• şənbə, 20 Aprel, 00:45
  • Baku Bakı 15°C

IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının müsabiqə proqramı elan olunub

10.10.17 13:20 1267
IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının müsabiqə proqramı elan olunub
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 15-18 noyabr tarixlərində IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək.
APA-nın məlumatına görə, festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir.
Festival eyni zamanda tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi qarşısına məqsəd qoyub.
Festivala film qəbulu oktyabrın 1-də başa çatıb. Bu müddət ərzində 70 ölkədən 424 film festivalın seçim komissiyasına qəbul olunub. Festivalın seçim komissiyası göndərilən filmlər arasından seçim apararaq müsabiqə proqramını müəyyən edib və 40 ölkədən 84 film müsabiqəyə qəbul olunub.
Müsabiqə üçün seçilən filmlər 5 kateqoriya - ölkə, region və şəhər, mədəniyyət və ənənə, reklam filmləri, ekoturizm və digər turizm növləri, TV məhsullar (filmlər, videoçarxlar) kateqoriyaları üzrə yarışacaqlar.
Festivala təqdim olunan filmlər kinematoqrafçılar, media, səyahət və turizm ekspertlərindən ibarət 5 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandıracaq. I yerə (Qızıl mükafat ) diplom və mükafat, II yerə (Gümüş mükafat) diplom və mükafat, III yerə (Bürünc mükafat) diplom və mükafat təqdim ediləcək.Festivalın ən yaxşı filminə "QRAN PRİ” diplom və mükafat təqdim ediləcək. Yarışan yerli filmlər həm də Milli Mükafat uğrunda mübarizə aparacaqlar.
IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalına xaricdən 20-yə yaxın qonağın dəvət olunması nəzərdə tutulur. BBTFF müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və KİV təmsilçiləri arasında mübadilələr həyata keçirəcək. Dünyanın onlarla ölkəsinin qatıldığı bu festival ölkəmizin turizm potensialının dünyaya tanıdılmasında mühüm rol oynayacaq.
Qeyd edək ki, BBTFF mənzil qərargahı Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür. Festivalın təşkilati işlərini "Salnaməfilm” studiyası həyata keçirir. Festivalla bağlı daha ətraflı məlumatı www.bitff.az veb-saytından əldə etmək olar.
Festivalın informasiya dəstəkçiləriAPAİnformasiya Agentliyi və İctimai Televiziyadır.
banner

Oxşar Xəbərlər