• çərşənbə, 24 Aprel, 01:15
  • Baku Bakı 14°C

“Kaspi” Liseyində yeni tədris ilinin ilk zəngi

15.09.17 17:40 4936
“Kaspi” Liseyində yeni tədris ilinin ilk zəngi
Ulu öndər Heydər Əliyevin «Təhsil millətin gələcəyidir. Təhsil hər bir ölkənin, dövlətin, cəmiyyətin həyatının və fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz» fikirlərini amalına çevirən "Kaspi” Liseyi "Kaspi” təhsil ailəsinin ənənələrinə sadiq qalaraq «Mükəmməl milli təhsil amalımızdır!» şüarı ilə fəaliyyətini uğurla davam etdirir. "Hədəfləri çalışqan, özünə güvənən, dürüst, ətrafdakılara hörmətlə yanaşan, milli-mənəvi dəyərlərinə bağlı, elm və texnologiyanın yenilikləri ilə addımlayan, vətənini, millətini sevən, onun uğrunda hər bir fədakarlığa hazır olan, fikirlərini səlis ifadə edən bir şəxsiyyət kimi yetişməkdir”.

Milli dəyərlərə sadiq qalmaq
«Ölkəmizdəki çoxsaylı məktəblər sırasında məhz «Kaspi» Liseyini seçdiyiniz üçün sizə təşəkkür edirəm. Sizi əmin etmək istəyirəm ki, bu etimadı doğrultmaq üçün çoxşaxəli fəaliyyətimizdən irəli gələrək, gecə-gündüz çalışırıq” deyən «Kaspi» Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva valideynləri və şagirdləri yeni tədris ili və "Bilik günü” münasibəti ilə təbrik edərək "Valideyn məmnuniyyəti, şagirdlərin bilik meyarları bizim üçün əsasdır» - dedi. 2016-2017-ci tədris ilində təhsil mərkəzi olaraq fəaliyyətlərinin 10 ilini qeyd etdiklərini söyləyən təsisçi, növbəti tədris ili üçün bütün fəaliyyətlərini səfərbər etdiklərini, yeni hədəflər müəyyənləşdirdiklərini diqqətə çatdırdı: "Biz 5-10 günün içində qərar verib məktəb açmamışıq. Biz 10 illik fəaliyyətimizin 7-ci ilində məktəbəqədər hazırlıqdan başlayaraq abituriyent, xaricdə təhsil hazırlığı üzrə geniş profilli fəaliyyət sahəmizdə bir brendə çevriləndən, məsuliyyəti dərk edəndən və bu işə tam hazır olandan sonra «xalqın gələcəyi üçün sağlam nəsil yetişdirəcəyik» - amacı ilə fəaliyyətə başladıq. Biz milli təhsillə beynəlxalq təhsilin ən mütərəqqi metodlarını birləşdirərək və təlim-tərbiyədə mili dəyərləri əsas götürərək yeni formatda məktəb açdıq. Qloballaşan dünyanın azərbaycanlı vətəndaşını yetişdirmək amacı ilə yola çıxdıq”. Öncə liseyin Bakıxanov, daha sonra Ağ şəhər filialının açıldığını deyən təsisçi, bu il Bakıxanov filialının ilk məzunlarının yola salındığını və 21 məzunun hamısının ölkənin müxtəlif ali məktəblərinə qəbul olduqlarını bildirdi: "Ağ şəhər filialının açılmasına da böyük ehtiyac duyduq. Bizə olunan müraciətlər bu addımı atmağa sövq etdi. Bu istəyimiz uğurla alındı və nəticədə 2017-2018-ci tədris ilinin açılışını elan edirik”. S.Vəliyeva liseyin uğurlarını pedaqoji kollektivin düzgün seçimi ilə də əlaqələndirdi: "Uğuru əldə etmək və sizin məmnuniyyətiniz üçün ilk addımlarımızın nədən ibarət olacağını düşündük. Bacarığı, şəxsi nümunəsi ilə fərqlənən müəllim kollektivinin seçilməsi ilə işə başladıq. Bu gün hər iki filialda bilik və bacarığı ilə nümunə olacaq və 3-4 mərhələli imtahanlardan keçərək müəllim adını qazanan insanlar fəaliyyət göstərir. Həmçinin ən müasir texniki avadanlıqlarla təchizat keyfiyyətli təhsil verilməsinə çalışdıq. Dünyanın ən qabaqcıl və nüfuzlu universitetlərində yetişən şagirdlərlə rəqabət apara biləcək intellektli uşaqlar yetişdirdik. Biz bununla Azərbaycanın gələcək qurucularını hazırlayırıq. Təcrübələr göstərir ki, kosmopolit vətəndaş yetişdirmək millətə ziyan vurur. Azərbaycan vətəndaşı milli dəyərlərinə sadiq qalmalıdır. Ona görə də təlim-tərbiyədə iş prinsipimiz milli dəyərlərə sadiq qalmaq, adət-ənənəmizi bilmək, özündən böyüyə hörmət kimi xüsusiyyətlərə yiyələnən, həmçinin fənn biliklərinə və sosial bacarıqlara malik məsuliyyətli və mükəmməl vətəndaş yetişdirməkdir. Ölkə başçısı İlham Əliyevin də tövsiyəsidir ki, yetişən Azərbaycan gəncliyi mili dəyərlər ruhunda böyüməlidir. Ona görə bu gün məktəblilərin üzərinə öhdəliklər düşür. Yetişən gənclik lazım gələrsə, vətəni uğrunda canını fəda verməyi bacarmalıdır”. S.Vəliyeva məlumat verdi ki, bu tədris ilindən başlayaraq "Ağ şəhər” filialında musiqi və incəsənət mərkəzi fəaliyyət göstərəcək. Qabiliyyəti olan şagirdlər dərsdən sonra bu mərkəzdə məşğul ola bilərlər.

Gərgin zəhmət və məsuliyyət
«Günümüzün qəhrəmanları bizim şagirdlərdir» - deyən "Ağ şəhər” filialının direktoru Asif Əzizov rəhbərlik etdiyi təhsil ocağının uğurlarında liseydə çalışan müəllim kollektivinin böyük əməyi olduğunu vurğuladı: «Liseyin "Ağ şəhər” filialının uğurlarında burada çalışan komandanın böyük payı var. Onların öz işlərinə məsuliyyətlə və peşəkarlıqla yanaşması bu gün bizim «Mükəmməl, milli təhsil amalımızdır» - deməyimizə əsas verir. Nailiyyətlərimizlə sevinirik. Çünki bu uğurların arxasında gərgin zəhmət və işə məsuliyyətlə yanaşmaq prinsipləri durur».
Tədbirdə məktəb dünyasına ilk addımlarını atan birincilər Azərbaycan və rus dillərində şeir və mahnılarla çıxış etdilər. Həmçinin «Kaspi» liseyinin "Bakıxanov” filialının 9-cu sinfini uğurla bitirən şagirdlərə diplomlar, "Ağ şəhər” filialının nəzdindəki "Kembric” ingilis dili mərkəzində uğurlar əldə edən şagirdlərə sertifikatlar təqdim olundu.
«Kaspi» liseyinin 2017-2018-ci tədris ilinin açılışını elan edən ilk zəng səsi şagirdləri siniflərə səslədi.
Yaddaşa ömürlük yazılacaq gün
Liseyin direktoru Asif Əzizov bizimlə söhbətində bu il filialda şagird artımının olduğunu qeyd etdi. Belə ki, bu il məktəbdə 5 birinci sinif üzrə Azərbaycan və rus dili qruplarında 80 uşaq təhsil alacaq. Ümumilikdə isə ibtidai siniflərdə 300 şagird təhsil alır. Həmçinin yuxarı siniflər üzrə də yeni siniflər təşkil olunub. Liseyin nəzdində musiqi, incəsənət mərkəzi ilə yanaşı, yeni dərnəklər də fəaliyyətə başlayacaq. Həmçinin liseyin pedaqoji kollektivi də genişlənib. 20-yə yaxın müəllim müxtəlif fənlərin tədrisi üzrə liseyə cəlb olunub.
Liseyin xüsusən 1-ci siniflərində şən və maraqlı ab-hava müşahidə olunur. 2A sinifinin müəllimi Nərmin Məmmədova ilk sinif təcrübəsində həyəcanlı olduğunu gizlətmir: «Bu, mənim müəllim fəaliyyətimin ilk günüdür. Ona görə çox həyəcanlıyam. Sinfidə 14 uşaq təhsil alacaq. Onlar maraqlı baxışlarla məni izləyirlər». N.Məmmədova «Kaspi» liseyində çalışmasının sevincini bölüşür: «Bu məktəbdə rəhbərliyin valideynlərə, onların fikirlərinə verdiyi dəyər, uşaqları daha çox düşünmələri xoşuma gəlir. Kollektivdə müəllimlər arasında əməkdaşlıq güclüdür».
5A sinifinin müəllimi Nigar Ağayeva isə rus qrupunda dərs deyir: «Uşaqlarla ünsiyyət, onlara diqqətlə və qayğı ilə yanaşmaq çox önəmlidir. Valideynlərin də, şagirdlərin də rəğbətini qazanmağa və müəllim adını doğrultmağa şalışacağam”.
Valideyn Brilyant Babayeva isə bu il birinci sinifdə oxuyacaq oğlunun sevincini bölüşür: «Övladım əvvəlcə «Kaspi» bağçasına gedib. Burda uşaqlara göstərilən xüsusi diqqət və qayğı bir valideyn kimi məni məmnun etdiyindən onun «Kaspi» liseyində oxumasına üstünlük verdim. Hesab edirəm ki, övladım bu məktəbdə gələcəyin layiqli vətəndaşı kimi yetişəcək, biliklərə mükəmməl yiyələnəcək».

Birinci sinif şagirdləri ilə söhbətləşmək də xoşdur. Bu gün onların yaddaşına ömürlük yazılacaq. Ləman Babayeva məktəbə həvəslə gəldiyini deyir: «Məktəbə gəlməyi çoxdan arzulayıram. Dərslərimi yaxşı oxuyacağam”.
Samir Abdullayev də dərslərini həvəslə oxuyacağını söyləyir: «Mən yaxşı şagird olacağam. Müəllimlər də məni sevəcək. Artıq kitab oxumağı da yazmağı da öyrənmişəm”.
Biz də məktəbin şagird və müəllim kollektivinə yeni tədris ilində uğurlar arzulamaqla Liseydən ayrıldıq: "Yolunuz açıq olsun!”

Təranə Məhərrəmova










banner

Oxşar Xəbərlər