• cümə, 26 Aprel, 21:02
  • Baku Bakı 22°C

“Kalaşnikov”-u yaradan Kalaşnikov

18.07.13 09:50 3315
“Kalaşnikov”-u yaradan Kalaşnikov
Lakin az adam bilir ki, vaxtilə Vladimir vilayətinin Kovrov şəhərciyində bu məşhur silahın ilkin nümunələri hazırlanıb. Və bu silahın hazırlanmasında istedadlı silah ustası Aleksandr Zaysevin əməyi yüksək olub…
1946-cı ilin noyabrında Kirkij adına 2 saylı Kovrov şəhər zavoduna Müdafiə Nazirliyindən məktub gəlir. Gizli məktubda bildirilir ki, 7,62 mm kalibrli patron daşıyan avtomat layihəsinin sahibi ixtiraçı-konstruktor Kalaşnikov 1943-cü ildə müsabiqədə 7 min rubl pul mükafatına layiq görülüb. Zavodun bu texniki layihəsi üzrə konstuktor bürosunun qarşısında 1946-cı ilin dekabrında poliqonda müqayisəli sınaq üçün bu silahın daha mükəmməl nümunəsini hazırlamaq dururdu. Elan edilmiş müsabiqədə ölkənin 15 ən yaxşı konstruktoru çalışırdı.
Kalaşnikov avtomatının modeli atıcılıq poliqonunda baş leytenant Pçelinsev tərəfindən sınaqdan keçirildi. Sınaqdan sonra mühəndis ətraflı hesabat hazırlamışdı. Lakin nəticələr Mixail Timofeyeviçin ürəyincə deyildi, belə ki, iş sona çatdırılmamışdı. Onda Kalaşnikov sınaq bölməsinin rəisi kapitan Vasili Lyutıydan xahiş edir ki, onun avtomatına baxsın.
1946-cı ildə belə bir sərəncam verildi: hərbçilərə poliqonda konstruktor işləri ilə məşğul olmaq qadağan edilir. Hərbçilər burada ancaq nəzarətçi oldular.
Bu sahədə kifayət qədər zəngin təcrübəsi və biliyi olan silah ustası Vasili Lyutıy silahda 18 başlıca dəyişikliyin zəruriliyini qeyd edərək, işi sona çatdırmağı tövsiyə etdi. Beləliklə, Kalaşnikov avtomatının modeli silahın düzəldilməsi üçün Kovrov şəhər silah zavoduna göndərildi.
Elə həmin zavodda məşhur konstruktor general Vasili Deqtyarev çalışırdı. Silahın çertyojunun işlənməsi və texniki sənədlərinin tam komplekti üçün Kalaşnikovun yanına gənc konstruktor Aleksandr Zaysev göndərilmişdi. Vaxt az idi. Keçiriləcək sınağa cəmi iki ay qalırdı. Bunun üçün gecə-gündüz işləmək lazım idi. Zavodun direktoru yeməkxanada onlar üçün iki dəfə yemək təşkil etmişdi. Onlar zavoddan ancaq hamama getmək üçün çıxırdılar. Bir aydan sonra AK-1 və AK-2 modelli silahların hazırlanması üçün bütün texniki sənədlər sexə çatdırıldı.
Müqayisəli sınaqlara başlanıldı. Poliqona adlı-sanlı konstruktorlardan Deqtyarev, Şpaqin, Simonov… gəlmişdilər. Müsabiqənin mərhələləri bağlı idi. Müsabiqə iştirakçılarının hamısı sənədləri xüsusi devizlə təqdim edirdilər. Təqdim edilən sənədlərin şifrəsi ayrıca konvertdə idi. Kalaşnikov özünü «Mixtim» adlandırmışdı. Onun Mixail Timofeyeviç olmasını bilmək isə çətin deyildi.
Sınağın son mərhələsi 1947-ci ilin yanvarında başa çatdı. Komissiya yalnız üç silah modelini; Bulkinin TKB-415 «tulyak»ına, Kovrov konstruktoru Dementyevin KPB-520 və Kalaşnikovun KPB-580 silahına müsbət rəy verdi.
Mixail Timofeyeviç işin sona çatdırılması üçün yenidən Kovrova yollandı…
Silah ustası Aleksandr Zaysev xatırlayırdı ki, Kalaşnikov konstruktor işlərinin sona çatdırılacağına ümid etmirdi. Belə ki, buna vaxt çox az idi. Lakin o, Mixail Timofeyeviçi razılığa gətirə bilmişdi. Zaysev onu da qeyd edirdi ki, Kalaşnikov çertyojçu qismində işləyə bilmirdi. Bütün işlər demək olar ki, Zaysevin özünün üzərində qalmışdı.
Komissiya üzvləri sınağın son mərhələsindən qabaq Kalaşnikovun təqdim etdiyi avtomatın lüləsinin 80 sm qısa olduğunu «görmədilər». Artıq başqa bir buraxıcı mexanizm, lülə korobkasının onun əsas hissəsini tamamilə örtən qapaqlı lülə «qutusu» əmələ gəlmişdi və bu, artıq başqa avtomat idi.
Son sınaqlar mürəkkəbləşmişdi. Doldurulmuş avtomatı bataqlıq lehməsində isladır, quma basdırır və bununla atəşin dəqiqliyini nəzərdən keçirirdilər. Nəticədə komissiya hesabat tərtib etdi: baş serjant Kalaşnikovun 7,62 mm avtomat konstruksiyalı silahının tətbiqinə zəmanət verilsin.
Bundan sonra istedadlı konstruktor Aleksandr Zaysevin taleyi mürəkkəbləşir. Ona atəş açırlar… Bu, 1950-ci ildə, AK-47-nin silah kimi qəbul edilməsindən bir il sonra baş verir. Xoşbəxtlikdən, atəş açılan zaman o, bir addım kənara çəkilə bilir və yaralanır.
1967-ci ildə Kalaşnikovla Zaysevin yolları yenidən kəsişir. Baş artilleriya idarəsi 5,45x39 mm ölçüdə kiçik kalibrli patronlu yeni avtomatın hazırlanması üçün tapşırıq verir. Müsabiqədə doqquz rəqib, o cümlədən Steçkin, Kalaşnikov (ata və oğul), Korobov, Tkaçev, Bulkin və Kostantinov iştirak edirdi. Sınaqlar iki dairədə – Alabində və Zabaykalyedə keçirilirdi. Sınaqların nəticələrinə görə, iki avtomat finala çıxdı. Bunlar Kalaşnikovun avtomatı və SA-006 silahı idi. Silahlar təcrübəli konstuktorlar olan Konstantinov, Qaranin və Zaysevin əməyilə düzəldilmişdi…
Hazırda Kalaşnikov dünyadakı ən məşhur silah konstruktorlarının siyahısına başçılıq edir.
Zeynəb Əliqızı
banner

Oxşar Xəbərlər