• şənbə, 20 Aprel, 00:38
  • Baku Bakı 15°C

İydə ətirli adanın məktəbi - REPORTAJ

11.06.22 04:00 1996
İydə ətirli adanın məktəbi - REPORTAJ

Çilov qəsəbəsində dəbdəbəli, müasir evlərə rast gəlməzsən. Burada hamısı bir-birinə bənzəyən sadə və taxta tikililərdir. 800 nəfərə yaxın sakini olan adada məskunlaşma, əsasən, şərq hissədədir. 

Zığ Dəniz Limanına çatmaq üçün sifariş etdiyim taksinin yaşlı sürücüsü maraqla üzümə baxdı. “Çilova gedirəm”. Sürücü gülümsədi: ”Adanın adı “Jiloy”dur. Vaxtilə orada ruslar yaşayıb və o vaxtdan belə adlanır...”  

Virtual mənbələrə nəzər salıb  Pirallahı rayonu ərazisində yerləşən adanın 1763-cü ildə rus hidroqrafı F.İ.Soymonovun “yaşayış əlaməti olmayan ada” haqqında ilk məlumatından tutmuş “Şahilan”, “Ronis”, “Cilov” və s. toponimlərə də rast gəldim. Bakının 100 km şərqində yerləşən adada vaxtilə məskunlaşan Don kazakı Stepan Razinin Zirə, Gürqan, Maştağa kəndlərinə basqınları isə ətrafdakı əhaliyə heç də “Karib dənizinin quldurları” filminin ssenarisindən az təhlükə yaşatmayıb.

İkinci Dünya müharibəsindən sonra Azərbaycan geoloqlarının axtarış-kəşfiyyat işləri nəticəsində “Çilov” neft yatağı kəşf edilib. Neft Daşlarının kəşfi zamanı Çilov adası geoloqların qərargahına çevrilib. Yaşayış məntəqəsinə 1949-cu ildə şəhər tipli qəsəbə statusu verilib.

Adada hava hücumundan müdafiə hərbi hissəsi yerləşdirilib. 1800-cü ildə adanın hər tərəfindən görünən ilk Mayak tikilib.  

Zığ qəsəbəsindəki Limandan “28 May” Neft və Qaz Çıxarma İdarəsinə (NQÇİ) məxsus gəmilər hava şəraitindən asılı olaraq sərnişinləri Çilov adasına, daha sonra Neft Daşlarına daşıyır. SOCAR-a məxsus helikopterlər isə Zabrat Hava Limanından havaya qalxaraq 10-12 dəqiqə ərzində adaya çatır. Çilova səyahət yalnız SOCAR-dan (ARDNŞ) və Pirallahı İH-dən alınan “icazə” ilə reallaşa bilir.

“O hansı adadır ki…”

Son 15 il ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyinin ilk dəfə səfər etdiyi adaya mediaturun təşkili azsaylı KİV nümayəndələrinin də sorağını eşitdiyi, amma indiyə qədər əlçatmaz görünən adanı görməsinə imkan yaratdı.

Zığ qəsəbəsindəki Limandan sürətli “Qarayev” gəmisi ilə 2 saatlıq məsafəni necə getdiyimizi hiss etmədik. Nargin adasını, Xəzərin mavi sularını seyr edə-edə gəmi adaya yan aldı. Adadakı avtobuslar gələnləri təmənnasız mənzil başına çatdırır. Çilovun pulsuz marşrut xidmətinin sorağı hətta uzaqlara yayılaraq Rusiyanın “Ostankino” telekanalının “Pole Çudes” verilişinə qədər gedib çatıb. Verilişin aparıcısı Leonid Yakuboviçin “O hansı adadır ki, orada sərnişin avtobusu pulsuzdur?” sualına vaxtilə adada təhsil alan Svetlana adlı qadının “Çilov adası” sözləri və aparıcının bu cavabı qəbul etməsi Çilovun adını verilişin tarixinə və tamaşaçılarının yaddaşına yazıb.

Təkcə qonaqlar gələndə sükut pozulur

Adaya səfərimiz iydə və yasəmən ağaclarının çiçəklədiyi və qoxusunun ətrafa yayıldığı vaxta təsadüf etdi. Sakinlərinin sevgi ilə “İydə ətirli ada” deyə əzizlədiyi Çilovda payız-qış aylarının “Xəzri”sini may ayının günəşli günü əvəz eləmişdi. “Adada küləklərin nisbətən səngidiyi dövr may-avqust aylarıdır”- sakinlər dedi. Adi günlərdə adada həyat sakit keçir. Təkcə qonaqlar gələndə adanın sükutu pozulur…

Çilov adasında bir uşaq bağçası, bir tibbi stasionar məntəqə fəaliyyət göstərir. Son bir neçə ildə adada quruculuq işləri aparılıb, ağaclar, güllər əkilib. Ərazinin qumsal olması bitki yetişdirmək üçün daha çox suya ehtiyac yaradır. Suya olan tələbat iri çənlərə vurulan dəniz suyunun saflaşdırılması sayəsində ödənilir. Adaya gəmilər vasitəsilə də su gətirilir. Ölkəmizin ən təmiz çimərlikləri də bu adaya məxsusdur.

Çilov qəsəbəsinin görünüşü rus kəndlərini xatırladır. Burada dəbdəbəli, müasir evlərə rast gəlməzsən, hamısı bir-birinə bənzəyən sadə və taxta tikililərdir.

800 nəfərə yaxın sakini var adanın. Məskunlaşma, əsasən, şərq hissədə - Çilov qəsəbəsindədir.

Neft və qaz çıxarılması adanın həyatında mühüm rol oynayır. Əhalisinin əksəriyyəti də neft və qazçıxarma idarələrində çalışır. Hərbi sahədə çalışanlar, balıqçı ailələri də çoxdur.

Dolanışığı balıqçılıqdan çıxan ailələrin süfrəsinin ən ləziz yeməyi də elə dadlı kütüm, berj, vobla, kefal, sületka və kilkə balıqlarıdır. Yerli sakinlər kiçik bağ sahələrində meyvə ağacları da əkib-becərirlər. İnsanlar yüz illərdir ki, balaca bağları olan xudmani evlərdə yaşayır və həyatlarından məmnun görünürlər.

Adada vaxtilə müxtəlif millətlərin nümayəndələri yaşayıb. Sonuncu alman millətindən olan sakin bu yaxınlarda dünyasını dəyişib. Ruslar isə hələ də adada yaşamaqdadırlar.  

Quru ilə əlaqəsi olmayan məktəb

Adadakı 131 saylı məktəb Milli Qəhrəman Rasim İbrahimovun adını daşıyır. Məktəbdə 72 şagird oxuyur. Bu, ölkədə quru ilə əlaqəsi olmayan yeganə məktəbdir. “2007-ci ildə binada əsaslı təmir işləri aparılıb. Məktəbin yerləşdiyi bina əvvəllər hərbi qərargah olub. 1951-ci ildə təhsil üçün uyğunlaşdırılıb”- deyə məktəbin direktoru Rəfail Musayev məlumat verir. “Vaxtilə adada rus hərbçiləri yaşadığından məktəbdəki tədris də rus dilində olub. 1988-ci ildə isə azərbaycanlı müəllimlərin səyi ilə Azərbaycan bölməsi açılıb. Hazırda tədris Azərbaycan dilindədir”.

Çilov adasında əvvəllər 3 məktəb (qiyabi, axşam və tam orta) fəaliyyət göstərib. Sonralar qiyabi və axşam məktəbləri bağlanıb.

Hazırkı məktəb binası “28 May” Neft və Qaz Çıxarma İdarəsi tərəfindən əsaslı təmir edilib və müasir avadanlıqla təmin olunub.

Məktəbin dərs otaqlarında kompüterlər, ağıllı lövhələr, laboratoriyalar, dərs vəsaitləri və bədii ədəbiyyatla zəngin kitabxana, idman zalı var. İnternet təminatı isə SOCAR tərəfindən həyata keçirilir.

Keçən il məktəbin 5 şagirdindən ikisi ali məktəbə, 3-ü kollecə daxil olub. “Məktəbin məzunlarının bir çoxu məhz adada işlə təmin olunur. Onların arasında mühəndis, texniki işçilər və fəhlələr var. Ümumiyyətlə, məktəbin məzunlarından respublikamızda yüksək vəzifələrdə, mühüm dövlət strukturlarında çalışanlar çoxdur”- deyə direktor bildirdi.

Məktəbdə Azərbaycan bölməsi necə yarandı?

Hazırda adanın İcra Nümayəndəliyində çalışan İlham İbrahimov Azərbaycan bölməsinin açılmasının ilk təşəbbüskarlarındandır. Vaxtilə məktəbdə fizika və texniki fənləri tədris edib. İndi də məktəblə əlaqəsini üzmür: “Əvvəllər burada müxtəlif xalqların nümayəndələri yaşayırdı. Tədris rus dilində aparılırdı. Adada azərbaycanlılar da çox idi. Onlar rus dilini öyrənməyə əziyyət çəkirdilər. Çünki çox ailələrdə rus dilini bilən yox idi. Zamanla rusların çoxu köçüb getdilər. Rus siniflərinə uşaq yığımı da çətinləşdi. Ona görə Azərbaycan bölməsini yaratmaq qərarına gəldik. Nə qədər çətin olsa da, ilk sinfə rəhbərliyi özüm etdim. Sinifdə 24 şagird oxuyurdu, onların 15-i əlaçı oldu. 2000-ci ildən artıq məktəb bütünlüklə Azərbaycan dilində fəaliyyət göstərməyə başladı. Hazırda adada olan rus ailələrinin uşaqları da Azərbaycan dilində təhsil alırlar”.
Məktəbin 8-ci sinif şagirdi Yuliya Çereqaluyeva belə şagirdlərdəndir: “Mən rus dilini bilirəm, amma Azərbaycan dilində oxuyuram. Düzdür, əvvəl çətinlik çəkirdim, indi artıq dərslərimi də yaxşı oxuyuram. Məqsədim ali təhsil almaq və yenidən adaya qayıtmaqdır”.

Gəncliyin xəyalları adanın romantikasına qarışıb

Ada məktəbinin müəllimləri sözün həqiqi mənasında fədakar insanlardır. Məktəbdə 19 müəllim çalışır. Aralarında ömrünün 20-25 ilini bu məktəbə həsr edənlər var. Uzaqdan gəlib çalışanlar üçün yataqxana istifadəyə verilib.

İbtidai sinif müəllimi Tahirə Musayeva 20 ildir ki, adada yaşayır. Adanı da, məktəbi də, sənətini də hədsiz sevir. Onu bu məktəbə bağlayıb saxlayan da elə bu sevgidir: “Bu adada yalnız fədakar insanlar çalışır. Onlar özlərini məktəbə, şagirdlərin təhsilinə həsr ediblər. Adada yaşamaq o qədər də asan deyil. Amma biz artıq alışmışıq və işimizi sevərək edirik. Pedaqoji kollektiv şagirdlərin yüksək səviyyədə bilik alması üçün var gücləri ilə çalışır”.

Məktəbinin pedaqoji kollektivi arasında 4 gənc müəllim də var. Onlar öz arzuları ilə bu məktəbdə işləməyi seçiblər. Gənc müəllimlər üçün gəncliyin xəyalları adanın romantikasına qarışıb.

Ana dili və Ədəbiyyat müəllimi Məmmədxan Hüseynov artıq 3 ildir ki, adada müddətsiz müqavilə ilə işləyir: ”MİQ imtahanından keçəndə ilk müraciət etdiyim bu məktəb oldu. Əgər bura alınmasaydı, ucqar bir yerdə işləməyə gedəcəkdim. Adada işləmək xoşuma gəlir. Ölkəmizin heç yerində ada şəraitində tədris verən ikinci bir məktəb yoxdur. Burda əhali, şagird və nəqliyyat sıxlığına rast gəlinmir, insanları mehribandır, bir-birlərinə dəstək olurlar. Şagirdlərin yaxşı oxuması, təhsili sevmələri üçün əlimizdən gələni edirik. Müasir metodlardan, maraqlı tədris üsullarından istifadə edirik”.

Ada məktəbinin uşaqları

Ada məktəbində arzuları, xəyalları adanın sahillərindən çox-çox uzaqlara yayılan uşaqlar oxuyur. Əksəriyyəti neftçi, hərbçi və balıqçı ailələrindəndir. Aralarında həkim, müəllim, hüquqşünas, polis olmaq istəyənlər, Amerikada oxumağı arzulayanlar, təhsilini bitirib adaya qayıtmaq arzusunda olanlar da var.

Adada böyüyən uşaqların ürəyində adaya və Vətənə məhəbbət hissləri var.

1-ci sinif şagirdi Emil Cəfərovun atası da bu məktəbin məzunu olub. Hazırda neft sahəsində çalışır. Emilin arzusu isə polis işçisi olmaqdır.

Yusif Abbasovun atası isə balıqçıdır: “Atam dənizdən gələnə qədər anam həmişə həyəcan keçirir. Ona görə mən balıqçı yox, həkim olmaq istəyirəm. İnsanlara kömək etmək, onların sağlamlığının qayğısına qalmaq istəyirəm” deyir.

4-cü sinif şagirdi Zəhra Rəhimova Amerikada oxumaq arzusundadır. “Kompüter ixtisası üzrə oxumaq istəyirəm. Amerikada oxumaq uşaqlıq xəyalımdır. Bu arzuma çatmaq üçün dərslərimi yaxşı oxuyuram”.

Valideyn Sürəyya Bayramova deyir ki, adanı sevməsən, burada yaşaya bilməzsən: “11 ildir ki, adada yaşayıram. Uşaqlarım məktəbdə oxuyurlar. Özüm və həyat yoldaşım da məktəbdə işləyirik. Hava şəraiti imkan verəndə həftə sonları və ya tətillərdə Bakıdakı evimizə gedirik”.

Çilov adasının yeganə problemi

Çilov adasındakı müəllimlərin də, sakinlərin də yeganə narahatlığı Bakıya gediş-gəlişin çətinliyi ilə bağlıdır: “Köhnə sovet gəmiləri ilə getmək üçün gedəndə də, qayıdanda da 6-7 saat vaxt sərf edirik. Helikopter də, gəmi də hava şəraitinə görə hərəkət edir. Çox vaxt dənizdə hava şəraiti yaxşı olmur və müəllimlər adada qalmaq məcburiyyəti ilə üzləşirlər. Bundan başqa, şagirdlər də fənn olimpiadalarında, müxtəlif müsabiqə və yarışlarda mütəmadi iştirak edə bilmirlər”,- deyə müəllimlər bildirirlər.

Bakı Təhsil İdarəsinin rəhbəri Mehriban Vəliyevanın müəllim və valideynlərlə görüşündə səsləndirdiyi fikirlər isə onlara böyük təsəlli oldu: “Bu adada çalışanlar fədakar insanlardır. Onlar rahat mühiti yox, adanı seçiblər. Ehtiyacları müəyyənləşdirəcəyik, dəstək olmağa çalışacağaq. Məqsədimiz Çilov adasındakı məktəbi məşhurlaşdırmaqdır”.

Adaya bir günlük səyahətimiz xoş xatirələrlə yadda qaldı. İydə və yasəmən çiçəklərinin qoxusunu aldığımız, insanlarının mehribanlığından doymadığımız, uşaqlarının maraq dolu gözlərini sevdiyimiz qeyri-adi adaya yenidən, həm də daha tez qayıdacağımıza söz verdik…

Təranə Məhərrəmova
Bakı-Çilov

banner

Oxşar Xəbərlər