• şənbə, 20 Aprel, 02:53
  • Baku Bakı 15°C

Kibrit qutusunda səyahət

24.04.21 11:00 1298
Kibrit qutusunda səyahət
ABŞ-da və Almaniyada geniş yayılan karavan turizminin Azərbaycana da gətirilməsi mümkündür

Koronavirus hamımızı evlərə qapatdı, bütün alışqanlıqlarımızı dəyişdi. Dəyişən maraqlarımız arasında tətil vərdişlərimiz də yer alıb. Özəlliklə turizm mövsümü üçün bir canlanma gözləyərkən sakitlik axtarışında olan, qələbəliyi sevməyən turistlər karavan turizmini məsləhət görür. Karavan turizmi müstəqil şəkildə təbiətə getmək istəyənlərin seçdiyi tətil növüdür. Həm ailəsi ilə, həm qələbəlikdən uzaqda, təcrid olunmuş bir şəkildə istədiyi yerdə tətil keçirməyi planlayanlar üçün turizmin bu növü ən münasib fürsətdir. Xüsusən son dönəmdə otellərin qapalı olduğu, açıq olsa belə qiymətlərinin od-tutub yandığı bir vaxtda, eləcə də sərhədlərin dörd bir yandan bağlı olması ailələri turizmin bu növünə təşviq edir. Turistlər bir karavanı icarəyə götürərək ölkələrinin bir ucundan o biri ucuna səyahətə çıxırlar. İstər dağ başında, istər dəniz kənarında və ya yaşıllığın ortasında istirahətdən zövq alırlar.

ABŞ-da turizmin bu növü "Kiçik ev hərəkatı” adı ilə məşhurdur və "həyatlarını asanlaşdırmaq istəyənlərin turizmi” adlanır. Kiçik məkanlarda yaşamaq, həyatı sadələşdirmək və təbiətə daha az zərər verən addımlar atmaq kimi prinsiplərə malik "Kiçik ev hərəkatı” ABŞ və onun sərhədlərindən kənara yayılmaqdadır. Qeyd edək ki, kiçik məkanlarda yaşamaq düşüncəsini qəbul etmiş insanlar arasında macara axtaranlar da az deyil. Getdikləri hər yerə öz evlərini aparan bu macəraçıların yaşam tərzi olduqca maraqlıdır. Hər səhər gözlərini yeni bir ünvanda açan bu insanlar haqqında heyrətamiz hekayələr mövcuddur. Bu tip turistlər ev kirayəsi pulunu ödəyərək eyni ünvanda yaşamaq əvəzinə ölkələrinin daxilində və ya sərhədləri keçərək eyni xərclə səyahətin mümkün ola biləcəyini sübut etmək istəyirlər. "Karavan” yalnız turizm demək deyil və bundan artıq anlayışa malikdir. Yəni, bu, insanın bütün əşyalarını yerləşdirə bildiyi, eyni zamanda qidalanma və gecələmə kimi bütün ünsürləri özündə birləşdirən spesifik avtonəqliyyat növü sayılır” deyə qeyd edirlər.

Avtofurqonlarda yaşamaq
Turizmçilər də uzun sürən səyahət hesab edilən karavan turizminin avtomobil turizminin bir növü olduğunu qeyd edirlər. Həmçinin bu marşrut zamanı avtofurqonlardan da geniş şəkildə istifadə edirlər: "Karavan – avtofurqonlarda yaşamaq” mənasını ifadə edir. Turizmin bu marşrutu turistlərin istifadə etdiyi əsas turizm növlərindən sayılır və özünə xas olan məşhurluğu ilə seçilir. Həmçinin hansı ölkələrdə kempinq sistemi çox yüksək səviyyədə qurulubsa, həmin ərazilər daxilində öz spesifikliyini qorumaq gücünə malikdir”.
Qeyd edək ki, turizmin bu növü yeni-yeni aktuallaşsa da, əslində nəqliyyat növlərində yaşamaq və onların hərəkət etməsinə baxmayaraq daxilində həyat sürmək hələ qədim Misirdə mövcud olub. Lakin müasir dövrümüzdə belə balaca kibrit qutusunda yaşayış və nəqliyyat ünsürləri amerikan furqonlarına əsaslanaraq Qərbdə formalaşıb. ABŞ hazırda da bütün dünya arenasında karavan turizminin ən yüksək səviyyədə inkişaf etdiyi ölkə sayılır. Avropada isə karavanların inkişafına keçən əsrin 30-cu illərindən başlanıb. Bu ölkələr sırasında ən çox Almaniya inkişafa təkan verən dövlət sayılıb. Lakin II Dünya müharibəsinin başlanması həm ölkə daxilində, həm də bütün dünyada turizm anlayışının aradan qalxmasına, bu sahədə durğunluq yaranmasına səbəb oldu. Lakin çoxsaylı maddi vəsaitlərin qoyulması və müharibədən sonrakı mərhələdə yaraların sarılması nəticəsində 40-cı illərin ikinci yarısından sonra karvanların da yenidən formalaşması dövrü başladı. Müasir zamanımızda avropalılar kempinq və karavan turizm marşrutu üçün 10,8 milyon gecələmə hissəsi ayırıblar. Bu, Avropanın ən geniş turistik sahəsi sayılır və adi turizm biznesinə ayrılan 8,7 milyon yer deməkdir.

Hazırda Almaniyada 5,2 milyon şəxs karavanlarla və onların həmkarları olan 1,1 milyon şəxs bu turizm növünə xarici ölkələrdən axın edərək qatılırlar.
Turizmin bu növü artıq təkcə ABŞ və Avropada deyil, o cümlədən Türkiyədə də geniş yayılmaqdadır. Türkiyə turizmində də karavan turizmi mühüm rola malikdir. Yerli turizmçilər hesab edirlər ki, ümumiyyətlə, ölkədə karavan turizminin aludəçiləri var. "İnsanlar tətillərindən səmərəli istifadə etmək istəyirlər. Həm sağlamlıqlarının qayğısına qalmaq, həm vaxtlarını ailələri və ya dostları ilə şən keçirmək üçün pandemiya dövründə təcrid olunmuş şəkildə istirahətə üstünlük verməyi planlayırlar. Bu mənada karavan turizminin bu yay da ən populyar alternativlərdən biri olacağı gözlənilir. Ümumiyyətlə, karavan turizmi zamanı insanlar artıq avtomobillərinin köməkliyi ilə saatın neçə olmasından, mövsümün hansı formaya gəlməsindən asılı olmayaraq, evdən çıxa bilirlər. Sükanın arxasına əyləşərək, onları düşündürən heç bir problem olmadan azad şəkildə istirahətlərinin arxasınca getməkdə sərbəstdirlər”. Turizimçilərin məsləhətinə görə, bu marşrutlarda pandemiya zamanı sosial məsafəni gözləmək mütləqdir: "Avtomobili parketmə tərzi və tent kimi avadanlıqlardan istifadə digər karavanlarla məsafəni qorumağa səbəb olur. Bu, epidemiya günlərində hamının hədəflədiyi bir vəziyyətdir. Karavan tətilində öz yeməklərini hazırlamaq və yemək seçimi olduğundan sosial məsafəni gözləməklə maraqlı istirahət təşkil etmək mümkündür. Bütün bu üstünlüklərə görə, bu yay karavan tətilinə bütün alternativlərdən daha çox üstünlük veriləcəyi görünür”.
Bu sektora yatırım

Almaniyada bizneslə məşğul olan, "Sevara Group” şirkətinin direktoru Rəşad Quliyevin fikrincə, Almaniya təcrübəsini Azərbaycanda tətbiq etməklə turizm sektorunu inkişaf etdirmək olar. "Almaniya hökumətinin ölkə xaricinə gediş-gəlişə həm havadan, həm də qurudan məhdudiyyət qoyması ölkədaxili turizmə marağı daha da artırıb. Nəzərə alsaq ki, məlum pandemiya səbəbindən bütün otellər və restoranlar hələ də bağlıdır, o zaman ortada bir sual yaranır. İndiki vəziyyətdə yay istirahətini necə səmərəli keçirtmək olar? Almanlar çox dəqiq millətdilər. Bütün planlarını öncədən - hətta 1 il əvvəldən qururlar. Və nəticə etibarı ilə də qurulmuş plana əsasən məzuniyyət götürülür. Yolların bağlı olması isə səyahət planlarını at-üst edir. Təbii ki, belə bir zamanda karavan göz önünə gələn ən ideal vasitədir”. R.Quliyevin sözlərinə görə, avtomobil sektorunda Avropada özünəməxsus satış bazarı təşkil edən yeganə kateqoriya da məhz karavanlardır: "Avropalılar "dünyanın düz vaxtı” belə, otellərə əsassız yerə pul xərcləməkdən çəkinirlər. Otel otaqlarına sadəcə gecələmək üçün tökülən pulları daha da səmərəli istifadə edənlər karavan sahibləri və kirayəçiləridir. Belə ki, hər bir avropalı kimi almanlar da avtomobil səyahətinə üstünlük verirlər.
Hansı ki, həm nəqliyyat vasitəsi, həm də mobil otel. İstədiyin ölkəyə gedib, istədiyin yerdə dincəlmək şansı məhz karavan sahiblərinə məxsusdur. Buna görə də artıq karavan satışlarına və kirayəsinə maraq getdikcə artır. Təəssüf ki, ölkəmizdə bu tip avtomobillərə maraq çox azdır. Nədənsə lüks hotellərə, gün ərzində limitsiz yeyib içməyə daha çox pul xərcləməyə üstünlük veririk. Nəticədə isə 2 həftəlik istirahət planımız sadəcə bahalı biletlərə pul xərcləmək, gün ərzində yeyib-içmək, hovuzdan çıxmamaq və gecəni yataraq səhər eyni proqramı təkrarlamaqla keçir. Şəxsən mən artıq illərdir bu tip səyahətlərdən çəkinmişəm”. R.Quliyev ölkəmizdə iş adamlarının bu sektora ciddi yanaşmalarını təklif edir: "Füsunkar təbiətə malik ölkəmizin gəzməli çox yerləri var. Həmçinin ölkə xaricinə də səfərlər mümkündür. Çox yüksək investisiya tələb etməyən bu sektora yatırım etmək məqsədəuyğundur. Bu tip avtomobillərin satışını təşkil etməklə yanaşı, gündəlik, həftəlik və ya aylıq olaraq kirayə verilməsi də mümkündür”.
Sabahın marşrutu
Təəssüf ki, bizim ölkəmizdə nə pandemiyadan əvvəl, nə də pandemiya dövründə karavanturizminin həvəskarları yoxdur. Olsa-olsa öz şəxsi avtomobillərində səyahətə çıxanlar var.Nəzərə alsaq ki, səyahət zamanı şəxsi avtomobillərin müəyyən prinsiplərə uyğun olaraq qarajlarda saxlanılması, eyni zamanda urbanizasiya prosesi yaşayan ölkələrdə bu tipli xidmətlərin baha qiymətə verilməsi problemləri də insanları gözləyir, onda şəxsi avtomobillə səyahətin də ucuz başa gəlmədiyinə əmin olmaq olar.
Azərbaycan Turizm Assosiasiyasının sədrinin müşaviri Müzəffər Ağakərimov da bu faktı təsdiqləyir: "Ərazisi böyük olan ölkələrdə turizmin bu növünə tez-tez rast gəlinir. Azərbaycanın ərazisi çox da böyük deyil. Məsələn, Bakıdan Astaraya 320 km-dir. Hazırda bizim ölkəmizdə karavan turizmi yoxdur. Öz avtomobillərində səyahətə çıxan turistlər var. Onlar da təkcə sahib olduğu və ya kirayələdiyi avtomobildə deyil, bəzən yolkənarı otel və motellərdə dincəlir, restoranlarda yemək yeyir və s. Karavan turizmi uzun məsafəli ölkələr və ya ölkədən- ölkəyə səfər etmək istəyənlər üçün məqsədəuyğundur”. Bununla belə, turizmçi hesab edir ki, ölkəmizdə də turizmin bu marşrutunu inkişaf etdirmək olar: "Qəbələdən Qubaya yol çəkilişi layihəsi var. Marşrutu şimal zonasından cənub və ya qərb zonasından şimala keçid kimi də işləmək olar. Bunun üçün turizm şirkətləri belə marşrutları tərtib etməlidirlər. Turistlərin gecələmələri üçün motellər, kampinqlər, yol kənarı ucuz otellər və ya çadırlar olmalıdır. Ölkə daxilində hərəkət etmək, məsələn, Şamaxıdan başlayıb Balakənə getmək, həmçinin xaricə də çıxmaq olar. Sovet dövründə Şəkidən Telaviyə çıxış var idi. Hər hansı meşə zolağında, dəniz kənarında karavanları saxlama yerləri olmalı və gigiyenik tələblərə cavab verilməlidir. Karavanı hər yerdə saxlamaq olmaz. Buna görə marşrut işlənməlidir. Bu, sabahın marşrutudur”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər