“Kaspi” qəzetinin kollektivi Prezidentə müraciət etdi
12155
03 fevral 2020 | 15:56
Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2020-ci ilin birinci yarısı üçün
elan etdiyi müsabiqə çərçivəsində qəzetlərə maliyyə yardımının göstərilməsi ilə
bağlı qərar qəbul edib. Maliyyə yardımı ayrılan qəzetlər arasında Azərbaycan və
rus dillərində çıxan "Kaspi” və "Kaspiy” qəzetlərinin adı yoxdur. Hər iki
qəzetin kollektivi bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevə müraciət ünvanlayıb.
Həmin müraciəti təqdim edirik.
Azərbaycan Respublikasının Prezidenti
Cənab İlham Əliyevə
Hörmətli, cənab Prezident!
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondu 2020-ci ilin birinci yarısı üçün elan etdiyi müsabiqə
çərçivəsində "Kaspi” qəzetinə maliyyə yardımının dayandırılması barədə qərar
verib.
Biz bu qərarı çox təəccüb və təəssüf hissi ilə qarşıladıq. Axı niyə?
Hazırda "Kaspi” qəzeti ölkənin ən nüfuzlu çap nümunələrindəndir. Həm
tirajına, həm məzmununa görə ölkədə çap olunan və Fondun maliyyə yardımı
ayırdığı digər qəzetləri qabaqlayır.
1999-cu il martın 6-dan çapını bərpa edən qəzetin əsası 1881-ci ildə
qoyulub. Ona görə də qəzeti "Üç əsrin qəzeti”
adlandırırıq. Hazırda «Kaspi» gündəlik, rəngli formatda, həftəarası günlər 16
səhifə, şənbə günü isə 24 səhifə olmaqla nəşr edilir.
Azərbaycan dilində nəşr olunan "Kaspi” qəzetinin 26
nəfərdən ibarət kartla əmək haqqı alan kollektivi var. Bundan əlavə, qəzet 25-dək
kənar müəlliflə qonorar əsasında əməkdaşlıq edir.
Qəzetin 3 əlavəsi fəaliyyətdədir. Həftənin cümə
axşamı günləri "Teatr”, cümə günləri "Gənclik”, şənbə günləri isə "Ədəbiyyat”
əlavələri nəşr olunmaqdadır.
Qəzetin 3 dildə - Azərbaycan, rus və ingilis
dillərində fəaliyyət göstərən kaspi.az internet resursu da on-line fəaliyyət göstərməkdədir.
Ayrıca ədəbiyyat və mədəniyyət xidmətləri üzrə ixtisaslaşmış artkaspi.az
saytımız mövcuddur.
2019-cu ildə qəzet 3800 tirajla çıxıb.
Ötən illər ərzində ölkənin ən nüfuzlu qələm
sahibləri "Kaspi”nin səhifələrində çap olunub.
Qəzet rəhbərliyinin təşəbbüsü ilə çoxsaylı
layihələr icra olunub, "Kaspi” nəşrləri” silsiləsindən 20-dən artıq kitab çap edilib.
"Kaspi”nin xətti ilə ötən əsrin əvvəllərində nəşr olunan Azərbaycan
qəzetlərinin elektron arxivi Hollandiyadan alınaraq ölkəmizə gətirilib və Mirzə
Fətəli Axundov adına Mərkəzi Kitabxanaya bağışlanılıb.
Qəzet fəaliyyətini bərpa etdiyi gündən daim
dövlətçilik maraqlarını müdafiə edib, maarifçilik missiyasını daşıyıb.
Cənab Prezident!
Qəzetimizə hansı səbəbdən maliyyə yardımının
ayrılmaması barədə bizə heç bir məlumat verilmir.
KİV DF-nin qəbul etdiyi qərar qəzetlə bu və ya
digər formada əlaqədə olan 50 jurnalistin işsiz qalması deməkdir.2020-ci il üçün qəzetin 3000-ə yaxın abunəsi
vardır. Bu qərar bizi qəzetimizə abunə olanlar qarşısında da çətin durumda
qoyur.
Kollektiv olaraq Sizdən xahiş edirik ki, belə bir
tarixi xidmətləri olan qəzetin maliyyə yardımı ayrılan qəzetlərin siyahısına
daxil edilməsinə yardımçı olasınız!
Dərin
hörmətlə,
"Kaspi” qəzetinin kollektivi