• şənbə, 20 Aprel, 10:21
  • Baku Bakı 14°C

Kəmalə Mustafayeva: “Teatr eqolu insanları sevmir” - Fotolar

02.03.19 09:00 2676
Kəmalə Mustafayeva: “Teatr eqolu insanları sevmir” - Fotolar
O, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib. Azərbaycanda bir çox layihələrdə aktrisa olaraq özünü təsdiqləyib. Ancaq bununla kifayətlənməyib. Daha böyük kütləyə çıxmaq, sözünü demək, ayaqları üzərində möhkəm dayanmaq üçün Türkiyəyə üz tutub.Müsahibim Kəmalə Mustafayeva burada "Lady radio”-da aparıcı, redaktor və Kumbara Görsel Sanatlar Teatrının əsas aktrisası olaraq fəaliyyət göstərir. Deyir ki, özünü bir aktrisa kimi təsdiqləmək üçün bu uzun yola çıxmaq bir imtahan olub.
- Niyə məhz aktrisa? Hesab edirsiniz ki, aktrisa olaraq səsinizi dünyaya daha tez çatdıra bilərsiniz?
- Əslində universitetə daxil olarkən hədəfim sırf aktrisa olmaq deyildi. Düşünürdüm ki, xəbərlər aparıcısı və incəsənətin daha ciddi bir sahəsində çalışaram. Rejissorluq ixtisasına daxil olduqdan sonra öz tələbə yoldaşlarımızla tamaşalarımızı hazırlayır, müxtəlif əsərlərə tamaşa həlli verirdik. Bundan başqa, universitet yoldaşlarımın hazırladıqları tamaşalarda rol almağa başladım və hər şey buradan başladı. Çevrəmdəki insanların təkidi ilə aktrisa kimi fəaliyyətə başladım. Əslində içimdə belə bir istək yox idi. Ancaq dostlarımın, müəllimlərimin haqqımda səsləndirdiyi xoş fikirlər mənə stimul verdi və bir də gördüm ki, artıq aktrisa kimi fəaliyyətə başlamışam. Başqalarının inancı sayəsində aktrisa oldum.
- Və davamı gəldi.

- Bəli, ali təhsilimi başa vurduqdan sonra Nicat Qafuroğlunun "Məcbur” adlı qısametrajlı filmi ilə debüt etdim. Daha sonra "Bu şəhərdə” kollektivinin "Qızıl gül” konsertində nişanlı qız obrazını canlandırdım. Onlarla da çox uğurlu iş birliyimiz alındı. Bakıda, Qəbələdə, Naxçıvanda konsert proqramlarımız oldu.
Sonra bir müddət "Həyat, sən nə qəribəsən” serialında çəkildim. Daha sonra isə Xəzər Televiziyasında "Bir ailəm var” serialında oynadım. Bir çox sosial filmlərdə rol aldım. Azərbaycanda ən məşhur, tanınmış şirkətlərin reklamlarında oynadım. Teatr təcrübəm də var. Belə ki, 4 ay Bakı Uşaq Teatrında çalışmışam.
- Buradakı işinizi, çəkilişləri tərk edib, Türkiyəyə getməyə səbəb nə idi?
- Əslində hər zaman Türkiyəyə gəlmək və burada çalışmaq istəyim olub. Bu istək birdən-birə yaranmayıb. Mənim üçün tanımadığım bir mühit, fərqli insanlar, fərqli düşüncə tərzi, həyata fərqli baxışı olan bir çevrə hər zaman maraqlı olub. Bu qərarı verəndə ilkin olaraq valideynlərimdən icazə aldım. Onların razılığını aldıqdan sonra yola düzəldim. Bu yolda tək deyildim. Bacımla birlikdə Türkiyəyə gəldik. Hər şeyə sıfırdan başlamaq, özümü doğrultmaq istəyirdim. Düzdür, çox çətinliklərlə üzləşdim. Əldə etdiyim nailiyyətlərə heç də asan sahib olmadım. Ancaq indi hər şey qaydasındadır.
- İncəsənət Universiteti sizə nə qazandırdı?
- Universitet mənə çox şey qazandırdı. Sənətdə sözünü demiş sənətkarlardan dərs aldım, dostlar qazandım, ən əsası isə, ciddi nizam-intizam, qayda-qanunu öyrəndim. Türkiyədəki sənət dostlarım deyirlər ki, çox intizamlısan. Teatr canlı və kollektiv bir sənətdir. Nizam-intizam kollektiv sənətdə, xüsusən də teatr mühitində çox vacibdir. Teatr eqosu olan insanları sevmir və onları özü sıradan çıxarır. Teatra nə qədər xeyirxah əlini uzatsan, sözün yaxşı mənasında o da sənə doğru üzünü çevirəcək.
- Hazırda Kumbara Görsel Sanatlar Teatrında hansı işləri görürsünüz?
- Burada tamaşa hazırlayır və bu tamaşa ilə qastrol səfərlərinə çıxırıq. "Notre Dame'ın Kamburu Müzikali” tamaşasında Esmeralda obrazını canlandırıram. Tamaşanın rejissoru Vural Bingöldür. O özü bu tamaşada Quasimodo (kambur adam) obrazını canlandırır. Bir ildən artıqdır ki, Kumbara Görsel Sanatlar Teatrında çalışıram. Bu tamaşanı Türkiyənin bir çox şəhərlərində nümayiş etdirmişik. Getdiyimiz bütün şəhərlərdə tamaşamızı sevərək izləyirlər. Tamaşa haqqında gözəl fikirlər səsləndirirlər. Təbii ki, bu da bizi çox məmnun edir.
- Bu teatrda işləmək üçün təklifmi aldınız?
- Türkiyədə olanda eşitdim ki, teatra aktrisa axtarırlar. Mən də CV-mi göndərdim. Onlar da dəyərləndirdilər, mənimlə əlaqə saxladılar. Məndən bir səhnə canlandırmağımı istədilər. 3-4 gün sonra əlaqə saxlayıb, seçildiyimi bildirdilər. Beləcə, işə başladım.
- Teatra CV ilə işə qəbul olunmağı ilk dəfə eşidirəm.
- Bəli, məhz CV ilə işə qəbul olundum. Azərbaycanda teatrlarda işləmək üçün gedəndə, məni qapıdan içəri belə almırdılar. Heç baxıb, bu aktrisa nəyi bacarır, səhnədə oynaya bilərmi, ona verilən obrazı canlandırmaq potensialı varmı - deyə yoxlamırdılar belə. Hətta başqa bir televiziya demişdi ki səsin yaxşıdır, dublyajda işləyə bilərsən. Mənə dedilər ki, "səni kimsə göndərib?” Onlara məni heç kimin göndərmədiyini deyəndə, heç CV-mi belə qəbul etmədilər.
- Siyahıya baxdıqda, səfərlərinizin çox olduğunu görürük. Bu sizi yormurmu?
- Əsla. Təbii ki, yol yorğunluğu olur. Tamaşalarımız axşam saatlarında olduğu üçün dincəlmək imkanı əldə edirik. Getdiyimiz yerləri gəzir, maraqlı gün keçiririk. Səfərlərimiz gözəl zaman keçirmək üçün əla fürsət yaradır. Həm gəzirik, həm də işimizi görürük.
- Azərbaycandakı teatr mühiti ilə oradakı teatr mühiti arasında hansı fərqlər var?
- Söz-söhbət, dedi-qodu hər yerdə var. Ancaq çalışdığım teatr mühiti fərqlidir. Aktyorlar mehriban və səmimidirlər. Bu da mənim üçün çox önəmlidir.
- Xarici vətəndaş olduğunuz üçün hər hansı soyuqluq hiss etmisinizmi?
- Bizim dilimizdə elə kəlmələr var ki, türkcə onun mənası tamamilə fərqlidir. Bu onlarda yanlış başa düşülür. Bu kimi problemlər yaşadım. Mənim şəxsiyyət vəsiqəmdə adım "ə” hərfi ilə yazılıb. Onlarda bu hərf olmadığına görə mənə Kamala deyirlər. Əslində bu mənim çox xoşuma gəlir. Tez-tez mənə Azeri qızı deyirlər. Onlardan özümə qarşı soyuqluq görməmişəm. Mənə qarşı istiqanlıdırlar. Təzə gələndə, "xaricisən, şivən var” deyirdilər. Zamanla türk dilində əsərlər oxuyaraq özümü inkişaf etdirməyə çalışdım. Televiziyalarda bir layihədə iştirak etsəm, bu şivənin mənə maneçilik törətməsini də istəmirəm.
- Hazırda Türkiyədə serial və film sektoru daha çox inkişaf edib. Serialların bu qədər çox çəkildiyi bir ölkədə nə üçün sizi orada görmürük?
- Artıq 4 ildir Türkiyədəyəm. Yeni gələndə "Köşəm Sultan” serialında onun cariyəsini canlandırırdım. Bir-iki ay onlarla oynamışdım. "Ver elini aşk”, "İstanbullu gelin” seriallarında da qonaq aktrisa kimi rol almışdım. Seriallara özüm getmirəm, əslində gedə bilmirəm. Çünki teatrda əsas aktrisayam. Burada məni əvəz edən başqa biri yoxdur. Əslində bir neçə dəfə belə şansım yaranıb, ancaq onlardan yararlana bilmədim. Çünki hər dəfə belə bir şans yarananda, teatr kollektivimizlə birlikdə qastrol səfərlərinə çıxırdıq. Teatr mənim daimi iş yerimdir deyə və burada dublyorsuz oynadığım üçün getmək məcburiyyətində qalırdım. Əslində peşman da deyiləm. İlk olaraq gedə bilmədiyim üçün təəssüflənirdim, ancaq qismətdə yoxdursa, ondan qaçmaq da olmaz. Seriala dəvət edən rejissorlar mənə görə xüsusi gün təyin etmək vəziyyətində deyillər. Onların iş qrafiki çox çətindir, 12 saatdan çox işləyirlər. Ancaq teatr elə bir mühitdir ki, əlində davamlı olan bir işin var. Çəkiliş prosesləri isə daimi iş baxımından o qədər də güvənilir deyil. Özümü rahat hiss etdiyim bir şəraitdə çalışmaq mənim üçün daha önəmlidir.
- Deyəsən orda rejissorlar aktrisaların nazı ilə oynamır.
- Düzdür, Türkiyədə böyük masştablı seriallar, filmlər çəkilir. Ancaq bu o demək deyil ki, burdakı rejissorların hamısı dahidir. Türkiyədəki aktrisalar belə hər rejissoru bəyənmirlər. Bəzən görürsən ki, rejissorluğun nə demək olduğunu bilməyənlər rejissor kürsüsünə oturub film çəkir.
- Çalışdığınız "Lady radio”-da nələr təqdim olunur?
- Artıq 9 aydır radioda çalışaram. Bu, bir internet radiosudur. Burada İlhamə Novruzova ilə birlikdə çalışırıq. O, Azərbaycandakı "Lady radio”nu Türkiyədə açıb. Radioda həftədə bir dəfə "Kulis” proqramında aparıcılıq edirəm. Fərqli sənətçilərlə fərqli mövzuları müzakirə edirik, musiqilərlə dolu bir proqram hazırlayırıq. Bu radio qadınlara xitab edir.
- Ordan baxanda bizim teatrımız necə görünür?
- Azərbaycan teatrının uzun bir tarixi var. Biz heç də Türkiyənin teatrlarından geri qalmırıq. Teatr sahəsində çox gözəl aktrisalarımız da var.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər