• çərşənbə axşamı, 19 mart, 09:52
  • Baku Bakı 8°C

“Kiçik bazarlar üçün istehsal iqtisadi cəhətdən rentabelli olmur” - MÜSAHİBƏ

24.09.22 04:00 1970
“Kiçik bazarlar üçün istehsal iqtisadi cəhətdən rentabelli olmur” - MÜSAHİBƏ

Elşad Məmmədov: “Biz maksimum 9-10 milyon istehlakçı üçün istehsal edəcəyik, Çində isə milyardlarla adam üçün istehsal aparılır. İstehsal sayı nə qədər çoxdursa, istehsal xərci o qədər azalır. Deməli, Çindəki məhsulun maya dəyəri Azərbaycanda istehsal olunandan xeyli aşağı başa gəlir. Ona görə, yerli məhsulun xaricdən gələnlərlə qiymət cəhətdən rəqabəti çətin olacaq”. 

Alış-veriş edərkən qarşımıza, əsasən, xarici ölkələrin istehsalı olan məhsullar çıxır. Bir çox xarici məhsulları alanda düşünürük ki, elə bunu ölkəmizdə də istehsal etmək olar, bu zaman daha ucuz başa gələr. Ancaq gözlədiyimiz o istehsal səviyyəsi yoxdur. Müəyyən istiqamətlərdə istehsal var, ancaq onlarda da təsəvvür etdiyimiz münasib qiymətləri görmürük. Bu istiqamətlərdə yaranan suallar ətrafında Odlar Yurdu Universitetinin iqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, iqtisad üzrə elmlər doktoru, professor Elşad Məmmədovla söhbət etdik.

- “Bizim Cəbiş müəllim” filmində görürük ki, sabunu evdə də istehsal etmək mümkündür. Amma mağazalarımızda, demək olar ki, xarici ölkə istehsalı olan sabunları görürük. Demirəm ki, evdə sabun bişirək, amma satışda niyə əsasən idxal məhsullarıdır?

- Sabunlar, yuyucu tozlar, diş pastaları və s. məişət kimyası ilə bağlı olan məhsulların yerli istehsalını təşkil etmək olar. Amma bunun üçün investisiyalar yatırılmalı, zavodlar tikilməlidir. Deyək ki, istehsal etdik, bəs onlar Çin, Rusiya, Türkiyə və s. kimi ölkələrdən gətirilən məhsullarla bizim bazarda rəqabət apara biləcək? Əksər hallarda yox.

- Əsas hansı istiqamətdə rəqabətdə problem olacaq?
- Düzdür, müasir iqtisadiyyatda bir məhsulu keyfiyyətlə istehsal etmək o məhsulun bazarda rəqabətə tab gətirməsi üçün kifayət deyil. Ancaq keyfiyyət məsələsində rəqabət aparmaq da asan deyil. Çünki beynəlxalq aləmdə keyfiyyət standartları ilə bağlı ciddi və sərt yanaşmalar var. Həmin beynəlxalq standartların sertifikatlarının alınması yerli istehsalla məşğul olan şirkətlər üçün böyük investisiya tələb edir. Həmin sertifikatları almaq üçün texnoloji quruluşlar beynəlxalq standartlara uyğun gəlməlidir. Həmin avadanlıqların gətirilməsi çox xərc tələb edir. Standartlar sərt şəkildə tətbiq olunmalıdır ki, keyfiyyət də rəqabətə davamlı olsun. Üstəlik, dövlət standartlarının tətbiqi qiymət artımına gətirib çıxarmamalıdır. Lazım olanda dövlət müvafiq güzəştə getməlidir ki, sahibkar o sertifikatı əldə edə bilsin.
İstehsal xərcləri cəhətdən yanaşanda daxili bazarımız böyük deyil. Biz maksimum 9-10 milyon istehlakçı üçün istehsal edəcəyik, Çində isə milyardlarla adam üçün istehsal aparılır. İstehsal sayı nə qədər çoxdursa, istehsal xərci o qədər azalır. Deməli, Çindəki məhsulun maya dəyəri Azərbaycanda istehsal olunandan xeyli aşağı başa gəlir. Ona görə, yerli məhsulun xaricdən gələnlərlə qiymət cəhətdən rəqabəti çətin olacaq. Bilirsiniz, bu, qlobal problemdir. Bir çox hallarda kiçik bazarlar üçün istehsal iqtisadi cəhətdən rentabelli olmur. Bu o demək deyil ki, istehsalı ölkədə reallaşdırmaq olmaz. Sadəcə, məsələnin başqa tərəfləri də var.

- Yerli istehsalla bağlı danışanda birinci investisiya məsələsini vurğuladınız.
- Yerli istehsala yatırım edilməlidir ki, zavodlar, fabriklər tikilsin. Beynəlxalq təcrübəyə baxsaq, o yatırımların da bir mənbəyi olmalıdır. Məsələn, investorların öz əlində böyük vəsait olmalıdır. Azərbaycanda böyük sərmayələrin müxtəlif istiqamətdə edilməsi üçün investorların o qədər imkanı yoxdur. Xarici investorlara isə daha böyük bazarı olan ölkələrdə istehsal maraqlıdır. Əgər investorların əlində o vəsait yoxdursa, onlar maliyyəni iki istiqamətdən cəlb edə bilərlər. Birincisi, fond bazarına çıxır, səhm buraxır, vəsait cəlb edir, onu investisiya şəklində yatırır. Fond bazarı da bizdə o səviyyədə inkişaf etməyib. İkincisi də, bankdan kredit cəlb etməkdir. Amma bank səhmdara krediti 15 faizlə təklif edirsə, o istehsaldan gəlir 3-4 faizdirsə, 15 faizlik krediti necə götürsün? Bank sektorunda yanaşmalar dəyişməlidir. Gündəlik istehlak məhsullarının istehsalının qurulması üçün iqtisadiyyatımıza yumşaq kredit faizləri lazımdır. 3-4 faizlik kredit xətləri açılmalıdır. Demirəm ki, universal faiz qoyulsun. İqtisadiyyatın hər sahəsinin öz rentabellik göstəricisi var. Sahələrə görə faizləri diferensial etmək daha uyğun olardı.

- Yerli istehsalla bağlı danışılanda əsas problem kimi xammal məsələsi də vurğulanır. Deyirlər ki, xammal xaricdən gəlir, ona görə yerli istehsal sərfəli deyil. Xammal nə dərəcədə problem yaradan məsələdir?
- Təbii resurs cəhətdən zəngin ölkəyik. Əksinə, Azərbaycanda hasil olunan təbii resursların təqribən 80 faizi xammal şəklində ixrac edilir. Necə deyə bilərik ki, xammal çatışmazlığına görə istehsalı qura bilmirik? Düzdür, elə sahələr var ki, xammal yoxdur, bu da təbiidir. Dünyada elə dövlət tapmaq mümkün deyil ki, orada bütün xammal resursları lazımi həcmdə olsun. Neftimizin 80 faizi ixraca xammal şəklində gedir. Dünyada ən çox əlavə dəyər verən sahələrdən biri neft kimyasıdır. Məişət kimyasından danışdıq, sabun, yuyucu tozları və s.  Hamısının bünövrəsi, ilkin xammal bazası neftdir. Qaz kimyası var, qazın da 70-80 faizini xammal şəklində ixrac edirik. Demirəm ki, xammal ixracını dayandıraq. O bizə valyuta gətirir. Amma biz o resursları emala yönəldib o cür ixrac etsək, dəfələrlə çox valyuta daxil olar, dəfələrlə çox yeni iş yerləri açılar.

- Hansısa sahədə yerli istehsala başlananda deyirlər ki, qiyməti xaricdən gələndən münasib olacaq. Amma yerli istehsal məhsullarının qiymətləri də idxaldan çox fərqlənmir. Daha uyğun qiymətə istehsal üçün çıxış yolumuz nədir?
- Qonşu dövlətlərlə iqtisadi əməkdaşlığın dərinləşməsinə nail olmasaq, bu problemlərin həlli çətin olacaq. İqtisadi inteqrasiya olmalıdır ki, məhsullarımızın bazarı genişlənsin. Digər məqam isə odur ki, “Made in Azerbaijan” brendi ilə bazara çıxarılan, ölkəmizdə “istehsal” olunan əksər məhsulların çoxunda qablaşdırma Azərbaycanda olur. İstehsal üçün lazım olan şeylər idxal olunur. Qablaşdırma məhsulları qida məhsuludursa, qida əlavələri idxal olunur. Biz onlara nə dərəcədə Azərbaycan məhsulu deyə bilərik? Yerli meyvənin maya dəyərinin 60-70 faiz xərci gübrədir. Gübrə də idxal olunursa, necə ucuz başa gəlsin? İqtisadi proseslərdə inhisarçılıq meyillərinin aradan qaldırılması da vacibdir.

- Kolbasa, sosiska kimi ət məhsulları, şərab istehsalı ilə bağlı şirkətlər bazarda müəyyən qədər yer tuta bildilər. Sizcə, niyə bu sahələrdə alındı?
- Son illər bir çox istiqamətlər üzrə brendləşmə gedir. Azərbaycan məhsullarını biz həm daxili, həm də xarici bazarlarda görürük. Amma onlar dövlətin xüsusi diqqət və qayğısı olan istiqamətlərdir. Həmin istiqamətə investisiyalar gedir, texnologiyalar idxal olunur, nəticə də özünü göstərir. Amma biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Hər şeyi dövlətin üzərinə qoymaq da olmaz. Hər şeyi dövlətdən gözləsək, gərək bazar iqtisadiyyatından imtina edib dövlət iqtisadiyyatına keçək. Dövlət, sadəcə, istehsal üçün şərait yaratmalıdır. Daxili özəl investisiya institutunun yaradılmasına nail olmalıyıq. Dövlət infrastrukturla təmin etməlidir. Kommunal xidmətlərə çıxış, lazımi yollar, bank sektorunun inkişafı və s. Sahibkarın masasının üstündə ən azı uyğun 5 bank təklifi olmalıdır. Biri 3 faizlə təklif edir, biri 4 faizlə və s. İndiki təkliflərdə isə faizlər 13, 15 kimi rəqəmlərdir, heç biri də uyğun deyil.

- Bankların reklamlarında bizneslər üçün güzəştli kredit təkliflərinə çox rast gəlirik.
- Razıyam, bir çox hallarda banklar deyirlər ki, biznes üçün güzəştli kredit təklif edirik. Müraciət edəndə bildirirlər ki, 20-30 min manata qədər kredit verə bilərik. 20 min manata qədər kreditlə istehsal qurmaq mümkün deyil. Yaxud güzəştli kreditdir, amma deyir ki, girov gətir. Girovları da çox aşağı məbləğə hesablayırlar. Bank özü də investor kimi çıxış edə bilər. Dünyada əksər banklarda investisiya yönümlü departamentlər var. Onlar istehsalda iştirak edirlər. İstehsaldan dividend götürürlər. Azərbaycanda banklarda bu istiqamət, zənnimcə, çox zəif inkişaf etməkdədir.

- Azərbaycanda 5-6 ildir dərman istehsalı ilə bağlı işlərin genişlədiriləcəyi xəbərləri alırıq. Amma gözlənilən istehsal yoxdur. Belə fikirlər səsləndirilir ki, dərman istehsalını qurmaq üçün ölkədə mütəxəssis yoxdur. İstehsala mane olan faktorlar arasında mütəxəssis qıtlığı varmı?
- Təəssüf ki, bu amil də var. Son illər bu istiqamətdə boşluqların olmasını və artmasını görürük. Təhsil sferasında elmi infrastrukturu real istehsalla əlaqələndirməyə nail olmalıyıq. Digər tərəfdən, təəssüf ki, ali təhsillə bağlı yeni standartlarda ixtisasların sayının artırılması əvəzinə azaldılmasına gedilib. Nümunələr deyim. Əvvəllər iqtisad yönümlü universitetlərdə kənd təsərrüfatı üzrə mütəxəssislərin hazırlığı ilə bağlı ayrıca ixtisas mövcud idi, indi yoxdur. Yaxud iqtisad yönümlü universitetlərdə sənaye üzrə mütəxəssis yetişdirilmədən emal sektorunu necə inkişaf etdirə bilərsiniz? Dünya iqtisadiyyatı ixtisası ləğv olunub, yerinə xarici ticarət və logistika ixtisası gətirilib. Bəyəm dünya iqtisadiyyatı yalnız xarici ticarət və logistikadan asılıdır? Biz investisiyalardan danışdıq. Beynəlxalq kapital hərəkəti təhlil edilmədən siz iqtisadiyyatda hansı iqtisadi, investisiya yönümlü yanaşmaları tətbiq edə bilərsiniz? Xarici ticarət deyəndə ancaq xammal satmalı, nəyisə idxal etməliyik? Azərbaycan iqtisadiyyatı fənni iqtisadiyyatla bağlı əksər ixtisaslardan çıxarılıb, seçmə fənn kimi olub. Yerinə xarici dil salınır. Dil öyrənilməsi üçün tələbələrə şərait yaradılmalıdır, amma bu cür əvəzetmə doğru deyil. Azərbaycanda iqtisadi sahədə təhsil alan adam Azərbaycan iqtisadiyyatı fənnindən təhsil almadan necə mütəxəssis ola bilər? Bir də menecment sisteminin təşkili önəmlidir. İdarəetməyə mütəxəssislər gətirilməlidir. Bu da istehsalın təşkilində problem yaradan məsələdir. Bu məsələlər qısa zamanda həllini tapmalıdır, yoxsa mütəxəssis hazırlığı ilə bağlı problemlər qaçılmaz olacaq.

- Qablaşdırma işinin yerli istehsalının təşkilinin mümkünlük ehtimalından danışaq.
- Qablaşdırma beynəlxalq iqtisadi münasibətlər çərçivəsində ən gəlirli, rentabelli istiqamətlərdən biridir. Amma dünyada bu sahədə böyük inhisarçılıq var. Çox az sayda beynəlxalq transmilli şirkətlər bu bazarı, demək olar ki, əldə saxlayıblar, şərtləri onlar diqtə edirlər. Rusiyaya qarşı sanksiyalar tətbiq olunanda Rusiyanın ən böyük ticarət şəbəkələri, istehsal müəssisələri üçün ən çətin məsələlərdən biri qablaşdırma ilə bağlı oldu. Rəsmi məlumatlara görə, 140-145 milyon, qeyri-rəsmi 160-170 milyonluq bazarı olan ölkənin qablaşdırma ilə bağlı müəssisələri kifayət qədər yox idi. Sanksiyalar nəticəsində marketlərdə bəzi məhsulları bankalarda satdılar. Çünki bu prosesi qurmaq çətindir. Böyük satış bazarları qurmaq lazımdır. Qablaşdırmada istehsal milyonlarla deyil, yüz milyonlarla satışlarla ölçülür. Qablaşdırmanı qurmaq kiçik ölkələr üçün çətindir. Çünki baha başa gələcək.

- Belə fikirlər səsləndirilir ki, yerli istehsalı stimullaşdırmaq üçün yerli istehsal olan sahələrdə idxala daha çox rüsum tətbiq olunsun.
- Bu, çox mühüm məqamdır və şaxələndirilmiş yanaşma olmalıdır. Əgər həmin məhsul, yaxud məhsul qrupu ölkədə lazımi səviyyədə, bir-iki yox, bir çox istehsalçı tərəfindən rəqabət mühiti şəraitində istehsal olunub bazara çıxarılırsa, həmin məhsulların keyfiyyəti istehlakçıları da qane edirsə, dünya təcrübəsi deyir ki, idxal rüsumlarından istifadə edə bilərik. İdxal-ixrac əməliyyatlarının idarə edilməsində daxili bazarı və yerli istehsalçını qorumaq üçün müxtəlif texniki məhdudiyyətləri də tətbiq etmək mümkündür. Amma ölkədə bir məhsulun 2-3 istehsalçısı varsa, idxalına rüsumu artırırsınızsa, idxala məhdudiyyətlər qoyulursa, bu, idxal məhsulunun qiymətinin artımına səbəb olacaq. Digər tərəfdən, yerli inhisarçılar qiyməti artıracaqlar ki, onsuz alıcının başqa seçimi yoxdur. İstehlakçının yerli məhsulu rahatlıqla alması burda çox önəmlidir. Amma hələ ki yerli istehsal məhsullarının keyfiyyəti qaneedici deyil.

Aygün Asimqızı

 

banner

Oxşar Xəbərlər