Karantində formadan düşən aktyorlar
"İdmançının bədəni çöldən görünən hissəsidirsə,
aktyorun həm çöldən görünən bədəni, həm də daxili hər zaman formada olmalıdır”
Aktyor bədəni plastilin kimi olmalıdır. Hansı
istiqamətə yönəltsən, həmin fiquru almağı bacarmalıdır. Buna da bir neçə aya
nail olmaq mümkün deyil. Bunun üçün illər və təcrübə, məşq və yenə də məşq
etmək qaçılmazdır. Di gəl ki, daim səhnədə həftə ərzində bir neçə tamaşa
oynayan və dinamik həyat tərzi keçirən aktyorlarımız karantin günlərində zamanlarını
evdə keçirməyə məcburdurlar. Hər nə qədər onlayn tamaşalar göstərilsə də, bu
tamaşalar canlı aktyor ifasının yerini vermir.Bəzən deyirlər ki, aktyor idmançı kimidir. Bir
müddət məşq etməsə, paslanır və formadan düşür. 3 aydır ki, evdə məşqsiz passiv
həyat tərzi keçirən aktyorlarımız, görəsən özlərini necə formada saxlayırlar?
Bu həm də teatrlarda obraz canlandıran aktyorların sonradan səhnəyə alışmasının
çətin olacağı, eləcə də ev şəraitində çəki artırıb obrazların geyimlərinə
sığmayacaqları deməkdir. Belə olduğu təqdirdə, teatrın bədii rəhbərləri
aktyorları necə cilalayır? Onların passivləşməməsi üçün hansı tədbirlər
görülür?
Əməkdar incəsənət xadimi, Gənc
Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov qeyd
edir ki, istər iş vaxtı, istər karantin günlərində özünə hörmət edən aktyor daim
bədəni və plastikası ilə məşğul olur: "İmkan olduqca teatrımıza ölkə içindən və
xaricdən ustad sənətkarlar dəvət edirdik. Bu sənətkarlar teatrımızın yaradıcı
heyəti üçün böyük stimul və yeni təcrübə rolunu oynayırdı. O ki qaldı karantin
günlərinə, belə həssas dönəmlərdə aktyorlarla onlayn məşqlər aparırıq. Açığını deyim
ki, passiv aktyor iş vaxtı da passivdir, karantin günlərində də. Özünə, sənətinə
hörmətlə yanaşan aktyor bəzən hər hansı yaxşı bir kitab oxuyaraq təsəvvürünü alovlandıra
bilər. Bu gün ölkədə ümumi psixoloji bir vəziyyət var, nəinki aktyora, bütün yaradıcı
heyətə təsir edir. Teatr insanları isə intensiv olaraq ritmik həyat yaşayır və
belə dönəmlər ən çox onlara toxunur. İndi o ritmik həyat yoxdur, çətin dönəmlərdən
keçirik və biz buna dözməliyik. Bu da bir sınaqdır. Bu sınaqdan ölkə rəhbərliyinin
tövsiyələrini yaddan çıxarmayaraq birlikdə çıxacağıq. Biz sağlam cəmiyyət uğrunda
mübarizə aparırıq və buna nail olacağıq”.
Aktyor, Azərbaycan
Dövlət Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev bildirir
ki, artıq 3 aydır ZOOM proqramı ilə pantomimanın Azərbaycandakı yaradıcısı, xalq
artisti Bəxtiyar Xanızadə teatrın yaradıcı heyəti ilə görüşlər keçirir: "Bu görüşlərdə
Bəxtiyar müəllimin yalnız bir tələbi olub ki, o da evdə hər zaman pantomim hərəkətlər edərək bədənimizlə
məşğul olmaqdır. Çünki Pantomima Teatrının əsas silahı aktyorların bədənidir. Əgər
evdə oturduğun müddətdə o bədən yatacaqsa, aktyor səhnəyə geri dönəndə, bu özünü
rahatlıqla büruzə verəcək. Ona görə teatrın yaradıcı heyətinə ciddi surətdə tapşırılır
ki, hər kəs öz bədəni ilə məşğul olsun. Pantomima Teatrının aktyorları karantin
günlərində evdə bekar qalmırlar. Pantomimanın yeni növləri üzərində işləyərək,
o görüntüləri Bəxtiyar Xanızadəyə göndərirlər. Bəxtiyar müəllim razılıq verəndən
sonra həmin görüntüləri öz sosial şəbəkələrində paylaşırlar. Pantomima Teatrının
aktyorlarına bu müddət ərzində sadəcə bədənləri ilə məşğul olmaq deyil, eyni
zamanda evdə oturduğu müddətdə dünya kinosu, dünya teatr sistemini sosial şəbəkədə
izləmək də tapşırılıb. Bu gün biz filmlərə, tamaşalara baxdığımızda hər birimiz
ondan nəsə götürürük. Pantomima Teatrının aktyoru daim müşahidədədir. Evdə oturduğumuz
halda televiziya, internet vasitəsilə tamaşalara baxdıqca, yaddaşımıza hər aktyordan
bir jest, element yazırıq, gördüklərimizi özümüzünküləşdiririk. Onu olduğu kimi
yamsılamırıq, öz beynimizin məhsulu halına salaraq fərqli şəkildə təqdim
edirik”.
Karantin günlərində məktəblilərlə onlayn görüşlər keçirən
Elman Rəfiyev bunun müsbət tərəflərindən də danışdı. Bildirdi ki, şagird
dünyasında kino, teatr mühitinin təqdimatçısı olmaqdan gözəl duyğu yoxdur: "Şagirdlərlə
onlayn görüşlərdə Pantomima Teatrının tarixinə nəzər salır, Azərbaycan kino
tarixinə boylanırıq. Uşaqlardakı o sevgi, həvəs təbii ki, birbaşa olaraq mənə
də sirayət edir və mən bundan zövq alıram. Belə ki, şagirdlər öncədən bu görüşə
hazırlaşır və maraqlı suallar hazırlayırlar. Uşaqlarla görüşdə mən də onlardan nəsə
öyrənirəm, təbii ki, onlar da məndən. Karantin günlərində bu şagirdlərdən
aldığım enerji stimul mənbəyimə çevrilib”.
Azərbaycan Dövlət
Akademik Musiqili Teatrının direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru
Vəfa Mühacirova bizimlə söhbətində teatrın yaradıcı
heyətinin karantin günlərində belə öz üzrlərində çalışdığını bildirdi:
"Karantin günləri başlayanda, aktyorlar israrla bildirdilər ki, onlayn
məşqlərimiz keçirilsin. Yaradıcı heyətimiz belə həssas dönəmlərdə evdə passiv
oturmaq istəmir. Aktyorlar öz istəkləri sayəsində yeni tamaşaların məşqlərini
edirlər. Repertuarımızda olan köhnə tamaşaların obrazları üzərində məşq edir,
bir-biriləri ilə fikir mübadilələri aparırlar. Onlar ev şəraitində teatrın
repertuarında olan tamaşalarımızın obrazlarını canlandırıb, film şəklində
hazırlayaraq nümayiş etdirirlər. Həmişə aktiv olan, teatrla yaşayan
aktyorlarımız rəhbərliyin tapşırığını gözləmədən video hazırlayıb bizə də
göndərirlər. Təkid edirlər ki, birlikdə onlayn görüş edək və yeni tamaşanın
məşqləri onlayn şəkildə davam etsin. Əslində karantin olsa da, onlayn şəkildə
çalışırıq ki, məşqlərimiz dayanmasın. Bizdə nəinki tamaşa, eyni zamanda balet
truppası da var ki, onlarla da onlayn məşqlərimiz dayanmayıb”.
V.Mühacirova onu da qeyd etdi ki, hazırda karantin
günləri olsa da, teatrın yaradıcı və bədii heyəti yeni virtual layihələr üzərində çalışır və yaxın günlərdə o
layihələr tamaşaçılara təqdim olunacaq.
Bakı Uşaq və Gənclər
Teatrının direktoru, əməkdar artist İntiqam Soltan deyir
ki, aktyorun bədənini idmançıya həm bənzətmək olar, həm də yox: "İdmançının bədəni
çöldən görünən hissəsidir, aktyorun həm çöldən görünən bədəni, həm də daxili
hər zaman formada olmalıdır. Aktyor öz bədəninin ağası olmağı bacarmalıdır. Aktyorların
bədəni formada olsun deyə, onlara tapşırıqlar verirəm. Bilirsiniz ki, karantin bitəndən
sonra teatrımız monotamaşalar festivalı keçirəcək. Biz düşündük ki, bu həssas
günlərdə aktyorların bədənlərini necə formada saxlaya bilərik. Nəticədə bunu
yalnız monotamaşa ilə edə biləcəyimizə qərar verdik. Əgər monotamaşa hazırlayırıqsa,
niyə festival etməyək - dedik. "Bizim
teatr - Monotamaşalar” - adlandırılan festivalın karantin müddəti bitdikdən
sonra keçirilməsi nəzərdə tutulur. "Evdə qal, teatrsız qalma” - festivalın
devizidir. Festivalın keçirilməsində məqsəd hər bir aktyora öz bacarıqlarını
nümayiş etdirməsi üçün meydan vermək, Azərbaycanda festival ənənəsinin
genişlənməsinə vasitəçi olmaqdır. Hazırda Bakı Uşaq və Gənclər Teatrında
çalışan hər aktyor monotamaşalar festivalı üçün öz tamaşasını hazırlayır.
Festivalda iştirak üçün janr məhdudiyyəti qoyulmayıb və aktyorlar dünya
klassiklərindən tutmuş, müasir Azərbaycan ədəbiyyatına qədər müxtəlif əsərlərə
müraciət ediblər. Festivala yalnız birinci mərhələdən (daxili baxışdan) keçən
tamaşalar buraxılacaq.
Festivala hazırlıq dövrü karantin müddətində
nəzərdə tutulub. Festivalın münsiflər heyəti olmayacaq. Çünki bu,
bir yarışma deyil. Festivalda bayram ab-havası yaratmaq istəyirik. Kim daha
yaxşıdır, kim öz üzərində daha çox işləyir – prinsipi ilə yanaşırıq. Biz öz
daxilimizə baxacağıq. İctimaiyyət arasına çıxarılacaq tamaşalardan festivalda,
daha sonra isə repertuarda istifadə edəcəyik. Festivalda 35-ə yaxın tamaşa
olmalıdır. Hazırda aktyorlarımız onlayn şəkildə tamaşalara hazırlaşırlar. Bütün
teatrlara məktub yazdıq. Müəyyən qədər laqeyd yanaşanlar da oldu, gözlədiyimizdən
aktiv yanaşanlar da. Bir neçəsi iştirak edəcəyini bildirib. Nazirliyə müraciət etməyə
çalışıram ki, biz bunu fərqli formada edək. İyunun 15-nə nəzərdə tutmuşduq, karantin
uzadıldı, davam etmək məcburiyyətində qaldıq. Təqdimat onlayn olacaq deyə, tamaşaçıdan
ehtiyat etmirik”.
Abdulla Şaiq adına
Azərbaycan Dövlət Kukla Teatrının ədəbi dram hissə müdiri Həmidə Rüstəmova qeyd
edir ki, karonavirus pandemiyası ilə
əlaqədar bütün teatr və konsert müəssisələrindəki tədbirlərin, tamaşaların təxirə
salınması ən çox da aktyorlar üçün zərərlidir: "Çünki aktyor daim məşqdə olmalı
və öz bədən plastikasını qoruyub saxlamalıdır. Nəzərə alsaq ki aktyor daim obraz
üzərində işləməli və öz bədənini cilalamalıdır, karantin günləri bu rejimə bir
qədər maneçilik törətdi. Fasilə müddətində teatrlar məzuniyyətə gedir, ondan sonra
da aktyorların rollara adaptasiyası elə də asan olmur. Ona görə də teatr mövsümünün
açılışına qədər aktyorlar, ən azından sentyabr ayının tamaşalarını məşq edirlər.
Bu nöqteyi-nəzərdən bədii şuranın iclasında teatrın rəhbərliyi hər zaman deyir ki,
aktyorlar mütləq şəkildə məşq etməlidirlər. Bizim teatrda onlayn məşqlər, demək
olar ki, tətbiq olunmadı. Çünki bu, Kukla Teatrı üçün o qədər də real görünmür.
Kuklaçı mütləq kuklası ilə məşq etməlidir. Məşq kukla ilə olmalıdır. Real məşqlər
hələ ki həyata keçirməmişik. Ötən həftə karantin bitəndən sonra biz iki tamaşanın
məşqinə başladıq. Karantin qaydaları daxilində məşqlər aparıldı. Orda cəmi dörd
nəfər aktyor iştirak edirdi. Bilirsiniz ki, çox insanın bir araya toplaşması
qadağandır. Aktyorların evdə də məşq prosesi özləri ilə davam olunur. Plastik bədən
həlli ilə bağlı öz üzərilərində işləyirlər. Aktyorun nəinki bədəni, əli, barmaqları,
üzü - hamısı kompleks şəkildə formada olmasa, kuklaçı aktyor kuklaların arxasında
gizlənə bilməz. Aktyorun öz üzərində məşqi mütləqdir”.
H. Rüstəmova deyir ki, teatrın yaradıcı heyətinə rejissorlar
tərəfindən təlimatlar verilir: "Bir aktyor monotamaşa üzərində işləyir, digər aktyorlara
fərdi qaydada tapşırıqlar verilir. Video şəklində çəkib rejissora göstərir. Bir
neçə tamaşada yeni aktyor oyunları oldu ki, biz bunu artıq karantindən sonra nümayişlərdə
görəcəyik”.
Xəyalə Rəis