• şənbə, 20 Aprel, 03:54
  • Baku Bakı 15°C

İvanişvili hücuma keçir

23.07.20 16:11 775
İvanişvili hücuma keçir
Gürcüstan hakimiyyəti Okruaşvilini yenidən həbsə atır

2004-2006-ci illərdə Mixail Saakaşvili hökumətində müxtəlif nazir postlarında çalışan İrakli Okruaşvili Tbilisi şəhər məhkəməsinə çağırış alıb. Onu xidməti səlahiyyətlərini aşmaqda ittiham edirlər. Söhbət 19 yaşlı Amiran Robakidzenin 2004-cü ildə polislər tərəfindən öldürülməsindən gedir. O zaman daxili işlər naziri vəzifəsində çalışan Okruaşvili istintaqı saxtalaşdırmaqda ittiham olunur. İttiham onunla yanaşı, o zaman baş prokuror vəzifəsində çalışmış Zurab Aedişviliyə də qarşı irəli sürülüb. Onu da istintaq sənədlərini saxtalaşdırmaqda günahlandırırlar. Dərhal da gürcü müxalifəti hakimiyyəti qarşıdan gələn parlament seçkilərilə bağlı siyasi təzyiqdə ittiham edib. Bir qədər əvvəl yazmışdıq ki, keçirilən rəy sorğuları hakim "Gürcü Arzusu” Partiyasının oktyabrın 31-də keçiriləcək parlament seçkilərində səs itirəcəyini üzə çıxarıb. Hakimiyyətin özünə rəqib gördüyü şəxslər sırasında Okruaşvili də var.
Müxalif "Milli Hərəkat” Partiyasının parlament fraksiyasının sədri İrakli Qoçiridze bildirib ki, opponentlərini təqib edən hakimiyyət görünür hələ də heç nə başa düşməyib. O xatırladıb ki, bu ilin mart ayında Qərb diplomatlarının iştirakı ilə keçirilən toplantıda hakim "Gürcü Arzusu” və birləşmiş müxalifət qarşılıqlı anlaşma barədə memoranduma imza atıb. Həmin anlaşmanın birinci bəndinə müvafiq olaraq 2020-ci ilin parlament seçkiləri yeni sxemlə keçiriləcək - 120 deputat partiya siyahısı ilə və 30-u isə təkmandatlı dairələr üzrə seçiləcək. İkinci bənd isə o idi ki, həbsxanalarda olan bütün siyasi məhbuslar azad ediləcək. Məhz ikinci bənd ciddi müzakirə və ziddiyyətlərə səbəb oldu. Müxalifət Tbilisinin keçmiş meri Qiqi Uqulavanı siyasi məhbus hesab etsə də, qarşı tərəf onu iri məbləğdə büdcə vəsaitlərini mənimsəməkdə ittiham edir. İrakli Okruaşvili isə 2019-cu il iyunun 21-də parlamentə edilən hücumun əsas təşkilatçısı olmaqda ittiham olunub, eləcə də, "Mtavari arxi” (Birinci) telekanalının sahibi Georgi Rurua qanunsuz odlu silah əldə etmək və gəzdirməkdə ittiham olunub. Hakimiyyət iddia edir ki, Gürcüstanda siyasi məhbuslar yoxdur, adları çəkilən müxalifətçilər isə konkret iş üzrə həbsdədirlər. Buna baxmayaraq, prezident Salome Zurabişvili Uqulava və Okruaşvilini əfv etdi və bunu ölkədə daxili siyasi vəziyyəti gərginləşdirməmək istəyilə əlaqələndirdi. Bəziləri hesab edirdi ki, əfv verilməsində müxalifətin uğur qazanmasında maraqlı olan Qərbin böyük rolu olub.
"Biz hamımız Georgi Ruruanın həbsdən azad edilməsini gözlədiyimiz halda, bunlar Okruaşvilini həbs edirlər”, - deyə müxalifət lideri Qoçiridze bildirib. Əgər onu yenidən həbs edəcəklərsə, onda şübhə etməyin ki, Qərb Gürcüstana və şəxsən "Gürcü Arzusu”nun lideri Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edəcək.
Parlament çoxluğunu rəhbəri Georgi Vloski vəziyyəti şərh edərkən bildirib ki, sırf siyasi səbəblər üzündən "Gürcü Arzusu” Okruaşvilinin həbs edilməsinin əleyhinədir: "Onsuz da bu gün partiyasında özündən başqa heç kim olmayan bu şəxs siyasətçi kimi ciddi siyasi reytinqə malik deyil. Onun günahkar olub-olmadığını məhkəmə müəyyən edəcək. Təəssüf ki, bu gün reallıq belədir ki, vaxtilə hakimiyyətdə olan və ölkə üçün problemlər yaradan şəxslər yenidən vəzifəyə qayıtmaq istəyirlər. İddia da edirlər ki, onlarsız Gürcüstan fəlakətə sürüklənəcək”,- deyə Volski bildirib.
Amiran Robakidzenin qətlinə gəldikdə, bu hadisə Gürcüstanda "qızılgül inqilabı”ndan sonra ilk rezonanslı iş olub. O zaman prezident Mixail Saakaşvilinin cinayətkar aləmə "sıfır tolerantlıq” elan etməsi ilə yeni formalaşan polis bütün gücü ilə bu xətti yerinə yetirməyə başladı. Həmin gənci də Tbilisinin mərkəzində polislər 2004-cü ilin noyabrında öldürüblər. Ölənin dosti bildirib ki, sadəcə, yol-hərəkət qaydasını pozub və onları patrul saxlayıb. Hətta cərimə də tətbiq edilməyib, şifahi xəbərdarlıq edilib. Həmin patrul gedəndən sonra başqa bir polis maşını yaxınlaşıb və oradan çıxanlar Robakidzedən yerə düşməyi tələb ediblər. İçkili vəziyyətdə olan polislər Robakidzenin iradları qarşılığında atəş açıb onu öldürüblər. Sonradan hadisə yerinə DİN-in yüksək rütbəliləri gəlib və onların iştirakı ilə avtomobilə odlu silah qoyulduğu iddia edilib. Hakimiyyətyönümlü media yazmışdı ki, qətlə yetirilən şəxs iri qarət planı hazırlayırmış. Məhkəmə polis işçilərini günahkar hesab etməyib. Sadəcə, polisləri işdən qovublar, Robakidze və dostlarının "günahı” isə sonrakı məhkəmə proseslərində sübuta yetirilib. Bu cinayət işinə yalnız 2012-ci ildən sonra yenidən qayıdıldı. Seçkilərdə qalib gələn "Gürcü Arzusu” ədaləti bərpa edəcəyini bəyan etdi və polislər cinayət məsuliyyətinə alındılar. Bu kifayət etmədi və indi də istintaq onların himayəçilərini həbsə almaq istəyir. Okruaşvili və Adeişviliyə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürülüb. Bu maddələr üzrə onları 3 ildən 8 ilədək həbs cəzası gözləyir. Lakin sonuncu istənilən halda cəzasını qiyabi çəkməli olacaq. Çünki hazırda o, Ukraynada yaşayır və vətəndaşlıq da alıb. Bir neçə il bundan əvvəl Tbilisinin onunla bağlı ekstradisiya çağırışı rədd edilib. Okruaşvili ilə bağlı məsələ isə bir qədər mürəkkəbdir. Bir tərəfdən qanun qanun olmalıdır, digər tərəfdən isə hakimiyyət bu işin siyasi tərəfi olması barədə ittihamlardan çətin ki, yaxasını kənara çəkə bilsin.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər