Köhnə müttəfiqlərin yeni ittifaqları
Avstraliya, ABŞ və Böyük
Britaniya arasında müdafiə və təhlükəsizlik sahəsi ilə bağlı imzalanan AUKUS
müqaviləsi hazırda dünyanın ən böyük hərbi alyansı olan NATO üçün sonun
başlanğıcı ola bilər
Ötən həftə Avstraliya,
ABŞ və Böyük Britaniya arasında müdafiə və təhlükəsizlik sahəsi ilə bağlı
imzalanan AUKUS (sadalan ölkələrin adlarının abreviaturası) müqaviləsi dünya
gündəminin əsas mövzusuna çevrilib. Müqaviləyə əsasən, Vaşinqtonla London
Avstraliya üçün ən azı 8 atom sualtı qayıq istehsal edəcək. Nəticədə,
Avstraliya 90 milyard dollarlıq sualtı qayıqların alınmasına dair Fransa ilə
imzaladığı razılaşmadan imtina edib. Bu anqlasakson ittifaqı Çinin Hind-Sakit
okean regionunda artan nüfuzuna qarşı yaradılsa da, bu müqavilədən əsas zərər çəkən
dövlətin Fransa olduğu aydındır. Bəs AUKUS hərbi ittifaqı NATO-nun dağılmasına
səbəb ola bilərmi? Bu ittifaqa cavab olaraq Avropa İttifaqı (Aİ) ordusu yaradıla
bilərmi? Azərbaycanla Türkiyə yeni hərbi
ittifaq yaradılması haqda düşünməlidirmi?
NATO üçün
sonun başlanğıcı
ABŞ-ın NATO-dakı müttəfiqləri
ilə məsləhətləşmədən Əfqanıstandan çıxması hərbi blokda narazılıqla
qarşılanmışdı. AUKUS müqaviləsi, əslində, Vaşinqton ilə Londonun da NATO-dan
narazı olduğunu göstərir. Bu gün Soyuq müharibə dönəminin hərbi blokunun gələcəyinin
şübhə altında olduğunu söyləyə bilərik. Buna səbəb NATO-ya üzv ölkələrinin müxtəlif
regional məsələlərdə maraqlarının üst-üstə düşməməsidir. Məsələn, hərbi blokun ən
nüfuzlu ölkələrinin – ABŞ, Böyük Britaniya, Türkiyə, Fransa və Almaniyanın
Yaxın Şərq, Şimali Afrika, Aralıq dənizi hövzəsi, Cənubi Qafqaz regionu ilə
bağlı fikir ayrılıqları var. Odur ki, müasir
dövrdə effektivliyi sual altında olan hərbi blok NATO-nun maliyyə xərclərinin
böyük hissəsini qarşılayan ABŞ üçün sadəcə böyük yükdür.
Odur ki, Avropa və
dünyada yaxın gələcəkdə bir sıra ölkələrin birləşdiyi hərbi ittifaqların yaranacağını
proqnozlaşdırmaq olar. Beləliklə, ABŞ ilə Böyük Britaniyanın hazırkı addımlarını
NATO üçün sonun başlanğıcı kimi dəyərləndirmək mümkündür.
Bəs Azərbaycanla
Türkiyə nə etməlidir?
Bu gün Azərbaycan və
Türkiyənin Çinlə sıx əlaqələri var. Bakı Pekinin təşəbbüsü ilə həyata keçirilən
"Bir kəmər, bir yol” layihəsinə qoşulub. Buna görə Azərbaycanla Türkiyənin Çinə
qarşı qurulan ittifaqlarda yer alacağını gözləmək sadəlövhlük olardı. Amma Bakı
ilə Ankaranın İslamabadla birgə hərbi ittifaq qurması realdır. Fikrimcə, bu
günlərdə Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələrinin "Üç
qardaş-2021” beynəlxalq təliminə başlaması təsadüfi deyil. Bu üç dövlətin
yaradacağı hərbi ittifaq Mərkəzi Asiya, Yaxın Şərq, Cənubi Qafqaz regionunda
mühüm rol oynaya bilər. Artıq NATO Rusiyanın başçılıq etdiyi, ölü doğulmuş
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kimi hərbi ittifaqların dönəmi
bitib. Üzvlərinin sayı çox olan hərbi bloklarda xeyli problemlər mövcuddur: üzv
dövlətlər bir-birinə qarşı ərazi iddiaları irəli sürür, regional məsələlərdə
birgə hərəkət etmir və sair.
Odur ki, enerji
resursları ilə zəngin Azərbaycanla dünyada ən güclü ordulardan birinə malik Türkiyə,
nüvə silahı olan Pakistanla birgə daha effektli, milli maraqlarına uyğun olan hərbi
ittifaq yarada bilər. Bu gün artıq iki ölkə arasında hərbi ittifaqın
yaradılması üçün təməl mövcuddur. Söhbət Azərbaycan prezidenti İlham Əliyevlə
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında imzalanmış Şuşa Bəyannaməsindən
gedir.
Avropada NATO
əvəzinə yeni ordu
Fransanın xarici işlər
naziri Jan-İv Le Drian AUKUS müqaviləsinin Parisin NATO-dan çıxmasına səbəb
olmayacağını söyləsə də, avropalı ekspertlər arasında Aİ-nin yeni ordu
yaradacağı ilə bağlı fikirlər daha geniş yayılmağa başlayır.
Yeri gəlmişkən, Avropa Komissiyasının
rəhbəri Ursula fon der Leyen Avropa Müdafiə Birliyinin yaradılması ilə bağlı
işlərin sürətləndirilməsinə çağıraraq hərbi-təhlükəsizlik sahəsində yeni səviyyəyə
keçməyin vaxtının yetişdiyini vurğulayıb. Fransa prezidenti Emmanuel Makronun
da bu fikrə müsbət yanaşdığını vurğulamaq yerinə düşər. Doğrudur, Almaniya
kansleri Angela Merkel hər zaman NATO tərəfdarı olub. Amma bu ölkənin gələcək
kanslerinin Avropa ordusu yaradılmasının tərəfdarlarından biri –Armin Laşetin olacağı
gözlənilir. Beləliklə, yaxın gələcəkdə Almaniya və Fransanın başçılıq edəcəyi
Avropa ordusunun yaranacağını təxmin etmək olar.
ABŞ ilə Böyük
Britaniya Makronun "qələmini qırdı”?
Türkiyəli siyasi ekspert
Taha Dağlı hesab edir ki, Emmanuel Makron NATO-ya alternativ olaraq Avropa
Ordusu fikrini irəli sürdüyünə, onun hələ Tramp dönəmində "NATO "beyin ölümü”
keçirib” sözlərinə görə bu gün ABŞ tərəfindən cəzalandırılır: "Fransanın Çinlə əlaqələri,
Livan və İraqda təkbaşına hərəkət etməsi, Şərqi Aralıq dənizində gərginlik
yaradan bəyanatları və siyasəti, Liviyadakı fəaliyyəti ABŞ-ı narahat edir”.
Türkiyəli ekspert hesab
edir ki, Parisin Liviyada Moskva ilə gizli əməkdaşlığı, əslində, Rusiyanın
Avropanın cənub sərhədlərinə çatmasına yol açıb.
Taha Dağlı dünyada cərəyan
edən son hadisələrin ABŞ-Fransa münasibətlərindən daha böyük anlam kəsb
etdiyini düşünür: "Əslində, son böhranın tərəflərindən biri Aİ-dir. Qarşı tərəfdə
isə ABŞ ilə Böyük Britaniya dayanıb”.
Türkiyəli ekspert sonda
qeyd edir ki, anqlosakson ittifaqının əsl hədəfi Çin olsa da, ABŞ-ın dostları
sırasında Avropa İttifaqı da yoxdur: "Üstəlik, Fransa cəzalandırıldı. Bu, Aİ-yə
üzv olan digər dövlətləri Çinlə əlaqələri inkişaf etdirməkdən çəkindirə bilər”.
Sənan AĞAMALIZADƏ