• cümə, 19 Aprel, 03:00
  • Baku Bakı 18°C

Keşikçi

15.12.14 12:01 2081
Keşikçi
...Üç il olar ki, bazarda dəmir arabaları görəndə o qadını və onun oğlunu xatırlayıram. Ya da binaların qabağında dəmir arabanın üstündə göy-göyərti, mer-meyvə satanları görəndə də o qadın və oğlu yadıma düşür.
Hər gün işə gedib-gələndə ikimərtəbəli yaşayış binasının yanından keçirdim. Nədənsə birinci mərtəbədə, bir ucu pəncərənin dəmir toruna, o biri ucu isə pəncərədən beş-altı metr aralı şam ağacına bağlanmış ipdə hər gün paltar olurdu, ən çox da kişi şalvarı... Fikirləşirdim ki, yəqin ailədə oğlan uşaqlarının sayı çoxdur, ya da fikirləşirdim ki, o evdə çörək pulu dalınca gəlib şəhərdə fəhlə işləyənlər qalır, hər gün şalvarlarını yumağa məcburdurlar və sair. Amma paltarların səliqəli asılmasından onları yuyub-sərənin qadın olduğunu bilmək çətin deyildi.
...Bir gün axşamtərəfi ordan keçəndə bir kişinin tələsə-tələsə şalvarları dartıb götürdüyünü gördüm. Şalvarları bir-bir yox, iki –iki dartırdı. Elə bildim elə şalvarların sahibidir, hələ o kişiyə yazığım da gəldi. Dedim bəlkə yoldaşı rəhmətə gedib, ona görə də paltarları özü yuyub qurudur....Amma yox, kişi məni görən kimi ipdən yığdığı şalvarları qoltuğuna vurub qaçmağa başladı. Binanın tinində dəmir arabasını saxlamışdı. Şalvarları arabanın üstündəki zənbilə basıb aralandı... Onda bildim ki, o kişi şalvarların sahibi deyil, oğrudur...
Səhəri ordan keçəndə ixtiyarsız olaraq yenə də həmin ipə baxdım. Yenə də təzə yuyulub sərilmiş paltarlar - çoxu da kişi şalvarı - vardı ipdə... Ürəyimdə tutmuşdum ki, nə vaxtsa o paltarları sərəni görsəm şalvarların oğurlandığını gördüyümü deyəcəm.
Pəncərənin qabağında 20-25 yaşlarında bir oğlan da durmuşdu bu dəfə... Elə bil heykəl idi. Gözlərini ipdəki şalvarlara zilləmişdi... Nədənsə oğlanın sakitcə durub baxması mənə qəribə gəldi. İstədim, pəncərəni taqqıldadıb bir gün əvvəlki hadisəni deyəm. Fikrimdən daşındım. Oğlan elə bil şəkil idi. Hərəkətsiz ayaq üstə durub baxırdı.
Demək olar ki, hər gün ipdə paltarları, pəncərədən baxan o oğlanı görürdüm.
Axır ki, yazqabağı ordan keçəndə ipə paltar sərən qadını gördüm. Oğlan da yanındaydı. Pəncərəyə yaxınlaşıb salam verdim. Neçə ay əvvəl gördüyüm hadisəni ona danışdım, maraq xətrinə soruşdum ki, nə əcəb hər gün demək olar ki, eyni şalvarları yuyub-sərir.
Qadının gözləri yaşardı, sonra özünü ələ alıb oğlunu göstərdi:
-24 yaşı var. Ruhi xəstədir. Hər gün məni məcbur edir ki, onun bütün şalvarlarını yuyum. Mən də məcbur olub yuyub sərirəm. Şalvarlar oğurlanan gündən sonra...
Belə deyib yenə ağladı... Məlum oldu ki, şalvarlar oğurlanandan sonra dərdi daha da artıb. İndi hər gün şalvarlar ipə səriləndən ta ki, quruyanadək oğlu pəncərə qabağında dayanıb şalvarların keşiyini çəkir, qorxur ki, yenə oğurlayarlar...
...İndi həmin yerdə yaşamırıq, o tərəflərə yolum düşmür. Hərdən fikirləşirdim ki, görəsən o oğlan yenə də pəncərə önündə şalvarlarına keşik çəkirmi?
Təsadüfən o gün yolda gördüm. Harasa gedirdilər. Qadın qabaqda, oğlu da dalınca... Elə bil qadın indicə ağlayb evdən çıxmışdı... Oğlanın əynindəki köynəyin də, şalvarın da yaş olduğu gendən bilinirdi...
Sevil Gültən
11 dekabr, 2014
banner

Oxşar Xəbərlər