• cümə, 29 Mart, 05:54
  • Baku Bakı 7°C

Kənd uşaqlarına dərs keçmək üçün hər gün Bakıdan Siyəzənə gedən xanımlar - Örnək

09.03.19 12:00 2411
Kənd uşaqlarına dərs keçmək üçün hər gün Bakıdan Siyəzənə gedən xanımlar - Örnək
Günel Qarayeva: "Yolun uzunluğu, yuxusuzluq adamı yorsa da, uşaqların gülən üzü insana hər şeyi unutdurur”
Ülviyyə Vəliyeva: "Mən öz məqsədimə çatmaq üçün ən çətin pillədən - kənd məktəbindən başladım”
Çətinlikdən qorxmurlar, əksinə, mübarizə aparmağı sevirlər. Elə buna görə də hər ikisi öz həmyaşıdlarından fərqli olaraq, nisbətən çətin bir missiyanı üzərilərinə götürərək kənd məktəbində müəllimlik edirlər. Təzə başlayanda bir qədər çətinlik çəksələr də, zamanla bütün çətinlikləri arxada qoymağı bacarıblar. İndi onları dərs dedikləri məktəbdə hamı tanıyır, sevir və digərlərinə nümunə göstərir. Onların işinin çətin tərəfi odur ki, dərs dedikləri rayona getmək üçün səhər saat 5-də oyanırlar.
MüsahiblərimSiyəzən rayon Böyük Həmyə kənd orta məktəbində ingilis dilindən dərs deyən Günel QarayevaBalaca Həmyə, Yenikənd orta məktəblərində kimya fənnini tədris edən Ülviyyə Vəliyevadır. Qeyd edim ki, Günel kənd məktəbində bu ildən müəllim olaraq çalışır. Ülviyyə isə artıq ikinci ildir ki, adıçəkilən kənddə müəllimlik edir.

- Adətən valideynlər öz övladlarını müəllimliyə yönəldir. Bəs sizin müəllimliyi seçməyiniz necə olub?
Ülviyyə:
- Məktəbdə oxuyarkən anamın təkidi ilə 4-cü qrupa hazırlaşdım. Onun ən böyük arzusu məni həkim kimi ağ xalatda görmək idi. Çünki anamın özü də tibb bacısıdır. Amma iş elə gətirdi ki, kimya fakültəsinə qəbul oldum. Mənə müəllimliyi öz müəllimlərim sevdirdi. Düzü, oxuduğum və işlədiyim müddətdə müəllim olduğuma görə heç vaxt peşman olmamışam, əksinə, buna görə çox şadam. Uşaq vaxtı çox ciddi olduğuma görə, mənə həmişə deyirdilər ki, səndən əsl müəllim olar. Qismətdən elə müəllim oldum.
Günel:
- Universitetə hazırlaşanda məqsədim Azərbaycan dili və ədəbiyyatı müəllimi olmaq idi. Amma anam ingilis dili müəllimidir deyə, mənim də o sahə üzrə müəllim olmağımı istəyirdi, amma mən etiraz edirdim. Elə oldu ki, qəbul imtahanında ən çox balı ingilis dilindən topladım və nəhayət, qərara gəldim ki, bu sahəyə yönəlim. Seçimimə görə heç vaxt peşman olmamışam, ingilis dili indiki dövrün tələbidir. Amma dil elə bir sahədir ki, məşğul olmasan, yadından çıxacaq. İndinin özündə belə, bəzi şeyləri anamdan soruşuram. Birlikdə işləmək mənim üçün çox maraqlıdır.

- Müəllimlik ən şərəfli, amma bir o qədər də çətin və məsuliyyətli peşələrdəndir. Bəs siz işlədiyiniz müddətdə müəllimliyin hansı çətin tərəflərini hiss etmisiniz?
Ülviyyə:
- Kənddə işləməyə həmişə marağım olub və bu da mənə qismət oldu. Əksər insan kimya fənninin çətin olduğunu düşünür. Buna görə, həmişə məndən təəccüblə "sən doğrudan kimyanı yaxşı bilirsən” deyə soruşurlar. Bura gəlməzdən əvvəl tam başqa xəyallarım var idi, amma rastlaşdığım mənzərə tamam ayrı oldu. Ona görə də qərara gəldim ki, seçdiyim metodla uşaqlara kimyanı sevdirə bilim. Kənddə müəllim işləməyin bir çox çətin tərəfləri var. Çünki burada oxuyan uşaqların xəyalları zəngin deyil. Müəllimin ən böyük borcu isə şagirdlərini xəyal qurmağa məcbur etməkdir. Burada oxuyan uşaqlar nə istədiyini bilmir. Biz dərslərin elmi tərəfini tədris edəndə, uşaqlar soruşur ki, müəllim, bu bizə nəyə lazım olacaq? Şagirdlərimdən kimsə kimya müəllimi olmaq istədiyini deyəndə, sevincimin həddi-hüdudu olmur. Bəziləri isə etiraf edir ki, kimyanı sevməsək də, sizi sevirik.
Günel:
- Mən hazırlıq kursunda dərs keçirəm deyə, məktəbdə işləməkdən çəkinirdim. Çünki kursda demək olar ki, ən yaxşı oxuyan tələbələrlə işləyirsən. Abituriyentlərin əksəriyyəti oxuyan və çalışqan olur. Bu uşaqlara artıq söz demək yersizdir. Amma məktəbdə bu belə deyil. Ona görə təzə başlayanda bir az qorxurdum. Amma indi yuxarı siniflərə də dərs keçirəm. Demək olar ki, biz müəllim-şagird yox, həmyaşıdıq. Bir-birimizə qısa müddətdə öyrəşə bildik.

- Hər gün saat yarım yol getmək yəqin ki, heç də asan deyil. Ümumiyyətlə, iş qrafikinizi necə tənzimləyirsiniz?
- Günel:
- Mənim dərslərim 1 və 4-cü günlər olur. Həmin günlər saat 5-dən oyanıram. 7-nin yarısında evdən çıxıram ki, 9-un yarısı başlayan dərsə çata bilim. Düzdür, yolun uzunluğu, yuxusuzluq adamı yorsa da, uşaqların gülən üzü insana hər şeyi unutdurur. Çalışıram ki, işimə məsuliyyətlə yanaşım, hətta çox vaxt işə orada yaşayan müəllimlərdən daha tez çatıram.
Ülviyyə:
- İnsanın iş yeri nə qədər uzaq olsa, o bir o qədər məsuliyyətli olur. Adətən bir səbəb olmayanda, səhərlər yuxudan oyanmaqda çətinlik çəkirəm. Ümumiyyətlə, nə isə etmək üçün motivasiyam olmalıdır. Mən həftənin 1 və 3-cü günləri Yenikənddə, 2 və 4-cü günləri isə Kiçik Həmyə kəndində dərs deyirəm. Uşaqlarla bağlı məsuliyyət daşıdığımı düşünəndə, çalışıram ki, işimin öhdəsindən layiqincə gəlim. Hətta birinci saat dərsim olmasa belə, mən məktəbdə oluram. Direktor çox vaxt bizi digərlərinə nümunə göstərir. Müəllim yoldaşlarımızla getdiyimizə görə yol bizə uzun görünmür. Məncə, bu daha maraqlıdır. İnsanın həyatı nə qədər keşməkeşli olsa, daha maraqlı olur. Rahat olan heç nəyə insanın marağı olmur. Bu həm də bizdə sağlam rejim formalaşdırıb. Səhər tezdən oyandığımıza görə bütün günü enerjili oluruq.

- Dərs dediyiniz məktəblərdə şərait necədir?
Ülviyyə:
- Mənim dərs dediyim Balaca Həmyə kəndində cəmi bir otaqda proyektor var. Hər sinfin otağı ayrıdır. Kimyəvi reaksiyaları aparmaq üçün lazımi imkanımız olmadığı üçün lövhəyə tabaşirlə yazırıq. Çox istəyərdim ki, hər sinifdə kompüter və digər texnoloji imkanlar olsun. Uşaqlar reaksiyaları lövhədə yox, canlı şəkildə görsələr, kimya dərsi onlara daha maraqlı gələcək. Hətta kimyəvi reaksiyaları özləri aparmalıdır ki, onların nə isə kəşf etmək qabiliyyətləri inkişaf etsin.
Günel:
- Mənim dərs dediyim məktəb 2015-ci ildə təmir edilib. Burada şərait çox yaxşıdır. Müəllimlərin əksəriyyəti yeni metodlardan istifadə edir. Yuxarı siniflərdə ingilis dilinin tədrisində dinləmə tələb olunur. Bunun üçün bizim ayrıca otaqlarımız var. Uşaqların əksəriyyəti oxuyan, savadlı şagirdlərdir.

- Kənd yerlərində şəhərdən gələn müəllimlərə münasibət necədir? Uşaqlara dərs deyərkən hansı metodlardan istifadə edirsiniz?
Ülviyyə:
- İlk dəfə bura gələndə, geyimim hamını təəccübləndirmişdi. Əvvəllər makiyaj edib dərsə gedəndə, şagirdlər çox təəccüblənirdi. Sadə geyinəndə isə deyirlər ki, müəllimə, bu gün niyə kefiniz yoxdur, xəstələnmisiniz? Mən dərs izah edəndə şagirdlər saatıma, üzüyümə, makiyajıma daha çox fikir verirlər. Fikirləşirdim ki, ciddi olmasam, uşaqlar məni sevməyəcək. Zamanla başa düşdüm ki, kənd uşaqları aqressiv, ciddi insanları sevmir. Ona görə də öz metodumu dəyişdim. İndi hər şagirdə fərdi yanaşıb onun psixologiyasına uyğun davranmağa çalışıram. Bir çox valideynlər bu uşaqlara öz sevgisini ifadə etmədiyinə görə, biz bir az mehriban davrananda müəllim-şagird münasibətləri itir. Elə şagirdlərim var ki, mənə "sən” deyə müraciət edir. Bunun doğru olmadığını deyəndə, "ay müəllim, biz kəndçi uşaqlarıq, "siz” nədir?” - deyirlər. Burada olan uşaqları ailədən çox öz ətrafı tərbiyə edir. Biri o birinə baxıb görür ki, o, dərs oxumur, mən niyə oxuyum. Mənim əziyyət çəkib verdiyim tərbiyəni 45 dəqiqədən sonra yadlarından çıxarırlar. Buradakı uşaqların əksəriyyəti ya balıqçı olur, ya da hərbiyə yönəlirlər. Bu uşaqlara kimyanı izah etmək heç də asan deyil.

Günel:
- Təzə vaxtlar bəzi problemlərim var idi. Şagirdlər elə bilirdilər ki, şəhərdən gələn müəllimlər uşaqlara yuxarıdan aşağı baxır. Ona görə də çalışıram ki, uşaqlarla sərt yox, mülayim dildə danışım. Zamanla bir-birimizə öyrəşdik. İngilis dili elə fəndir ki, 1-ci sinifdən 11-ci sinfə kimi hər kəs bu fənni oxuyur. Uşaqların bu fənnə marağı çoxdur. Yəni, şagirdlərimdən bu mənada heç bir narazılığım yoxdur.
- Kənd məktəbində gələcəkdə də dərs deməyi fikirləşirsiniz, yoxsa buna bir mərhələ kimi yanaşırsınız?
Günel:
- Düzü, mən burada uzun müddət qalmaq istərdim. Hər il imtahan verib müxtəlif rayonlara düşürdüm, amma valideynlərim icazə vermirdi, sakit xarakterli olduğum üçün kənd yerində baş çıxara bilməyəcəyimi düşünürdülər. Siyəzən nisbətən yaxın olduğuna görə valideynlərim nəhayət, icazə verdi. Əvvəllər hər il şəhər məktəbi arzusu ilə yaşayırdımsa, indi fikirləşirəm ki, dərs dediyim məktəb heç də şəhər məktəblərindən geri qalmır.
Ülviyyə:
- İnsanlar istədikləri pilləyə tez bir zamanda çatmaq istəyirlər. Amma bu heç də belə deyil. Mən öz məqsədimə çatmaq üçün ən çətin pillədən - kənd məktəbindən başladım. Hərdən fikirləşirəm ki, bəlkə də şəhərdə dərs deyə bilmərəm. Ətrafımdakılar deyir ki, əgər kənddə baş çıxara bilmisənsə, deməli şəhərdə də asanlıqla dərs keçə bilərsən. Hərdən elə olur ki, yoruluram, ümumiyyətlə, davam etmək istəmirəm. Çünki şagirdlər çox dəcəldir, sözə qulaq asan deyillər. Hətta bir sinfimi atmaq qərarına gəlmişdim. Təzə vaxtlar elə olurdu ki, əsəbimdən ağlayırdım. Növbəti mərhələdə ola bilsin ki, şəhər məktəblərində dərs keçdim. Öz adımı bu sahə üzrə tanıtdırmaq niyyətim var.
- Sizə dərs deyən müəllimlərinizin hansı xüsusiyyətlərini iş prosesində tətbiq edirsiniz və ya əksinə?
Ülviyyə:
- Mən öz kimya müəllimimi çox sevirdim. İndi də onunla məsləhətləşir, müəyyən şeyləri öyrənirəm. Çalışıram ki, onun metodikasından mən də yararlanım. Kimya elə bir fəndir ki, uşaqlarda bu fənnə qarşı qeyri-ixtiyarı nifrət var. Kimya müəllimini də ciddi biri kimi qəbul edirlər. Çalışıram ki, öz müəllimim kimi fənni və özümü uşaqlara sevdirə bilim. Çünki müəllimi sevməyən şagird dərsi, dərsi sevməyən şagird isə müəllimi sevmir. Amma bəzi müəllimlərim olub ki, şagirdlərin üstünə çox qışqırıb, hər şeyə əsəbiləşib. Çalışıram ki, mən onlarla müqayisədə daha yumşaq davranım. Onlar kimi uşaqlara çox məhdudiyyət qoymaq istəmirəm.
Günel:
- Mənə ingilis dili dərsi deyən müəllimimin dərs metodikasını çox sevirdim. O öz yanına hazırlığa gələn uşaqlardan daha çox mənimlə məşğul olurdu. Amma indi artıq dərs metodikası bizim keçdiyimizlə çox fərqlidir. Ona görə də istər-istəməz, yeniliklərə uyğunlaşmağa çalışıram. Çalışıram ki, öz müəllimlərim qədər çox ciddi olmayım. Biz öz müəllimimizi görəndə, tir-tir əsirdik. Mən istəyirəm ki, şagirdlərim məndən qorxmasın.

- Kənd məktəbində dərs demək sizə nə öyrətdi?
Ülviyyə:
- Fərqli mühit olduğuna görə kənd məktəbində insan istər-istəməz çox şey öyrənir. Burada sən insanlarla dil tapmağa məcbursan. Kənd uşaqları çox saf olduğuna görə, bəzi şeylərə diqqət etmirlər. Çətin xarakterli uşaqlarla işlədim. Ümumilikdə götürsək, burada işləmək mənə çətin situasiyalarda düzgün davranmağı, ən ağır vəziyyətlərdən çıxmağı və mübarizə aparmağı öyrətdi.
Günel:
- Düzdür, şagirdlərimin çoxu sözəbaxan, oxuyan uşaqlardır. Burada işlədiyim müddətdə əsasən oxumayan şagirdlərlə dil tapmağı öyrəndim. Əvvəllər bunu edə biləcəyimə əmin deyildim, hətta qorxurdum. Burada təcrübəylə hər şeyin öhdəsindən gəlməyi öyrəndim.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər