• cümə, 23 May, 08:14
  • Baku Bakı 12°C

Köhnə avtomobilini ver, təzəsini al

04.05.17 13:00 2240
Köhnə avtomobilini ver, təzəsini al
"Azərbaycanda elə nasaz avtomobillər var ki, texniki baxışa gəlməkdən yayınırlar”. Bunu Trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
K.Əliyev bildirib ki, həmin avtomobillər istismara yararsızdır: "O avtomobillər daha çox ətraf kəndlərdə, ucqar yerlərdə yaşayanlara məxsusdur. Deyirlər ki, yola çıxmıram, kəndin içində sürürəm, texniki baxışdan keçməsəm də olar. Belə avtomobillərdən kifayət qədər var. O avtomobillərin sahibləri bilirlər ki, texniki baxışa gəlsələr, həmin avtomobillərin texniki baxışdan keçməsi mümkün olmayacaq, ümumiyyətlə, istismarına icazə verilməyəcək. Ona görə də o avtomobillərin sahibləri həmin nəqliyyat vasitələrini texniki baxışdan yayındırırlar".
K.Əliyev qeyd edib ki, elə avtomobillər istismardan çıxarılmalıdır: "Onların eləsi var ki, görkəmindən saz avtomobilə oxşayır, mexaniki hissələrində də ciddi problem yoxdur. Amma həmin avtomobillərin metal hissəsii daxildən o qədər korroziyaya uğrayıb ki, heç bir zərbəyə davamlı deyil. Adi bir toqquşma zamanı da görürsən ki, o avtomobildə qəzanın ağırlıq dərəcəsi daha yüksək olur. Yəni, təzə maşında heç xəsarətlə də nəticələnməyən bir qəza, elə avtomobillərdə insan ölümünə gətirib çıxarır. Bu avtomobillərin istismardan çıxarılması daha məqsədə uyğundur. Bu isə həmin nəqliyyat vasitələrinin sahiblərinə güzəştli yeni avtomobillərin satılması və digər formalarda həyata keçirilə bilər".
Bir neçə gün öncə deputat Elmira Axundova Milli Məclisdə müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında” qanunun müzakirəsi zamanı da bu məsələyə toxunmuşdu. 2017-ci ilin ilk rübündə törədilən 140 yol nəqliyyat hadisəsi nəticəsində 40 nəfərin öldüyünü, 150-yə yaxın insanın yaralandığını deyən E.Axundova bildirib ki, biz də Rusiya və başqa ölkələr kimi, köhnə avtomobilləri vətəndaşlardan alaq: "Dövlət orqanları bunun müqabilində vətəndaşlara vəsait, ya da çek versinlər, bunun qarşılığında Gəncə, yaxud Naxçıvan istehsalı olan maşınları ala bilsinlər”.
"Pul qazanırlar deyə, başqalarının həyatını təhlükəyə atmağa haqları çatmır”
Bəs bu kimi təkliflərin reallaşması mümkündürmü? Əgər mümkündürsə, hansı formada edilə bilər? Avtosfer.azsaytının baş redaktoru, nəqliyyat üzrə ekspertElməddin Muradlı "Kaspi”yə açıqlamasında bildirdi ki, Rusiyada belə bir təcrübə olub, gözəl də icra edilib: "1992-ci ilə qədər istehsal olunan avtomobilləri Rusiya hökuməti yığdı və əvəzində yenilərini təklif etdi. Köhnə avtomobilin dəyərini hesablayıb çıxdılar, qalan pulu isə vətəndaşlar yavaş-yavaş ödədilər. Kreditin sərfəli forması təklif olundu, insanlar ödəyərkən əziyyət çəkmədilər. Ümumiyyətlə, avtomobildən imtina edənlər də oldu, yeni avtomobil alanlar da”.
Ekspertin sözlərinə görə, Yol Hərəkəti Haqqında Qanunda qeyd edilir ki, texniki cəhətdən nasaz avtomobillər istismara buraxıla bilməz: "Köhnə maşın sürənlərin, onlarla dəmir, mal-qara daşıyanların çoxunun qarajında kifayət qədər bahalı avtomobillər də var. Onlar köhnədən yük üçün istifadə edirlər. Amma pul qazanırlar deyə, başqalarının həyatını təhlükəyə atmağa haqları çatmır. Həmin köhnə avtomobillərin əvəzinə qazel alıb işlərini görsələr daha yaxşı olar. Kifayət qədər gündəlik qazancları da olur. Yol Hərəkəti Haqqında qanunda illərdir bu var ki, texniki nasaz avtomobillər istismara buraxıla bilməz. Hətta Dövlət Yol Polisinin əməkdaşı o avtomobili küçədə görəndə dərhal cərimə meydançasına aparmalıdır. İşıq cihazları normal işləmədikdə, şüşəsilən işləməsə, sürücü o problemi yerində aradan qaldıra bilmirsə, maşın cərimə meydançasına gedə bilər. Amma işıq cihazları, şüşələri, baqajın qapısı üstündə olmayan, qapıları məftillə bağlanan, oturacaqları yerində olmayan avtomobil necə istismar oluna bilər?”
"Təklif edəcəyimiz ucuz maşınlar yoxdur”
E.Muradlı deyir ki, köhnə avtomobillərin yeniləri ilə əvəz olunması yaxşıdır, amma bu, indiki halda mümkün deyil: "Bu gün Azərbaycanın avtomobil sənayesi o qədər inkişaf etməyib axı. "Nazlifan” avtomobilləri istehsal edirik, yaxud Gəncədə "Oka” yığılır. Onu əlillər üçün güclə çatdırırlar. Bu avtomobilləri kütləvi surətdə istehsal etmək imkanının olub-olmadığını deyə bilmərəm. "Nazlifan” isə baha qiymətə başa gəlir. 20 mindən aşağı deyil. 200-1000 manata olan sınıq-salxaq maşınları əhalidən alıb, 20 minlik maşını necə təklif edəsən? Bizim təklif edəcəyimiz ucuz maşınlar da yoxdur”.
Ekspert qeyd etdi ki, bu cür avtomobillər təhlükə mənbəyidir, yol polisi həmin avtomobillərin yollarda hərəkət etməsinə göz yummamalıdır: "Biz həmin avtomobillərə "yeriyən tabut” deyirik. Onlarla hərəkət etmək məsuliyyətsizliyin ən pik nöqtəsidir. "Mən ailəmi dolandırıram” deyib, bu maşınla yola çıxan adam fikirləşmir ki, onu həbs etsələr, ailəsini kim saxlayacaq? Dünyada hər il avtomobil sənayesi yenilənəndə təhlükəsizlik elementlərini gücləndirirlər. Amma yenə də həmin avtomobillərdə bəzən ölüm halı olur. Onsuz da Rusiya istehsalı olan köhnə avtomobillərdə təhlükəsizlik kəmərindən başqa heç bir təhlükəsizlik elementi yoxdur. Onun tam yarasız vəziyyətdə olanını sürmək isə böyük təhlükədir. Yol polisi bu avtomobilləri görür. Sadəcə müəyyən mental xüsusiyyətlərimiz var. "Dəyməyin, insandır, onun çörək ağacıdır” tipli yanaşma isə bu problemin həllinə mane olur”.
"Hamısının texniki baxış sənədi var”
106.3 FM-də yayımlanan "Avtostop” verilişinin müəllifi və aparıcısı Tural Yusifov deyir ki, əgər söhbət yük daşımaq üçün istifadə edilən texniki cəhətdən yararsız avtomobillərin əvəzlənməsindən gedirsə, bu həmin avtomobillərin sahibləri üçün əlverişli olmayacaq: "Mən bunu efirdə bir neçə dəfə müzakirə etmişəm. Söhbət utilizasiyadan gedirsə, belə sual yaranır ki, biz "texniki cəhətdən nasaz avtomobil” deyəndə nəyi nəzərdə tuturuq? Bu dəmir daşıyanlarımı? O zaman onlara verilən yeni avtomobillərlə dəmir daşımayacaqlar? O GAZ 3110-i kefindən sürmür, dəmir və yaxud nəsə daşıyır ki, evinə 5-10 manat pul aparsın. Təbii ki onlara Gəncədə istehsal olunan traktor verməyəcəklər. "Nazlifan”a gəlincə, deyirlər ki, zavod bağlanır, çünki sifariş azdır. Bu barədə dəqiq məlumatım yoxdur. Yenə də onlara "Nazlifan” verilməyəcək ki, dəmirini "Nazlifan”la daşısın. Söhbət alman istehsalı olan istismara yarasız avtomobillərdən gedirsə, o zaman yol polisinə sual ünvanlanır ki, onlar texniki baxışdan necə keçirlər? Həmin avtomobillərin üzərinə baxsanız, görərsiniz ki, hamısının texniki baxış sənədi var”.
"Əgər təbiəti düşünürüksə...”
T.Yusifov hesab edir ki, bu, effektli təklif deyil: "İnsanların maşını əlindən alınırsa, o zaman onlara nə veriləcəyi də dəqiq bilinməlidir: "Nazlifan”ların orta qiyməti 15 min manatdır. Söhbət Qarabağ müharibəsi əlillərinə, yaxud 9 Mayda veteranlara verilən avtomobildən getmir. 15 minlik avtomobil neçə illik kreditlə veriləcək? Rusiyanın avtomobil istehsalı var. Bir çox böyük dünya markalarının Rusiyada zavodu var. Eyni zamanda, özləri də istehsal edirlər. Onların təklif etməyə məhsulları var. Onlar nə üçün edirlər? Çünki avtomobillər Avro-4 standartına uyğun deyil. O zaman burada sual yaranır: Biz deyirik ki, o maşınlar təbiətə ziyan vurur, bəs bizdə istehsal olunan benzin? Mənim avtomobilim avro 4 standartlarına uyğundur, amma 92 benzin vururam. Həmin 92 benzin Avro-4 standartına uyğun deyil. Əgər təbiəti düşünürüksə, benzindən başlamalıyıq, məqsəd təhlükəsizliyi təmin etməkdirsə, həmin avtomobillərə texniki baxış sənədi verilməməlidir”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər