AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İvanişvili Saakaşviliyə ultimatum verdi

İvanişvili Saakaşviliyə ultimatum verdi

Siyasət
27 Fevral 2013, 09:49 1606
Gürcüstan baş naziri Bidzina İvanişvili ilə prezident Mixail Saakaşvili arasında problem səngimir. Bu dəfə baş nazir Bidzina İvanişvili prezidenti konstitusiya dəyişikliklərinə 2-3 gün ərzində dəqiq mövqe ortaya qoymağa çağırıb.

Bu barədə baş nazirin prezidentə ünvanladığı müraciətdə deyilir: “Mənim tərəfimdən hazırlanan konstitusiya dəyişiklikləri martın sonuna kimi parlamentdə səsverməyə çıxarılmalıdır. Bu səsvermə doğrudan da suayırıcı olacaq. İstəyirsiniz mənim sözlərimi ultimatum, ya da siyasi mülayimlik kimi qəbul edin. Lakin birmənalı deyirəm - kim bu dəyişikliklərlə razıdır, o, ölkəyə xidməti davam etdirir. Ona səhvlərini düzəltməyə və siyasi gələcəyini müəyyən etmək şansı verilir. Kim ki, bu dəyişikliklərdən imtina edir, sizin və komandanızın 9 il ərzində buraxdıqları siyasi məsuliyyəti tam şəkildə öz üzərilərinə götürmüş olur. Şəxsən mən sizə sonuncu təklifi verirəm. Yaxın 2-3 gün ərzində dəqiq və aydın şəkildə bəyan edin - konstitusiya diktaturasından imtina edirsiniz, ya yox? Sizin qabaqcadan verəcəyiniz cavab zəruridir”. Məlumat üçün bildirək ki, hakim koalisiya ilə prezident tərəfdarları olan deputatlar arasında 2012-ci il noyabrın 1-nə qədər həbs edilən dövlət qulluqçularına amnistiya verilməsi ilə bağlı narazılıq yarandığından danışıqlar dalana dirənib.

Yeri gəlmişkən, qarşıdurma Saakaşvilinin ən yaxın adamı hesab edilən Tbilisi meri Giqi Uqulava barəsində prokurorluğun istintaq başlamasından sonra daha da güclənib. Prokurorluq paytaxt Tbilisinin merini israfçılıqda və dövlət fondlarını pis xərcləməkdə ittiham edib. Uqulava deyib ki, ittihamlar Gürcüstanın oktyabrda hakimiyyətə gələn yeni hökumətinin müxalifəti hədəfə almaq cəhdidir və bu ittihamları rədd edir. Prezident Mixail Saakaşvilinin administrasiyasından onlarla yüksək rütbəli şəxs rəsmi səlahiyyətlərindən sui-istifadə etməkdə suçlanaraq yeni hakimiyyət tərəfindən həbs olunub. Uqulava təqsirli bilinsə, o, 20 ildən çox bir müddətə azadlıqdan məhrum edilə bilər. Qeyd edək ki, Uqulava prezident seçkilərində potensial namizəd hesab olunur. Bu iş üzrə isə əsas şahid qismində prezident Saakaşvili göstərilir. Bundan dərhal sonra hazırkı prezidentin tərəfdarları İvanişvilini və hakim koalisiyanı siyasi repressiyalarda günahlandırıblar.

Uqulavaya qarşı ittihamlar Maliyyə Nazirliyinin istintaq komissiyasının binasında oxunub. Merin dindirilməsi prosesinə onun həddən artıq tərəfdarı da qatılıb, sosial şəbəkələrdə isə “Giqiyə dəstək verməyə gəlin” çağırışları edilib. Uqulava həbs ediləcəyindən ehtiyat edərək əlavə tədbirlər görüb. O, öz yerinə vitse-meri təyin edib. Beləliklə də, Uqulava həbs ediləcəyi təqdirdə meriya üzərində nəzarət “Vahid Milli Birliy»in əlində olur.

Lakin dünən Tbilisi şəhər məhkəməsi prokurorluğun iddiasını rədd edib. Məhkəmə “İmedi” telekanalını ələ keçirməkdə günahlandırılan Uqulavanın başqa yerə gedə bilməməsi və onun mer vəzifəsindən götürülməsi barədə iddianı rədd edib. Eyni zamanda onun başqa yerə getməsi üçün 600 min dollar girov qoyulması barədə iddianı da rədd edib. Beləliklə, prezident partiyası şəhər meriyası üzərində tam nəzarəti əlində saxlamağa müvəffəq olub. Böyük ehtimalla Uqulava bu seçkilərdə iştirak edəcək. Onu da qeyd edək ki, dünənki məhkəmə prosesində Uqulavanı “Vahid Milli Birlik Hərəkat»ın bütün rəhbərliyi, o cümlədən parlamentin onlarla üzvü müşayiət edib. Hakimin qərarını alqışlarla qarşılayan tərəfdarları aksiya da keçiriblər.

Dövlət ittihamçısı Vaxtanq Kipiani isə narazı qaldığını ifadə edib. O, Uqulavanın 600 min dollar girov qoyması üzərində israr edərək, onun altı illik fəaliyyəti ərzində məhz bu məbləğdə əmək haqqı və mükafatlar aldığını bildirib. Bununla yanaşı, prokurorluq orqanları Uqulavaya qarşı irəli sürüdən ittihamların bir sıra bəndlərini açıqlayıblar. İstintaqın gəldiyi qənaətə görə, Tbilisi meri 2009-cu ildə o vaxtkı müdafiə naziri David Kezerişvili ilə birlikdə «TV-İmedi»nin rəhbəri Cozef Keydən telekompaniyasını onlara verməsini tələb edib. Key isə bu barədə razılığını prezident Saakaşvili ilə danışıqlardan sonra verib. Əvəzində telekompaniyanın inkişafı üçün sərf etdiyi 10 milyon dolları istəyib. Uqulava da bu pul üçün rusiyalı biznesmen David İakobişviliyə müraciət edib. Mer əvəzində paytaxt ərazisində ona torpaq sahəsi təqdim edib. Bu sövdələşmə 2009-cu ildə rəsmiləşdirilib. Lakin Key 10 mln. deyil, 8 mln. dollar alıb. Bundan narazı qalan Key bu səbəbdən də Uqulava və Kezerişvili barəsində ifadə verməyə razılıq verib.

Xüsusi olaraq İstanbula gələn biznesmen burada istintaqçıların ifadələrinə cavab verib. Mer məhkəmə zalında bu qədər pulu olmadığını bildirib. Onun sözlərinə görə, prokurorluq baş nazirin tapşırığı ilə onu həbs etmək istəyir: “Onlar yaxşı bilirlər ki, mən bir milyon lari ödəmək iqtidarında deyiləm. Bu zaman mənim həbsim məsələsi ortaya çıxır”. O, prokurorluğun onun ölkəni tərk etməmək barədə tələbini də absurd adlandırır: “Mən prezidenti Azərbaycana səfəri zamanı müşayiət edəcək nümayəndə heyətinin tərkibinə daxil edilmişəm. Demək, mən prokurorluğun kaprizləri ucbatından getməli deyiləm?»

Ekspertlər hesab edir ki, Uqulavaya qarşı proses başlatmaqla hakimiyyət Tbilisi meriyasını ələ keçirməyə çalışır. “Hakimiyyət üzərində tam nəzarəti ələ almağa çalışan İvanişviliyə bunun üçün meriya üzərində nəzarət gərəkdir” - deyə müstəqil ekspert Mixail Tavxelidze bildirib. Mer üzərində ilkin istintaq aprelin 10-da başlanmalıdır. Artıq Tbilisi məhkəməsinin qərarı baş nazirin ilk böyük məğlubiyyəti kimi qəbul edilir. “Uqulava nəinki bu mübarizədən qalib kimi çıxdı, həm də ona qarşı cinayət işi başlanmamış siyasi səhnədə daha da güclənmiş oldu. Xalq hakimiyyətlə mübarizədə qalib çıxanları sevir” - deyə «Global News»un bloqeri David Avalişvili vurğulayıb.

Azər NURİYEV