Karyerasına 15 yaşından başlayan rəhbər - Uğur hekayəsi
Pərviz
Bağırov: "Güclü oyunçu gələn zərdən ən optimal şəraitdə istifadə edib, oyunu
aparandır”
Hər bir
insanın öz həyatının qurucusu olduğuna inanır. Deyir ki, ən böyük dayağı əli,
qolu, beyni, düşüncələridir. Ona görə, hər şey insanın öz əlindədir. Mümkün
olduğu qədər, mübarizə aparıb qalib çıxmaq lazımdır. Özünə güvəndin və irəlilədinsə,
uğur sənlə olacaq.
MüsahibimizAvropa İttifaqının Milli Erasmus+ ofisinin direktoru Pərviz Bağırovdur.
Həmsöhbətimiz
orta məktəbi bitirdikdən sonra Şimali Kipr Türk Respublikasında ingilis dilində
beynəlxalq münasibətlər üzrə təhsil alıb. Magistr təhsilini isə İngiltərənin
Mançestr Universitetində davam etdirib. Avropa Birliyinin nümayəndəliyində əməliyyatlar
bölməsinin əməkdaşı, Milli Tempus Ofisinin rəhbəri vəzifələrini icra edib.
2008-ci ildən Avropa İttifaqı ilə əməkdaşlıq edir. Hazırda ölkəmizdə Milli
Erasmus+ ofisinə rəhbərlik edir. Erasmus + proqramı Avropa İttifaqının ən böyük
ali təhsil proqramıdır. 7 illik büdcəsi təqribən 15 milyard avroya bərabərdir.
Bu proqram vasitəsilə Azərbaycandan hər il 1000 tələbə Avropaya təhsil almaq
üçün yollanır.
- Karyeranızın mühüm hissəsi təhsillə əlaqəlidir. Təhsilin
əhəmiyyətini necə izah edərdiniz?
- Təhsil
karyeranın, həyatda mövqe tutmanın, özünü inkişaf etdirmənin bünövrəsidir. Təhsil
olmadan siz heç bir sahəni inkişaf etdirə bilməzsiniz. İstər səhiyyə olsun, istər
hərbi. İstənilən sahədə uğurlu olmaq üçün sizə təhsil lazımdır. Məncə, uğurlu karyerada ən önəmli faktorlardan biridir.
Çünki təhsil insanın həm dünyagörüşünün formalaşmasında, həm də müəyyən mənada
cəmiyyət üçün yararlı olması, işlədiyi yerdə faydalı olması baxımından önəmli
rol oynayır. Güclü təhsiliniz olmasa, heç bir halda öz sahənizdə peşəkarlaşa
bilməzsiniz.
- Bəs yaxşı təhsil ala bilmiriksə, valideyn
günahkardır ya özümüz?
- Mənə
elə gəlir ki, burada hər ikisi günahlandırılmalıdır. Amma təhsilə həvəs ilk
növbədə insanın özündə olmalıdır. Valideyn yönləndirməsi mütləqdir, lakin bu
olmasa, təhsil almaq mümkün deyil, demək olmaz. Valideynləri olmadan güclü təhsili
olan gənclər, uşaq evində yetişən uğurlu insanlar var. Bəzi hallarda da uşağın
marağı olmur, valideyn nə qədər yönləndirməyə çalışsa da, alınmır. Valideynlər
lazımi şərait yaratdıqdan sonra öhdəlik
artıq insanın özünün üzərinə düşür. Valideynlərim məni heç vaxt, heç nəyə məcbur
etməyiblər. Elə bir mühit olub ki, kitabla böyümüşük. Bu mühitdə artıq özüm
formalaşdım. Güclü təhsilin olmasa belə, uşaqlıqdan kitab oxumağa meyilli olmaq
lazımdır. Mən çox kitab oxuyurdum. İndi müşahidə edirəm ki, sovet dövrünün
insanları daha çox bədii əsər oxuyub. Müasir dövr uşaqlarının imkanları çoxdur,
amma oxumaq istəmir.
- Sizcə nə üçün?
- Çünki
dünya dəyişib. Əvvəllər nə isə məlumat əldə etdikdə mütləq kitab axtarıb,
oxumalı idiniz. Kitabı da tapmaq üçün kitabxanaya getmək lazım idi. Siz hərəkət
etməli idiniz. Başqa yolunuz yox idi. İndi informasiya barmağımızın ucundadır.
Smartfonlarla girib baxır, o informasiyanı almaq üçün əziyyət çəkmirik və
unuduruq. Həm də vaxt azalıb. Boş vaxt anlayışı yoxdur. Ətrafımızda o qədər
maraqlı cərəyan edən proseslər var ki, insanın gündəlik neçə saat vaxtı varsa,
xərclənir. Youtube, facebook, instagram, e-mail yazışmaları vaxtımızı alır.
Əfsuslar olsun ki, klassikləri oxumağa indiki gənclərin heç birində maraq
yoxdur. Gənclərlə danışarkən görürəm ki, heç bir kitabdan məlumatları yoxdur.
Hazırda informasiya ötürmə prosesi o qədər sadələşib ki, insanlar hər şeyə
marağı itirir. Əvvəllər kitab əyləncə vasitəsi idi. Mən kitab oxuyub orada
olanları dərk edir, özümü qəhrəmanların yerinə qoyur, nəyisə xəyal edirdim. Bu,
əyləncə idi. İndi əyləncə özü səni tapır. Axtarmağa ehtiyac yoxdur.
- Müstəqil şəkildə ilk pulunuzu nə vaxt
qazanmısınız?
- 15
yaşımda tərcüməçilik edirdim. Mənim üçün çox gözəl təcrübə idi. Xəyallarım
bundan sonra reallaşmağa başladı. Həmin dövrdə "Əsrin müqaviləsi” imzalanmışdı.
Bu müqavilədən sonra Azərbaycanda ilk böyük sərgilər keçirilməyə başlandı. Müstəqilliyin
ilk illəri ingilis dilini bilən peşəkarlara ehtiyac var idi. Müraciət etdim və
orada tərcüməçilik edirdim. İngilis dilini özüm məktəbdə öyrənmişdim. Dil
qavramaq qabiliyyətim çox yaxşıdır. Rus, ingilis, türk, fransız dillərində sərbəst
danışıram. Dil öyrənmək mənə rahat gəlir. Orada gördüyüm dünya mənə çox maraqlı
gəldi. Neft, qaz bəhanə idi. Azərbaycanın ilk addımları idi. O sərgilərdə
dünyanın bütün aparıcı şirkətlər Azərbaycan gəlmişdi. Sovet ittifaqı
dağıldıqdan sonra polad pərdə qaldırıldı. Onları bir anda görmək çaşdırıcı
oldu. Mən anladım ki, mütləq xaricdə oxumalıyam. O vaxt imkanlar az idi. Şimali
Kiprdə oxumaq üçün müraciət etdim. Burada da ingilis dilini bildiyim üçün məni
qəbul etdilər. Universitetdə həm oxuyur, həm işləyirdim. Təqaüdlə oxuyurdum
amma Kipr ada kimi kənarda olduğuna görə, hər şey baha idi. Məcbur qalıb işləyirdik.
Bir müddət universitetin kitabxanasında çalışdım. Sonra kompyuter
laboratoriyasında nəzarətçi operator kimi işləməyə başladım. Oranı bitirdikdən
sonra da burada təhsil layihələrində işlədim. Avropa İttifaqının səfirliyində fəaliyyət
göstərdim. 80-a yaxın ölkədə olmuşam. Milyoner olmamışam. Atam rəssam, anam
AMEA işçisi idi. Amma xəyallarıma çatmışam. Mənim üçün dünyanı gəzmək həmişə
maraqlı nağıl və ən böyük məqsədlərdən olub.
- Özünüz də dediniz ki, o vaxt ingilis dilli gənclər
çox deyildi. Necə oldu ki, siz artıq 15 yaşınızda peşəkar tərcüməçi idiniz?
- Rus
dilində təhsil alırdım. İngilis dilinə isə marağım uşaqlıqdan var idi.
Yadımdadır, 1-2-ci siniflərdə məktəbimizə BBC-dən gəlmişdilər. Onlarla məktəbdə
ingilis dilində danışmağa çalışdım və mənə dili öyrənmək üçün cizgi filmi,
kitablar hədiyyə etdilər. Heç vaxt unutmaram. Bu, maraqlı təcrübə idi. İngilis
dilinin əhəmiyyətini artıq ibtidai sinifdə dərk etməyə başladım və özüm öyrəndim.
- Xəyallarınıza çatdığınızı vurğuladınız. Karyerada
xəyal qurmaq nə dərəcədə əhəmiyyətlidir?
- "Arzu tutarkən ehtiyatlı olun, çünki həyata keçə bilər” deyə bir söz
var. Düşünürəm ki, xəyalını qurmasan, o uğura nail ola bilməzsən. Biz xəyallarla
böyüyürük. Mən oxuduğum əsərlərdən ilhamlanıb xəyal dünyamı genişləndirirdim.
Klassikləri oxuyaraq xəyalımdakı ölkələrə səyahət edirdim. Oxuduqca xəyal edirsən
və xəyalən o ölkəyə gedirsən. Düşünürdüm ki, mən realda Parisə, Romaya gedə biləcəyəmmi?
Xəyallarla da beynəlxalq münasibətləri seçdim və qovuşdum. Otağıma baxsanız görərsiniz
ki, hər yer xəritədir. Doğurdan da, dünyada olan ən gözəl şeylərdən biri başqa
ölkələrlə tanışlıq, təcrübələrini öyrənmək və gəzməkdir. Gəzməyə də davam edirəm.
- Bəzi insanlar başqa birilərinin dayağı olmadan müəyyən
pilləyə gələ bilməyəcəklərini düşünür. Karyerada pul və dəstək olmadan irəliləmək
mümkündürmü?
- Hər
bir insan öz həyatının qurucusudur. Sadəcə olaraq, bəzilərində bu həyatı qurmaq
üçün əlində olan vasitələr daha çoxdur, digərlərində isə az. Hər bir halda
insan qabağa getməlidir. Bunun üçün hər cür şərait var. Sənin ən böyük dayağın əlin,
qolun, səsin, beynin, düşüncəndir. Bundan artıq nə isə lazım deyil. Hər şey
insanın öz əlindədir. Mümkün olduğu qədər, mübarizə aparıb qalib çıxmaq
lazımdır. Mən bu yerə gəlmək üçün hər cür çətinlikdən keçmişəm. Elə olub ki,
Kiprdə özümüz çörək bişirmişik. Məndən daha çətin vəziyyətdə olanlar var, bilirəm.
Buna görə şikayət etməyə haqqımız yoxdur. İnsan hansı şəraitdə yaşayırsa,
yaşasın, məqsədini unutmamalı, insanlığını saxlamalıdır. Özünə güvəndin və irəlilədinsə,
uğur sənlə olacaq.
- Siz həm də müəllim kimi işləmisiniz...
- Bəli,
Azərbaycan Dövlət Dillər Universitetində müəllim işləmişəm. Avropaşünaslıq
kafedrasında 4-cü kurs tələbələrinə xüsusi məqsədlər üçün ingilis dili tədris
edirdim. Maraqlı təcrübə idi.
- İşinizlə bağlı tez-tez gənclərlə ünsiyyətdə
olursunuz. Azərbaycan gəncliyində sizcə, nə çatmır? Onlarda gördüyünüz hansı müsbət
xüsusiyyətlər var?
- Biz
tez adaptasiya olan cəmiyyətik. İnsan olaraq çevik millətik. Bir neçə dildə
danışa bilən, bir çox adətləri tanıyan, qəbul edə bilən xalqıq. Dinə də hörmət
edirik, eyni zamanda insanlar bizim ölkədə sərbəst də geyinir. İnsanlarda olan
çeviklik bizim regionun üstünlüyüdür. Bu, beynəlxalq müstəvidə özünü göstərir.
Pis xüsusiyyətimiz isə bir az tənbəl olmağımızdır. Məsələn, tələbələr dərsi
hazırlamağı sonuncu ana saxlayır. Ümumilikdə, tənbəllik tələbələrə xas olan özəllikdir.
Bəzi hallarda da nə istədiklərini bilmirlər. Mən onların yaşında özümü təsəvvür
edirəm, bizdə vəziyyət tam fərqli idi. Ehtiyac insanı qabağa aparır. Məsələn, mənim
uşaqlığım maraqlı periodlara rast gəlib. Müharibə dövründə məktəbə getdim,
müharibədən sonra universitet oxudum. İndi daha çox imkanlar var, o imkanlardan
bəzi gənclər lazımınca istifadə etmir. Məsələn, mən tələbə olanda, xaricə getmək
demək olar ki, mümkünsüz idi. Amma indi elə deyil. Az pulla rahat səyahət edə
bilərsiniz. Biz bunu dişimiz-dırnağımızla əldə edirdik. Bəlkə də o vaxt bu cür
şəraitin olmaması məni qabağa getməyə məcbur edib. Komfort zonadan çıxmaq çətindir.
Çətinliklər insanı inkişaf etdirir.
- Karyerada uğur qazanmaq üçün insana nə lazımdır?
Şans, ağıl yoxsa hər biri?
- Şans həmişə
lazımdır və var. Dünyaya gəlmisənsə, deməli, şanlısan. Onu görməyi və dəyərləndirməyi
bacarmalısan. Bir növ nərd oyununa bənzəyir. Məsələn, zəri atırsınız, hər cür rəqəm
gələ bilər. Güclü oyunçu gələn zərdən ən optimal şəraitdə istifadə edib, onu
hesablayıb oyunu aparandır. Həyat da ona bənzəyir. Zər nə gəlirsə gəlsin, ondan
optimal vəziyyətdə istifadə edib, qabağa getmək lazımdır.
- İstədiyiniz zər gələnə qədər cəhdləriniz də çox
olur. Uğursuzluqla qarşılaşanda özünüzü necə motivasiya edirsiniz?
- İrəli getməkdən, qazanmaqdan başqa yolum yoxdur. Həmişə özümə təsəlli
verməyə çalışmışam ki, məndən də çətin vəziyyətdə olan insanlar var. Babam əməkdar
artist İmamverdi Bağırov idi. Onun yaşadığı dövr çox çətin olub. O deyirdi ki,
biz düşünürdük ki, görəsən elə bir mühit olacaq ki, doyunca çörək yeyək? O
yaşayıb qabağa gedibsə, mən necə etməyə bilərəm ki? Naşükürlük etməyə şansım
yoxdur.
- Ənənəvi sualımız, uğur sirriniz nədir?
- Özünü inkişaf etdirməlisən. Öyrənməlisən, oxumalısan, bilməlisən.
Özün üçün prioritetlər seçməlisən. Hər birimiz nələrisə çox sevirik. Məsələn, mən
kompyuter oyunlarını xoşlayırdım. Onu da et. Prinsiplərinin olması o demək
deyil ki, insan özünü hər şeydən məhrum etməlidir. Niyyətin gərək düz olsun. Nə
istədiyini bilməli, o yolda davam etməlisən, getməlisən. İqtisadçılar deyir ki,
pulsuz nahar yeməyi olmur. Siz eyni anda iki yerdə ola bilmirsiniz. Bu dəqiqə
burada oturmusunuzsa, başqa yerdə ola bilməyi qurban verirsiniz. Nəyi
seçirsinizsə, deməli, əsaslanıb seçirsiniz. İnsan həyatı boyu seçimlərlə
qarşılaşır, bu seçimləri düzgün etmək ən böyük sirridir.
Aygün
ƏZİZ