• şənbə, 20 Aprel, 05:46
  • Baku Bakı 15°C

Kənd təsərrüfatı zərərvericilərini pivə istehsalı tullantıları ilə məhv etmək olar

01.06.21 17:30 964
Kənd təsərrüfatı zərərvericilərini pivə istehsalı tullantıları ilə məhv etmək olar
Bioloqlar müəyyən ediblər ki, peyin, pivə istehsalı tullantıları və raps yağından ibarət qarışıq yumru qurdları (nematodları) və digər zərərvericiləri məhv edə və bitkilərin məhsuldarlığını artıra bilər. Təcrübənin nəticələri "Frontiers in Sustainable Food Systems” elmi jurnalında dərc edilib.
AZƏRTACTASS informasiya agentliyinə istinadla xəbər verir ki, aparılmış təcrübəyə görə, yeni qarışıqda azot birləşmələrinin yüksək konsentrasiyası torpaqda faydalı mikrobların inkişafına kömək edir. Bu, eyni vaxtda peyinin parçalanmasını sürətləndirir və nematodların, habelə bitkilərin kökünü zədələyən və məhsuldarlığı aşağı salan digər onurğasız zərərvericilərin məhvinə səbəb olur.
Son illər bal arısı və başqa arı növlərinin kütləvi məhv olmasını, habelə digər həşəratların sayının azalmasını alimlər təkcə qlobal istiləşmə və təbii ekosistemin dağılması ilə deyil, həmçinin pestisidlərdən istifadə edilməsi ilə əlaqələndirirlər. Pestisidlər nəinki bal arısını və eşşəkarısını öldürür, həm də onların davranış proqramını və sürfənin inkişaf xüsusiyyətini dəyişir.
Bütün bunlar kimyaçıları və bioloqları hazırda kənd təsərrüfatında fəal şəkildə istifadə edilən zəhərləyici maddələrin alternativlərini tapmağa sövq edir. Bask Kənd Təsərrüfatı Tədqiqatları və İnkişaf İnstitutunun (Derio, İspaniya) elmi işçisi Mayte Qandariasbeytiya və onun həmkarlarının kəşfi bitkilər və mikroblar arasında qarşılıqlı təsirin müxtəlif zərərvericiləri məhv etməsi istiqamətindədir. Onlar diqqət yetiriblər ki, bəzi bitkilərin çürüntüsündə nematodlar və digər zərərvericilər üçün son dərəcə toksik olan izotiosianat və qlükozinolat qruplarından maddələr var. Bioloqlar eksperimental istixanada bu maddələrin daha çox əlçatan üç mənbəyinin birlikdə, o cümlədən peyinin, pivə istehsalının bitki tullantılarının və raps yağının əlavə olunmasının kələm əkininə necə təsir etdiyini izləyiblər. Təcrübə göstərib ki, bu üç təbii komponentin kombinasiyası kələmin inkişafına kömək edib, eyni zamanda, onu bitkinin kökünə hücum edən "Meloidogyne incognita” nematod növündən qoruyub. Bu qarışıq verilməzdən əvvəl qeyd olunan nematod ərazidə məhsulun təqribən 45 faizini məhv edirdi. Lakin təbii pestisid bu göstəricini, demək olar, sıfıra endirib.
Alimlər qeyd edirlər ki, parazit nematodların yoxa çıxması təkcə torpaqda onlar üçün toksik maddələrin meydana gəlməsi ilə bağlı olmayıb. Həmçinin peyin və bitki qalıqlarından ibarət qarışıq maddə torpaqdakı faydalı mikrobların parçalanmasını sürətləndirib. Bu bakteriyalar, öz növbəsində, "Meloidogyne incognita” populyasiyasını tədricən sıxışdıran digər soxulcanları cəlb edib.
Yaxın vaxtlarda alimlər istehsalatda digər bitki tullantılarının bu cür xüsusiyyətə malik olub-olmadığını öyrənməyi planlaşdırırlar. Tədqiqatçılar ümid edirlər ki, belə təcrübələr onlara digər bitki zərərvericilərini və parazitlərini məhv edəcək yeni növ təbii pestisidlər hazırlamaqda kömək edəcək.
banner

Oxşar Xəbərlər