AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Kerri Moskvada Qarabağ problemini müzakirə edəcək?

Kerri Moskvada Qarabağ problemini müzakirə edəcək?

Siyasət
08 May 2013, 09:02 1551
Birləşmiş Ştatlar Rusiya ilə münasibətləri yoluna qoymaq üçün dövlət katibi Con Kerrini Moskvaya yollayıb. Son vaxtlar iki fövqəldövlət arasında münasibətlər elə də normal axarda getmir. ABŞ bir sıra Rusiya məmurlarının ölkəyə gəlməsinə qadağa qoyan “Maqnitski qanunu”nu təsdiq etdikdən sonra Moskva da bunun cavabında ABŞ vətəndaşlarının Rusiyada uşaqları övladlığa götürməsini qadağan edən qanun qəbul etdi. İki ölkə arasında münasibətlər beynəlxalq məsələlər - Suriya və İran üzrə də üst-üstə düşmür. Rusiya Suriyada Bəşər Əsəd rejimini müdafiə edir, Vaşinqton isə Suriya müxalifətinə dəstək verir. ABŞ İranın nüvə proqramına qarşı çıxır, Rusiya isə bunun dinc xarakterli olduğunu iddia edir. Eləcə də Vaşinqton həlli gecikən münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin tez bir zamanda həllini istəyir. Moskva isə əksinə, problemin uzanmasına rəvac verir. Kerrinin rusiyalı həmkarı Sergey Lavrovla keçirəcəyi görüşdə postsovet məkanında mövcud münaqişələrin həlli yollarının da müzakirə olunacağı gözlənilir. Qeyd edək ki, bu ay Krakovda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilməlidir. Ardınca da prezidentlər səviyyəsində görüş baş tutmalıdır. Yayılan məlumatlara görə, iyun ayında prezidentlər Vladimir Putin və Barak Obama arasında keçiriləcək ikitərəfli görüşdə münaqişənin həlli istiqamətində müzakirələr aparıla bilər. Eləcə də ən çox müzakirə olunan məsələlər sırasında Minsk qrupunun formatının dəyişdirilməsi də var. Rəsmi Bakı münaqişənin həllində Türkiyənin vasitəçiliyinin zəruriliyini dəfələrlə bildirsə də, Ermənistan kəskin şəkildə buna qarşı çıxır. ATƏT də hələ ki formatın dəyişdirilməsinə lüzum görmür. Rusiya və ABŞ xarici siyasət idarələri rəhbərlərinin də bu məsələnin gündəmə gətiriləcəyi gözənilir.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bir müddət əvvəl erməni həmkarı Edvard Nalbandyanla görüşündə bəyan edib ki, Moskva ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərini davam etdirir. O bildirib ki, Moskva ABŞ və Fransa ilə birlikdə üç həmsədrin fəaliyyəti çərçivəsində çalışır. Onun sözlərinə görə, müxtəlif mərhələlərdə “üçlüyün” ayrı-ayrı iştirakçıları təkliflər irəli sürüblər. Həmin təkliflər digər həmsədrlər tərəfindən dəstəklənib. Nazir əlavə edib ki, tərəflərin razılığa gələ biləcəyi məsələ mövcud şəraitin yaradılmasıdır. Qeyd edək ki, Dmitri Medvedyevin prezidentliyi dövründə Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində aktivlik nümayiş etdirirdi. Rəsmi Moskvanın təşəbbüsü ilə Dmitri Medvedyev, İlham Əliyev və Serj Sarkisyanın bir neçə görüşü keçirilmişdi. Son dövrdə isə bu aktivlik xeyli azalıb. Ekspertlər bunu Minsk qrupuna üzv ölkələrdə, habelə Ermənistanda keçirilmiş prezident seçkiləri ilə əlaqələndirirlər. Ümumiyyətlə, danışıqlar prosesində uzun müddətdir ki, yaranmış süstlüyün yaxın vaxtlarda pozulacağı barədə Qərb mətbuatında mütəmadi məlumatlar dərc edilir. Artıq Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi rolunu oynayan Birləşmiş Ştatların mövqeyi Rusiya mətbuatında müzakirəyə çıxarılıb. Rusiyalı ekspertlər Birləşmiş Ştatların apardığı siyasətin ATƏT-in Minsk qrupu tərkibində parçalanmalara yol aça biləcəyini ehtimal edirlər. “Son vaxtlar ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələdə Azərbaycan tərəfinə istiqamətlənib”. Bunu Rusiyanın MDB ölkələri İnstitutunun eksperti Mixail Aleksandrov ABŞ-ın “Forrein affairs” jurnalında Qarabağla bağlı çıxan məqaləni şərh edərkən deyib. Onun sözlərinə görə, rəsmi Vaşinqton regional təşəbbüslərdə Türkiyəni dəstəklədiyini nümayiş etdirir. Buna nümunə kimi o, ABŞ dövlət katibi Con Kerrinin Qarabağ münaqişəsinin həllində Türkiyənin konstruktiv rol oynayacağına dair çıxışını xatırladıb. Ekspert düşünür ki, ABŞ-ın bu siyasəti ATƏT-in Minsk qrupunun parçalanması ilə nəticələnə bilər. Azərbaycanda da siyasi şərhçilər hesab edir ki, son vaxtlar rəsmi Vaşinqton Azərbaycanı dəstəkləyən bir sıra bəyanatlar səsləndirsə də, hələlik Dağlıq Qarabağ münaqişəsinin həlli Birləşmiş Ştatların xarici siyasətinin əsas prioriteti deyil.

Yeri gəlmişkən, Rusiya nəşrləri yazır ki, Kerrinin səfərinin əsas məqsədi Moskva ilə Vaşinqton arasında Suriya məsələsi ilə bağlı yanaşma fərqini mümkün qədər azaltmaqdır. Tərəflərin prezident Bəşər Əsədin gələcək taleyinə baxışları xeyli fərqlənir. Suriya prezidentini dəstəkləyən Rusiya ABŞ-ın Bəşər Əsədi vəzifəsindən getməyə məcbur edilməsinə yönəlmiş təzyiq göstərmək çağırışlarını rədd edir. Bu yaxınlarda ABŞ Suriya müxalifəti üçün silah təmin edilməsi imkanını istisna etməyib. ABŞ müdafiə naziri Cak Hagel ötən həftə Suriyada üsyançıların silahlandırılmasının çıxış yollarından biri olduğunu bildirmişdi. Kerrinin səfəri İsrail tərəfindən Suriyaya hava zərbələri endirildikdən sonrakı günlərə təsadüf edib. Rusiya bu hücumları regional sabitliyə təhlükə kimi qiymətləndirərək pisləyib. İsrail mənbələri hədəfin Livanda “Hizbullah”a göndərilməsi nəzərdə tutulan raketlərin olduğunu bildirib. Kremlin bildirdiyinə görə, Suriyaya İsrail hücumundan sonra prezident Putin İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıb. Kerrinin səfəri ərəfəsində Rusiya Xarici İşlər Nazirliyi Qərbi Suriyada kimyəvi silah işlədilməsi məsələsi ətrafında vəziyyətin siyasiləşdirilməsini dayandırmağa çağırıb. Kreml bildirib ki, bu addım dünya ictimai rəyini Suriyaya hərbi müdaxiləyə hazırlamaq məqsədini daşıyır. BMT ekspertlərindən biri Suriyada üsyançıların siniri iflic edən qazdan istifadə etdikləri barədə bəyanatının əhəmiyyətini azaltmağa çalışıb. Müstəntiq Karla Del Ponte bundan əvvəl bildirib ki, zəhərlənmiş şəxslərin və həkimlərin ifadələrindən irəli gələn "güclü, konkret şübhələr, lakin hələlik qəti olmayan dəlillər" əsasında güman etməyə əsas verir ki, Suriyada müxalifət qüvvələri zarin qazından istifadə ediblər. Lakin Suriyadakı hadisələri təhqiq edən BMT Komissiyası bu məsələyə dair “son rəyə” hələlik nail olunmadığını deyib. Vaşinqtonda Ağ Evin sözçüsü isə bildirib ki, Suriyada kimyəvi silahdan istənilən istifadə böyük ehtimalla hökumət qüvvələri tərəfindən edilə bilərdi.

Azər NURİYEV