Jurnalistikanın Akif müəllimi - Fotolar

Deyirlər,
insanı inkişaf etdirən, formalaşdıran onun yaşadığı cəmiyyət və kollektivdir.
Nə yaxşı ki, belə kollektivlərdən birində
- Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində işləməli oldum. Burada
dərs deyən bir çox müəllimlər var ki, onlar öz gözlərində deyil, başqalarının
gözlərində yüksələnlərdir. Onlardan biri də Akif Rüstəmovdur. Jurnalistika
fakültəsinin sayılıb-seçilən müəllimlərindən olan Akif müəllim həm də
universitet kollektivinin hörmət etdiyi müəllimlərdəndir.

Ən
yaxşı insan fərq qoymadan hamıya yaxşılıq edəndir
Həyatı
və fəaliyyətini jurnalistika fakültəsi ilə bağlayan Akif müəllimin haqqında
danışmaq həm də universitetin yaxın tarixinə ekskurs etməyə bərabərdir.
Jurnalistika fakültəsində işə başlayanda ilk ünsiyyət yaratdığım adam Akif
müəllim olub. Mənim Akif müəllimlə tanışlığımın tarixi 1984-cü ildən başlanır.
Baxmayaraq ki, aramızda yaş fərqi var, biz onunla elə ilk gündən dostlaşdıq.
Beləcə, dostluğumuz 33 ilə yaxın dövrü əhatə edir. Sadəlik, xeyirxahlıq və
dürüstlük Akif müəllimin qayəsidir. Qədim çin mütəfəkkiri Konfutsi deyirdi ki,
ən yaxşı insan fərq qoymadan hamıya yaxşılıq edəndir. Akif müəllim də yaxşılıq
etdiyi insanların fərqinə varmır. Mənimlə bağlı bir faktı qeyd edim: fakültənin
tədris-teleradio studiyasının rəhbəri idim. Bir gün o, mənə dedi ki, televiziya
və radio jurnalistikası kafedrasında boş olan müəllim yerinə keçmək istəyirsənmi?
Amma şərt də irəli sürdü - gərək həm də dekan müavini vəzifəsini aparasan. Düzü,
dekan müavini vəzifəsinin məsuliyyəti məni qorxutdu. Elə bu səbəbdən əvvəlcə
razılaşmadım, sonra "saqqızımı oğurladı" və razılıq verdim. 20 il
dekan müavini vəzifəsində çalışdım. Onu da deyim ki, tədrisi də elə Akif
müəllimdən öyrəndim. Bu gün də yeri gələndə köməyimə çatır, məsləhətlərini
verir.

Həmişə
tələbələri təmkinlə dinləyir
Akif
müəllimin otağının qapısı hamının, xüsusilə də tələbələrin üzünə daima açıqdır.
Bu, onun dekan vaxtında da belə idi, indi də belədir. Onun tələbələrə
münasibəti təkcə müəllim-tələbə münasibətilə bitmir. Bu həm də, əgər belə demək
mümkündürsə, övlada münasibətidir. O, həmişə tələbələri təmkinlə dinləyib,
qərarını verir. Dəfələrlə tələbələrin tədris müddətində yaranmış problemlərinə
Akif müəllimin necə həssaslıqla yanaşmasının şahidi olmuşam. Heç kəsə sirr
deyil ki, jurnalistika fakültəsi digər fakültələrdən seçilir. Burada təhsil
alanların əksəriyyəti hələ tələbə ikən kütləvi informasiya vasitələri ilə əlaqə
saxlayırlar. Odur ki, informasiya sarıdan da korluq çəkmirlər. Bəzən onların
verdikləri "qəliz" suallara elə cavab verməlisən ki, səndən narazı
qalmasınlar. Belələri ilə işləmək də asan deyil. Xüsusilə, Akif müəllimin dekan
olduğu illərdə (1989-1999). Həmin dövr respublikanın ağır günləri idi. Qarabağ
müharibəsi, ölkədəki ictimai-siyasi vəziyyət, mitinqlər, sui-qəsdlər,
jurnalistlərin döyülməsi, bir sözlə, sabitliyin pozulması tələbələri də
hərəkətə gətirmişdi. Bu dövrdə Akif müəllim hər bir tələbəni düzgün
istiqamətləndirməyi də bacardı. O deyirdi ki, bu tələbələr müxtəlif ailələrdən
gəlirlər, onların hamısı ilə eyni tonda danışmaq düzgün deyil. Onlarla elə
danışmalısan ki, səni düzgün başa düşsünlər. Yoxsa tələbəni qorxutmaqla, yalnız
pərdəni aradan götürmüş olarsan. Bu da son nəticədə işimizə ziyan gətirər.

Ayrı-seçkiliyə
yol vermirdi
Zahirən
təmkinli, mülayim xarakterli olan Akif müəllimlə mübahisələrimiz də olub.
Aramızdakı inciklik bəzən bir neçə gün çəkib. Di gəl, kimin haqlı, kimin haqsız
olduğunu kənara qoymuşuq. Həmişə deyərdi ki, vəzifə müvəqqətidir, gərək elə
işləyəsən ki, vəzifədən gedəndən sonra da sənə salam verənlərin sayı azalmasın.
Onun dekan kreslosunda oturduğu ilk günü də xatırlayıram. Həmin tarixi masanın
kənarına yazıb, yarı zarafat, yarı gerçək, vəzifədən gedəcəyi günə də yer
qoymuşdu. Bu illər Akif müəllimin kollektivin hər bir üzvünə eyni münasibət
bəslədiyini, ayrı-seçkiliyə yol vermədiyinin, o qanlı-qadalı günlərdə onları
necə qoruduğunun şahidiyəm. 90-cı illərin əvvəllərində respublikamızda yaranmış
siyasi durumla əlaqədar bütün fakültələrdə gecələr müəllimlərdən növbətçi
qalırdı. Bizim fakültədə isə yalnız ikimiz - Akif müəllim və mən növbətçi
olardıq. Ondan soruşanda niyə müəllimlərdən istifadə etmirsən? Deyərdi ki, məni
müəllimlər dekan seçib, onlar məni qoruduğu kimi, mən də onları qorumalıyam.

Akif
müəllim o tələbəni qorudu...
Azadlıq
uğrunda mücadiləyə qalxan xalqın gözünü qorxutmaqdan ötrü Moskva 20 Yanvar
qırğınını törədərək, cinayətə əl atdı. Onda Akif müəllimlə birgə tələbələrimizi
qorumaq üçün tez-tez auditoriyalara girib, onların üzləşə biləcəkləri
problemlərlə maraqlanırdıq. Lakin bir müəllimimiz - dosent Əliş Nəbili o
qarışıq günlərdə gülləyə tuş gəldi. "Kəndçilər" xəstəxanasında ona baş
çəkdik. Həmin vaxt Akif müəllimin necə həyəcanlı olduğunu, Əliş müəllimə necə
təsəlli və ürək-dirək verdiyini gördüm. Əliş müəllim haqq dünyasındadır. Allah
ona rəhmət eləsin! Bu da faktdır ki, meydan hərəkatı zamanı tələbələrin bir
qismi orada-tonqal başında, mitinqlərdə xalqla birgə olurdu. Bir hadisəni yada
salmaq istəyirəm. Səhv etmirəmsə, 1989-cu ilin sonu idi. Qız tələbələrdən biri
"Azadlıq" meydanında odlu-alovlu çıxış etmiş, Qarabağ hadisələrinin
alovlanmasında Kremli günahlandırmış, əlaqədar təşkilatları tənqid edərək,
gecəni də orada mitinqçilərlə birgə qalmışdı. Nəzərə alsaq ki, SSRİ hələ
dağılmamışdı, belə hadisələr nəzarətdən yayınmırdı. Odur ki, səhəri gün müvafiq
orqandan gələn nümayəndə tələbə ilə görüşmək istəyini bildirmişdi. Bunu da onun
yataqxanadan ədyal aparması ilə əlaqələndirməyə çalışırdı. İşin nə yerdə
olduğunu başa düşən Akif müəllim müxtəlif bəhanələr gətirərək, bu görüşün
qarşısını aldı və tələbəni qorudu. Həmin tələbə isə bu gün dövlət qəzetlərindən
birinin əməkdaşı kimi parlament müxbiridir.

Tələsməyin,
o günləri də görəcəyik...
1990-cı
illərin əvvəli YUNESKO-nun fakültəmizə hədiyyə etdiyi tədris-teleradio
studiyası da Akif müəllimin səyi nəticəsində başa gəlmişdi. Müstəqilliyimizin
ilk illəri idi. ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi fakültəyə gəlmişdi. O,
dekan, universitet rəhbərliyinin nümayəndəsi ilə birgə tələbələrlə görüşdü. Mən
də onların arasında idim. Onlarla qısa tanışlıqdan sonra qonaq belə bir sual
verdi: "Necə bilirsiniz Azərbaycanda mətbuat azaddırmı?" Tələbələrdən
bir neçəsi əlini qaldırmadı. Dəhlizdə rəhbərlikdən gələn şəxs Akif müəllimdən
soruşdu ki, o tələbələr niyə əllərini qaldırmadı, məgər mətbuat azad deyil?
Onda Akif müəllim belə cavab verdi: "Müstəqil mətbuatın, söz azadlığının
mövcudluğu demokratiyanın əsas tələblərindən biridir. Sovet şinelindən yenicə
çıxmışıq, demokratiyanın bərqərar olmasına hələ var, tələsməyin, o günləri də
görəcəyik”.

Ustadına
kəm baxanın, gözlərinə qan damar
Təbiətcə
sakit olan Akif müəllim bir xeyirxah insan kimi elədiyi yaxşılığı heç vaxt üzə
vurmur. O, bu illər ərzində neçə-neçə tələbəni universitetdən xaric olunmaqdan
xilas etmiş, haqsızlığa yol verməmişdir. Fakültəni bitirən tələbələr çox yaxşı
bilir ki, Akif müəllim öz yaxşılığını əməlində sübuta yetirir. Akif müəllim
sadə olduğu qədər sərt də ola bilir. Az da olsa belə halların da şahidi
olmuşam. Keçən əsrin doxsanıncı illərinin əvvəllərində olmuş bir hadisəni heç
cürə unuda bilmirəm. Rektorluğun iclasında o vaxtkı rektor iyirmi-otuz adamın
içində Akif müəllimi ayağa qaldırıb demişdi ki, Nəsir İmanquliyevlə Seyfulla
Əliyev yaşlanıb, onların təqaüdə getmələri barədə sabah təqdimat gətir. Akif
müəllim bu yersiz tapşırıqdan bir müddət stress keçirdi. Təqdimat yazmadı,
vəziyyət bir qədər də gərginləşəndə dekan vəzifəsindən getməsi barədə öz
ərizəsini yazdı və rektora qətiyyətlə bildirdi: Onların hər ikisi müəllimim
olub, belə bir təqdimat yaza bilmərəm. Akif müəllim axıra kimi dediyinin
üstündə durdu, təqdimat yazmadı.

Bizim üçün
həmişə mənəvi dekandır
Akif
müəllimin dekan vəzifəsindəki fəaliyyəti barədə söz açdım. Bir neçə kəlmə də
onun pedaqoji, elmi və bədii yaradıcılığı haqqında demək istəyirəm. Hazırda
Akif müəllim jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professorudur.
O, tələbələrə "Jurnalistikaya giriş", "KİV-in hüquqi
tənzimlənməsi", "Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi"
fənlərini tədris edir. Eyni zamanda Akif müəllim bir neçə dərs vəsaiti və
onlarca elmi məqalənin müəllifidir. Onun "Dünya jurnalistika tarixi",
"Jurnalistikanın əsasları", 2 cildlik "Jurnalistika" adlı
kitablarından tələbələr bu gün də dərs vəsaiti kimi istifadə edirlər. Hazırda
Akif müəllim "Jurnalistika və cəmiyyətin informasiya təhlükəsizliyi"
adlı dərs vəsaiti üzərində işləyir. Onun "Ordan-burdan" rubrikası
altında "Filankəs" imzası ilə mətbuatda 30-a yaxın yumoristik
yazıları da dərc olunaraq, geniş oxucu kütləsinin marağına səbəb olmuşdu. Bu yazılar
bədii publisistik yazılardır. Təkcə "demokrat dekan" imici yox, həm
də ümumtələbə sevgisi qazanmış Akif müəllim barədə "Ədalət" qəzetində
çalışan tələbələrin 15 il əvvəl yazdığı təbriki bir daha yada salmaq istəyirəm:
"Akif müəllim öz insanlığı, tələbələrə atalıq qayğısı, jurnalist adını
yüksək tutması və ən əsası demokratikliyi ilə seçilir. O, dekan vəzifəsindən
getsə də, bizim üçün həmişə mənəvi dekandır və dekan olaraq da qalacaq".

Gözəl
pedaqoq və yaxşı insan
Bəli,
o, adını jurnalist tələbələrin yaddaşında yaşadır. Bu gün də keçmiş məzunlar
fakültəyə gəldikdə ilk soruşduqları müəllimlərdən biri də Akif müəllim olur.
Bütün məzunlar onu gözəl pedaqoq və yaxşı insan kimi xatırlayırlar.
Dekabrın
19-u Akif Rüstəmovun doğum günü idi. Onun 77 yaşı,
bizim dostluğumuzun isə 33-cü ili tamam oldu. Professoru ad günü münasibəti
ilə, özümü isə onu tanıdığım üçün təbrik edirəm!
P.S. Həyatda təmənnasız dostu olanlar məni anlar!
Əli Hacıyev,
BDU-nun jurnalistika
fakültəsinin baş müəllimi
