“Keçmiş zamanda qalmamışam” - Fotolar
"O, Nilufərdir...
Sanki sürətlə keçən zaman ona çatanda işləmir. 60 yaşını yaşayır, amma ona
baxanda, qarşımızda oturan xanımın bu yaşda olması inandırıcı deyil. Həmişə gəncdir,
enerjilidir. 15 yaşında "Dünya dönüyor” mahnısı ilə həyatımıza daxil oldu. O
gündən 45 il keçib. Bu dəfə isə "Tik-tak” adlı mahnısı ilə insanlara fəlsəfi
musiqi bəxş edir. Həyatının ən gözəl dönəmindədir”. Türkiyənin "Hürriyet” qəzetində
tanınmış yazar Ayşe Arman Nilufərlə müsahibəsini "iki qadın oturub xoşbəxtlikdən
danışır” kimi təqdim edir. A.Arman
müsahibəsinin girişində qeyd edir ki, tanınmış ifaçının qızı Ayşe Nazlının 19
yaşı var. O, İngiltərədə təhsil alır, Nilufər tez-tez onu ziyarət edir. İfaçı
12 pişiklə birlikdə yaşayır.
- "Tik-tak” mahnısı sanki həyatın
təkrarıdır.
- Eynilə.
Mahnını götürəndə, ilk olaraq onun sözlərinə çox heyran oldum. Musiqini dinlədikdə
isə, daha çox ürəyimə yatdı. Deyəsən artıq belə mahnılar oxumaq istəyirəm.
Hamımız bəlli yaşa gəlib çatanda həyatı sorğu-suala tutmağa başlayırıq, zamanın
daraldığını düşünürük. İnsan 20-30 yaşlarında həyatın bu tərəfini düşünmür. Hətta
bir ara ölmək haqqında düşüncələrim fərqli idi. "O vaxta qədər ölümün də bir
çarəsi tapılar” - deyə düşünürdüm. Sevdiyim insanları bir-bir itirəndə, elə
olmadığını anlamağa başladım. İşin bu qədər ciddi olduğunu bilmirdim. "Tik-tak”
mahnısı da bunu izah edir.
- Klipdə çimərlik geyimi ilə rəqs etdiyiniz səhnələr
möhtəşəmdir. Getdikcə mühafizəkarlaşan bir Türkiyədə "bəlkə bunu etməyim, lazım
deyil” - deyə düşündünüzmü?
-
Vallah, heç belə düşüncəyə qapılmadım. Mən dövrə və Türkiyənin mühafizəkarlıq dərəcəsinə
görə geyinən biri deyiləm. Klipimdə şişirtmə və erotik bir şey yoxdur. Buna görə
də heç bir problem görmürəm.
- Mahnıda insan ömrünün necə keçib getdiyi
vurğulanır. Nilufər özünü yaşlanmış hiss edirmi?
- Düşüncə
tərzimə, ruhuma baxsanız, görərsiniz ki, onlar hələ 16-17 yaşındadır. Ruhum hər
zaman gəncdir, ancaq bədənim yaşlanıb. Qızım Ayşe mənim şansım oldu. Beynimin gənc
qalmasına bir az da o səbəb oldu. Keçmiş zamanda qalmamışam. Qızımın sayəsində
özümü yaşlanmış hiss etmirəm. Amma təbii ki, insan zamanla öz görünüşünə bir az
daha artıq diqqət göstərməyə ehtiyac duyur.
- Sanki zaman sizə çatanda işləmir. Hər zaman belə
qalmağı necə bacarırsınız?
-
Davamlı olaraq sağlam qidalanıram. Az yeyirəm və bəzi şeylərdən imtina edirəm.
Məsələn, canım lahmacun istəsə, onu ancaq ayda bir dəfə yeyə bilərəm. Ölsəm belə,
həftədə iki dəfə lahmacun yemərəm.
- Güclü iradəniz var. Evə çörək alırsınızmı?
- Evimə
çörək girmir. Bir ildən çoxdur ki, sabah yeməyində belə çörəkdən istifadə etmirəm.
Artıq alışmışam. Çörəyin yoxluğunu hiss etmirəm. Çörəyin yerinə badam, qoz,
avakado yeyirəm.
- Neçə ildir eyni çəkidəsiniz?
- Ən çox
56 kilo olmuşam. Normalda 53-54 kilo çəkiyə malik oluram. 2-3 kilo fərq edir.
Yeriyirəm, təmiz hava qəbul edirəm. Bütün bu mübarizəyə baxmayaraq, tik-tak
saat işləyir, həyat keçib gedir. Sinə xərçənginə görə keçirdiyim əməliyyatdan
sonra həyata baxışım dəyişdi. Sanki sakitləşmişəm və həyata qarşı daha dözümlüyəm.
Gördüyüm işlərin ən yaxşısını etməyə çalışıram, amma özümü də parçalamıram.
Olarsa-olar, olmazsa-olmaz. Daha çox səyahət etmək istəyirəm.
- Ətrafınızdakı insanlarla münasibətdə nə qədər
seçicisiniz?
-
Sıxlığı sevən biri deyiləm. Uzun müddətdir münasibət qurduğum dostlarım var. Hər
insanı həyatıma daxil etmirəm. İnsanlarla aramda həmişə məsafə saxlayıram. Ən
yaxın münasibət qurduğum insanlarla belə.
- İnsanı həqiqətənmi ən çox sevdikləri yaralayır?
- Əlbəttə.
İnsan ən çox güvəndiyi, sevdiyi tərəfindən yara alır. Sevmədiyim, hörmət etmədiyim,
dəyər vermədiyim biri mənim qəlbimə dəyə bilməz.
- Sizi də sevdikləriniz yaraladı?
- Həyatımda
ayrılıqlar, vidalar çox olub. Təbii ki, çox yaralandığım, tükəndiyim dövrləri də
az yaşamamışam. Normal həyatda güclüyəm, mübarizə əzmim, savaşçı ruhum var.
Ancaq özəlliklə qadın-kişi münasibətlərində çox duyğusal, naif və kövrəyəm.
- Mahnıda "Bu, bir vəfa, vəda münasibətidir… Səbr məsələsidir”
- kimi ifadələr səslənir.
- Həyatın
içində hamısı var. Vəfa olması vacib olan bir şeydir. Son dərəcə dəyərli bir
duyğudur. Vida ölümdür. Sevdiyin bir insanı itirmək, ya da yaşarkən həyatından
çıxarmaqdır.
- Bəs səbr?
- Səbr
etməsən, heç nə əldə edə bilməzsən. Nə münasibətlər davam edər, nə də uğur əldə
olunar. Hələ uşaq mövzusunda çox səbr etməlisən.
- Ölüm nə qədər ağlınızı qurcalayır?
- Çox. "Görəsən
necə öləcəm?” - deyə düşünürəm. Ölümün də yaxşısı və pisi var.
- Ananız çox əzablı şəkildə dünyasını dəyişib.
Onunla necə bir həyat yaşadınız?
- Anama
son beş ildə mənim evimdə baxıldı. Son illər artıq məni də tanımaz halda idi.
Bir il yataqdan qalxa bilmədi. Ona uşaq kimi qayğı göstərirdilər. "Allah məni
heç kimə möhtac etməsin” deyirdi və bundan çox qorxurdu. Uzun müddət möhtac şəkildə
yaşadı. Bu, kimsənin layiq olmadığı bir xəstəlikdir.
- Alzheimer xəstəliyinə tutulmuşdu?
- Bəli.
Bu xəstəlik onda uzun müddət davam etdi. Bu şəkildə yaşayacağamsa, yaşamayım
deyirdi. Bu həm onun özü, həm də ətrafındakılar üçün də çox çətin idi. Hərdən
qızıma "mən də bir gün bu xəstəliyə tuturlaramsa, mənə heç vaxt baxma, məni
qocalar evinə apar” deyirəm.
- Qızınız nə deyir?
- Təbii
ki, o, etiraz edir, mənim belə danışmağımı istəmir.
- Qızınız Ayşe sanki təkcə övladınız deyil,
eyni zamanda dostunuz, yol yoldaşınızdır.
- Əlbəttə
ki, elədir. Mən özümü güclü hiss edirəm. Çünki hədəflərim var. Öz sahəmdə
getdiyim yolun məni hara aparacağını bilmirəm. Ancaq qarşıma qoyduğum hədəflər
sənətimlə deyil, qızımla bağlıdır. Onunla bağlı görmək istədiyim gözəl günlər
var. Bu yay onun 19 yaşı olacaq.
- Qızınız çox böyüyüb. Harada təhsil alır?
- İngiltərədə
universitetə hazırlaşır. Psixoloq olmaq istəyir. Mən ona göz bəbəyim kimi
baxmışam, qoymamışam ki, əziyyətə qatlaşsın. Ancaq orada paltarını da yuyur,
bazarlığını da edir, dərslərinə gedir. Və çox xoşbəxtdir.
- Həyatda verdiyiniz ən gözəl qərar onun
anası olmaqdırmı?
- Əlbəttə
ki. Hərdən düşünürəm ki, o olmasaydı nə edərdim? Bomboş bir həyat kimi gələrdi
mənə. Ayşe hər mövzuda özünü çox inkişaf etdirib və özgüvəni var. Bu da məni
xoşbəxt edir.
- Bəs siz həyatınızın hansı dönəmini yaşayırsınız?
- Mən həyatımın
ən sakit, dinc dönəmini yaşayıram. Eşqə-məhəbbətə ehtiyacım yoxdur. Özümdə belə
bir ehtiyac hiss etmirəm və üstünlük də vermirəm.
- Belə bir söz demisiniz: "Həyatımda daha bir
kişi istəmirəm. Xərçəngə verə biləcək başqa bir sinəm qalmayıb”.
- Bunu
zarafat üçün demişdim. Hədəf olaraq kimisə göstərməmişəm. Heç kim bu sözü üstünə
götürməsin. Əgər travmalı bir münasibət yaşayırsınızsa və bu sizin
sağlamlığınıza pis təsir göstərirsə, nəyə lazımdır? Bir də mənim kimi ön planda
olan insanların etdiyi, geyindiyi, söylədiyi hər şey qarşı tərəf üçün problem
yarada bilir. Yəni həm içində mübarizə aparırsan, həm də özəl həyatında. Ona
görə də həyatımda heç kim olmayanda özümü daha rahat hiss edirəm. Ancaq böyük də
danışmaq istəmirəm. Elə bir şey olar ki, aşiq ola bilərəm. Ancaq Allah qorusun,
aşiq olmaq istəmirəm.
- 60 yaşınızda özünüzü necə hiss edirsiniz?
-
Sağlamam, qızım var və mənim üçün ən əsas məsələ qızımın sağlam olmasıdır.
Ondan sonra pişiklərim.
- Neçə pişiyiniz var?
- 12.
- Ciddi deyirsiniz?
- Hamısı
da bir evin içindədir.
- Bəs evdən o pişiklərin iyi gəlmir?
- Gəlmir.
Davamlı olaraq ev təmizlənir. Və qumları müəyyən saatlarda dəyişdirilir. Tək
problemimiz onların tük məsələsidir. Onlardan 6-sı İran, 6-sı küçə pişiyidir. Təsəvvür
edin ki, 1-ci mərtəbədən yuxarı çıxıram, arxamca sürü gəlir.
- İnsan bir pişiklə güclə baş edir. Siz 12-si
ilə necə yola gedirsiniz?
- Əslində
əvvəl evdə 1 pişiyimiz vardı. Sonra mən buna bir dost tapım dedim. Birini də əlavə
aldım. Sonra mən bu pişiyi necə ana edə bilərəm deyə düşündüm. Qız pişiyimi
cütləşdirdim. Onun 6 övladı oldu. Yerdə qalanı da küçədən, yoldan, hardan pişik
tapdıq evə gətirdik. Ən sonuncusunu yoldan tapmışıdıq. 3 həftəlik idi. Onu küçədə
necə buraxa bilərdik?
- Siz bir cümhuriyyət qadınısınız. Amma bunun
sloqanlaşdırılmasının və istifadə olunmasının tərəfdarı deyilsiniz. Bunun səbəbi
nədir?
- Hər
yerdə "Cümhuriyyət qadınıyam” deməyə ehtiyac yoxdur. Çünki Türkiyə cümhuriyyətlə
idarə olunur. Bu, bir həqiqətdir. Atatürk də bizim ən böyük gerçəyimizdir.
Türkiyə cümhuriyyəti də Atatürk olduğu üçün var. Bu o deməkdir ki, mən bundan kənarda
bir şey düşünmədiyim üçün bunu sloqanlaşdırmıram. Sosial mediadakı səhifəmə
baxsanız, mənim nəyin tərəfdarı olduğumu bilərsiniz.
Tərcümə
etdi: Xəyalə Rəis