Kasıblar üçün pulsuz hüquqi yardım
Hüquqi yardım, vəkil xidməti bütün dünyada
pullu xidmətdir, amma...
Rusiya vətəndaşları üçün pulsuz hüquqİ yardımın təşkili bu günlərdə prezident Vladimir Putinin hökumət üzvləri ilə keçirdiyi müşavirədə əsas müzakirə mövzusu olub. Ölkə başçısı Ədliyyə Nazirliyinə hər regionda dövlət hüquq bürolarının yaradılmasını və işinin gücləndirilməsini tapşırıb. Belə ki, bu dövlət qurumları yalnız ən çətin vəziyyətdə olan vətəndaşların ağır həyat vəziyyətlərindən çıxmasına kömək etməklə məşğul olmalıdırlar - hüquqi məsləhətlər, sənədlər tərtib etmək və məhkəmələrdə müşayiət olunmaları üçün dəstək göstərməlidirlər. Büro yaratmaq təcrübəsinə Rusiyada hələ 2005-ci ildə başlanıb. Sonra Sibirdə - Tomsk və İrkutsk bölgələrində ilk belə qurumlar açılıb və federal büdcədən maliyyə ayrılıb. Təcrübənin ölkənin bütün ərazilərinə yayılması planlaşdırılırsa da, təcrübəni genişləndirmək mümkün olmayıb. Bir neçə ildən sonra büro saxlanılması üçün xərc öhdəlikləri federasiya subyektləri səviyyəsinə keçib. O vaxtdan bəri əksər bölgələrdə vəkillər hər xidmət üçün büdcədən təzminat alaraq pulsuz hüquqi yardım göstərirlər.
Haçalanan fikirlər
Hüquq
bürolarının yaradılmasının yenidən gündəmə gəlməsi əslində on beş il əvvəlki
təcrübənin yenidən davam etdirilməsi deməkdir. Hələ bu istiqamətdə konkret
addımlar atılmasa da, xəbər hüquq ictimaiyyətinin fikirlərini haçalayıb.
Rusiya
Hüquqşünaslar Gildiyası hesab edir ki, az sayda işçisi olan dövlət hüquq
bürolarına ümumiyyətlə, ehtiyac yoxdur. Çünki cəmiyyətin ehtiyacları ilə müqayisədə
bu qurumlar onsuz da çatışmazlığı doldurmayacaq. Ancaq minlərlə hüquqşünas
ordusu "Büdcədən dəstək olsa - istənilən vəzifənin öhdəsindən gələcəyik” deyə
bildirir. "Cəmiyyət üçün böyük bir problem əhalinin hüquqi
savadsızlığıdır. Sosial cəhətdən qorunmayan bir çox insanın çətin həyat
şəraitində necə davranacağına dair heç bir məlumatları yoxdur. Bir çoxları
dövlətin onlara kömək etməyə hazır olduğunu bilmir və nəticədə tez-tez hüquq
şirkətlərinin qurbanı olurlar” - deyə "Rossiyskaya qazeta” da mövzu ilə bağlı
keçirilən dəyirmi masada bildirilib. İnstutsional bir təşkilatın yoxluğu
Bizim ölkəmizdə
də vətəndaşların hüquqi yardım məsələsi aktual mövzudur. İnsanların hüquqi
qaydaları bilməməsi, sənədləşmə işlərində problemlərlə üzləşməsi, hər hansı
məsələnin həlli məsləhətlərə ehtiyac bəzən onları daha çətin problemlərlə
üz-üzə qoyur. Vətəndaşlar dövlət hüquq məsləhətxanalarında müəyyən
konsultasiyalar ala bilsələr də, maddi vəziyyətlərinin çətinliyi üzündən bəzən
haqlarını sona qədər bərpa edə bilmirlər. Vətəndaşlar üçün istədikləri vaxt
qapısını ərklə aça biləcəkləri hüquqi yardım büroları yoxdur.
Bunu Konstitusiya
Araşdırmalar Fondunun prezidentiƏliməmməd Nuriyevdə təsdiqləyir: "Təəssüf
ki, bizdə belə hüquqi yardım büroları yoxdur. Amma müəyyən qədər olsa da bu istiqamətdə
fəaliyyətlər var. Ədliyyə Nazirliyinin yerli qurumları tərəfindən hüquq
maarifçiliyi istiqamətində fəaliyyətlər həyata keçirilir və vətəndaşlara hüquqi
yardımlar göstərilir. Amma bu, məhkəməyə çıxışla bağlı deyil. Vətəndaşlara
ayrı-ayrı məsələlərlə bağlı hüquqi yardımlar edilir. Regional ədliyyə qurumları
bu işlə məşğuldur. Bir çox qurumlar var ki, orda çağrı xidmətləri fəaliyyət
göstərir. Məsələn, İqtisadiyyat Nazirliyində, Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyində, Vergilər Nazirliyində, ASAN xidmətdə, eyni zamanda Korrupsiyaya
qarşı Mübarizə İdarəsi və Baş Prokurorluqda qaynar xətlər mövcuddur. Bu
qurumlarda vətəndaşların bu və ya digər məsələlərlə bağlı müraciətləri olanda
onlara hüquqi izahatlar verirlər”. Müzakirə var, nəticə yoxdur
Ə.Nuriyev pulsuz hüquqi yardım bürolarının isə mövcud olmadığını qeyd edir. Sadəcə, Vəkillər Kollegiyası bir sıra kateqoriyadan olan vətəndaşlara könüllü olaraq pulsuz hüquqi yardımlar göstərir: "Ədliyyə Akademiyasının yanında hüquq klinikası da eyni xidmətləri təklif edir. Ancaq bu istiqamətdə bütöv miqyaslı instutsional bir təşkilat yoxdur”. Hüquqşünasın sözlərinə görə, arada pulsuz hüquqi yardım haqqında müzakirələr olsa da, hələ ortada heç bir nəticə yoxdur: "Vaxtilə Hüquqi İslahatlara Yardım Mərkəzi qanun layihəsi hazırlamaq üçün bir işçi qrup yaratdı. Mən də o işçi qrupunun tərkibində idim. Amma sonra müzakirələr dayandırıldı. Hesab edirəm ki, vətəndaşların hüquqi biliklərinin artırılması çox vacibdir. Müəyyən kateqoriyadan olan insanlar var ki, onların imkanları məhduddur, keyfiyyətli xidmət ala bilmirlər. Onlara dövlət səviyyəsində pulsuz yardımın göstərilməsi yaxşı olar. Bu, onların həm hüquq və azadlıqlarının etibarlı şəkildə qorunmasına yeni imkanlar yaradar, həm də hüquqi biliklərinin artırılmasına gətirib çıxarar. Bəzi hallarda bizim qanunvericilikdə də aztəminatlı ailələrə pulsuz hüquqi yardımla bağlı məsələlər yer alır. Amma bu o qədər də sadə prosedur deyil, həm də konkret işlərlə bağlıdır. Vətəndaşlarımız problemlərlə rastlaşırlar və bu xidmətə ehtiyac duyurlar. Ona görə də belə mərkəzlərin və ya büroların olması yaxşı olar. Ümid etmək istərdim ki, pulsuz hüquqi yardım haqqında qanunun qəbul edilməsi vətəndaşların yardım alma imkanlarını genişləndirər, eyni zamanda onların konstitusion hüquqlarının daha dolğun şəkildə realizəsinə imkan yaratmış olar”.
Vəkillərin say artımı məsələsi
C.Cəfərli bildirir ki, tam pulsuz hüquqi xidmət yoxdur. Yəni vəkil pulsuz hüquqi xidmət göstərməyə məcbur deyil. Sadəcə, həmin vəkilin əmək haqqı vətəndaş hesabına deyil, dövlət hesabına ödənilir: "Lal-kar şəxslər və milli dili bilməyən əcnəbi vətəndaşların vəkillə pulsuz təminatı məcburidir. Ağır cinayət törədilməsində şübhəli bilinən şəxsə vəkil məcburidir. Onları istintaq artıq özü vəkillə təmin edir. Amma eyni vaxtda 10 adama vəkil lazımdırsa, növbətçi vəkil bir nəfər olduğundan onda vəkil çatışmazlığı yaranır. Bu problemin açar rolunu vəkillərin sayı təmin edir”. Hüquqşünasın fikrincə, 4-5 il əvvəl ölkədə cəmi 700 vəkil vardısa, bu gün 2500-ə yaxın vəkil fəaliyyət göstərir: "Say Avropa standartlarına xeyli yaxınlaşdırılıb. Amma hələ yenə də ehtiyac var. Vəkillərin sayını 4-5 minə çatdırmaq istəyirlər ki, hər 10 min nəfərə düşən vəkil sayına uyğun olsun. Vəkillər Kollegiyasının regional büroları da fəaliyyət göstərir. Hər rayon üzrə vəkil büroları və məsləhətxanalar var. Onların fəaliyyətini stimullaşdırmaq üçün vəkillər birləşərək büro şəklində fəaliyyət göstərirlər. Fərdi vəkillik də var. Regionlarda apelyasiya məhkəmələrinin yaradılması bölgələrdə vəkilliyin inkişafına stimul verir. Bu vəkillərin inkişafına və sayına təsir edir. Yəni işlərin Bakı Apellyasiya Məhkəməsinə gəlməsinə ehtiyac qalmır. Vəkil işinin təşkili Azərbaycanda normaldır. Son vaxtlar ölkədə vəkilliyin təkmilləşdirilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunub. Fəaliyyətimizin əsasını təşkil edən qanunvericilik bazası təkmilləşdirilib. Vəkillər Kollegiyasının yeni rəhbərliyi vəkillər institutun sağlam təməl üzərində yenidən təşkili - həm vəkilliyin nüfuzunun artırılması, həm beynəlxalq əlaqələrin inkişafı və s. ilə bağlı kifayət qədər işlər görür. Fəaliyyətimizin təkmilləşdirilməsi üçün elektron qaydada fəaliyyət üçün işlər həyata keçirilir. Təbii ki, görüləsi işlər, o cümlədən vəkillərin say artımı məsələsi var”.
Yalnız qanun qəbul olunandan sonra
Vəkillər Kollegiyasının üzvü Ruslan Vəliyev pulsuz hüququ yardımla bağlı ölkəmizdə
büroların mövcud olmadığını bildirir: "Amma qeyri-hökumət təşkilatlarının
nəzdində - təqaüd, əlillik, qadınların hüquqları ilə bağlı QHT-lər var ki,
onlar vətəndaşlara pulsuz hüquqi məsləhətlər verir, sənədləşmədə kömək edir və
s. Vəkil büroları da var ki, şəhid ailələri, qazilər və aztəminatlı ailələrə öz
tərəflərindən ilkin şifahi konsultasiyalar verir, müraciətlərin hazırlanmasında
kömək edirlər. Məhkəmə ilə bağlı işlər olduqda bu, qanunvericilik səviyyəsində
tənzimlənir. Hər bir vəkil bürosu fəaliyyət istiqamətindən asılı olmayaraq
dövlət hesabına – vətəndaş tərəfindən ödənilməyən, lakin dövlət büdcəsi
tərəfindən ödənilən bürolara yönəldir. Həmin bürolarda vətəndaşlara pulsuz
hüquqi yardım göstərilir. Hüquqi yardım, vəkil xidməti bütün dünyada pullu
xidmətdir. Bunlar ucuz olmayan xidmətlərdir. O cümlədən, Azərbaycanda da əgər
vəkilə şəxsi müraciət edilirsə, onunla işin mahiyyəti üzrə müqavilə bağlanmalıdır.
Şifahi konsultasiyadırsa, bununla bağlı müqavilə bağlanır və müəyyən ödəniş
edilir. Amma vəkillərimiz şifahi konsultasiyanı öz tərəflərindən
rəsmiləşdirmədən təmənnasız edirlər. Qanunvericilik isə tələb qoyur ki, bu
xidmətdir və pulludur. Sırf pulsuz xidmət göstərən vəkil bürolarının
yaradılması qanunvericilikdə nəzərdə tutulmayıb. Əgər belə olarsa, onda
"Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna da dəyişiklik olmalıdır. ASAN
xidmətlərdə vəkil kabinetləri, məhkəmələrdə məsləhətçilər var ki, vətəndaşlara
yol göstərir, şablon ərizə forması verirlər”. Vəkilin sözlərinə görə, bizim ölkəmizdə
də vətəndaşlara pulsuz hüquqi yardımların göstərilməsi ilə bağlı qurum
yaradılması məsələsi çoxdan müzakirə olunur: "Bildiyim qədər qanun layihəsi
parlamentdə müzakirələrə də çıxarılıb. Ancaq hansı formada olacaq, bununla
bağlı hələ dəqiq məlumat yoxdur. Bu, yalnız qanun qəbul olunandan sonra məlum
olar”.
Təranə Məhərrəmova