Kaspi Liseyində “Robotiks dərnəyi” - Fotolar
"Qloballaşan dünyada
baş verən elmi nailiyyətlər, texnologiyaların inkişafı sahəsində yaranan
yeniliklər haqqında şagirdlərin xəbərdar olması onların texniki biliklərinin
inkişafında mühüm rol oynayacaq”. Kaspi Liseyində "Robotiks dərnəyi”nin təqdimatında
səslənən bu fikirlər məktəbin texnologiyaların inkişafı ilə bağlı biliklərin əldə
edilməsi və şagirdlərin bu istiqamətdə inkişafı üçün təşəbbüsündən xəbər verdi.
Kaspi Liseyinin direktoru Tural Əliyev təqdimatın məqsədindən danışaraq son vaxtlar
dünyada baş verən ixtiralar, ABŞ və Yaponiya kimi ölkələrdə inkişaf edən robot
texnikasının nailiyyətləri ilə bağlı yeniliklər haqqında şagirdlərə məlumat
vermək və gələcəkdə onların bu sahədə biliklərə yiyələnməsi üçün təşəbbüs
olduğunu bildirdi.
Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva valideynləri və şagirdləri, həmçinin təqdimatda iştirak
edən Yaponuyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tsuquo
Takahaşini salamlayaraq rəhbərlik etdiyi liseyin yaranma tarixi
haqqında qısa məlumat verdi. Belə ki, 2014-2015-ci ildə fəaliyyətə başlayan lisey
Kaspi Təhsil Mərkəzinin 10 illik təcrübəsi əsasında yaranıb: "Biz yerli təhsil
sistemində, eləcə də dünya təhsilində baş verən yenilikləri araşdırdıqdan sonra
liseyin açılmasına qərar verdik. Milli ənənələri saxlamaq və qloballaşan
dünyanın texniki nailiyyətlərini təhsilə əlavə etmək əsas məqsədimizdir”. S.Vəliyeva
təqdimatı keçirilən "Robot dərnəyi”nin liseyin texniki yeniliklərə açıq olması
kimi dəyərləndirdi. Təsisçi Yaponiya texnologiyaları əsasında robotların
hazırlalmasının və liseydə yaradılan dərnəyin təhsil ocağında oxuyan şagirdlərin
inkişafına böyük töhfələr verəcəyini qeyd etdi: "Yaponiya, Amerika və Koreya
kimi ölkələrdə bu cür dərnəklər fəaliyyət göstərir. Ölkəmizdə də "Kaspi” Liseyi
belə bir dərnək yaratmaqla şagirdlərin
robot texnikası sahəsində inkişafına nail olmaq məqsədini qarşıya qoyduğunu
vurğuladı. Səfirin təqdimatda
iştirakından məmnunluğunu ifadə edən S.Vəliyeva bu təqdimatın ölkələrimizin təhsil
sistemi arasında körpü rolunu oynayacağını bildirdi: "Kaspi” Liseyi müxtəlif
ölkələrin məktəbləri ilə dostluq əlaqələri qurub. Bu, qarşılıqlı fikir mübadilələrinin,
multkultural dəyərlərin inkişafına, xalqların bir-birini tanımasına, adət-ənənəsinin
və tarixinin öyrənməsinə kömək edir. Hesab edirəm ki, Yaponiya məktəblərindən
biri ilə Kaspi Liseyinin mübadilə
proqramının yaranması xalqlarımız arasında münasibətlərin inkişafına, gənclərin
bir-birini tanımasına, təəssüratların genişlənməsinə və qabaqcıl təhsil
prioritetlərini öyrənməyə kömək edəcək”.
Texnologiyanın
Yaponiyanın həyatında və təhsilindəki
rolundan danışan səfir Tsuquo Takahaşini yaponların öz adət-ənənəsini qoruyan bir xalq
olduğunu, ancaq yenilikləri xoşladığını və daim tətbiq etdiyini bildirdi:
"Texnologiyalar hələ 17-ci əsrdə Yaponiyada mövcud idi. Robotların hazırlanmasında
əsas məqsəd insanların həyatını asanlaşdırmaqdır. İnanıram ki, bugünkü gənclər
texnologiyaların inkişafına öz töhfələrini verəcəklər. Düşünürəm ki, gələcəkdə
insandan da güclü robotlar hazırlanacaq. İstərdim ki, gənclər insanlar üçün
hazırlanacaq robotların tətbiqinə öz töhfələrini versinlər”.
"Kaspi” Təhsil Şirkətinin direktoru Elnur Əliyev təhsildə baş verən yenilikləri tədris proqramına
daxil etdiklərini diqqətə çatdırdı: "Çalışırıq ki, uşaqlar texnologiyalar sahəsində
baş verən yeniliklərdən təkcə agah olmasınlar, həm də istifadə etsinlər”.
Robot
texnikasının bir çox elmi birləşdirdiyini qeyd edən yapon ixtiraçısı Kohei İshigami şagirdlərə təqdim etdiyi "HELP”
proqramı haqqında məlumat verərək robotiks təlimləri haqqında ətraflı danışdı və
hazırladığı robotları nümayiş etdirdi. Şagirdlərə həmçinin
"Praktiki mühəndislik və liderlik” proqramı təqdim olundu.
Liseydə ilk dəfə
fəaliyyətə başlayan "Robotiks dərnəyi” iki istiqamət - GENESİS və FOSTER
proqramları üzrə həyata keçiriləcək. Dərslər AREA (Azərbaycan Robototexnika Mühəndisliyi
Akademiyası) müəllimləri Rəhman Rəsulzadə və Kohei İshigami tərəfindən tədris
olunacaq.
Təranə Məhərrəmova