Jurnalistikada toqquşma - Fotolar
"Bizim
dövrümüzdə sənətə, sənətkara qiymət verilirdi”, "Bizim zamanımızda əsil
jurnalistlər və əsil jurnalistika vardı” - bu kimi ifadələri demək olar ki,
tez-tez eşidirik. Bəzən özüm-özlüyümdə sual verirəm ki, "axı nədir sizin
dövrünüzdə olub da, bizlərə gəlib çatmayan?” Zəmanə dəyişir, yeni
texnologiyalar həyatımıza daxil olub. Amma bu bizim günahımız deyil ki. Əksinə,
bir çox hallarda, bu, böyük üstünlükdür.Nəsillər
arasında qarşıdurma hər zaman olub. Orası düzdür ki, müasir jurnalistika son 20
il ərzində yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Bu da informasiyanın
maksimum operativliyinə şərait yaradan yeni texnologiyaların inkişafı ilə
bağlıdır. Jurnalistika yeni texnologiya və vasitələrlə zənginləşib və yeni
anlayışlar, həmçinin yeni jurnalistika alətləri ilə üzləşib ki, bu da yeni və
köhnə nəsil jurnalistləri üz-üzə qoyur. Mövzu ilə bağlı ekspertlərlə danışdıq
və onlardan 20 il əvvəlki jurnalistika ilə indiki jurnalistikanın fərqlərini
soruşduq.
AzVision.azxəbər portalının baş
redaktoruVüsal Məmmədov deyir ki, bu günün jurnalistikası sosial media ilə üz-üzə gələrək
onun yaratdığı reallıq çərçivəsində mövcud olmağa məhkumdur. Bu isə jurnalistikanın
qarşısındakı missiyaları dəyişib: "Əvvəllər jurnalist xəbəri yayan insan idi. Əlbəttə
ki, bu çox ciddi bir missiyadır. O zamanlar jurnalist xəbər yaymaq funksiyasını
yerinə yetirirdi. İndi isə demək olar ki, bütün sosial şəbəkə istifadəçiləri
xəbər yaya bilmək imkanına malikdir. Fərqi yoxdur - jurnalistdir, yoxsa başqa
peşə sahibi. Bu da müəyyən mənada jurnalistikanın bir nömrəli missiyasının
əlindən alınmasına gətirib çıxarır. Hesab edək ki, dünyadakı bütün jurnalistlər
bir həftə işləmədilər. Sosial media var və hər kəs müəyyən mənada informasiya
paylaşır. Jurnalist artıq xəbər yayan insandan xəbəri yayan, təkzib edən, xəbər
yayımına nəzarət funksiyasını yerinə yetirən şəxsə çevrilir. Blogerlərdən,
sosial media aktivlərindən fərqli olaraq jurnalist məlumatı dəqiqləşdirən,
düzgün istiqamət verən, maarifləndirici rol oynayan birinə çevrilir. Təbii ki,
burada söhbət əsil jurnalistlərdən gedir. Müasir jurnalist bu reallıqda mövcud
olmağa məhkumdur. Jurnalistin əsas missiyası xəbər yaymaq deyil, maarifləndirmək,
xəbərin düzgünlüyünə nəzarət etməkdir. 20 il bundan əvvəl çalışan
jurnalistlərlə bugünün jurnalistləri arasındakı fərq bundan ibarətdir”.
Vüsal
Məmmədov deyir ki, qəzet jurnalistikasından onlayn jurnalistikaya sürətli keçid
zamanı buna tam olaraq uyğunlaşa bilib. Hətta yarızarafat "onlayn
jurnalistikaya tam alışmış suda balıq kimiyəm” - deyərək fikrini əsaslandırdı:
"Qəzet jurnalistikası mənim üçün daha rahat idi. Orada əsil jurnalist idin,
oxucu ilə birbaşa təmasın olmurdu. Qəzet sistemi jurnalistin fikrini daha çox
yazıya cəmləmə imkanları verirdi. İndi hamının müəyyən mənada jurnalist olduğu
bir dövrdür. Belə ki, sənin yaydığın xəbəri hər kəs bildiyi kimi yayır. Sən
burada bir media əhli olaraq öz xəbərini müdafiə edən şəxsə çevrilməlisən.
Məcbursan ki, qılınc-qalxanı götürüb öz yaydığın xəbər uğrunda mübarizə
aparasan, onu müdafiə edəsən. Qarşı tərəfin də əsas silahı təhqir və söyüşdür”.
Müsahibimizdən
yaşlı nəsillə aralarında jurnalistikaya baxışda bağlı hər hansı ziddiyyətin
olub-olmadığını da xəbər alırıq. Deyir ki, onların yetişdiyi dövr 90-cı illərə
təsadüf edir və o zamanlar Azərbaycan jurnalistikası daha çox xarici qrantların
hesabına maliyyələşirdi: "Belə olduğu halda, yerli mediamız qrant verənlərin
dəyərlərini təbliğ etməyə başlamışdı. Onların meyarlarına görə, jurnalistin
vətəndaşlıq anlamı olmamalıydı və jurnalist heç nəyə müdaxilə etmədən,
mövqeyini ortaya qoymadan xəbər nədirsə onu yaymalı, heç bir milli marağı
nəzərə almamalı idi. Sonrakı 20 ildə məlum oldu ki, bu ideologiyanı ötürən
insanlar öz ölkələrində bu cür sistemlə işləmirlər. İstənilən xarici dövlətin
mediası ilk növbədə öz ölkəsinin milli maraqlarından çıxış edir. Sonrakı 20 il
isə bizim püxtələşmə dövrümüzə düşdü. Biz bu stereotiplərlə mübarizə aparmalı
olduq. Tərbiyə olunmuş oxucu ilə işləmək məcburiyyətində qaldıq. Bu mənada
bizim aramızda yaşlı nəsil jurnalistlərlə müəyyən toqquşmalar baş verdi. Mən və
mənim nəslimin bir çox jurnalistləri anlayırdıq ki, jurnalist mövzusuna
baxmadan nə gəldi yazmalı deyil, mütləq milli-ictimai, dövlət maraqlarını
nəzərə almalıdır”.
"Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev 20 ildə jurnalistikamızın böyük inkişaf yolu
keçdiyini vurğuladı: "O dövrün jurnalistlərini müasir jurnalistlərlə bir çox
mənada müqayisə etmək və bərabərləşdirmək olmaz. 20 il bundan öncə
jurnalistikamız müəyyən inkişaf yolu keçərək öz neqativ cəhətlərindən, mənfi
tendensiyalarından azad olmuş, inkişaf yolunda kamilləşmiş mərhələyə gəlib
çatmışdır. Bugünkü jurnalistikamız 20 il əvvəlkinin varisidir. Hesab edin ki,
bugünkü jurnalistika o təməlin üzərində yaranıb. Bugünkü jurnalistikada daha
çox vətənpərvərlik, dövlətçilik mövqeyinin olduğunu müşahidə edirəm. Əlbəttə
ki, əvvəlki jurnalistikamızda da vətənpərvərlik ruhu var idi. Bu mövzuda
tarixdə bir çox mərhələlər var. Həsən bəy Zərdabinin dövründə jurnalistikamızın
vətənpərvərlik keyfiyyətləri indiki keyfiyyətlərlə müqayisə oluna bilməz. Həsən
bəy Zərdabi müstəqil Azərbaycan dövlətinin olmadığı bir şəraitdə
yazıb-yaratmışdı. Ancaq indi bizim jurnalistlərimiz müstəqil Azərbaycan
dövlətində dövlətçiliyin himayəsi altında fəaliyyət göstərdiklərinə görə daha
çox vətənpərvərlik mövzusunda yazmaq imkanına malikdirlər. Hazırda bu sahədə
çox böyük imkanlar var. Həsən bəy Zərdabi və onun komandası böyük basqı altında
çalışırdı. Onlardan jurnalistikanın milli əlamətlərini və dəyərlərini nümayiş
etdirmək böyük cəsarət tələb edirdi və bu, təzyiqlərlə nəticələnirdi. Ona görə
onlar real mənzərəni bir qədər pərdələməyə çalışırdılar. Ancaq biz bu gün real
prosesləri daim qabartmaqda maraqlıyıq. Bunun üçün dövlət jurnalistlərə hər cür
şərait yaradır. Azərbaycanda jurnalistikanın inkişafına dövlət dəstəyi var. Heç
vaxt bugünkü qədər Azərbaycan jurnalistikasının dəyəri olmayıb. Dövlətçilik
mövqeyindən imtina edən media orqanları zaman-zaman fəaliyyətlərini
dayandırıblar. Bu gün dövlətçilik mövqeyində olmaq bizim jurnalistlərin güclü
və inamlı olmasına şərait yaradır. Bu gün Azərbaycan jurnalistikası dövlət
idarəçiliyinin həyata keçirilməsində fəal iştirak edən çox böyük qüvvəyə
çevrilib”.
Musavat.com saytının baş redaktoruXalid
Kazımlı 20 il
əvvəlki jurnalistika ilə indikinin arasındakı fərqlərdən danışarkən o vaxt
qəzet və teleradio, indi isə sayt və sosial şəbəkə jurnalistikasının olduğunu
bildirdi. Fikirlərini əsaslandıraraq xəbərlərin hazırlanmasında, yayılmasında
dinamiklik və operativliyin qat-qat artdığını dedi: "O vaxt bir yazı yazıb
qəzetə verirdik və o oxucuya ən tezi 10-12 (bəzən 20) saatdan sonra çatırdısa,
indi jurnalistlərin yazısını oxucu 20 saniyədən sonra oxuya bilir. Onlayn
jurnalistika artıq qəzetləri, televiziya və radioları sıxışdırıb. Bu, son
illərdə xüsusilə inkişaf edib və aradakı fərq özünü bariz şəkildə göstərir”.
Qəzet
jurnalistikasından onlayn jurnalistikaya keçən və bu sahədə kifayət qədər uğur
qazanan müsahibim, 10 ildir Musavat.com saytına rəhbərlik edir. Müasir
jurnalistikanın durumuna dair xeyli tənqidi fikirləri də var. Yarızarafat deyir
ki, o fikirləri yazsa, bir kitab olar: "Başda ümumi məlumatsızlığı,
savadsızlığı qeyd edə bilərəm. İndiki gənc nəsil jurnalistlər sələflərindən
fərqli olaraq nə ədəbiyyatı, nə coğrafiyanı, nə mədəniyyət və incəsənəti, nə də
tarixi yaxşı bilirlər. Yazanda çoxlu hərf səhvi buraxırlar. Hiss olunur ki, bu
sənətə başqa iş tapmadıqları, başqa fakültələrə balları çatmadığı üçün
gəliblər. Amma indiki yaşlı nəsil jurnalistlərin o zamanlar yazılarında bir
hərf səhvi olmazdı”.
"Yeni Çağ” analitik internet qəzetininbaş
redaktoru Aqil Ələsgərisə qeyd edir ki, o illər informasiya əldə etmək bugünə nisbətən çox çətin idi:
"20 il əvvəlki jurnalistlərdə jurnalistikaya daha böyük sevgi var idi. Çünki o
dövrün yazarlarının əllərinin altında internet yox idi. Hər hansı məlumatı
öyrənmək, nəyisə soruşmaq üçün heç kim müsahibinə sosial şəbəkədə sual göndərib
cavab almırdı. Jurnalist gedib informasiyanı yerində öyrənməli, canlı müsahibələr
almalı idi. O illər jurnalistikaya gələn qələm əhlində olan həvəs indikilərdə
yoxdur. Çox istərdim ki, bu günün jurnalistləri haqqında pozitiv danışım.
Jurnalistikada olan yazılmamış qanunlar təəssüf olsun ki, bu gün yoxdur.
Məsələn, 20 il əvvəl hər hansı ağsaqqal jurnalist bir məclisdə fikir bildirirdisə,
jurnalistlərin heç biri onun sözünü kəsmirdi. Hansısa baş redaktor bir
məclisdədirsə, nə zamansa onun işçisi olan müxbir durub sözünü kəsməz,
böyük-kiçik hörməti saxlayardı. Bu gün sosial medianın gətirdiyi özünəvurğunluq
problemləri jurnalistikamıza mənfi təsir edir. Nəsillərin dəyişməsi
jurnalistikamıza mənfi təsirini göstərir. Bu gün jurnalistləri redaksiyadan
çıxarıb reportaja göndərmək çətindir. Biz bir gün ərzində 7-8 tədbirə gedirdik.
Hazırda isə canlı ünsiyyətdən daha çox virtual ünsiyyətə üstünlük verilir. Bir
gün virtual aləmdə problem olanda isə, insanların bir-biri ilə əlaqəsi itir.
Köhnə jurnalistlərin telefon və qeyd kitabçaları var idi. Bugünkü gənclərin
əksəriyyətində bu ənənə yoxdur. Bu gün siyasətdən yazan jurnalistlərin bəziləri
siyasətçiləri o qədər də yaxşı tanımır. Bu, mədəniyyətə, iqtisadiyyata, sosiala
da aiddir. Ümid edirik ki, hər şey yaxşılığa doğru gedər”.
Azxəbər.com saytının baş redaktoru Hacıbəy Heydərli XXI əsrdə
dünyanın bütün ölkələrində internetin hegemon olduğunu xatırlatdı. Qeyd etdi ki, internet mediası və ya onlayn media hər
yerdə əsas söz sahibidir: "Misal üçün, qardaş Türkiyədə ən nüfuzlu qəzetlərin
tirajı 250-300 min arası dəyişir, ancaq həmin qəzetlərin saytlarına giriş sayı
2-3 milyon arasıdır. Yəni, eyniadlı mətbu orqanın qəzeti ilə saytı arasında ən
az 10 dəfə fərq var. Eynilə ABŞ-da da "Vaşinqton Post” və "Nyu-York Times”
qəzetinin tirajı 1 milyon, saytlarına giriş sayı isə 10 milyondan çoxdur. Yəni,
dünyada çağdaş jurnalistika ənənəvi medianı üstələyir. Ancaq ənənəvi medianı da
silib atmaq, üstündən xətt çəkmək olmaz. Faktdır ki, araşdırma yazıları, köşə
yazıları, reportajlar, özəl məlumatlar ənənəvi mediada daha çox yayımlanır və
onlayn media bundan istifadə edir. Bayağı xəbərlər də qəzetlərdə olmur, çünki
qəzetlərin İP problemi yoxdur. Bir faktı da mütləq qeyd etmək lazımdır ki,
Azərbaycanın ən peşəkar telejurnalistləri, sayt əməkdaşları, radio aparıcılar
qəzet məktəbi keçənlərdir. Çağdaş jurnalistikanın isə ən böyük özəlliyi
operativlik və multimedia imkanlarıdır. Bu gün oxucu daha çox görüntülü
xəbərləri sevir, video-foto olan məlumatları izləyir, yenilənən xəbərlərə maraq
göstərir, bu dediyim amillər isə qəzetlərdə mümkün deyil. Məhz bu səbəbdən də
onlayn media ənənəvi medianı üstələyə bilir”.
Yaşlı nəsillə
öz arasında jurnalistikaya baxış fərqinə gəldikdə isə, müsahibim jurnalistikanı
yaşlı və gənc nəslə bölməyin tərəfdarı olmadığını deyərək etiraz etdi: "Yaşlı nəsil
jurnalistlərin əksəriyyəti gənc nəslin müəllimidir, onları mediaya gətirən və
dəstək olan şəxslərdir. Həm də yaşlı nəsil təcrübədir, onlardan öyrəniləsi çox
şey var. Gənc nəsil isə daha dinamikdir, daha emosionaldır və hadisələrə daha
çılğın reaksiya verəndir. Gənc nəslin ən böyük üstünlüyü ondadır ki, onlar
keçid yaşamayıblar. Yəni, yeniyetməlik dövründən yalnız internetlə böyüyüblər,
qəzetçilik məktəbinə çox yaxşı bələd deyillər. Həm də gənc nəsil internetin
verdiyi multimedia imkanlarına daha yaxşı bələddir. Gənc nəsil sosial
şəbəkələrdə də aktivdir, çünki belə demək mümkünsə, onlar bu şəbəkələrdə
böyüyüb, gözlərini açan gündən çatlarda, forumlarda vaxt keçiriblər. Bu gün
Azərbaycanda vətəndaş jurnalistikası çox parlaq dönəmini yaşayır. Hətta
deyərdim ki, xəbərin mənbəyi artıq insanlarımızdır. Harada nə hadisə baş
verirsə, insanlar onu çəkib bizə göndərir. Bu da xəbərin oxucuya daha tez
çatmasına şərait yaradır. Onu da qeyd edim ki, yaşlı nəsil də məhz dövrün
tələblərinə uyğun olaraq kollektivlərində gənclərə üstünlük verir, onlar da
çağdaş media ilə ayaqlaşmaq üçün işlər görür və deyə bilərəm ki, bunu bacaran
media qurumları da az deyil”.
Xəyalə Rəis