• cümə axşamı, 21 noyabr, 17:45
  • Baku Bakı 15°C

Karyerasını Cəlal Şəngörün bircə sözü ilə qurdu - UĞUR HEKAYƏSİ

05.03.22 10:54 1411
Karyerasını Cəlal Şəngörün bircə sözü ilə qurdu - UĞUR HEKAYƏSİ
"FluidNET” layihəsində elmi işçi kimi fəaliyyət göstərən ilk azərbaycanlı doktorant Əkbər Hüseynov: "Nə qədər yüksək savada, ağıla sahib olsan da, vaxtını səmərəli istifadə edə bilmir və motivasiyan yoxdursa, uğur qazana bilməzsən. Bu ikisi olduğu halda, mükəmməl nəticə əldə edirsən”.

Təhsilə həmişə xilaskar kimi baxıb. Əsas silahı isə vaxtını düzgün idarə etmək və motivasiyadır. Düşünür ki, nə qədər yüksək savada, ağıla sahib olsan da, vaxtını səmərəli istifadə edə bilmir və motivasiyan yoxdursa, mükəmməl nəticə əldə edə bilməzsən. Məhz bu prinsiplər onu əcnəbi ölkədə ilklərdən edib.Müsahibimiz geoloq, Almaniyanın Axen şəhərindəki Reyn-Vestfal Texniki Universitetinin doktorantı, Almaniyadakı Milli Elmi Araşdırma Mərkəzinin əməkdaşı Əkbər Hüseynovdur.



Fransa Dövlət təqaüdünü qazanan azərbaycanlı

Xırdalanda anadan olub. Orta təhsilini Ceyranbatanda alıb. Bakı Dövlət Universitetini bitirdikdən sonra Fransanın Lill universitetinin elm və texnologiyalar departamentinin geologiya yer elmləri fakültəsinə daxil olub. Tələbə vaxtı göstərdiyi nəticələrə əsasən, 2 dəfə ard-arda Fransanın dövlət təqaüdünü qazanıb. Həmsöhbətimiz Avropa Birliyinin Mariya Küri İnnovativ Treninq Şəbəkəsinin, RWTH Aachen və VU Amsterdam universitetlərinin "FluidNET” layihəsində elmi işçi kimi aktiv fəaliyyət göstərən ilk azərbaycanlı doktorantdır. Dünyanın ən nüfuzlu "İmperial Çəllək” yarışmasının Avropa daxili müsabiqəsində komandanın kapitanı olaraq yüksək mükafata layiq görülüb və master işini dünyanın ən böyük enerji şirkəti olan Fransanın "Total” şirkətində tamamlayıb.



Yaşıdlarım futbol oynayırdı, mən isə...

Anası riyaziyyat müəllimi, atası mühəndisdir. Deyir ki, özünü dərk edəndən təhsil onun yeganə xilaskarı olub. Uşaqlıq dövrünü riyaziyyat testləri edərək keçirib: "Ailədə 3 qardaşıq və hər birimiz təhsil fədaisi idik. Qardaşlarım da təhsillərini xaricdə davam etdirib Almaniyada çalışırlar. Yadımdadır, anam riyaziyyatdan uşaq hazırlayırdı. Verilən sualların əksəriyyətinə cavab verirdim. Bu səbəbdən məktəbə 5 yaşımdan getmişəm. Yaşıdlarım həyətdə futbol oynayarkən, mən yay tətilində riyaziyyat testləri etməklə məşğul idim”.

"İndiyə qədər Paris olub, bundan sonra da Parisdir”

Qardaşları həkim olsa da, o, tam fərqli sahəni, geologiyanı seçib. Deyir ki, geoloq olmasına səbəb televiziyadan izlədiyi bir veriliş olub: "Bu sahə həddən artıq çox maraqlı və genişdir. Özündə fizika, kimya, riyaziyyat, biologiya, digər köklü elmləri birləşdirir. Geoloq olmağımın əsas səbəbi isə 2009-cu illərdə türk kanallarında gedən veriliş idi. Verilişin əsas qonağı dünyanın ən böyük elm adamlarından biri olan Cəlal Şəngör idi. Onun geologiya haqqında dediyi fikirlər o qədər real idi ki, insanın istər-istəməz bu sahəyə olan marağını artırırdı. Fransaya gəlməyimin əsas səbəbi isə sırf həmin insanın işlətdiyi cümlə idi. O deyirdi ki, dünyada təbiət elmlərinin mərkəzi Parisdir. İndiyə qədər Paris olub, bundan sonra da Parisdir”.



"Məqsədim heç vaxt birincilik olmayıb”

Həmsöhbətimiz Fransada təhsil almaqla kifayətlənməyib. Fakültəni qrup birincisi kimi bitirib. Üstəlik, yüksək nəticələrinə görə iki dəfə ard-arda Fransanın dövlət təqaüdünü alıb: "Məqsədim heç vaxt birincilik olmayıb. Sakit təbiətli və həddən artıq səbirliyəm. Nəyisə öyrənirəmsə, dərindən öyrənməliyəm. Heç vaxt tələsmirəm. Universitet vaxtından həmişə imtahanı verməyi yox, diplomu aldıqdan sonrakı həyatımı fikirləşmişəm. "Öyrəndiyim karyeramda hansı rolu oynayacaq” deyə düşünmüşəm. Bu səbəbdən də heç vaxt birinci olmaq fikrində olmamışam. Birincilik, sadəcə verilən qiymətdir. Əsas məsələ, öyrəndiklərindən hansı qiyməti almağın yox, onu karyerana necə tətbiq etməyindir”.

"Azərbaycanlıların yüksək təhsilə marağı var”

Müsahibimiz deyir ki, xarici ölkədə uğur qazanmaq məsuliyyətli və çətindir. Amma həmyerlilərimiz təhsil sahəsindəki uğurları ilə digər əcnəbiləri üstələyib: "Fransa uzun müddət Afrika qitəsində olan ölkələri öz müstəmləkəsi altında saxlayıb və buna görə də, oradan olan insanlar fransız dilini bildikləri üçün Fransada ali təhsil almaq istəyirlər. Lakin mən təhsil aldığım vaxt fransız dillilərdən başqa Çindən, Koreyadan, İndoneziyadan, Braziliyadan gələn tələbələr də var idi. Onlar Fransada təhsil sisteminə öyrəşə bilmirdilər. Bu, normal idi. Çünki Fransa təhsil sistemi çox ağırdır. Burada sən çalışıb, əziyyət çəkib sistemə uyğunlaşmalısan, sistem sənə uyğun deyil. Verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməlisən. Amma müşahidə etdim ki, biz azərbaycanlıların yüksək təhsilə marağı var. Avropada olan azərbaycanlı tələbələrin əksəriyyəti uğur qazanır və universitetləri yaxşı nəticə ilə bitirirlər”.



Nə qədər yüksək savada, ağıla sahib olsan da...

Fransada uğur qazanmaq onun üçün də rahat başa gəlməyib. Adaptasiya olmaqda çətinlik çəkib. Amma bütün çətinliklərə baxmayaraq, nailiyyət əldə edib. Çətinliklərə qalib gəlməkdə əsas silahı vaxtını düzgün idarə etmək və motivasiyadır: "Təhsil illərində kifayət qədər uğursuz vaxtlarım olub. Buranın təhsil sisteminə adaptasiya ola bilmirdim. Həddən artıq çətin, ağır şərtləri var idi. Bir tərəfdən mənəvi cəhətdən dəstəkçin, ailən yanında deyil, digər tərəfdən 13 kvadrat metrlik otaqda ancaq kitab oxuyur, tapşırıqları yerinə yetirirsən. Sonrakı illərdə yavaş-yavaş gərgin əziyyətim nəticə verməyə başladı. Bu da sonradan kifayət qədər yüksək nailiyyətlərə gətirib çıxardı. Nə qədər yüksək savada, ağıla sahib olsan da, vaxtını səmərəli istifadə edə bilmir və motivasiyan yoxdursa, uğur qazana bilməzsən. Bu ikisi olduğu halda, mükəmməl nəticə əldə edirsən. Vaxtını boşa sərf edərək və yaxud motivasiyasız təhsil alırsansa, bu, müəyyən müddətdən sonra depressiyaya və həmin işi atmağa gətirib çıxarır”.

"Ən yaxşı nailiyyət isə insan olmağı bacarmaqdır”

Gənc geoloq üçün ən yaxşı nailiyyət isə insan olmağı bacarmaqdır: "Mənim üçün uğur, nailiyyət yalnız yaxşı təhsildən ibarət deyil. Bəzi insanlar var ki, mükəmməl səviyyədə təhsilə malikdirlər və onu yaxşı tətbiq edə bilirlər. Lakin insanlarla rəftarı, cəmiyyətə münasibəti, tələbələrə yanaşması, dini, irqi baxımından ayrı-seçkilik etməsi ikrah hissi yaradır. Belə insan kapitalı bizə lazım deyil. İnsanda ilk növbədə tərbiyə, normal rəftar qabiliyyəti olmalı, sonra təhsil, uğurlu karyera gəlməlidir. İstər maddi səviyyəsi aşağı, istərsə də yuxarı olsun, yaxud təhsilsiz olsun, fərq etməz, böyük və uğurlu insan hər kəslə qarşılıqlı ünsiyyət qurub, düzgün rəftar etməyi bacarandır”.


- 3 Avropa ölkəsində uzun müddət yaşamısınız. Azərbaycanlılara məxsus hansı xarakteri məhz həmin ölkələrdə görmək istəyərdiniz?
- 7 il Fransada yaşamışam. Hazırda Almaniyadayam. İşimi Hollandiyada davam etdirəcəyəm. Bundan əlavə İspaniyada kifayət qədər vaxt keçirmişəm. Müxtəlif millətlərdən olan dostlarım olub, 25-30 ölkədən olan insanlarla birgə iş görmüşəm. Azərbaycanlıları fərqləndirən ən önəmli xüsusiyyət mehriban olmağımızdır. Əgər xaricdə həmyerlimizlə rastlaşırıqsa, mütləq salamlaşıb, ünsiyyət qururuq. Digər xalqlardan qonaqpərvər olmağımızla fərqlənirik. Avropa ölkələrində insanlar havaya uyğun xarakterə malikdirlər. Çox soyuq, insanlarla məsafəlidirlər. Çox istəyərdim ki, azərbaycanlılara məxsus xarakter, isti münasibət almanlarda, fransızlarda da olsun.

- Alman, yoxsa fransız dəqiqliyi?
- Fikrimcə, almanların istifadə elədiyi "alman dəqiqliyi” termini sırf sənaye sahəsinə aiddir. Təbiət və yaxud digər elmlərdə "alman dəqiqliyi” o qədər də önəmli rol oynamır. Çünki təbiət elmləri elədir ki, gərək daima müşahidə edəsən. Amma mənə təsir edən fransızların təhsil sistemindən irəli gələn vaxtını dəqiq, səmərəli istifadə etmək xüsusiyyətidir. Fransızların ən böyük xarakteri odur ki, verilən işi heç vaxt tez yerinə yetirmirlər. Bir-iki gün istirahət edir, növbəti günlər yavaş-yavaş aşağı templə işi görməyə çalışırlar. Bəzən də elə olur ki, 2 işi 1 günə görürlər. Qalan zamanlarını da özlərinə sərf etməyi xoşlayırlar. Vaxtını doğru sərf etmək sırf fransızlara aiddir. Zamanını düzgün idarə edən və işini hobbisinə çevirə bilən insan mütləq uğur qazanır.
Aygün ƏZİZ


banner

Oxşar Xəbərlər