• çərşənbə axşamı, 16 aprel, 09:19
  • Baku Bakı 14°C

Kim “Milli Şura”da deyilsə, Əli Kərimlinin düşməni olur

19.02.19 19:45 718
Kim “Milli Şura”da deyilsə, Əli Kərimlinin düşməni olur
Radikal müxalifət düşərgəsi zaman-zaman kənardan onlara dəstək verən qrupların yanında yer alıb, onların sifarişi ilə Azərbaycan daxilində sabitliyin pozmağa cəhd göstərib. Lakin onların bu niyyətləri hər zaman suya düşüb. Maraqlı məqamlardan biri də odur ki, radikal müxalifət qanadında yer alanlar özlərindən uzaqlaşanları həmişə "linç” ediblər. Bu praktika demək olar ki, hər dəfə təkrarlanır. Uzun illərdən sonra Bakıya gələn Rüstəm İbrahimbəyov nümunəsi də buna misaldır. Hələ 2013-cü ildə yaradılan "Milli Şura” adlı quruma rəhbər seçdikləri və daha sonra prezident seçkilərində vahid namizəd etmək istədikləri R.İbrahimbəyovu indi "söz atəşinə” tutublar. Çünki R.İbrahimbəyov Bakıya səfəri zamanı "Milli Şura” rəhbərliyində olanları yubiley tədbirinə dəvət etməyib. Bu isə radikal düşərgəni, o cümlədən "Milli Şuranı” xəyal qırıqlığına uğradıb. R.İbrahimbəyovun bu addımını hələ ki, "Milli Şura” rəhbərliyi susqunluqla qarşılasa da, qurumun sıravi üzvləri artıq "anti-İbrahimbəyov kampaniyasına” start verib.

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev bildirdi ki, radikal müxalifət qanadı heç vaxt R.İbrahimbəyova sevdikləri, xüsusi rəğbətləri olduğu üçün müraciət etməyib: "Təbii ki, onlar hamıdan necə yaralanmağa çalışıblarsa, İbrahimbəyovdan da eyni qayda da yaralanmağa cəhd ediblər. Burada bir çox məqamlar var, hansı ki, İbrahimbəyov harada yaşayıb, hansısa insanlara yaxın olub. Onu nəzərə alıblar ki, bəlkə İbrahimbəyovun əli ilə Rusiya xəttinə çıxa və öz maraqlarını bir formada icra edə bilərlər və sair. İbrahimbəyovun ad günündə də Əli Kərimli və Cəmil Həsənli pafoslu təbrik yazdılar, bunu sosial şəbəkədən yaydılar. Amma İbrahimbəyov Bakıya gələndə bunları tam olaraq küncə sıxdı, yubileyi ilə bağlı məclisinə çağırmadı. Bu məclisdə müxtəlif insanlar var idi, amma müxalifətin radikal simalarına yer verilməmişdi. Xatırlayıram ki, İbrahimbəyov Bakıya gələ bilməyib, Gürcüstanda olarkən Gültəkin Hacıbəylidən tutmuş digərlərinə qədər necə onunla bəh-bəhlə şəkil çəkdirirdilər, biri qoluna girirdi, o biri başının üstündə dururdu, sanki eyforiyada idilər”.
E.Musayev qeyd etdi ki, İbrahimbəyovun yubileyində müxalifətə aid olmayan insanların olması, təbii ki, qaraguruhu qıcıqlandırıb: "Çünki düşündülər ki, "maya”mız batdı, ikincisi də, sosial şəbəkələrdən ünvanladıqları təbrik hayıf oldu. Eyni zamanda, radikal müxalifətə yaxınlaşan birinin bunlardan qaçdığına görə peşman olurlar. İbrahimbəyovun bu addımları həm də onun siyasətdən getməyinə bir eyham idi. Sosial şəbəkədəki qaraguruh isə ənənəsinə uyğun olaraq, yenə də əks fikirdə olanı hədəfə aldı və təhqir etməyə başladı. Ümumiyyətlə, kim bunların yanında deyilsə, eyni formada hədəfə alırlar, quldur dəstələri vasitəsi ilə onu söydürməyə başlayırlar. Açığı, bunların hərəkətinə təəccüblənmədim. Çünki kim "Milli Şura”nın, AXCP-nin üzvü deyilsə, Əli Kərimlinin düşməni olur. Ona görə də, radikal müxalifət düşərgəsi bu gündədir”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli də bildirdi ki, Əli Kərimlinin R.İbrahimbəyovla bağlı "sosial sifariş” fikrindəki yalnız "sifariş” sözü dediklərinə uyğun gəlir: "Əlbəttə ki, bir neçə il əvvəl Rüstəm İbrahimbəyovun müxalifətin vahid namizəd kimi irəli sürülməsi sosial sifariş yox, xaricdən gələn sifariş idi. Buna uyğun olaraq, "Milli Şura” adlanan, əslində anti-milli mahiyyətə malik olan o qrupun üzvləri Rüstəm İbrahimbəyovun liderliyi ilə bəh-bəhlə razılaşdılar. Təbii ki, bu ənənəvi yanaşma tərzidir. Əslində bu yanaşma 2013-cü ildə baş verən proseslərdə də qabarıq şəkildə nəzərə çarpırdı. İlk dəfə deyil ki, bu radikal düşərgəyə ya kənardan transfer olunan, ya da öz içərilərindən olan insanlara belə tənqidi münasibət bəslənilir. Mütəmadi olaraq, o düşərgədə təmsil olunan insanların arasında qarşılıqlı ittihamların şahidi oluruq. Ardıcıl şəkildə biri-birini bu və ya digər ölkənin maraqlarına xidmət etməkdə, satqınlıqda, xəyanətdə və sair də ittiham edirlər. Bu aspektdən onların yanaşma tərzinə təəccüblənmirəm”.
E.Mirzəbəyli qeyd etdi ki, yaxın gələcəkdə R.İbrahimbəyova qarşı daha sərt fikirlərin səslənməsi də mümkündür: "İndiki şəraitdə onlar sadəcə olaraq, odla su arasında qalıblar. Çünki izahını verməlidirlər ki, nə üçün vaxtında Rüstəm İbrahimbəyovun arxasına, kölgəsinə düşüb gedirdilər? Nə üçün bu gün İbrahimbəyov onları adam yerinə qoymur? Təbii ki, bütün bunların izahı verilməlidir, səbəb göstərilməlidir. Amma gördüyünüz kimi manipulyasiya xarakterli fikirlər səsləndirilir”.

AZAD
banner

Oxşar Xəbərlər