• çərşənbə, 24 Aprel, 21:45
  • Baku Bakı 23°C

Kənd təsərrüfatı yarmarkaları bərpa olunacaqmı?

12.05.20 18:43 821
Kənd təsərrüfatı yarmarkaları bərpa olunacaqmı?
Bu addım həm fermerlərin, həm də istehlakçıların xeyrinə olardı

Bir neçə aydır ki, bütün dünyada yayılan koronavirus pandemiyası iqtisadiyyatın ən müxtəlif sahələrini iflic vəziyyətinə gətirib. Əlbəttə ki, aqrar ölkə olaraq iqtisadiyyatımızın əsas hissəsini təşkil edən kənd təsərrüfatı sahəsində də müxtəlif problemlər yaşandı. Artıq meyvə-tərəvəz məhsullarının yetişən vaxtıdır. Belə bir mövsümdə məhsulların satışının təşkil olunduğu yarmarkaların fəaliyyəti dayanıb. Tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar fermerlərin məhsullarını alıcılara çatdırmaq imkanları məhdudlaşıb. Düzdür, kənd təsərrüfatı məhsullarının daşınması üçün mane yoxdur. Amma yarmarkaların olmaması, bazarların fəaliyyətinin məhdudlaşdırılması alıcının bu məhsullara çıxış imkanlarını azaldıb. Bəs görəsən bunun aradan qaldırılması üçün hansı tədbirlər görülür? Karantin rejiminin yumşaldılması istiqamətində addımların atıldığı bir şəraitdə bu məsləyə də baxıla bilərmi?
Kənd Təsərrüfatı naziri İnam Kərimov Bərdə rayonunda əkin sahələrinə baxış keçirərkən jurnalistlərə müsahibəsində deyib ki, ölkədə pandemiyaya qarşı mübarizə tədbirləri davam edir: "Koronavirusun yayılmasına qarşı görülən tədbirlərin kənd təsərrüfatına, fermerlərin fəaliyyətinə, vətəndaşların kənd təsərrüfatı məhsulları ilə təminatına mənfi təsir göstərməməsi üçün bütün zəruri addımlar atılıb. Nazir bildirib ki, hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq, xüsusi karantin rejiminin tələblərinə ciddi əməl edilməklə bölgələrdə aqrar sektorda fəaliyyət davam etdirilir. Eyni zamanda, həm rayonlararası, həm də şəhərlərarası ərzaq məhsullarının daşınmasında heç bir problem yoxdur”.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovbildirdi ki, hazırda məhsul kifayət qədər boldur. Biz özümüz rayonlardayıq və ümumi vəziyyətə nəzarət edirik: "Hazırda məhsulun yığımında, bazara çıxarılmasında və satışında heç bir problem yoxdur. Xüsusi karantin rejiminin tətbiqindən bəri bütün qərarlarda qeyd olunur ki, aqrar məhsulların satış və ixrac məqsədilə daşınması sərbəstdir. Yəni pandemiyanın aqrar məhsulların daşınmasına və bazara çıxarılmasına təsiri yoxdur. Bildiyiniz kimi, məhsul yığımı zamanı sahələrə mövsümi işçilər cəlb olunur. Bu işçilərin sahələrə gətirilməsində hansısa problem yaradacağını düşünürdük. Amma bölgələrdə xüsusi karantin rejimi artıq ləğv olunub. Beləliklə, bu narahatlığımız da aradan qalxmış oldu. İstər topdansatış, istərsə də pərakəndə satış bazarları ilk gündən bəri sərbəst şəkildə işləyir. Karantin rejimindən bir qədər əvvəl nazirliyin xətti ilə iki yarmarka fəaliyyətə başladı. Bu ikisi də daxil olmaqla beş yarmarka var idi ki, onlar da həftə sonları fəaliyyət göstərirdi. Yəni təkcə paytaxtdakı dövriyyədə yarmarkaların fəaliyyətinin cüzi payı var idi. Təbii ki, yarmarkaların fəaliyyətinin bazarların və topdan satışların fonunda alternativ kimi böyük əhəmiyyəti var. Amma indi məhsulun bol olan vaxtıdır. Bazarlarda kifayət qədər məhsul var. Qiymətlərdə də ucuzlaşma müşahidə olunur”.
İqtisadçı ekspert Rəşad Həsənov söylədi ki, əslində yarmarkalar aqrar məhsulların bazarlanması üçün yerlərdən biridir: "Bu mənada yarmarkalarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin dayanması son nəticədə aqrar məhsulların təklifində rəqabətliliyi nisbətən zəiflədə bilər. Amma təəssüflər olsun ki, yarmarkalar özünü tam da doğrulda bilmir. Çünki əsas məqsəd yarmarkalarda fermerlərin öz məhsulunu son istehlakçıya rahatlıqla çatdırması və bunun üçün müvafiq imkanlar əldə etməkləri idi. Amma sonrakı mərhələdə vəziyyət fərqli istiqamətdə inkişaf etdi və dilerlər müəyyən yerləri danışıqlar və sövdələşmə formasında əldə etdilər. Nəticədə kəndlilər birbaşa olaraq yarmarkalara rahatlıqla daxil ola bilmir. Onlar öz məhsullarını məcburən pərakəndə ticarətlə məşğul olan şəxslərə daha ucuz qiymətə satmaq məcburiyyətində qalır. Beləcə yarmarka qiymətləri ilə bazar və super-market qiymətləri arasında fərqin yaranması imkanları zəifləyir. İstənilən halda, yarmarkalar zəncirin bir halqasıdır. Kənd təsərrüfatı məhsullarının vaxtlı-vaxtında son istehlakçıya çatdırılması prosesinə neqativ təsir edir. Bu isə qiymətlərin ucuzlaşması istiqamətində meylləri zəiflədir. İndi aqrar məhsulların bir çox növünün yığımı başlayıb. Bu da qiymətlərin ucuzlaşması üçün şərtlər yaradırdı. Təəssüf ki, karantin tədbirləri və bazarlama imkanlarının məhdudlaşması fermerlərin məhsulu daha ucuz qiymətə digər dilerlərə təklif etməsinə səbəb oldu. Onlar isə məhsulu son istehlakçıya daha baha qiymətə satır. Söhbət paytaxtdan gedirsə, Bakıda yarmarkaların sayı o qədər də çox deyil. Amma təbii ki, onların fəaliyyəti aralıq halqa rolunu oynayır. Yarmarkalarda bəzi subyektlər topdan satışın təşkili ilə məşğul olur. Bu da əlçatanlıq imkanlarını məhdudlaşdırır. Yəni, indiki yarmarkaların fəaliyyətinin dayanması məhsul əlçatanlığını aşağı salır. Amma aqrar məhsullar zəruri tələbat olduğuna görə insanlar onu bir yerdə tapmadıqda başqa yerdən alır”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər