• çərşənbə, 08 May, 03:40
  • Baku Bakı 13°C

Jurnalistlərin Peşə Davranışı Qaydalarında dəyişikliklər edildi

11.07.13 12:14 1491
Jurnalistlərin Peşə Davranışı Qaydalarında dəyişikliklər edildi
APA-nın xəbərinə görə, Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli bildirib ki, AJPDQ jurnalistlərin I qurultayında qəbul edilib və o gündən bu vaxta kimi xeyli müddət keçib. Onun sözlərinə görə, əldə olunan uğurlar AJPDQ-da müəyyən dəyişiklərin yaradılması zərurətini yaradıb. M. Ələsgərli qeyd edib ki, prinsipial olaraq sənəddə əvvəlki 4 prinsip yenə də qalıb.
Bunlara da Həqiqətə xidmət, dəqiqlik və obyektivlik, İnformasiya qaynaqlarına sayğılı yanaşma, Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı və Jurnalistin özünün və çalışdığı orqanın reputasiyasının qorunması prinsipləri daxildir. Birinci prinsip üzrə bəndlər dəyişməyib. İkinci prinsipə iki bənd əlavə olunub ki, bunlardan birincisi, jurnalistin müstəsna hal kimi digər imkanları mövcud olmadıqda, ictimai əhəmiyyət kəsb edən informasiyanın əldə edilməsi üçün xüsusi avadanlıqlardan və ya üsullardan istifadə edə bilməsinin mümkünlüyüdür. AJPDQ-nın ikinci prinsipi üzrə ikinci əlavə jurnalistin məlumatların və ya təsvirlərin əldə edilməsi məqsədilə hədələməyə, güc tətbiqinə və ya təhdidə yol verməməsi ilə bağlıdır. AJPDQ-da nəzərəçarpacaq dərəcədə dəyişilən “Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı” adlı 3-cü prinsipdir. Sənədin yeni variantında bildirilir ki, jurnalist uşaqların məsumluğu və inamından sui-istifadə etməməli, onların hüquqlarına hörmətlə yanaşmalı və onların fikirlərinin çatdırılması ilə bağlı xüsusi məsuliyyət nümayiş etdirməli, valideynlərinin və ya qanuni himayəçilərinin icazəsi olmadan uşaqlardan müsahibə götürməməyə səy göstərməməlidir. Eyni zamanda vurğulanır ki, jurnalist faciə və ya cinayət əməli nəticəsində zərər çəkmiş, yaxud belə hadisələrə cəlb edilmiş uşaqların kimliyini mütləq qorumalıdır.
Bu prinsip üzrə növbəti bənd, konkret olaraq 3-cü prinsipinə əlavələrdə isə bildirilir ki, cinayət əməli törətməsi ilə bağlı şəxsə qarşı ittiham irəli sürülübsə, bu mövzuda məhkəmənin obyektivliyinə təsir göstərəcək reportajlar hazırlanmamalı, hazırlanan reportajlarda isə bütün tərəflərin fikirləri əks olunmalıdır. Cinayət əməllərinin qurbanları öz kimliklərinin açıqlanmasına razı olmadıqda jurnalist belə şəxslərin kimliyinə həssaslıqla yanaşmalıdır. Seksual təcavüzlə bağlı hallarda bu qaydaya xüsusi əhəmiyyət verilməlidir. Şahidlər öz kimliklərinin açıqlanmasına razı olmadıqda jurnalist, ictimai əhəmiyyət daşıyırsa belə şəxslərin kimliyinə həssaslıqla yanaşmalıdır. Sənəddə jurnalistin cinayət əməlləri, zorakılıq, qəddarlıq və intihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməli olduğu əks olunub. Həmçinin jurnalistlərə tövsiyə olunub ki, onlar zorakılığı təşviq edən, təhrik etməyə səy göstərən və ya belə hallara əl atan şəxslər tərəfindən vasitə kimi istifadə olunmamalı, əksinə, öz reportajlarında belə şəxslərin fəaliyyəti barədə müvafiq məhdudiyyətləri tətbiq etməli və yalnız müvafiq informasiyanın ictimai əhəmiyyət kəsb etməsi şübhə doğurmadıqda bu barədə reportajlar hazırlamalıdırlar.
4-cü prinsip birbaşa olaraq jurnalistin fərdi məsuliyyət yükünün gücləndirilməsi, onun peşə vəzifəsindən sui-istifadəyə yol verməməsi ilə bağlıdır.
Əlavə edilən dəyişikliklərdə jurnalist tərəfindən AJPDQ-nın pozulmasına görə ictimai məsuliyyətdən azad edilməni nəzərdə tutan müddəa da yer alıb. Bildirilib ki, pozuntu yalnız o halda əsaslandırıla bilər ki, nəşr olunmuş müvafiq material ictimaiyyətin maraqlarına xidmət etsin. Yeni qaydalarda qeyd olunub ki, plagiat yolverilməzdir. Bundan əlavə jurnalist və kütləvi informasiya vasitəsi zərurət olmadıqca informasiya mənbələrinə pul ödəməməlidir.
Tədbirdə AJPDQ-yə edilən dəyişiklər qurultay iştirakçılarının verdiyi yekdil səslə qəbul olunub.
banner

Oxşar Xəbərlər