• cümə, 27 Dekabr, 22:12
  • Baku Bakı 10°C

Çıxılmaz dalan - ŞƏRH

04.12.21 09:15 2981
Çıxılmaz dalan - ŞƏRH
Qərbin nüfuzlu nəşrindən xəbərdarlıq: "Ermənistanın saziş üzrə öhdəlikləri yerinə yetirməməsi regionda növbəti dəfə sabitliyin pozulmasına gətirib çıxara bilər”
Ötən həftə Cənubi Qafqaz regionuna birbaşa təsir edən mühüm siyasi hadisələrlə zəngin olub. Əvvəlcə Soçi, ardınca da Aşqabadda baş tutan görüşlər regional siyasətdə yeni dönüş yaradıb. Soçidə üçtərəfli görüşdə tərəflərin mətbuata verdiyi bəyanatlar Zəngəzur dəhlizi ilə bağlı mühüm razılaşmaların əldə olunmasından, həmçinin sərhədin delimitasiyası və demarkasiyası prosesinin başlanmasından xəbər verir. Ümidsiz müqavimətə baxmayaraq, Nikol Paşinyan yenə də Bakı və Moskvanın bu iki tələbi ilə razılaşmalı olub. Yayılan məlumatlara görə, delimitasiya layihələri Brüssel görüşündən sonra təqdim olunacaq. İstənilən halda, şəxsi mənfəətini güdən "müharibə partiyası” məğlub vəziyyətdə qalmış olacaq.
Azərbaycan yenidənqurma işləri ilə, Ermənistan isə...
Soçidə keçirilən Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşündən sonra ekspertlər Zəngəzur dəhlizi ilə əlaqədar razılığın əldə olunduğu ilə bağlı açıqlamalar verirlər. Bununla belə, bəzi ekspertlər payızın eskalasiyasını nəzərə alaraq, prosesin onların istədikləri kimi rahat getməyəcəyindən ehtiyat edirlər.
Belə ki, Qərbin nüfuzlu "EU Today” nəşri yazır ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və bərpası, orada magistral yolların, hava limanlarının və "ağıllı şəhərlərin” tikintisi ilə məşğul olduğu halda, Ermənistanın saziş üzrə öhdəlikləri yerinə yetirməməsi növbəti dəfə regionda sabitliyin pozulmasına gətirib çıxara bilər: "Ermənistan vasitəsilə Naxçıvanla Azərbaycanın qalan hissəsi arasında dəmir yolu və avtomobil əlaqəsi regionda daha böyük nəqliyyat layihələrinin həyata keçirilməsinə maneələri aradan qaldıra bilər. Nəqliyyat dəhlizi təkcə Azərbaycan, Naxçıvan, Türkiyə və Aİ-ni birləşdirməyəcək, həm də Asiya ilə Avropa arasında quru kommunikasiyalarının inkişafı üçün "sürücü” ola bilər”.
Rusiya mediası isə yazır ki, Soçidəki üçtərəfli bəyanatın mətnində "Qarabağın statusu” və ya "ATƏT-in Minsk Qrupunun rolu” barədə bir kəlmə də danışılmayıb, "Ermənistanın ərazi bütövlüyünün pozulması” və ya zərurətdən bəhs edilməyib. Azərbaycan qoşunlarını haradansa çıxarmaq – bütün bunları Paşinyan inadla təkid edib. Amma sənəddə lazımi "konkret layihələrin sürətlə həyata keçirilməsi” və delimitasiya və demarkasiya prosesinin başlanması (bunlar Bakı və Moskvanın tələbləridir) haqqında deyilir.
Növbəti sürpriz - Aşqabad sammiti
Erməni tərəfi üçün xoşagəlməz xəbərlər bununla bitməyib. Belə ki, noyabrın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Aşqabadda keçirilən sammitində bu beynəlxalq strukturun üzvü olmayan Ermənistanı yeni sürprizlər gözləyirdi. İƏT-in yekun bəyannaməsinin mətnində təşkilata üzv dövlətlərin rəhbərləri Azərbaycanı işğal olunmuş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpası – başqa sözlə, Qarabağ müharibəsində qələbə münasibətilə təbrik ediblər. İrəvan üçün ən təhqiredicisi odur ki, sənədi imzalayanlar arasında Qazaxıstan, Qırğızıstan, Tacikistan (üç KTMT ölkəsi), eləcə də İran prezidentləri var. İlham Əliyevlə iranlı həmkarı İbrahim Rəisi arasında keçirilən görüşdə türkmən qazının İran vasitəsilə Azərbaycana mübadilə nəqlinə dair üçtərəfli razılaşma əldə olunub. Bu, Ermənistanın diplomatik mövqelərinə ağır zərbədir. Faktiki olaraq, Bakı və Tehran çətin münasibətlərini tamamilə yenidən qurdular və qaz sahəsində birgə layihəyə başlamaqla bu münasibətlərdə yeni səhifə açdılar. Türkmən qazının İran üzərindən keçməsi ilə həm Bakının, həm də Tehranın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində potensial rolu bütün siyasi nəticələrlə avtomatik olaraq artır. Brüsselin Ermənistanın Azərbaycanla bağlı şikayətlərinə əvvəlki həssaslığı nümayiş etdirib-etdirməyəcəyi isə sual doğurur.
Ermənistan üçün son seçimi etmək vaxtı
Rusiya-Ermənistan Universitetinin professoru Vahe Davtyan bu müqaviləni belə şərh edir: "Tehran və Bakı Türkmənistandan Azərbaycana İran vasitəsilə qaz nəqli haqqında müqavilə imzalayıb. Ermənistan yenidən sövdələşmə predmeti kimi istifadə olunur. Belə bir müqavilənin imzalanması kiçik və ya texniki diversifikasiya deyil. Bu, tərəflər arasında strateji münasibətlərin qurulması siyasətinin birbaşa nəticələrindən biridir. Görünən odur ki, regional oyunçular Şimal-Cənub nəqliyyat və enerji marşrutunun logistikası ilə bağlı razılığa gəliblər”. Onun sözlərinə görə, bu hadisə Ermənistanın regiondakı mövqelərinə mənfi təsir göstərə bilər. Doğrudan da, bu gün Ermənistan özünü kifayət qədər incə mövqeyə sürükləyib. Klassik müttəfiqlərlə (Rusiya və digər KTMT ölkələri) münasibətlər Ermənistan hakimiyyətinin çox vaxt situasiya qərarlarına əsaslanan uzaqgörən xarici siyasəti ucbatından korlanmışdı. Azərbaycan-İran münasibətlərində gərginlik amilindən istifadə etmək cəhdləri də məhz Bakı ilə Tehranın mühüm siyasi və iqtisadi məsələlərdə razılığa gəldiyi bir vaxtda uğursuzluğa düçar oldu. Yalnız Qərbə ümid qalır, amma burada da hər şey o qədər də sadə deyil: Aİ və ABŞ çox uzaqdadır və onlar regionla bağlı qərar vermirlər. Onların maraqları, əsasən, enerji və nəqliyyat komponentləri ilə məhdudlaşır və burada yenə də bütün kozırlar Bakının əlindədir.
Yəqin ki, Ermənistanın mühüm regional məsələlərin sırf regional oyunçular tərəfindən həllini nəzərdə tutan "3+3” platformasına qoşulmaqdan başqa yolu qalmayacaq. Belə bir şəraitdə ATƏT-in Minsk Qrupu, Şərq Tərəfdaşlığı və digər Qərb strukturlarının Cənubi Qafqaza təsir mexanizmləri getdikcə daha da az aktual olur. Bu o deməkdir ki, Ermənistanın regional əməkdaşlıq lehinə son seçimi etmək və qonşularına ərazi iddialarından əl çəkmək vaxtıdır.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər