AZE | RUS | ENG |

İzlənmə, yoxsa məlumatların analizi?

İzlənmə, yoxsa məlumatların analizi?
Və ya internetdəki yazışmalarımıza,axtarışlarımıza uyğun virtual reklamlarla qarşılaşmağımız səbəbsiz deyil

"Pizza bişirmək istəyirdim, "Youtube” və "Google”da dadlı pizza resepti yazıb axtarışa verdim. Bir neçə dəqiqə sonra "Instagram”a daxil oldum, qarşıma ancaq "Pizza” ilə bağlı məkanların reklamları çıxmağa başladı”.
 
"Whatsapp”da mesajlaşanda birinə yazmışdım ki, Seula getmək istəyirəm, uyğun bilet olsa, xəbər et. O mesajdan sonra "Facebook”, "Instagram”da qarşıma durmadan Seul biletlərinin reklamları çıxır”.
 
"Yayda Şağanda oturub film izləyirdik. Birdən elə-belə dedim ki, bəlkə həftə sonu Qəbələyə gedək? Aha, 2 saniyə sonra poçtuma Qəbələ turu barədə məlumat gəldi. Sonra dəfələrlə təkrar olunub, amma dünən şok keçirdim! Evdə söhbət əsnasında dedim ki, Cənubi Amerikada çox görmək istədiyim Çili var, görəsən bir də qismət olarmı, oralara uçmaq? 5 saniyə sonra telefonuma belə bir məktub gəldi: "Çiliyə uçmaq istərdinizmi? Şirkətimizin rahat oturacaqlı təyyarələrində yer ayırmağa tələsin”.
 
Bunlar sosial şəbəkədə fərqli şəxslər tərəfindən yazılan fikirlərdir. Son vaxtlar bu cür paylaşımlar addımbaşı qarşımıza çıxır. Əvvəllər belə hallarla qarşılaşanda bunun təsadüf olduğunu düşünürdük, amma indi texnologiya imkanları bu cür fikirləşməyə qoymur. Bu cür statusları yazanlar internet üzərindən izləndiyimizi, şəxsi məlumatlarımızın ələ keçdiyini deyirlər. Bəs doğrudanmı izlənirik? Bu izlənmə zamanı şəxsi məlumatlarımız ələ keçirmi? Keçirsə, bunun bizim üçün hansı təhlükəsi var? Burda qazanan və itirən tərəflər kimlərdir?
 
Məlumatlarımızı kiməsə vermirlər, satmırlar
 
Data analitik Fuad Tağıyev deyir ki, istifadəçisi olduğumuz hər bir qlobal internet saytı öz istifadəçilərinin məlumatlarını məxfi saxlamaqda maraqlıdır və heç kəsə bu informasiyaları vermirlər: "Məlumatlarımızı kiməsə vermirlər, satmırlar. Ancaq bizim informasiyalarımız onlar üçün həm də puldur. Məsələn, siz yaxşı bir eynək almaq istəyirsiniz, bununla bağlı tutaq ki, "Facebook”da axtarış etmisiniz. Və tutaq ki, "Aliexpress” də eynək çeşidləri təqdim edən bir platformadır. "Facebook” "Aliexpress”ə deyir ki, sən mənə pul versən, məhsulunu eynək ilə maraqlanan çox adama göstərəcəm, onların eynək alma şansı böyükdür. "Facebook”un istifadəçiləri çoxdur, "Aliexpress” də pulu verir ki, məhsulu o eynəyi axtaranlara göstərsin. Burda "Aliexpress” məhsulunun fərd olaraq kimlərə göstərildiyini bilmir. Sadəcə, ona filan yaş arası, filan ölkədə olan adamlar qrupu kimi göstərilir. Maraqlananların kimlər olduğunu ancaq feysbuk bilir”.
F.Tağıyev bildirdi ki, burda işi insan yox, texnika görür: "Yəni bir-bir insanların məlumatları kimlərsə tərəfindən araşdırılıb analiz edilib qruplaşdırılmır. Bütün bu əməliyyatları maşınlar icra edirlər. Maşın öyrədilməsi, kodlaşdırılması o qədər böyükdür ki, özünü dəfələrlə yetişdirir. Alqoritm çox böyük olduğundan bunlar hamısı sürətli şəkildə insan əli dəymədən edilir. Heç kim deyə bilməz ki, hansısa adam reklamı götürüb kiməsə göndərir. Milyonlarla adama bir saniyə içərisində ötürülən informasiyadır”.
 
Burda itirən yoxdur
 
F.Tağıyevin sözlərinə görə, bütün bunların bizim üçün heç bir təhlükəsi yoxdur: "Ümumiyyətlə, məlumat təhlükəsizliyinin kateqoriyaları var. Əgər tanımadığım bir şəxsə yaşımı və Bakıda yaşadığımı deyirəmsə, burda hər hansı təhlükə ola bilməz. Ancaq mən yaşımı, ad-soyadımı, yaşadığım ünvanı, telefon nömrəmi deyirəmsə, bu, artıq təhlükəli ola bilər. Yəni insanların bu kimi məlumatlarını informasiya kimi hansısa şirkətə satırsansa, o zaman məsuliyyətə cəlb oluna bilərsən. Qlobal şirkətlərdən danışsaq, heç biri sənin məlumatlarını heç bir quruma vermir”.
Bəs e-mail vasitəsilə fərqli şirkətlərdən reklam gəlməsinə nə deyək? F.Tağıyev deyir ki, bu, artıq başqa bir işdir: "Bəzi şirkətlər var ki, "Linkedin”dən e-mailləri yığıb onu baza şəklinə salıb, satırlar. Bəzən görürsünüz ki, sizə e-mail vasitəsilə reklam təklifləri gəlir”.
Data analitik deyir ki, burda itirən yoxdur: "Bu üçlü bir sistemdir, burda itirən tərəf olduğunu deməzdim. 3 tərəf də qazanır. "Aliexpress” eynəyi satır, sizə eynək seçimləri təqdim olunur, "Facebook” da məhsulu alıcıya göstərib pul qazanır”.
 
Təsadüf
 
Daha çox iddia olunan məsələlərdən biri də ağıllı texnologiyaların sadəcə olaraq yanında danışdığımız məsələlərlə bağlı reklamların gəlməsindəki roludur. Bəziləri bizim hətta gündəlik danışıqlarımızın da məlumat olaraq istifadə edildiyini iddia edirlər. F.Tağıyev qeyd etdi ki, bunlar sadəcə təsadüfdür: "İnformasiya axını o qədər çoxdur ki, gündəlik qarşımıza çox reklam çıxır. Məsələn, sən "Hyundai Sonata” almaq istəyirsən, fikrini ancaq ona yönəldirsən. Hətta birdən deyirsən ki, şəhərdə "Hyundai Sonata”lar çoxalıb. Əslində bu, həmişə belə idi, amma sənin diqqət mərkəzinə indi düşdüyü üçün belə görürsən. Mümkün deyil ki, telefonun yanında danışdığın söhbət səs vasitəsilə tutulub sənə ona uyğun reklam göndərilsin. Özü də Azərbaycan dilində danışırsan, onu sistemin başa düşməsi çətindir”.
 
Dünya səviyyəsində nüfuzlu şəxs deyilsinizsə...
 
"Virtual Azerbaijan Company”in baş proqramçısı Vüsal Orucov deyir ki, əslində, bütün bunlara tam izlənmə də demək olmaz: "Müasir texnologiyalar bizim izlənməmizə imkan yaradır. Əgər dünya səviyyəsində nüfuzlu şəxs deyilsinizsə, şəxs olaraq kiminsə məlumatı iri İT şirkətləri üçün elə də maraqlı deyil. Əsas məqsəd toplu məlumat əldə edib bunu data formasına salıb data üzərində emal edib uyğun məqsədlər üçün istifadə etməkdir”. 
 
V.Orucovun sözlərinə görə, əgər biz kompüter hər hansı bir smartfon və yaxud bu tipli cihazlar və ya sosial şəbəkələrdən istifadə ediriksə, deməli, bizim məlumatlarımız az da olsa ələ keçmiş sayılır: "Bəzən görürük ki, kompüterlərin kameralarında örtücü vasitələrdən istifadə olunur. Bunun təhlükəsi nə ola bilər? Kompüterinizə yoluxmuş proqram əsasında sizin görüntüləriniz müəyyən yerlərə göndərilir, yazılmış süni intellekt vasitəsilə üz tanınma həyata keçirilir. Qeyd etdiyim kimi, əgər dünya səviyyəsində tanınmış şəxs deyilsinizsə, bunun sizin üçün elə də təhlükəli olacağını düşünmürəm.
 
Bəzən biz internetdə hansısa bir məhsul axtarırıq və qısa vaxt sonra müşahidə edirik ki, axtardığımız məhsula uyğun reklamlar qarşımıza çıxmağa başlayır. Hətta bəzən bunun artıq danışıqda da öz əksini tapması ilə bağlı fikirlər səsləndirilir. Əslində, bu, bizi elə də qorxutmamalıdır. Reklamın doğru kütləyə çatdırılması üçün nəzərdə tutulur. Məlumatların ələ keçməsini sosial şəbəkələrdə daha çox müşahidə edə bilərik. Bu o demək deyil ki, sosial şəbəkələr şəxsi məlumatlar toplusu formalaşdırmaq üçün yaradılıb. Buna misal olaraq "Facebook”un məlumat bazası satması qalmaqalını göstərə bilərik. Bu o zaman bizi düşündürməli idi ki, "Facebook” niyə məhz VPN şirkətini alır? "Facebook” bunun yaradılmış proqramların vasitəsilə olduğunu bildirdi. Belə ki sosial şəbəkələrdə bu tip proqram var. Məsələn, sizi ən çox sevən dostunuz kimdir? Hansı məşhura bənzəyirsiniz? Bu tip proqramlar istifadə olunan zaman artıq siz icazə vermiş olursunuz ki, həmin proqram sizin məlumatlardan istifadə etsin və beləliklə, sizin məlumatları ələ keçirə bilsin və bu məlumatlar toplanaraq müəyyən məqsədlər üçün istifadə edilsin. Düşünürəm ki, bu durum şəxs olaraq bizə elə də təhlükə yaratmır. Amma dövlətin təhlükəsizliyi ilə bağlı problemlərin yaranması mümkündür. Təsəvvür edin ki, hərbi, səhiyyə və s. məlumatlar əldə edilərək həmin ölkəyə qarşı istifadə edilə bilər”.
 
Reklamın doğru kütləyə çatdırılması üçün
 
Burda qazanan və itirən tərəflərə gəlincə, V.Orucov bunları söylədi: "İlk növbədə qazanan böyük dataları satan şirkətlərdir. Reklamın doğru kütləyə çatdırılmasını çıxmaq şərtilə bizim burdan nə isə qazandığımızı düşünmürəm. İtirməyə gəldikdə isə, istəmədən dövlət haqqında müəyyən statistik məlumatları vermiş oluruq. Bunun üçün fərd olaraq müəyyən məlumatların paylaşılmasında diqqətli olmalıyıq ki, sonda itirənlərdən olmayaq”.
İzlənmə yox, məlumatların analizi
 
İT sahəsi üzrə ekspert Rəşad Əliyev deyir ki, əslində, bu, izlənmə yox, məlumatların analizidir: "İzlənmə yox, adi süni intellekt deyə bilərik. "Google” kimi böyük axtarış robotları istifadəçilərin məlumatlarını analiz edərək, ona uyğun reklamlar göstərirlər. Cihazın yanında danışılanlara əsasən reklam təklif edilməsinə gəlincə isə, bəlkə də siz özünüz də bilmədən cihazınıza hansısa proqram yüklənər ki, o səsləri analiz edər, onun əsasında reklamlar gələr”.
R.Əliyevin sözlərinə görə bütün bu kimi problemlər istifadəçilərin öz hüquqlarını bilməmələrindən qaynaqlanır: "Bütün sosial şəbəkələrdən qeydiyyatdan keçəndə deyilir ki, məlumatlarınızı analiz edəcəyik və onun əsasında sizə məlumatlar göstəriləcək. İstifadəçilər adətən qeydiyyat vaxtı bu kimi məlumatları oxumadan, təsdiqləyib keçirlər. Əgər belə bir şey istəmirsinizsə, qeydiyyat vaxtı ona razılıq vermirsiniz və bu məlumatları almaq üçün də qeydiyyatdan keçməmiş olursunuz. Amma adətən, o şərtləri oxumadan təsdiqləyirsiniz, onlar da analiz edib maraq dairənizə uyğun reklamlar göstərirlər və reklamları doğru adamlara çatdırmaqla daha çox pul qazanırlar”.
 
Sosial şəbəkə qeydiyyat zamanı diqqətli olmaq lazımdır
 
Ekspert bildirdi ki, hansısa sosial şəbəkədə qeydiyyatdan keçmək müqavilə bağlamaq kimi ciddi bir işdir: "Siz qeydiyyat vaxtı müqavilə bağlamış olursunuz, oxumadan təsdiqləyirsinizsə, müqavilə vaxtı buna icazə verirsiniz. Sonra sizə reklamların gəlməsinə etiraz edəndə, həmin şəbəkə bildirir ki, qeydiyyat vaxtı etiraz etməmisən, təsdiqləmisən. Ona görə qeydiyyat vaxtı məlumatları diqqətlə oxumaq lazımdır”.
R.Əliyev qeyd etdi ki, istənilən istifadəçinin onun məlumatlarının harada istifadə edilməsi ilə bağlı informasiya almaq hüququ var: "Avropa Birliyində GDPR qanunu qüvvəyə minib. GDPR-a görə, Avropa Birliyində fəaliyyət göstərən hər hansı layihən, şirkətin varsa, istifadəçilər məlumatlarının necə istifadə olunması ilə bağlı məlumat almaq istəsələr, onlara bunu verməlisən. Müştəri sadəcə, sorğu göndərə bilər ki, mənim məlumatlarımı harada istifadə edirsiniz? Məsələn, "Facebook” onu kiməsə satırsa, özü analiz edib bizə reklam göstərirsə, yaxud müəyyən sorğu əsasında mesajları oxuyursa və s. müraciət edəni bu barədə məlumatlandırmalıdır. Avropa Birliyinin qanunu deyir ki, belə məlumatı istifadəçiyə verməsəniz, böyük məbləğdə cərimələnə bilərsiniz”.
 
Aygün Asimqızı
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul - Azərbaycan Milli Mətbuatının yaranmasının 144-cü ildönümü ilə əlaqədar keçirdiyi müsabiqəyə təqdim olunur
 
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9142
GEL 1 1 Gürcüstan larisi 0.5981
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1277
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1818
CHF 1 1 İsveçrə frankı 1.7255
KWD 1 1 Küveyt dinarı 5.5849
TRY 1 1 Türkiyə lirəsi 0.2974