdə yatıb qaldı.
- Nə üçün o film belə uğursuz
oldu?
-
1965-ci ildə film bizim senzuradan keçmədi və bu, kifayət idi. Filmin
ssenarisini məşhur dramaturq Aleksandr Volodin yazmışdı. Böyük hesabla bu film
şəxsiyyət və cəmiyyətin qarşılıqlı münasibətləri haqqında pritça idi. Ətrafda
necə olmalıdır, kimsə cəmiyyətdən ayrılırsa, təhlükəsiz qalırmı və s. kimi
suallara cavab axtarılırdı. Mənim qəhrəmanım diş həkimi idi və dişləri ağrısız
çıxarıb ata bilirdi. Digər həkimlər isə onun kimi peşəkar deyildilər. Bu fəlsəfi
filmdə bizim senzura insan münasibətlərinə sovet hakimiyyətinə qarşı təhlükə
kimi yanaşdı və filmin nümayişinə maneə yarandı.
- Hansı rolunuzu kinoda debüt
hesab edirsiniz?
-
«Karamazov qardaşları»nda Alyoşa rolu mənim kinoda ilk işimdir. Bu filmi
Dostoyevskinin məşhur əsərinin çox da yaxşı olmayan interpretasiyası hesab etməyimə
baxmayaraq, mənə ilk uğuru gətirən də məhz bu film olub.
- Tarixdən məlumdur ki, qədim
rusların soyadları çox vaxt xarakterlərini, bəzən əcdadlarının peşələrini, bəzən
də yaşayış yerlərini ifadə edib. Sizin soyadınızda xarakterinizin müəyyən
cizgilərini tapmaq olarmı?
-
Myaqkov – kifayət qədər qədim zadəgan soyadıdır. Bizdə nəsildən-nəslə soyadın
vurğusu dəyişir. Atamın soyadında vurğu axırıncı hecaya, babamda ilk hecaya
düşür. Mənim soyadımı isə ilk hecada tələffüz etmək lazımdır. Xarakterin cizgilərinə
gəlincə... demək çətindir. Mən daha çox sərt adamam, nəinki yumşaq...
- Əgər siz Tolstonoqovun
istedadının təsiri altına düşməsəydiniz, kimyaçı işləyəcəkdiniz?
-
Mən kimyaçı-texnoloq ixtisası üzrə təhsilimi bitirib göndərişlə Leninqrad Layihə
İnstitutuna göndərildim. Yaxşı institut idi. Ancaq mən kimyanı sevmirdim. 5 il
tələbəlik illərində də bu elmə sevgi yarada bilmədim.
- Bəs siz niyə məhz bu sahəni
seçmişdiniz?
-
Çünki kimya-texnologiya institutunda möhtəşəm tamaşaçı salonu və nəhəng səhnə
var idi.
- Valideynləriniz bu seçiminizə
necə yanaşdılar?
-
Valideynlərim kimyaçı deyildilər. Atam nəzəri mexanika üzrə elmlər doktoru,
anam fizik idi. Onlar mənə dedilər ki, ilk növbədə ixtisasa yiyələn, sonra əgər
teatrsız yaşaya bilməsən, öz istəyinlə hərəkət edərsən. Ancaq mən o institutda
yaxşı tələbə teatral kollektivin olduğunu gördüm. Bu isə gələcək planlarımı dəyişdi.
- Boş vaxtlarınızı nəyə sərf
edirsiniz?
-
Əgər boş vaxtım qalırsa, mən qəlbim üçün nəsə yazmağı xoşlayıram. Hə, ilk növbədə
özüm üçün. Bunu yazıçı işi hesab edə bilmərəm.
- Özünüzü nəsrdə, yoxsa poeziyada
tapırsınız?
-
Nəsirdə. Poeziya – artıq yaşıma görə deyil. Bundan əlavə, rəsm çəkməyi
xoşlayıram.
- Son illər demək olar ki, kinoda
çəkilmirsiniz. Səbəb nədir?
-
Biz utanmadan amerikalılara dəstək göstəririk. Zorakı, döyüş filmləri,
dava-dalaş... Kino hissiz, ürəksiz olub. Bu, rus incəsənəti deyil. Biz ondan
tamamilə uzaqlaşmışıq. Sovet kinosunun öz sifəti var idi, indi onu qoparıblar. Əvəzində
isə Amerika fizionomiyasını çəkiblər.
- Bəs sizə ümumittifaq şöhrəti gətirən
«Taleyin ironiyası» haqqında nə deyə bilərsiniz?
-
Film ekranlara çıxandan sonra mənə süpürgə bağışlayırdılar, barmaqları ilə
toxunurdular. İndi bütün bunlar itib, yaş öz işini görüb. Ümumiyyətlə, mən
inanmıram ki, film bundan sonra kiməsə xoş gələcək. Çəkiliş meydançasında Eldar
Ryazanov isti mühit yaratmışdı. Bunu heç bir rejissor onun kimi bacarmazdı. Mən
meydançaya hər gəlişimdə zövq alırdım. Ryazanov aktyorlara pərəstiş edirdi və
onların qabiliyyətini üzə çıxarmağı bacarırdı. Çəkiliş vaxtı çoxlu zarafatlar,
yumorlar olurdu. Həmin çəkilişdəki gödəkcə və şərfi o vaxtdan saxlamışam, papağı
isə itirdim. Ryazanov çox xeyirxah və səmimi adam idi. Ancaq çəkiliş zamanı nəsə
onun istədiyi kimi olmasaydı, dərhal sərtləşirdi. Belə məqamlarda ən yaxşı
halda onu görməmək lazım idi.
- Siz Anastasiya Voznesenski ilə
60 ildir ki, birgə yaşayırsınız. Çoxları bu evliliyə qibtə ilə yanaşır. Ümumiyyətlə,
bu cür dözümlü və sadiq münasibətlər aktyor mühitində çox nadirdir.
-
Mən Anastasiya ilə tələbə partası arxasında oturarkən tanış olmuşam. İkinci
kursda isə biz evləndik. Artıq qızıl yubileyimizi də qeyd etmişik. Əsl sevginin
rəqibi ola bilməz. Bir neçə il əvvəl mənim həyatım ölümlə-qalım arasında idi.
Onda Anastasiya bütün instansiyalara ayaq açıb mənimçün kömək axtardı. O, ürəyimdəki
əməliyyatın uğurla həyata keçməsinə nail oldu, həyatımı xilas etdi. Xoşbəxt
nikahın heç bir sirri yoxdur. Sevmək lazımdır. İnsan bir-biri üçün hər şeyi səmimi
qəlbdən etməlidir. İztirabları birgə yaşamaq, sevinci birgə hiss etmək
lazımdır. «Mən bu insansız yaşaya bilmərəm» - deyə düşünməyi bacarmalısan. Bu qədər
- daha heç nə lazım deyil. O zaman nikah ömürlük olacaq. Biz Anastasiya ilə həmişə
bir yerdəyik. Övladımız yoxdur, ancaq etiraf edirik ki, işimiz bizim üçün hər
şeyi əvəz edib. Biz bir pedaqoq kimi MXAT-ın məktəb-studiyasında 3 nəsil aktyor
yetişdirmişik. Məgər bu kifayət deyil? Biz o gəncləri Vətənimiz üçün
yetişdirmişik, tərbiyə etmişik. Bu, bizim üçün böyük xoşbəxtlikdir.
Tərcümə
etdi
Təranə
Məhərrəmova