“İzləyicim üçün hər zaman aktual olacaq mövzulara üstünlük verirəm” - Fenomen
Videobloger
Səma Abiyeva: "Bloqum mənə elə bir məşhurluq gətirdi ki, yenidən televiziyaya
dəvət aldım”
Son bir illərdə sosial
şəbəkə istifadəçilərinin sayının artması yeni trendin yaranmasına səbəb olub.
Belə ki, sosial şəbəkə istifadəçilərinin sevərək izlədiyi blogerlərin sayı günü-gündən
artır. Blogerlik trendə çevrildikdən sonra bu sahənin standartlarında müəyyən
nüanslar dəyişdi. Blogerlər isə öz auditoriyasına istədiyi məlumatı rahatlıqla
araşdırıb, çatdırmaq imkanına malik oldular.
Müsahibimiz aparıcı, Youtuber
Səma Abiyeva ölkənin ən qabaqcıl qadın
videoblogerlərindəndir. Onun təkcə "Youtube” kanalında paylaşdığı videolar
fəaliyyət başladığı gündən bəri ümumilikdə 23 milyondan çox izlənmə sayına
malikdir. Bloger 100 minlik abunəçiyə görə "Youtube” tərəfindən mükafata layiq
görülüb. Zaman–zaman isə araşdırmalar edir, qadınların gündəlik özlərinə
qulluq, baxım, sağlamlıqları ilə bağlı lazım olan məqamları onlara aydın
şəkildə izah edir. Daha çox xanımlara xitab etdiyi üçün izləyicilərinin 90
faizini də elə xanımlar təşkil edir.
- Hər
işin başlanğıcı çətin olur. Videobloger olaraq çəkdiyiniz ilk videoda
ümidsizliyə qapıldığınız anlar olubmu?
- Blogerlik fəaliyyətinə 2014-cü ildən başlamışam.
Bu illər ərzində hər hansı bir ruh düşkünlüyü yaşamamışam. Hazırladığım
videolarda arzuladığım geridönüşü görmüşəm. Əvvəlcədən auditoriyanın reaksiyana
hazırlaşmışam. Öncədən hazırlayacağım materialın auditoriyanın marağını cəlb
edə biləcəyini təxmin edə bilmişəm. Hazırladığım materialı yayımlayanda da
gözlədiyim effekti almışam. Bəzi videolarım var ki, onların izlənmə sayının az
olacağını təxmin etmişəm, ancaq buna baxmayaraq, yenə də həmin materialları hazırlamışam.
Bunu izlənmə baxımından və kontentimdə bu mövzu da olsun deyə paylaşmışam. Əvvəlcədən
də bilmişəm ki, bu mövzunun izləyici sayı 2000, digər mövzununku isə 300000 olacaq.
-
Fenomen olmaq necə bir hissdir?
- Əslində bu ifadə son vaxtlar yeri
gəldi-gəlmədi, çox istifadə olunur. Belə ki, aidiyyatı olmayan yerlərdə istifadə
olunur deyə, bu terminlə özümü həmahəng görmürəm. İnsanların mənim internet fenomeni olduğumu düşünmələrini
istəmirəm. Özümü fenomen hesab etmirəm.
- Günü-gündən
blogerlərin sayı artır. Belə olduğu halda, rəqabətli mühitdə çalışmaq çətin
deyil ki?
- Belə mühitdə işləməyin çətin olduğunu
düşünmürəm. Bəzən hər səhifənin altında, hər döngədə, getdiyin məkanda yeni bir
blogerlə rastlaşırsan. İnsanlar blogerin sırf nəyisə ödənişsiz və hədiyyə
olaraq qazanmaq üçün etdiyini düşünürlər. Özlərini selfie çəkərək, 2 dodaq
boyasının şəklini paylaşmaqla bloger
hesab edirlər. Düşünürlər ki, sənətin qayəsi budur. Blogerliyə bu düşüncə ilə
yanaşan insanlar var. Beləliklə də, bəziləri müxtəlif restoranlarda, məkanlarda
özlərini bloger olaraq tanıdıb, insanlardan nəsə umurlar deyə, mən və mənim
kimi işinə ciddi yanaşanlar haqqında da düşünürlər ki, biz də onlar kimi hədiyyə
qarşılığında fəaliyyət göstəririk. Ancaq bir az söhbətdən sonra təbii ki, kimin
kim olduğu, potensialının nəyə qadir olduğu anlaşılır. Bu mənada blogerlik bir az
çətindir.
- Xanımlar
sizə çox inanır və güvənir. Bu işdə insanların güvənini qazanmaq nə qədər önəmlidir?
- İnam hissi hər bir işdə önəmli
faktordur. Üstəlik, insan öz auditoriyasına həqiqətən yaxın insanlar kimi, hər
kəsə fərd olaraq yanaşdıqda, səni şəxsən tanımayanlar da özünə rəva bildiklərini izləyicisinə rəva bilən, yaxud
da özünə rəva bilmədiyini istənilən insana rəva bilməyənə etibar edirlər. Bir
müddətdən sonra izləyici bunu hiss edir və sənə güvənir. Biz Amerikada yaşayıb,
Bakıda fəaliyyət göstərmirik. Bakıdayıq,
izləyicilərlə gündəlik olaraq rastlaşırıq. Əgər paylaşdığımız məhsullarla həyat
tərzimiz üst-üstə düşmürsə və bunu real izləyici görürsə, təbii ki, izləyicinin
onu təqdim edən şəxsə heç bir inamı qalmayacaq. Öz prinsipləri olmayan hər
hansı bloger varsa, paylaşımlarında əvvəl bu həyat tərzini göstərib, sonra o
həyat tərzinə zidd bir məhsulu reklam edirsə, izləyici dərhal başa düşür ki, bu
yalnız pul qarşılığında olan reklamdır. Bu işdə seçici olmaq şərtdir. Hazırda
çox sayda şirkətlər məhsullarını reklam
etmək üçün təkliflər edirlər. Bir də görürsən ki, bir məhsulu hər kəs reklam
edir. O qədər həmin məhsulun reklamı ilə rastlaşırıq ki, izləyici istənilən paylaşımın
reklam xarakterli olduğunu düşünür. Mən isə bu mənada çalışıram, hər verilən məhsulu
həmin dəqiqə paylaşmayım. Reklam edəcəyim məhsulu ilk növbədə özüm istifadə
edirəm və bəyənməyəndə, bəyənmədiyimi bu şərtlər daxilində sponsorla razılaşıb
paylaşıram. Bəyənmədiyim məhsulu paylaşmadığıma görə izləyici mənə inanır.
- Seçilmək
üçün sizin iş prinsipinə nə daxildir?
- Əgər nəyisə təqdim edirəmsə, onun
haqqında daha çox məlumat toplamağa çalışıram. Sənətimin jurnalist olmasına
baxmayaraq, hazırda kosmetologiya kurslarına gedirəm və gələcəkdə bu sahəni
daha dərindən mənimsəmək, bu sahəyə yiyələnməmək üçün xaricdə təhsil almağa
gedəcəm. Ancaq bu o demək deyil ki, bundan sonra kosmetoloq kimi fəaliyyət
göstərəcəm. Bunu, sadəcə paylaşacağım məlumatlarda daha dəqiq olmaq, izləyicilərimin suallarına daha düzgün şəkildə cavab vermək
üçün edirəm. Çalışıram ki, izləyicimə hər zaman aktual olacaq mövzunu paylaşım.
Əgər paylaşdığım məlumat 5 aydan, 2 ildən sonra öz aktuallığını itirirsə, bu o
deməkdir ki, mən yalnız bu gün oxunan kontent hazırlayıram. Çalışıram ki,
xanımlara danışdığım prosesin texnikasını izah edim, tətbiq metodlarını
çatdırım. Qulluq və yaşam tərzi ilə bağlı məsləhətləri öyrənir və onu özümə məxsus
şəkildə paylaşıram. Çalışıram ki, bu paylaşımlar 5 il sonra da izləniləndə,
faydalı olsun.
- Hazırlayacağınız
mövzuları necə seçirsiniz?
- Hazırlayacağım mövzular daha çox
getdiyim kosmetologiya kursunda meydana gəlir. Müəllimim Moskvada təhsil alıb,
orda dərs vaxtı çox maraqlı nüanslara rast gəlirik. Məsələn, üz üçün evdə
hazırlana bilən kremlər, maskalar. Hansılar ki, o kremlərin tərkibi mağazalarda
satılan kremlərin tərkibi kimidir, ancaq istifadə müddəti çox qısadır. Bir
həftədən sonra o məhsul istifadəyə yararlı olmur. Bu məlumatları kursda
öyrəndikcə paylaşıram. İnternetdən, jurnallardan, kitablardan həddindən çox
məqalələr oxuyuram, bundan başqa, çox sayda ukraynalı, rus, avropalı blogerləri
izləyirəm, onlardan ilham alıram. Onlara baxanda, eyni mövzuda mən də Azərbaycandilli
kontent yaradıram. Özümü daha çox izləyicinin yerinə qoyuram.
- Blogeri
araşdırmaçı adlandırmaq olarmı?
- Açıq etiraf edək ki, adına bloger
deyilənlərin heç də hamısı bloger deyil. Əksər xanımlar elə bilirlər ki,
profilini hər kəsə açıq qoymaq, şəkil paylaşmaq, fotosessiya etmək, salonlara
gedib vizaj etdirmək blogerlik deməkdir. Bloger həqiqətən araşdırmaçıdır.
Yaşadığı həyat tərzi, başına gələn, sınadığı, yoxladığı, istənilən sahə ilə
bağlı mövzular üzərində işləyən insan blogerdir. Azərbaycanda bloger deyəndə,
yalnız gözəllik salonlarında saçını yığdırıb, makiyaj etdirib, mağazadan paltar
götürüb, şəkil çəkdirən qızlar yada düşür. Bunu tam iddiamla deyirəm ki, onlar
bloger deyillər. Blogerlik instagramda şəkil paylaşmaq deyil. Dünya standartlarında
buna infolloser deyirlər. Onlar, sadəcə izləyici auditoriyası böyük, sosial
şəbəkədə aktiv olan, tanınan şəxslərdir. Bloger isə bloqu, yəni gündəliyi olan,
gündəlikçidir.
- Bəs Youtuber
kimdir?
- "Youtube” üzərindən paylaşımları
edib, paralel olaraq İnstagramda bunu tanıdan adamdır.
- "Youtube”da
125 mindən çox izləyiciniz var. Bu rəqəmi toplamaq üçün Səma Abıyeva nələrdən
keçib.
- Əlbəttə ki, bu rəqəm öz-özünə
yığılmayıb. Belə olsaydı, bir çox xanımlar ənənəvi bloqdan "Youtube”a gələndə, rahatlıqla o rəqəmi əldə
edə bilərdilər. Bu gün İnstagram və "Youtube”da belə bir sistem var. Orda əgər
bir adama abunə olursansa, digər blogerləri də izləyicilərə təqdim edir. İzləyici
yenicə izləməyə başladığı blogerlə paralel olaraq, nümunə kimi digər blogerin
də səhifələrinə baş çəkir, əgər bəyənsə, onu da izləməyə başlayır. Bu o deməkdir
ki, Azərbaycandilli blogerlər bir-birlərinin hesabına tanına bilərdilər.
Gözəllik mövzusunda video paylaşan blogerlər sürətlə arta bilmirlər. Baxmayaraq
ki, tövsiyə olunanlar sırasındadırlar. Çünki
hazırladıqları kontekt həmişəyaşar kontent deyil.
- Onları
süni göstərən səbəblər nələrdir?
- Bəzən bahalı məhsul təqdim edirlər. İzləyici
onların təqdimatında özünü kiminsə bahalı qarderobuna, kiminsə gözəllik
masasına tamaşa edirmiş kimi hiss edir, özü üçün heç bir faydalı məlumat götürə
bilmir. Amma mən auditoriyamın 120 min, onların içərisində müxtəlif büdcəli xanımlar
olduğunu nəzərə aldığım üçün həm 2 manatlıq, həm də 500 manatlıq məhsulu
paylaşıram. Müxtəlif büdcəyə sahib olan xanımlar da burdan faydalanırlar. Gördüyüm
işə gəldikdə isə, hazırladığım videoların videoqrafı, montajoru, bəzən
fotoqrafı da oluram. Hətta İnstagram səhifəmin dizaynı ilə özüm məşğulam. "Youtube”
səhifəmdə izləyici sayı 125 minə ona görə gəlib çatıb ki, usanmadan, yorulmadan
videolarımı çəkib, mövzunu araşdırıb yayımlamışam. Əvvəllər 1000-2000 izləyicim
vardı. Amma mən o illərdə də 100.000 izləyici üçün hazırlayacağım videonu eyni
həvəslə işləmişəm. Gecə saat 3-4-ə qədər çalışmışam. Çünki mən bu işi sevərək
edirəm. Jurnalist olmağım, televiziyada çalışıb montaj proqramını öyrənməyim
işimi asanlaşdıran tərəflərdir. Blog fəaliyyətimdən sonra televiziyaya yenidən dəvət
aldım. Blogum mənə elə bir məşhurluq gətirdi ki, televiziyaya dəvət etdilər.
Xəyalə Rəis