• cümə, 26 Aprel, 18:54
  • Baku Bakı 22°C

Keçid tikirik, amma istifadə etmiriksə...

14.02.20 09:00 1432
Keçid tikirik, amma istifadə etmiriksə...
Ekspertlərin fikrincə, vətəndaşların öz təhlükəsizliklərinə laqeyd münasibətini maarifləndirmə və sərt inzibati üsullarla aradan qaldırmaq olar
Hazırda Bakı şəhəri və şəhərətrafı yollarda, həmçinin avtomagistrallarda 10 yeraltı və yerüstü piyada keçidinin tikintisi aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, paytaxtın Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeraltı piyada keçidinin; Azadlıq prospekti, "Baku Electronics” mağazasının yanında; Qala-Pirallahı avtomobil yolunda; Neapol küçəsində, Heydər Əliyev parkının yanında; Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində; Mərdəkan-Zaqulba yolunda, köhnə "Mərdəkan Broyler”in yaxınlığında; M-2 Bakı-Ələt avtomobil yolunun 39-cu kilometrliyində; Hökməli dairəsində; Ceyranbatan qəsəbəsində yerüstü piyada keçidinin inşası davam etdirilir. Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində isə yerüstü piyada keçidinin tikintisinə başlanılıb.
Keçidlərin tikilməsi, təqdirəlayiq haldır. Vətəndaşların təhlükəsizliyi hər şeydən önəmli olmalıdır. Amma məsələnin digər tərəfi də var. Vətəndaşlar necə, öz təhlükəsizliklərinin qeydinə qalırlarmı? Dəfələrlə şahidi oluruq ki, yeraltı və yerüstü keçidlər olduğu halda, insanlar özlərini təhlükəyə atırlar, hərəkətin sıx olduğu küçələrdə yolu, qaydaları pozaraq keçməyə cəhd göstərirlər. Bunun adı nədir, tənbəllik, yoxsa məsuliyyətsizlik. Bəs vətəndaşlarda bu tənbəllik və məsuliyyətsizlikdən necə xilas edək ki, həyatlarını təhlükəyə atmasınlar?
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirdi ki, piyada keçidlərindən istifadə ilə bağlı məsələ hər zaman aktual olaraq qalır: "Əksər vətəndaşlar piyada keçidindən daha çox qorxur, nəyinki yoldan. Bəziləri isə piyada keçidindən istifadəni özünə yaraşdırmır. Təəssüf ki, bu məsələyə yanaşma heç də istənilən səviyyədə deyil. Elə valideynlər var ki, öz övladının həyatını təhlükəyə atır. Bu, həm də uşaqlara pis nümunə olur. Son zamanlar bu istiqamətdə müsbətə doğru müəyyən dəyişikliklər hiss olunur. Amma piyada keçidlərinin sayı və keyfiyyəti istənilən səviyyədə deyil, həmçinin, quraşdırıldığı ərazilər düzgün seçilmədiyinə görə, əhali arasında bu keçidlərdən istifadə edənlərin sayı artmır. Bəzi hallarda vətəndaşlar uzun məsafəyə görə keçiddən istifadə etmir. Yolu keçərkən qulaqlıqlardan istifadə edən vətəndaşlar həddən artıqdır. Bu məsələlər hələ də problem olaraq qalmaqdadır. Piyada keçidləri insanların istifadəsi üçün tikilir. Əgər onlar yolu qanunsuz keçəcəklərsə bu qədər vəsait niyə ayrılır? Düşünürəm ki, maarifləndirmə və təbliğat işləri davamlı şəkildə aparılmalıdır. Vətəndaşların öz təhlükəsizliklərinə laqeyd münasibəti yalnız maarifləndirmə ilə aradan qaldırmaq olar. Eyni zamanda, düşünürəm ki, qanunvericilik bazasının bir daha nəzərdən keçirmək lazımdır. Bu istiqamətdə aparılan mübarizəni səngitmək olmaz. Yoxsa zamanla, daha böyük problemlər ortaya çıxa bilər. Biz özümüz uşaqlara yaxşı nümunə olmalıyıq ki, təhlükəli halların qarşısını ala bilək. İndiki nəsil olmasa da, sonrakı nəsillər bu qaydalara əməl etməkdən utanmayacaq. Amma hələlik, təəssüf ki, bu sahədəki vəziyyət qaneedici deyil”.
Sosioloq Lalə Mehralıdeyir ki, bu məsələnin həlli ilə bağlı aidiyyəti qurumlar tərəfindən həm maarifləndirmə, həm inzibati tədbirlər görülüb. Amma təəssüf və maraq doğuran vəziyyət yaranıb. Çünki heç bir vasitənin faydası yoxdur. İnsanların gözü qarşısında, keçidi qoyub yolu qaydanı pozaraq keçmək istəyən piyadanı avtomobil vurub öldürsə də, heç kim dərs almır. Maraqlıdır ki, digərləri də bunu təkrarlayır. Maşınların sürətlə şütüdüyü yol və prospektlərdə insanlar yolu keçməyə çalışır. Hər iki halda sürücülər piyadaların məsuliyyətsizliyinin qurbanı olur. Belə hallarda sürücünü cəzalandırmaq olmaz. Əgər keçid inşa edilibsə, vətəndaş keçidi qoyub, yolu, qaydanı pozaraq keçirsə və bu zaman qəza halı qeydə alınırsa, sürücü cəzalandırılmamalıdır. Bu, ədalətli deyil. Cərimələrin məbləğini artırmağın bir fayda verəcəyini düşünmürəm. Cərimələrin ödənilməsi yerində deyil, qəbz vasitəsilə həyata keçirilir. Amma ödəməyənlərə qarşı heç bir cəza tədbiri görülmür. Məncə, məsələyə bu aspektdən yanaşmaq lazımdır. Əks halda piyadaların səhvi ucbatından sürücülərin həyatı qurban gedir”.
Nəqliyyat məsələləri üzrə ekspert Hüseyn Abdullayev bildirdi ki, insan hər zaman təyinat nöqtəsinə gedib çatmaq üçün özünə qısa və asan yol axtarır. Bu, insanın təbiətindən irəli gəlir. Bəzi insanlar intuitiv olaraq yerüstü keçidlərdən istifadə etmək istəmir: "Qaydalara əməl etməyən insanlar istənilən cəmiyyətdə var. Yerüstü-yeraltı piyada keçidi olan yollarda sürücülər yolda piyadanın peyda olacağını gözləmir. Bu isə piyadaların iştirakı ilə yol-nəqliyyat hadisələrinin artmasına gətirib çıxarır. Yol hərəkəti statistikası göstərir ki, yerüstü və ya yeraltı piyada keçidlərinin olduğu yerlərdə piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələri ildən-ilə artır. Əksər hallarda küçədənkənar piyada keçidlərinə piyadalara xüsusi qayğı kimi yanaşılır. Ancaq bu, əslində, belə deyil. Onları, sadəcə, küçələrin buraxıcılıq qabiliyyətini artırmaq üçün inşa edirlər. Fakt odur ki, bu, baş vermir və tıxac, sadəcə, bir yerdən başqa yerə ötürülür. Küçədənkənar piyada keçidlərinin tikintisi və texniki qulluğu baha başa gəlir. Təkcə bir yeraltı keçidin inşasına ayrılan vəsaiti bir neçə kilometrlik piyada infrastrukturunun salınmasına və ən qabaqcıl təhlükəsizlik standartları əsasında eyni səviyyəli piyada keçidlərinin yaradılmasına yönəltmək olar”.
Ekspert bildirdi ki, yerüstü keçidlərlə bağlı bir neçə məqama diqqət yetirmək lazımdır: "Piyada keçidlərinin əsas vəzifəsi piyada və avtomobil axınlarını ayırmaqdır. Lakin məsələ burasındadır ki, bu keçidlər 60-cı illərdə sərfəli olsa da, müasir dövrdə şəhər küçələrində bir sıra problemlərə yol açır. İlk növbədə bu keçidlər şəhərin hər kəs üçün əlçatanlığına mane olur. İndi bu infrastrukturun şəhər küçələrindəki tətbiqi bir sıra problemlərə gətirib çıxarır. İlk növbədə əlil arabasında olan, xəstə, yaşlı insanlar üçün belə keçidlər əlçatan deyil. İnkişaf etmiş ölkələrdə artıq uzun illərdir ki, şəhər yollarında piyada keçidləri tikilmir. Əlbəttə ki, söhbət şoselərdən, ələlxüsus, şəhərkənarı yollardan getmir. Həmin yerlərdə belə keçidlərin olması zəruridir. Şəhər küçələri ictimai məkan olduğundan, piyada axınları intensiv olur. Cəmiyyətdə müxtəlif yaş və kateqoriyalardan olan insanlar yer alır (yaşlı, fiziki məhdudiyyətli, uşaq arabalı valideynlər, müvəqqəti xəstə, ağır yükü olanlar).Yeraltı keçidlər bütün insanlar üçünəlverişli deyil. Üstəlik, standartlara görə, yeraltı və ya yerüstü keçidlər arasındakı məsafə azı 500 metr olmalıdır. Bu isə həssas insanlar üçün olduqca böyük məsafədir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər