• cümə, 29 Mart, 11:58
  • Baku Bakı 5°C

Köhnə bazarda yeni marşrutlar

27.08.19 15:30 4801
Köhnə bazarda yeni marşrutlar
Azərbaycanda Rusiyanın kurort və sanatoriya sektoruna maraq ta sovet dövründən var. İnsanlarımız hər il xüsusən Şimali Qafqazdakı Mineralnıye Vodı kurortlarında, Yessentukidə, Nalçikdə, Kislovodskdə, Jeleznavodskda istirahət etməyi və müayinə olunmağı xoşlayırlar. Ənənə bu gün də davam edir. Elə rusiyalı tərəfdaşlarla Azərbaycan Turizm Agentliyinin ortaq layihələr barədə danışıqları bu ənənənin daha da möhkəmlənəcəyindən xəbər verir. Belə ki, Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kənan Quluzadənin mətbuata verdiyi açıqlamada tərəflərin Şimali Qafqaz istiqamətində birgə pilot layihələr yaratmaq üçün mümkün variantları nəzərdən keçirdikləri bildirilir. Hazırda tərəflər qarşıdan gələn ilin sonuna qədər başlaya biləcək birgə layihələrin təfərrüatlarını müzakirə edirlər: "Hər iki tərəf, xüsusilə bu günə qədər istifadə edilməmiş böyük potensialı nəzərə alaraq turizm sahəsində sıx əməkdaşlıqda maraqlıdır. Layihələr Azərbaycan və Rusiya arasındakı yeni turizm marşrutlarının yaradılmasına, həmçinin kurort və sanatoriya istiqamətinin inkişafına yönəlib”.
Qeyd edək ki, Şimali Qafqazda Azərbaycan sərmayələri ilə tikilən bir neçə sanatoriya var. Bunlardan biri Essentukidəki müasir "İstoçnik”(Mənbə) sanatoriyasıdır ki, bu layihəyə qoyulan ümumi sərmayə 1,5 milyard rubl təşkil edib. Bundan əlavə, tərəflər Kislovodskda bir sıpa kompleksi və Jeleznovodskda bir sanatoriya inşa etmək üçün ortaq bir layihə üzərində işləyirlər. Bu obyektlərin istismara verilməsi 2020-ci ilə planlaşdırılıb.
Rusiya ilə ortaq turizm layihələrinin reallaşmasının iki ölkə arasında əlaqələrin daha da sıxlaşmasına təkan verəcəyi şəksizdir. Bəs bu əməkdaşlığın yerli turizmin inkişafına hansı dəstəyi olacaq?
Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədrinin müşaviriMüzəffər Ağakişiyevyeni turizm marşrutlarının yaradılması üçün Rusiya ilə yeni layihələrin həyata keçirilməsi istiqamətində danışıqları müsbət qiymətləndirir. O mənada ki, Rusiya böyük turizm bazarıdır: "Onsuz da Azərbaycandan Rusiyaya çoxlu sayda turistlər gedir. Mineralnıye vodı, Kislavodsk, Pyatiqorsk kimi kurortlara istirahətə gedənlər çoxdur. O istirahət mərkəzlərində demək olar ki, hər iki nəfərdən biri azərbaycanlı olur”. M.Ağakişiyev həmçinin rusiyalı turistləri ölkəmizə cəlb etmək üçün layihələrin həyata keçirilməsini vacib hesab edir: "Rusiyadan nə qədər çox turist Azərbaycana gəlsə, ölkəmizin iqtisadiyyatına daha çox gəlir qazandırar. Qonşu ölkədən Azərbaycana daha çox turist gətirmək üçün onları Qalaaltı, Naftalan, Duzdağ kimi kurort mərkəzlərinə, yəni Rusiyada olmayan məkanlara cəlb etməliyik. Duzdağ kimi astma xəstəliyini müalicə edən kurort yeri sovet dövründə yalnız Ojqorodda idi. Bu da Ukrayna ərazisinə aid olduğu üçün indi ruslar ora getmirlər. Ona görə biz tövsiyə edərdik ki, Rusiyadan Azərbaycana daha çox turist cəlb etmək üçün qarşılıqlı layihələr həyəta keçirilsin”.
Ekspertin sözlərinə görə, bizim Rusiya ilə dəmiryolu, hava yolu və avtomobil yolu ilə əlaqələrimiz olduğu üçün turizm əlaqələrini inkişaf etdirmək üçün münbit şərait var: "Xüsusən qatar turizmini inkişaf etdirib Şimali Qafqaz istiqamətində bu tip layihələri inkişaf etdirmək olar. Keçmiş sovet dönəmində də bu istiqamətdə xətlər inkişaf etmişdi. Nalçik, Vladiqafqaz və Şimali Qafqazdan Azərbaycana həm avtobusla, həm də qatarla çoxlu turist gəlirdi. Bu istiqamətləri yenidən bərpa etmək, Azərbaycana daha çox turist gətirmək lazımdır”. M.Ağakişiyev hesab edir ki, gəlmə turizmi turizm sektorunda çox önəmlidir. Bu turizm Azərbaycana çox böyük valyuta qazandıra bilər: "Həmçinin, turizm inkişaf etdikcə, ölkədə yeni iş yerlərinin də sayı artacaq. Əgər qarşılıqlı layihələrdə bu amillər diqqətə alınarsa, bizim ölkənin də mənafeyinə daha çox uyğun olar. Bizim yeni mineral mənbələrimiz var. Bu baxımdan yeni kurort məkanları aşkar oluna, otellər tikilə bilər. Bu, həm ölkəyə turistlərin cəlbi, ölkənin tanıdılması, həm iqtisadiyyatın inkişafı, həm də əhalinin məşğulluğunun təmin olunmasıdır».
Turizm eksperti Ceyhun Aşurovhesab edir ki, Rusiyanın Şimali Qafqaz turistik marşrutu Azərbaycan bazarında ənənəvidir. Belə ki, hər il Azərbaycandan xeyli insan Şimali Qafqaza səyahət edir. İstirahət və müalicə məqsədi ilə məhz bu məkanları seçirlər: "Eyni zamanda da oradakı tələbatı nəzərə alaraq, Azərbaycanın bəzi sərmayədarları, iş adamları müəyyən sağlamlıq mərkəzləri, otellər, sanatoriyaların inşasında iştirak ediblər. Bu sahədə Azərbaycan kapitalı var. Bu mənada danışıqlar maraqlı hesab edilərək həm Azərbaycan, həm də Rusiya tərəfdən müzakirələr açılıb”. Ekspert Rusiya turizminə marağın artmasını heç də ölkə daxilində turizm məqsədi ilə maraqlı investisiyalara şəraitin olmaması və yaxud daha qazanclı ola bilməməsi ilə əlaqələndirmir: "Ola bilər ki, orada gələcəkdə hansısa güzəştlər, xüsusi şərtlər nəzərdə tutulsun ki, azərbaycanlı sərmayədarları iş görməyə daha da cəlb etsin. Bu, bir layihə ola bilər. Təbii ki, Şimali Qafqazın Azərbaycan və Rusiya arasında ticari əlaqələri və digər sahələrdəki müxtəlif müştərək münasibətlərini nəzərə alaraq, bu, bir müzakirə mövzusudur. Hal-hazırda iş adamları müəyyən sərmayələr qoyaraq biznes yaradıblar. Dünyada sağlamlıq turizmi artan, yəni gəlirli sahədir. Qalma müddəti daha uzun müddətlidir və Rusiya ilə Azərbaycan arasında vizanın olmaması, coğrafi yaxınlıq, orada tələbatın çox olması, dünyada sağlamlığın bir trend olaraq ildən-ilə artan payı bu layihəni maraqlı edə bilər. Həm iş adamlarını, həm ora təşrif buyuran pasient və turistləri cəlb edə bilər”. Ekspertin fikrincə, iqtisadi mühit və investisiya iqlimi daha çox şeyi həll edəcək: "Ortaq layihələr ətrafında danışıqlar və yaxud aidiyyəti qurumlar arasında müzakirə mövzusu da bununla əlaqədar və bunun nəticəsində olacaq.
"Millenium Turizm Konqres DMC” şirkətinin rəhbəri Ruslan Quliyev Azərbaycanla Rusiya arasında birgə turizm layihələrinin inkişaf variantlarının öyrənilməsini təqdirəlayiq hal hesab edir: "Azərbaycan üçün sovet dövründən başlayaraq Rusiya böyük bazar olub. Paralel olaraq bu variantların öyrənilməsi zamanı müxtəlif arxivləri qaldırmaq olar. Mövcud ənənələrin birgə öyrənilməsinə böyük ehtiyac var”. Turizmçinin fikrincə, məqsəd bu yatırımlar və layihələrin qarşılıqlı olmasına xidmət etməlidir: "Necə ki, Azərbaycan tərəfi 1,5 milyard rubl Şimali Qafqaza sərmayə qoyub, rusiyalı iş adamları da Bakı, Abşeron və bölgələrimizə yatırımlar həyata keçirə bilsinlər. Bu da gələcəkdə rus turistlərinin etibarlılıq şəraitində Azərbaycana gəlməsinin inkişafına kömək edər. Təbii ki, bundan qazanan ancaq Azərbaycan və Rusiya olacaq. Hesab edirəm ki, bütün bunlar Azərbaycan-Rusiya əlaqələrinə böyük töhfədir”.
Təbii ki, əgər ölkəmizdə turizmin inkişafından danışırıqsa digər ortaq layihələrlə yanaşı, gəlmə turizminin inkişafı üçün də layihələr həyata keçirilməlidir. Azərbaycanlı iş adamları kimi, rusiyalı sərmayəçilərin də Azərbaycan turizminə yatırımlarının faydasını görmək qarşılıqlı münasibətlərin inkişafına daha da təkan vermiş olar.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər