Keçmişin xatırlanması
![Keçmişin xatırlanması](https://kaspi.az/storage/posts/large/62373d60827bf.jpg)
İranda edam edilənlərlə
bağlı məsələ BMT-də gündəmə gətirilib
Qonşu İranın yeni seçilən prezidenti İbrahim Rəisi, kürsüsünə
əyləşər-əyləşməz, artıq qalmaqalla üzləşə bilər. Məsələ ondadır ki, İbrahim
Rəisinin 1988-ci ildə müxalifət nümayəndələrinin kütləvi edam edilməsindəki
rolu ilə əlaqədar beynəlxalq istintaq açılması tələbi ortaya atılıb. Belə bir
müraciət BMT-nin İranda İnsan Hüquqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman
tərəfindən edilib. Rejim tənqidçilərinin məhkəmədənkənar qətllərinin
araşdırılması Tehranla Avropa cəmiyyəti arasındakı münasibətləri çətinləşdirə
biləcəyi ehtimallarını gücləndirib. İranda, keçən əsrdə baş verən hadisələri
araşdırmağın vaxtının gəldiyini söyləyən Rəhman, "Reuters”ə verdiyi
müsahibəsində deyib ki, Rəisinin qalib gəldiyi son prezident seçkiləri
siyasətçinin keçmişi məsələsini gündəmə gətirib. Xatırladaq ki, 1988-ci ildə
İran-İraq müharibəsi bitdikdən sonra rejimin siyasi tənqidçilərinin
"təmizlənməsi" ilə məşğul olduğu irəli sürülən "ölüm komissiyası"
yaradılmışdı. Və Rəisi də onun rəhbərlərindən biri idi. "Amnesty International”
insan haqları təşkilatı beş mindən çox məhkumun bu qurumun nəzarəti altında
edam edildiyini təxmin edir. BMT-nin xüsusi məruzəçisinin qeyd etdiyi kimi,
İrandan o dövrün kütləvi edam sübutlarını məhv etmək cəhdləri barədə siqnallar
gəlir.
Rəhman 1988-ci ildə baş verən hadisələrin şahidlərinin olduğunu və
hətta bunları BMT İnsan Haqları Şurasına və ya araşdırma aparacaq başqa bir
beynəlxalq quruma təqdim etməyə hazır olduğunu söyləyib. Rəhmanın fikrincə,
məhkəmə işləri İranın mənafeyinə uyğundur, çünki hazırda "nüvə
anlaşması"nın bərpası ilə bağlı dialoqa girən Qərb ölkələrinin 1988-ci il
hadisələrində "prezidentin oynadığı rolla bağlı son dərəcə güclü narahatlıqları"
ola bilər. "Ölkədə insan hüquqlarının kobud şəkildə pozulması üçün geniş
bir sistematik cəzasızlıq mövcuddur – bu, həm keçmişə, həm də bu günə
aiddir" - deyə o bildirib. 1988-ci ildə BMT Baş Məclisinin Üçüncü Komitəsi
İslam Respublikasında insan haqlarına dair bir qərar qəbul edib. Sənəddə siyasi
məhbusların taleyindən ciddi narahatlıq ifadə edilib. Qətnamədə İranda özbaşına
və nəzarətsiz qərarlar verildiyi və mühakimə olunanların kifayət qədər qanuni
müdafiə almaq və ya hökmdən apellyasiya şikayəti vermək imkanları olmadığı
bildirilirdi. O dövrdə edam olunanlar arasında İran Xalq Partiyasının üzvləri,
İran Xalq Fədailəri Təşkilatının və digər siyasi hərəkatların fəalları yer
alırdı, lakin ən böyük zərbənin solçu İran Xalqının Mücahidləri radikal
təşkilatına vurulduğu bildirilir.
İran rəsmiləri isə "səksəninci illərdə" kütləvi edam
faktını inkar edir. Məsələn, 1988-ci ilin dekabrında o zaman xarici işlər
nazirinin müavini olan Məhəmməd Cavad Laricani Tehrandakı mətbuat konfransında
"yalnız əlində silah İslam inqilabına qarşı çıxan və insanların həyatına cəhd
edənlərin mühakimə olunaraq edam edildiklərini” qeyd etmişdi. Onun sözlərinə
görə, İranda hökumət əleyhinə olanların edam edilməsinə dair açıqlamalar
"dünyanın imperialist gücləri tərəfindən həyata keçirilən"
təbliğatdan başqa bir şey deyil. Rəisi isə özü bu yaxınlarda bir hakim olaraq
daima insan haqlarını müdafiə etdiyini və işini gördüyünü bildirdi. Yeri gəlmişkən, rəsmi Tehranı, edam olunanların qəbir və qalıqlarını
tapmağa çalışdıqları üçün onların yaxınlarını təqib etməkdə də
günahlandırırlar. BMT mütəxəssisləri 1988-ci ildə baş verənlərin şəffaf şəkildə
yoxlanılmasına dəfələrlə çağırış edib. 2020-ci ilin sentyabr ayında isə BMT
mütəxəssislərindən bir mesaj İran rəsmilərinə çatdırılıb. BMT-nin məktubunda
deyilir: "Vəziyyətin insanlığa qarşı cinayətlərlə eyni ola biləcəyindən
narahatıq". Bundan əlavə, mesajda bir xəbərdarlıq var idi: İran rəhbərliyi
ədalətli mühakimədən yayınmağa davam edərsə, beynəlxalq ictimaiyyət öz müstəqil
araşdırmalarına başlaya bilər. Ancaq Rəisinin gündəmində insan hüquqları
problemlərinin yer aldığına inanmaq sadəlövhlükdür. Seçki proqramının əsas
tezislərindən biri korrupsiyaya qarşı mübarizə vədi idi. "İran xalqının
mesajı korrupsiya, yoxsulluq və ayrı-seçkiliklə mübarizə aparmaq və ədalətə
çatmaqdır. Bu, hökumət üçün dinlənilməsi lazım olan bir mesajdır" - deyə
Rəisi seçkilərdən sonra təşkil etdiyi mətbuat konfransında bildirib. Bundan
əlavə, o, ölkənin inzibati sistemini dəyişdirəcəyinə söz verdi. Əlavə edib ki,
hökumətin prioritetləri iş mühitini, insanların həyatını və hökumətdəki
vəziyyəti yaxşılaşdırmaq, həmçinin inzibati sistemdə islahatlar və ənənəvi
bürokratiyanın aradan qaldırılması olacaq.
Bütün bunlarla yanaşı, Rəisinin keçmişinə dair məsələ "nüvə
anlaşması"nın bərpası ilə bağlı danışıqları dayandırmayacaq: bunun üçün
ABŞ-ın iradəsi kifayətdir, lakin bu, İran və Avropa İttifaqı arasındakı siyasi
dialoqu çətinləşdirə bilər. Bunu Almaniyanın Fridrix Ebert Fondunun analizi də
göstərir. Adi bir misal - analitiklər 1988-ci ildəki edam iştirakçısının ilk
məhkəməsinin 2019-cu ildə açıldığını söyləyib. Keçmiş prokuror köməkçisi Həmid
Nuri İsveçdə istintaqa cəlb olunub. Hökm, həmin hadisələrdə iştirak edən şəxsin
ilk dəfə cəzalanması olacaq. Bu da Brüssel ilə Tehran arasındakı diplomatik
təmaslarda ciddi bir amil ola bilər.Azər NURİYEV
![banner](/images/kaspibanner.jpg)