AZE | RUS | ENG |

"Kaspi"nin etimadını doğruldan gənc - Portret

"Başqa ölkənin himnini səsləndirməyi təsəvvür edə bilmirəm"

Güləş üzrə dünya və Avropa çempionatlarında qazandığımız medalların sayı-hesabı itib. Cüdo, boks, taekvondo, karate kimi döyüş növlərində də aktivimizdə yetərincə qitə "qızıl"ı, mundial və digər mötəbər beynəlxalq turnirlərin mükafatları var. Lakin insanın kompleks bacarıqlarını özündə birləşdirən, idmanın "kraliça"sı adlandırılan atletikada uzun illər bu uğurlara "ac" olmuşuq. Hətta bir çox idman mütəxəssisləri hesab edirdi ki, bu növ Azərbaycan üçün deyil. Ta ki, bu ilin martınadək. Nazim Babayev Şotlandiyanın paytaxtı Qlazqoda baş tutan qapalı məkanda XXXV Avropa çempionatında adını Azərbaycan idmanı tarixinə qızıl hərflərlə yazdırdı. Üçtəkanla tullanma yarışında 17.29 metr nəticə ilə qitənin ən güclüsü olan Babayev, əslində, buna qədər də dəfələrlə adından söz etdirib. Təsadüfi deyil ki, o, hələ beş il əvvəl "Kaspi”nin "Portret” rubrikasının qəhrəmanı olub. Nankində keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarının bürünc medalını qazanmaqla, "Kaspi"nin diqqətini üzərinə çəkən 16 yaşlı Nazim, bu gün atletika tariximizin sayca ikinci (red: İlk uğur Efiopiya əsilli qaçışçı Hayle Desta Haqosun adı ilə bağlıdır), üçtəkanla tullanma üzrə ilk Avropa çempionudur. Belədə, o, həm də cığıraçandır. Odur ki, haqqında yenidən söhbət açmaqda fayda var.
 
 
İlk təkan
 
Şəxsi məşqçisi, 15 ildir onunla çiyin-çiyinə addımlayan Ziyad Xəlfəyevlə keçmişə səyahət edirik: "Nənəsinin əlindən tutub yanıma gələndə çox zəif uşaq idi. Valideynləri elə bu səbəbdən onu atletikaya yazdırmaq qərarı vermişdilər. Lakin əla sürəti var idi. Yaşına görə, qavrama qabiliyyətinə də söz ola bilməzdi. Hazırlığa top oyunları və digər inkişafetdirici hərəkətlərlə başladıq. Beləcə, fiziki cəhətdən istənilən səviyyəyə çatdı. Əvvəl futbola daha çox həvəsli olsa da, az müddətdə atletikaya bağlandı. Vaxt yetişdi, respublika birinciliklərində sınaqdan keçirdik. Uzunluğa tullanma yarışlarında hər dəfə mükafatçılar sırasında yer alırdı. Sonradan boyunu, sürətini və digər texniki göstəricilərini nəzərə alıb, üçtəkanla tullanmaya keçirdim. Burada uğurlu olacağına əmin idim. Zaman göstərdi ki, yanılmamışam".
 
 
30 illik rekordu qırır
 
İlk beynəlxalq uğurunu 2012-ci ildə Yakutiyada keçirilən Asiya Uşaq Oyunlarında qazanan (gümüş medal) Babayev, sonrakı ildə Hollandiyanın Utrext şəhərində təşkil edilən Avropa Gənclər Festivalında 15.53 metr nəticə ilə "qızıl"ı boynundan asır. 2014-cü ilin mayında Bakıda baş tutan olimpiadaya lisenziya xarakterli yarışda 16.18 metr nəticə ilə o, həm çempion olur, həm də yeniyetmələrin ölkə rekordunu yeniləyir. Həmin ilin avqustunda Çinin Nankin şəhərində təşkil olunan Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 15.93 metr göstərici ilə "bürünc"ə yiyələnən vunderkind, 2015-də İsveçdə keçirilən 20 yaşadək gənclərin Avropa çempionatında fantastik göstəriciyə imza atır. Belə ki, yekunda 17.04 nəticə göstərərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxan Nazim, həm də yarışın 30 illik rekordunu qırır. Bu, eyni zamanda ona Rio olimpiadasına da lisenziya qazandırır. Cəmi 18 yaşında ölkəmizi dördilliyin ən möhtəşəm yarışında təmsil etmək hüququ qazanan Babayev, təcrübəsizliyin, müəyyən mənada da zədənin qurbanı olur.
Gənc atlet bu uğursuzluğu növbəti il artıqlaması ilə sığortalayır. İlk olaraq Bakının ev sahibliyi etdiyi İslam Həmrəyliyi Oyunlarında 17.15 metr göstərici ilə çempion olan Nazim, iyulda Polşanın Bıdqoş şəhərində baş tutan 23 yaşadək atletlərin Avropa çempionatında şəxsi rekordunu müəyyənləşdirərək (17.18), "qızıl"a yiyələnir. İlin digər çempionluğu isə avqustda Tayvanda keçirilən Universiadada qeydə alınır. 2018-ci il isə uğursuzluqla yadda qalır. Belə ki, zədə səbəbindən xeyli müddət məşqlərdən uzaq qalan Babayev, cəmi ay yarım hazırlıq keçməklə qatıldığı qitə çempionatında dördüncü nəticə göstərir.
Xüsusi vurğulayaq ki, o, ölkə idmanının inkişafındakı xidmətlərinə görə, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif olunub. Erkən yaşlarından böyük perspektiv ortaya qoyan, ölkədə kifayət qədər populyarlaşan Nazim, paytaxtımızda təşkil olunan İslamiadanın idmançı səfirləri arasında da yer almışdı.
 
 
Gerçəkləşən xəyal
 
Avropa çempionatına hazırlıq beş ay davam edir. Bu müddətdə bütün planlarda əla səviyyəyə çatan 21 yaşlı idmançı, qarşısına ən azından 17.30 metr göstəriciyə nail olmaq məqsədi qoyur. Rəqibləri arasında olimpiya, dünya və Avropa mükafatçıları olsa da, sadəcə, çempionluğu hədəfləyir. Təfərrüatını isə öz dilindən oxuyaq: "Qapalı məkanda keçirilən yarışların çətin tərəfləri daha çoxdur. Ən əsası, psixoloji durumun çox yaxşı olmalıdır. Mən də məhz bu cəhətdən yarışa özümü tam hazırlamışdım. Ziyad müəllim 17.30 metr nəticəyə qadir olduğumu deyib, məni buna inandırmışdı. Yekunda 1 santimetr az nəticə göstərsəm də, məqsədimə çatdım.
Böyüklərin yarışında bu, ikinci ilimdir. İlk vaxtlar çətinliklə üzləşirdim. Bununla belə, 21 yaşımda Avropa çempionu olmağımı böyük nailiyyət sayıram".
Fransalı ikiqat dünya və Avropa çempionu Teddi Tamqonu özünə kumir seçən Nazimin, uşaqlıqda maraqla izlədiyi atletlərdən biri də sözügedən yarışın gümüş mükafatçısı, portuqaliyalı Nelson Evoradır. Bir vaxtlar ekran qarşısından heyranlıqla baxdığı olimpiya, ikiqat dünya və üçqat Avropa çempionunu üstələmək, qəhrəmanımızın nəzərində "qızıl"ın "əyyar"ını ikiqat artırır.
 
 
Tokioya doğru
Onu cari ildə iki mühüm yarış gözləyir. İyulda Neapolda baş tutacaq Universiadada titulunu qorumağı hədəfləyən Babayev, iki ay sonra Dohada mundial sınağı verəcək. Qarşıya qoyulan əsas məqsəd isə Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Bunun üçün də 17.14 metr göstəriciyə nail olmaq lazımdır. Dördilliyin zirvə yarışından mükafatla dönmək, hər bir idmançı kimi onun da ən böyük arzusudur. Qlazqoda çempion olmaqla yanaşı, şəxsi rekordunu müəyyənləşdirən 21 yaşlı atlet, Tokioda mükafatlara iddia ortaya qoymaq üçün göstəricisini ən azından 20 santimetr yaxşılaşdırmalıdır. Bu, tək bizim yox, həm də komandamızın məşqçilər heyətinin qənaətidir. Atletika yığmamızın çalışdırıcısı Bəhruz Salehli və Ziyad Xəlfəyev hesab edir ki, Nazim qarşıdakı bir ildə qeyd olunan nəticəni göstərmək gücündədir. Üçtəkanla tullanmanın tarixinə, təcrübənin gənclik qarşısında üstünlüyünə diqqət çəkən hər iki mütəxəssisin qənaətincə, o, hələ üç olimpiadada rahatlıqla medallar uğrunda mübarizə apara bilər.
 
 
Aktual suala cavab
 
Bu aralar ölkə idman camiəsində Nazimlə bağlı "O da Ramil Quliyev kimi xaricə üz tutacaqmı?" sualı aktualdır. Həm özünün, həm də yuxarıda adıçəkilən mütəxəssislərin cavabı birmənalı oldu: "Yox!". Bu günə qədər bir neçə təklifin olduğunu qeyd edən Babayev deyir ki, belə fikirdə olsaydı, çoxdan gedərdi: "Mən vətənpərvər insanam. Başqa ölkənin himnini səsləndirməyi təsəvvür edə bilmirəm".
 
"Legionerin varlığı mənim üçün əlavə stimuldur"
 
Bir çox növlərdə legionerlərin xidmətindən istifadə halları birmənalı qarşılanmasa da, rəqabət mühiti yaratmaq üçün atletika və digər ənənəsi zəif olan növlərdə bu hal başadüşüləndir. Üçtəkanla tullanmada da Nazimlə yanaşı, ölkəmizi dünya və Avropa çempionatlarının mükafatçısı, Kuba əsilli Frensis Kapello təmsil edir. Qəhrəmanımız deyir ki, bu, onun üçün əlavə stimuldur. İslam Həmrəyliyi Oyunlarında kubalı legioneri üstələyən Babayev, yarışsonrası açıqlamasında belə bir fikir dilə gətirmişdi: "Bu, mənim üçün prinsipial qələbə idi. Kubalıdan daha güclü olduğumu sübut etməli idim. Doğma publika önündə ona uduzmağı əsla özümə bağışlamazdım".
 
 
Futbol və cüdo azarkeşi
 
"İdman həyatımın doxsan faizini əhatə edir" deyən Nazim, yerdə qalan vaxtda özünü zehni cəhətdən inkişaf etdirir. Xarici dil biliklərini təkmilləşdirmək, 21 yaşlı idmançının əsas məqsədlərindəndir.
Onun idman maraqları atletika ilə çərçivələnməyib. Uşaqlıqda futbolçu olmaq istəyən qəhrəmanımız, bu gün də "idmanın şahı"na qarşı sevgi bəsləyir. Azarkeşlik etdiyi klublara gəldikdə, bunlar "Neftçi" və "Barselona"dır. Həm də cüdo həvəskarı olan Babayev, təmsilçilərimizdən Rüstəm Orucov və Orxan Səfərovun döyüş tərzini daha çox bəyəndiyini deyir.
 
 
Portret
Beş il əvvəlki portreti ilə indiki arasında fərq saysızdır. Cəmi 16 yaşında olarkən kəşf edib, əminliklə böyük perspektiv vəd etdiyini, tezliklə zirvələri fəth edəcəyini vurğuladığımız gənc, bizləri nəinki çempionluqlara, rekordlara alışdırıb. Dəyişməyən isə xarakteridir. Uğurlardan başı gicəllənməyən, ucaldıqca sadələşən Nazim, həyatını idmana bağlayan yeniyetmə və gənclərə əsl örnəkdir.
Respublikanın əməkdar məşqçisi, "Tərəqqi" medallı Ziyad Xəlfəyevin bu fikirləri isə qənaətimizə şübhə yeri qoymur: "O, həyatının çox hissəsini mənim yanımda keçirib. Öz övladım qədər bələdəm. Elə övladım kimi də əzizdir. Bu günə qədər gözlədiklərimdən də artığını bacarıb. Çünki istedadlı idmançı olmaqla yanaşı, yüksək tərbiyəyə, məsuliyyət hissinə sahibdir. İdmançılar var ki, bir-iki xırda uğurdan sonra özlərini göylərdə hiss edir, hamıdan ağıllı sanırlar. Amma o, lap olimpiya çempionu olsa belə, təvazökarlığını itirməz. Odur ki, bizi yeni zirvələrdə qarşılamağa hazırlaşın".
Sahib

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916