Kağız, tabaşir yeyirsinizsə, kerosin, neft iyini xoşlayırsınızsa... – Səhhət
Elxan Nağıyev: "Qan azlığının xərçəngə səbəb
olduğunu iddia etmək olmaz”
Kağız, tabaşir
yemək, kerosin, neft iyini xoşlamaq bu problemdən əziyyət çəkənlərin qəribə
davranışları sırasındadır. Yaxud onların əl, ayaq barmaqları soyuq olur. Söhbət
anemiyadan - qanazlığından gedir.
"Səhhət”
rubrikasında qonağımız olan B.Ə.Eyvazov
adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun klinik-diaqnostika
laboratoriyasının müdiri Elxan Nağıyevlə bu mövzu ilə bağlı söhbətləşdik.
O,
müsahibədən öncə belə bir məlumatı bölüşdü: "İnsan orqanizmi çox mükəmməl
qanyaratma sisteminə malikdir. Bir dəqiqə ərzində insan orqanizmində 300
milyona qədər qan hüceyrəsi əmələ gəlir. Həmin miqdarda da qan hüceyrəsi itir.
Bunun çox mükəmməl özünütənzimləmə prinsipi var. Bütün qan hüceyrələri sümük
iliyi mənşəlidir. Bu o deməkdir ki, bütün qan hüceyrələri sümük iliyində əmələ
gəlir. İnsan anadan olduqdan sonra yeganə qanyaradıcı orqan qırmızı sümük
iliyidir. 3-4 yaşına kimi qan bütün sümüklərdə, sonrakı dövrlərdə isə məsaməli
və borulu sümüklərin epifizində əmələ gəlir.
Eritrositlərin
yaşama müddəti 100-120 gündür. Amma trombositlərin (qanı laxtalandıran hüceyrələr)
8-10 gündür. Ağ qan hüceyrələrin yaşama müddəti 8-10 saatdır”.
- Həkimlər yox, elə adi adamlar da birinin üzünə
baxıb "qanın azdır” deyə diaqnoz qoya bilirlər. Maraqlıdır, üzə baxmaqla bunu nə
dərəcədə müəyyənləşdirmək olur?
- Qan azlığı
ilə bağlı xəstələr müayinə olunan zaman ilk olaraq, habbitus dediyimiz bir
baxış olur. Bu zaman pasientlərin vizual görüntüləri analiz edilir. Elə
qanazlığı var ki, xəstənin dırnağının rəngi normal olmur, ağ rəngə çalır. Yaxud
gözün selikli qişasının, dodağın rəngi avazıyır. Bunlar qan azlığından xəbər
verən ilkin əlamətlərdir. Eyni zamanda saçın, dırnaqların qırılması, təngnəfəslik,
ürəkbulanma, bunların hamısı qanazlığından xəbər verən kilinik əlamətlər sayıla
bilir. Sırf üzə gəldikdə, dəri və selikli qişaların rəngi önəm kəsb edir. Amma
kiminsə dəri rəngi çox ağdırsa, buna əsasən qanazlığı diaqnozu qoymaq da düz
deyil. Mütəxəssis üzə baxanda, təbii ki, onda müəyyən fikir formalaşmış olur.
- Bəs əlləri, ayaqları soyuq olanlar necə?
- Qan azlığının
klinik əlamətlərindən biri də bunlardır. Qan azlığının əksər növlərində qan təchizatının
pozulması nəticəsində qan hüceyrələrinin oksigeni daşıma prosesi zəifləyir.
Oksigeni daşımayan toxumalarda - əsasən də periferik orqanlarda soyuqluq hissi əmələ
gəlir. Əl və ayaq barmaqlarının ucları da periferik orqanlardır.
- Başqa hansı əlamətləri var?
- Həmin
adamlar bəzən kağız, tabaşir yeyir, kerosin, neft iyi onlara çox xoş gəlir.
- Anemiyanın
hansı növləri var və bizdə ən çox hansına rast gəlinir?
- Qan
azlığının tibdə təsnifatı iki cür aparılır. Birincisi, qanitirmə ilə bağlıdır.
Bura kəskin və xroniki qanaxmalardan sonra yaranan qan azlığı aiddir. İkincisi
isə, eritropoyezin pozulması (qan əmələ gəlməsinin pozulması) nəticəsində əmələ
gələn qan azlığıdır. İkinci qrupun özü də bir neçə yerə bölünür. Dəmir
çatışmazlığı olan anemiya var. Dünyanın dörddə biri bundan əziyyət çəkir.
Xroniki xəstəliklərin anemiyası var. Talassemiya daşıyıcıları ilə bağlı olan
anemiyalar var, onlar hemolitik anemiyalardır. Ümumiyyətlə, anemiyalar ikincili
problem kimi, hansısa xəstəliyin səbəbi olaraq ortaya çıxır.
- Burda yaşa və cinsə görə norma necə dəyişir?
-
Anemiya qanın vahid həcmində eritrositlərin və hemoqlobinin konsentrasiyasının
azalması nəticəsində yaranan prosesdir. Yəni eritrositlər və hemoqlobin qanın
vahid həcmində azaldıqda, buna qan azlığı deyirik. Müəyyən yaş qruplarına və
cinsə görə qanda bu eritrositlər və hemoqlobinin miqdarı fərqli olur. İnsan
anadan olduqdan sonra 3 aylıqdan 5 yaşına kimi orqanizmdə hemoqlobinin miqdarı
normalda 110 qram litr olmalıdır. 5-12 yaşa kimi 115 qram litr, 12-15 yaş arası
120 qram litr normaldır. 15 yaşından yuxarı isə bizim regionda – qadınlar üçün
120-140 qram litr, kişilər üçün 130-160 qram litr normal sayılır.
- Bu normada rəqəm dəyişikliyi necə gedəndə, qan
azlığı hesab olunur?
- Qan
azlığı da təsnifatlaşdırılıb. 90 qram litr yüngül qan azlığı hesab olunur.
70-90 arası orta dərəcə, 70-dən aşağı isə ağır dərəcəlidir. Ümumilikdə isə
hemoqlobinin 10 qram litr aşağı olması həm kişilərdə, həm də qadınlarda
qanazlığı sayıla bilər.
- Ən çox rast gəlinən dəmir çatışmazlığı olduğunu
dediniz. Bunun səbəbi nə ilə bağlıdır?
- Onun
da kökündə düzgün qidalanmamaq durur. Sağlam olmayan dietalar da buna gətirib
çıxaran səbəblərdəndir. Məsələn, qırmızı ətin tərkibində dəmir var. Bəzən
insanlar dieta saxlayanda qırmızı ətdən istifadə etmirlər. Amma bu, əvəzi
olmayan amin turşularıdır. Dəmiri, əsasən ətin tərkibindən alırıq. Qarabaşaq
yarmasının, müxtəlif meyvələrin də tərkibində
dəmir var. Eyni zamanda mövsümündə təzə meyvə-tərəvəzlərlə qidalanmaq lazımdır.
- Qan azlığı problemi yaşamamaq üçün ümumilikdə,
gündəlik qidalanmada nələrə riayət etməliyik?
-
Ümumiyyətlə, düzgün qidalanmaq sağlamlığın rəhnidir. Bu sualı daha geniş yayılmış dəmir çatışmazlığı, B12 - Fol
turşusu çatışmazlığı anemiyalara aid etsək, bu növ qanazlığının yaranmamağı üçün
qida rasionumuzda qırmızı ət, bizim öz coğrafi məkanımızda yetişən təzə meyvə və
tərəvəzlərin əksəriyyəti çox vacib qidalardandır.
- Anemiya ümumilikdə necə bir problemdir?
- Anemiya, ümumilikdə, xoşxassəli xəstəlikdir.
Kökünə bağlı məsələdir.
- Qan azlığının xoşxassəli olduğunu dediniz. Yəni
orqanizm həmişə bunun öhdəsindən gələ bilir?
- Qan azlığının
kompensasiya, subkompensasiya və dekompensasiya kimi növləri var. Birincidə
orqanizm özü öhdəsindən gəlir. İkinci orta dərəcədir. Sonuncuda isə orqanizm
bacara bilmir. Ürəkgetmə, baş gicəllənmə, yıxılma halları meydana çıxa bilir.
- Burda müalicənin nəticəsi uzunmüddətli dövrdə həll
olunur, yoxsa qısa müddətdə də nəticə əldə etmək mümkündür?
- Baxır
hansı növdür. Dəmir çatışmazlıqlı anemiyadırsa, burda müalicə ilə bir aya müəyyən
nəticə əldə etmək mümkün olur. O qədər də çox müddətə ehtiyac qalmır. Dediyim
odur ki, burda önəmli olan qan azlığının səbəbidir.
- Qan azlığı
olanlar qan verə bilərlər?
- Qan
verməmişdən əvvəl hər bir donor həkim müayinəsindən keçir. Təzyiqi, şəkəri və
qanda hemoqlobinin miqdarı ölçülür. 18-65 yaş arası sağlam adam qan verə bilər.
Amma qanda hemoqlobinin miqdarına da baxılır. Əgər hemoqlobinin miqdarı müəyyən
qədər aşağıdırsa, o adamlardan, demək olar ki, qan götürülmür. Məsələn,
qadınlarda 120-140 arası normaldır. Əgər 105-110 qram litrdirsə, qan azlığı
sayılır və ondan qan götürülmür. Kişilər üçün də elə. Kişilərdə aşağı hədd
130-dur. 120-dən aşağı göstəricidirsə, onlar qan verə bilməzlər.
- Uşağın gözü ağrıyır, həkimə aparırlar, gözündə
problem olmur. Sonra məlum olur ki, gözə ağrını verən qan azlığıdır. Qan
azlığından dolayı orqanlarda bu tipli ağrılar olurmu?
- Təbii
ki. Qanın funksiyası toxumalara oksigenli və qidalı maddə daşımaqdır. Əgər
qanın bir mikrolitrində eritrosit və hemoqlobinin miqdarı normal deyilsə, o, nə
kifayət qədər oksigen daşıya biləcək, nə də qidalı maddələr. Qan azlığı yarananda
bəzi orqanlarda toxumaların qanla təchizi pozulur, bu zaman isə toxumalarda dəyişiklik
baş verir. Ağrı da toxumanın "fəryadıdır”.
- Belə fikirlər səsləndirilir ki, qan azlığı xərçəngə
gətirib çıxaran faktorlardandır. Bu fikir doğrudurmu?
- Şiş xəstəliklərinin
etiologiyasında, patogenizində toxumaların qan təchizatının pozulması var.
Ümumiyyətlə, bütün xəstəliklərdə bunu deyə bilərik. Amma birbaşa qan azlığının
xərçəngə səbəb olduğunu demək olmaz. Çünki qan azlığının növləri çoxdur. Qan
azlığının xərçəngə səbəb olduğunu iddia etmək doğru olmazdı.
- "Şokolad qan gətirir” deyirlər. Şokoladın burda
rolu nə dərəcədədir?
- Şokolad qan artırmır.
- Bəs niyə
qan itirən, qan verən adama şokolad verirlər?
-
(Gülür) Ümumiyyətlə, belədir ki, qan itirən, qan verən adama şirniyyat verirlər.
Çünki beyin toxumalarının qidalanmasında şəkərin böyük əhəmiyyəti var. Həmin
müddətdə özündən gedən, qan itirən adama şirniyyat verilir ki, beyin
toxumalarının qanla təchizatı yaxşılaşın. Orda qan artırmaqdan söhbət getmir.
Aygün Asimqızı