• cümə, 19 Aprel, 21:17
  • Baku Bakı 24°C

Kaspi Təhsil Mərkəzi nüfuzlu mükafata layiq görülüb

17.05.14 08:31 3637
Kaspi Təhsil Mərkəzi nüfuzlu mükafata layiq görülüb
Mayın 14-də Böyük Britaniyanın nüfuzlu “The Business Year” jurnalının Azərbaycana həsr edilmiş 2014-cü il buraxılışının təqdimatı keçirilib. Təqdimatda jurnalın regional direktoru Betül Çakaloğlu, Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, energetika naziri Natiq Əliyev, Milli Məclisin sədr müavini Bahar Muradova və digər rəsmi şəxslər, qonaqlar, media nümayəndələri iştirak ediblər.
Baş ofisi Londonda yerləşən “The Business Year” dünyanın müxtəlif bölgələrini - Latın Amerikası, Asiya, Afrika qitələrini əhatə edən geniş coğrafiyada sosial-iqtisadi prosesləri izləyən və işıqlandıran, mötəbər analizlərlə çıxış edən nüfuzlu şirkətdir. Bu jurnal ayrı-ayrı ölkələrin sosial-iqtisadi durumu və inkişaf meyilləri, biznes və investisiya mühiti, aparıcı şirkətləri və digər məsələlər haqqında ildə 20-dən çox xüsusi buraxılış hazırlayır və bütün dünyada yayır.
Jurnalın Azərbaycanla bağlı budəfəki buraxılışında yeni layihələri ilə Azərbaycanda vətəndaşların marağına səbəb olan Kaspi Təhsil Mərkəzinin də fəaliyyətinə yer verilib. Həmçinin, jurnal tərəfindən Mərkəzin direktoru Elnur Əliyevə “Vətəndaş cəmiyyəti sahəsindəki nailiyyət” mükafatı (Civil Society Achievement of the Year) təqdim edilib. Biz də Kaspi Təhsil Mərkəzinin direktoru Elnur Əliyevi təbrik edib, təəssüratlarını öyrəndik.
7 ildən artıqdır ki, Kaspi Təhsil Mərkəzinin fəaliyyət göstərdiyini, daim öz işini yüksək standartlara cavab verə biləcək şəkildə təşkil etdiyini deyən Elnur Əliyev bu mükafata təhsil mərkəzinin nailiyyətlərinə görə layiq görüldüyünü qeyd etdi: ““The Business Year” jurnalında yer almaq çox qürurverici bir hissdir. Kaspi Təhsil Mərkəzinin cəmiyyət üçün faydalı işlər gördüyünü və bu işin yüksək səviyyədə qiymətləndirildiyini görmək sevindirici haldır. Bizi bu mükafata layiq gördükləri üçün ilk növbədə jurnalın yaradıcı kollektivinə təşəkkürümüzü bildiririk. Eyni zamanda, bütün Kaspi Təhsil Mərkəzinin kollektivinə təşəkkür edirik ki, onlar cəmiyyətdə bu cür görünməyimizin təmsilçisidirlər. Onların da bu nüfuzu qazanmağımızda böyük rolu var. Kaspi Təhsil Mərkəzinin əməkdaşları çalışacaq ki, hər zaman əldə etdiyimiz bu nailiyyəti qoruyub saxlayaq”.
“Xidmətlərimiz maddi cəhətdən əlçatandır”
Elnur Əliyev Kaspi Təhsil Mərkəzinin 7 illik fəaliyyətindən bəhs edərək, bir sıra nailiyyətlərini göz önünə gətirdi. Onun sözlərinə görə, bu uğurun arxasında yüksək keyfiyyətli iş prinsipi dayanır: “7 il ərzində təhsil sahəsində olan böyük sıçrayışı görməmək qeyri-mümkündür. Əvvəlcə biz ingilis dili kursu olaraq fəaliyyətə başladıq. Ancaq bu gün təhsil mərkəzimizin səkkizinci filialını açmaq üzrəyik və minlərlə tələbəyə xidmət edirik. Bu, cəmiyyətin diqqətini cəlb edən məqamlardan biridir ki, mərkəzin xidmətlərində bir neçə prinsipi əsas götürürük. Birincisi odur ki, bizim xidmətlərimiz maddi cəhətdən əlçatandır ki, əhalinin əksər hissəsi bundan faydalana bilsin. Keyfiyyətimizin yüksək olması ilə bərabər, qiymətimiz də insanlar üçün əlverişlidir. Bakının müxtəlif ərazilərində bu təhsil mərkəzinin filiallarını açarkən əhalinin imkan səviyyəsini nəzərə alaraq qiymətləri münasib edirik. İkinci prinsipimiz isə insanlara yaxın ərazilərdə yerləşməkdir. Çünki onların məsafə və zaman itkisinə yol vermələrini istəmirik. Növbəti əsas prinsiplərimizdən biri də məhsullarımızın keyfiyyətli olmasıdır. Əsas amalımızdan biri də təqdim etdiyimiz kursların həm müəllim, həm proqram, həm də tədris prosesi baxımından ən qabaqcıl standartlara cavab verməsidir. Bundan əlavə, biz daim ən müasir texnologiyalardan istifadə edirik”.
Son bir neçə ildə informasiya texnologiyalarının təhsildə tətbiqində bir neçə iri layihələrə imza atdıqlarını söyləyən müsahibim, həmin layihələrin insanların marağına səbəb olduğunu da bildirdi. Vurğuladı ki, təhsil mərkəzi bir neçə ay öncə “Oxu.tv” layihəsini təqdim edib. Oxu.tv layihəsində 300 ədəd video-dərs təqdim olunub. Məktəb proqramını və məktəb fənlərini əhatə edən video-dərslərdən tamamilə pulsuz istifadə olunur. Hansı ki, şagirdlər həmin fənlər üzrə müəllim yanına getsələr, bu, kifayət qədər xərc tələb edəcək: “Bu layihənin ardınca başqa bir layihəmizi təqdim etdik. Bu, diaspor komitəsi ilə birlikdə olan “Əlifba” layihəsidir. Layihənin icrası xaricdə yaşayan azərbaycanlı və Azərbaycanın daxilində yaşayan məktəbəqədər uşaqlara Azərbaycan əlifbasını öyrətmək məqsədini oyun şəklində təqdim etməyə imkan verdi”.
Qürurverici mükafat!
E.Əliyevin sözlərinə görə, bu layihələrin başında duran əsas məsələ odur ki, bunların hər biri pulsuz təqdim olunur: “Universitetə hazırlaşan abituriyentlər üçün pulsuz onlayn sınaqlar etmişik. Elektron şəkildə məktəblərin idarəetmə sistemini hazırlamışıq. Bunların hamısı Kaspi Təhsil Mərkəzinin uğurlu fəaliyyətinin göstəriciləridir ki, bu da “The Business Year” jurnalının diqqətindən kənarda qalmayıb. Bizim kommersiya təşkilatı olmağımıza baxmayaraq, vətəndaş cəmiyyətinə yönəlik fəaliyyətimiz onların diqqətini cəlb edib”.
Direktor onu da qeyd etdi ki, hazırda Kaspi Təhsil Mərkəzinin bir çox informasiya-texnologiya layihələri pulsuz olaraq vətəndaşlara xidmət edir. Bu kimi layihələr mərkəzin korporativ sosial məsuliyyətindən xəbər verir. Kaspi Təhsil Mərkəzinin kommersiya təşkilatı olmasına baxmayaraq, özlərini cəmiyyət qarşısında borclu hesab etdiklərini söyləyən müsahibim, bu kimi sosial layihələrlə vətəndaşlara yüksək səviyyədə xidmət etdiklərini söyləyir: “Bizim bu nailiyyətlərimiz həmin mükafatların alınmasında böyük rol oynayır. Çox önəmli məsələlərdən biri də odur ki, bu layihələrimizdə Kaspi Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyevanın birbaşa təsiri olub. Yəni bütün bu sosial layihələrin ərsəyə gəlməsində onun təşəbbüsü əsas rol oynayıb. Sona xanımın fikri budur ki, biz daim cəmiyyət qarşısında məsuliyyət daşımalı, məsuliyyəti bu kimi layihələrlə həyata keçirməliyik. Biz mükafatların verilib-verilməməsindən asılı olmayaraq, daim yeni layihələr üzərində işləyib fəaliyyətimizi davam etdirəcəyik. Bu mükafat çox böyük mükafatdır. Həmin jurnalda mükafat alanların sırasına düşmək bizim üçün qürurvericidir”.
Nəzərdə tutulan yeni layihələr
Bu mükafatdan sonra hansı hədəflərinin olduğunu soruşduqda, Elnur Əliyev daha bir neçə maraqlı layihənin nəzərdə tutulduğunu ilk olaraq bizə açıqladı: “Hal-hazırda çalışdığımız bir neçə yeni layihələr var ki, bunlara gələcəkdə mərkəzimizin özəl məktəb, bağça açmaq kimi hədəfləri daxildir. Hazırlıqlarımız bu hədəflərə doğru kiçik addımlarla irəliləyir. Daha sonra elektron təhsil sahəsində Kaspi-nin yeni layihələri bir il ərzində işıq üzü görəcək. Biz düşünürdük ki, abituriyentlər üçün bütün hazırlıq fənləri daxil olmaqla ili əhatə edən onlyan ölçmə, qiymətləndirmə sistemi yaradaq. Məqsəd odur ki, tələbə həftənin, ilin istənilən günü istənilən hazırlıq fənninə daxil olub öz hazırlığını ölçüb-qiymətləndirsin, bilik səviyyəsini yoxlasın, yaşıdları ilə müqayisə edə bilsin. Sistem ona imkan verəcək ki, tələbə öz reytinqini də görəcək. Kaspi-nin bir özəlliyi də var ki, biz hər yaş kateqoriyasına uyğun proqram təklif edirik. Bizim məktəbəqədər uşaqlar üçün də proqramlarımız var. Eləcə də məktəblilər üçün dil fənlərimiz var. Həmçinin məktəbi bitirmək üzrə olan abituriyentlər üçün hazırlıq proqramlarımız mövcuddur. Daha sonra isə universitetdə oxuyanlara ingilis dili və xaricdə təhsil imkanları təklif edilir”.
Müsahibimizlə söhbət zamanı öyrəndik ki, Kaspi Təhsil Mərkəzi gələcəkdə universiteti bitirən, peşəkar mütəxəssis olan gənclərimizə ixtisas yönümlü təlimlər də təklif edəcək. Yəni biznes, iqtisadiyyat, jurnalistika, menecment və bu kimi sahələrdə universiteti bitirmiş tələblərə uyğun ixtisaslarda peşəkar xarici proqramlara əsasən təlimlər keçərək onları beynəlxalq sertifikatlarla təmin etməyi planlaşdırır.
Söhbətimizin sonunda Elnur Əliyev “Kaspi” qəzetinin kollektivinə təşəkkür edərək, uğurlarının gözdən qaçmadığını vurğuladı.
Biz də öz növbəmizdə Kaspi Təhsil Mərkəzinin bütün yaradıcı kollektivini təbrik edir, uğurlarının daha çox olmasını diləyirik.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər